Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:31

Hüseyn Arabul azadlığa buraxıldı


Hüseyn Arabul
Hüseyn Arabul
Oktyabrın 9-da Gəncə Şəhər Apellyasiya Məhkəməsində hakim Ceyhun Muradovun sədrliyi ilə «Barmek-Azərbaycan Elektrik Şəbəkəsi» Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) prezidenti Hüseyn Arabulun apellyasiya şikayətinə baxılıb.

H.Arabulun vəkili Abbas Atakişiyevin AzadlıqRadiosuna verdiyi məlumata görə, apellyasiya instansiyası Arabul barədə 2 illik həbs cəzası ilə bağlı məhkəmə hökmünü ləğv edib. Məhkəmə əvvəlki 5 illik şərti cəzanın çəkilməmiş hissəsini də hazırkı 2 ilin üzərinə gəlməklə Arabula 3 il 6 ay şərti cəza təyin edib.

«Məhkəmə Arabulu 3 il 6 ay sınaq təyin olunmaqla şərti azadlıqdan məhrum edib. Bundan sonra Hüseyn Arabulun sərbəst şəkildə hərəkətinə maneə də qoyulmayacaq. Məhkəmə hökmündə onun ölkədən çıxmasına mane olacaq hər hansı müddəa əksini tapmayıb».

Arabul səhhəti ilə əlaqədar olaraq məhkəmə prosesində iştirak etməyib. Vəkilin sözlərinə görə, o, məhkəmə qərarından sonra saxlandığı Bakı İstintaq Təcridxanasından azadlığa çıxıb.

A.Atakişiyev onu da bildirib ki, barəsindəki həbs cəzasının şərti cəza ilə əvəz olunmasına baxmayaraq, Arabul yenə məhkəmə qərarından razı deyil və Ali Məhkəməyə kasasiya şikayəti verəcək.

Sərhədi gizli yolla Gürcüstana keçməkdə təqsirləndirilən Hüseyn Arabul bu il sentyabrın 18-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Türk iş adamı ilə yanaşı daha 5 nəfər də bu işdə ona köməklik göstərməkdə təqsirləndirilərək məhkum edilmişdi. H.Arabul özü isə məhkəmənin gedişatında bu ittihamları rədd etmişdi.

Hüseyn Arabul dövlət əmlakını mənimsəməkdə ittiham olunaraq, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 2007-ci ildə çıxardığı hökmə əsasən 1 milyon 370 min manat cərimə ödəməklə, 5 il şərti cəzaya məhkum edilmişdi. O, bu müddət ərzində Azərbaycanı tərk edə bilməzdi.
XS
SM
MD
LG