Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:32

Herta Müller «KAL GAVALILAR DİYARI» əsərindən parçalar


Herta Müller
(Nobel-2009-un sahibi)


Kal gavalılar diyarı
ROMANDAN PARÇA


Lola cənub bölgəsindən idi və ondan kasıb əyalət qoxusu gəlirdi.

Amma əyalət əlamətlərinin onun sifətinin hansı hissəsində daha çox sezildiyini deyə bilmərəm – almacıq sümüklərindəmi, ağzının qıraqlarındamı, ya gözlərinin içindəmi...

“Əyalətdə quraqlıq hər şeyi məhv edir – Lola öz qeyd dəftərində yazır, - qoyunlardan, yemişlərdən və tut ağaclarından başqa...”

Amma Lolanı şəhərə gətirən quraq iqlimli əyaləti deyildi...

Şəhərdə nəsə olmaq, - Lola yazır, - və sonra – dörd il sonra kəndə qayıtmaq. Amma tozlu cığırla üzü aşağı yox, tut ağaclarının budaqları ilə üzü yuxarı...

Lola dörd ilini rus dilini öyrənməyə sərf eləmək istəyirdi. Qəbul imtahanları asan idi, çünki universitetdə kifayət qədər yer, ölkədə isə bəs qədər məktəb var idi...

“Ali təhsil alan kişinin dırnaqları təmiz olur. Dörd il sonra o mənimlə birgə kəndə qayıdacaq, çünki onun kimi kişiyə kənddə necə hörmət qoyulacağını bilir.

Bilir ki, bərbər onun evinə gələcək və ayaqqabılarını qapının ağzında çıxaracaq...”

***

Balaca otaq, altı qız, altı çarpayı. Qapının yanında divar şkafı, qapının üstündə tavana bərkidilmiş reproduktor. Proletar xorunun səsi gecəyəcən tavandan divarlara, ordan da çarpayılara yayılır.

Sonra otağa da, pəncərənin baxdığı küçəyə də, artıq heç kəsin keçmədiyi zibilli parka da sükut çökür. Hər bir yataqxana korpusunda qırx belə kvadratşəkilli otaq var...

Kimsə dedi ki, reproduktor bizim nə elədiyimizi görür və eşidir...

Şkafdan altı qızın paltarları asılıb, ən az paltarı olan Loladır. O başqalarının da paltarlarını geyinir...

Çarpayıların altına içi uzun pambıq corablarla dolu çamadanlar yerləşdirilib.

Bütün ölkə boyu belə qalın corablara “kütləvi istehsal corabları” deyilir. Halbuki qızlar zərif kapron corablar istəyir. Bir də saç üçün, dırnaq üçün laklar, qaş və kipriklər üçün tuş.

Ən az kapron corabı olan Loladır...

Balaca otaqdakı qızlardan biri soruşur: “Mənim dırnaqtutanım hardadı?”.

“Paltonun cibində” – Lola cavab verir. “Kimin? Sənin?” Sən yenə onu götürüb getmişdin?” “Mən tramvayda idim” – deyə Lola cavab verir və dırnaqtutanı çarpayının üstünə qoyur.

Lola həmişə dırnaqlarını tramvayda tutur. Bəzən o heç bir məqsədi olmadan şəhəri tramvayla dolaşardı...

Dayanacaqlarda Lola dırnaqtutanı cibinə qoyar və qapıya baxardı ki, tramvaya minən varmı.

“Gündüzlər tramvaya minən bəzi kişilər mənə köhnə tanışları kimi baxır – Lola qeyd dəftərində yazır, - “Gecələr isə həmin kişilər tramvaya gözləri ilə məni axtarırmış kimi minirlər...”

***

Gecə - artıq zibilli parkdan heç kəsin keçmədiyi vaxt Lola özünün kapron corablarını geyinib otaqdan çıxardı.

Kimsə “Hara gedirsən” soruşanda – artıq qapını çöldən bağlamış Lolanın ayaq səsləri dəhlizdən eşidilərdi.

Bir otaqda qaldığımız üç ildə o kimsə bəlkə də mən idim. Çünki Loladan başqa hamı o kimsə ola bilərdi. Bizim işıqlı otağımızda heç kəs Lolanı sevmirdi.

Tramvaya kimsə minəndə Lola gözlərini geniş açardı.

Gecəyarısı tramvaya minən kişilər ya yuyucu toz fabrikinin, ya da ət kombinatının axşam növbəsindən evə qayıdan işçiləri olardı.

“Bax bu kişi işləməkdən elə yorulub ki, paltara bürünmüş kölgəyə bənzəyir”, - Lola yazır, “Hiss olunur ki, uzun müddətdi nə beynində eşq-məhəbbət fikirləri, nə də dəri çantasında pul var. Yalnız oğurluq yuyucu toz, ya da heyvan içalatı – mal dili, donuz böyrəyi, ya da dana ciyəri”.

Lolanın kişiləri qabaqlarına çıxan birinci boş oturacaqda əyləşərdilər. Onlar tramvaydakı gur işıqda mürgüləməyə başlayar və başları relslərdən çıxan taqqıltı səslərinə uyğun olaraq enib qalxırdı.

“Əvvəl-axır onlar çantalarını özlərinə tərəf çəkər”, - Lola yazır, “və mən onların kirli əllərini görərdim. Çantalarından narahat olduqları üçün onlar bir anlığa mənim də üzümə nəzər salardılar”.

Həmin ani baxış zamanı Lola yorğun başlarda alovlar qalaya bilirdi. “Bundan sonra onlar gözlərini yummazdılar”.

Növbəti dayanacaqda Lola, ardınca da kişi tramvaydan düşərdi. Lola yazır ki, dalınca gələn kişi gözlərində şəhərin qaranlığını daşıyırdı. Bir də ac köpəyin acgöz arzularını...

Lola kişini ən qısa yolla zibilli parka aparır. “Bircə söz də demədən”, - Lola yazır, “mən otların üstünə uzanıram, o isə çantasını ən uzun və alçaq budağın altına qoyur. Danışmağa ehtiyac yoxdur”.

Gecənin qaranlığında külək vıyıldayır, Lolanın başı və göbəyi irəli-geri hərəkət edir...

***

Bir neçə ay yataqxana stendindəki qəzeti təzələmək işinə Lola baxdı. O bunu həftədə bir dəfə edərdi. Ölü milçəkləri stenddən çıxarıb atar, öz çamadanından götürdüyü iki “kütləvi istehsal”corabıyla şüşəni silərdi.

Birini suya batırıb şüşəyə çəkər, ikincisi iləsə qurulayardı. Bundan sonra o, qəzetdən kəsilmiş parçaları dəyişər, diktatorun köhnə çıxışını qoparıb təzəsini vurardı. Sonra da həmin corabları tullayardı.

Lola həmin bir neçə ayda bütün corablarının axırına çıxdı, sonra başqalarının çamadanlarına keçdi...

Kimsə dedi ki, “Onlar səninki deyil”. “Onsuz da siz daha onları geyinmək istəməzdiniz” – deyə Lola cavab verdi.

***

Yataqxanadakı bütün otaqlarda yemək üçün kiçik bir guşə və ümumi soyuducu vardı. Qoyun pendiri, evdə hazırlanan kolbasa, yumurta və xardal...

Mən soyuducunu açanda lap arxada ya dil, ya da böyrək görərdim. Üç gün sonra soyuducunun həmin hissəsi yenə boşalardı.

Mən bilmirdim ki, Lola o dili və böyrəkləri yeyir, yoxsa atır...

***

“Axşam qardaşım qoyunları evə gətirir”, Lola yazır, - “O, bostandan keçməyə məcburdur, çünki otlağı gec tərk edib, artıq qaranlıq düşür.

Bostandan keçən qoyunlar özlərinin irisümüklü ayaqları ilə yemişləri əzib xıncım-xıncım edir.

Qardaşım qoyunlarla birlikdə tövlədə yatır və qoyunların ayaqları gecə qıp-qırmızı olur”.

***

Lola tez-tez kafedra müdirinin yanına getməyə və getdikcə özünüdərk və kəndlə şəhərin yaxınlaşması haqda daha çox danışmağa başladı.

Bir həftə idi ki, Lolanı Pariyaya qəbul edib qırmızı bilet vermişdilər. Partbiletin birinci səhifəsinə onun şəkli vurulmuşdu.

Otaqda onun partiya bileti əldən-ələ keçdi. Mən onun həmin şəklində kasıb əyalət cizgilərinin daha aydın sezildiyini gördüm, çünki foto çox parlaq idi.

Kimsə dedi ki, “bəs sən axı kilsəyə gedirsən...” Lola cavab verdi ki, “başqaları da belə edir, sadəcə özünü elə aparmalısan ki, guya onları tanımırsan və xəbərçilik etməyəcəksən”.

Kimsə dedi ki, “Allah göydə, Partiya isə yerdə sənin qayğına qalır“.

Lolanın çarpayısının böyür-başı Partiya kitabları ilə dolmağa başladı. Bir müddət Lola otaqda olanda qızlar ya danışmaz, ya da pıçıldaşardılar...

***

Lolanın kişilərindən biri axşam növbəsində işləyənlərdən fərqli idi.

O, Partiya Məktəbində yemək yeyər, heç vaxt tramvaya minməz, Lolanın ardınca zibilli parka getməzdi. Onun maşını və sürücüsü vardı.

Lola qeyd dəftərində yazır ki, “O mənim ilk ağ köynəkli kişimdi”.

Lola dördüncü kursda oxuyurdu və nəyəsə nail olmuşdu...

***

Günorta saat üçə qalırdı. Gün otağı isitmişdi, tozlu linonium isə sığallı xəzi xatırladırdı. Lolanın əvvəllər Partiya kitabçaları qalaqlanan çarpayısının yanı boş idi.

O mənim kəmərimlə özünü divar şkafından asmışdı...

Üç nəfər gəlib Lolanın divar şkafında asılmış vəziyyətdə şəklini çəkdilər. Onlar kəməri açıb şəffaf torbaya qoydular. Şəffaf torba qızların zərif kapron corabları kimi xışıldayırdı.

Gələnlər bizdən heç nə soruşmadılar. Onlar Lolanın intiharının səbəbini bilirdilər.

***

Yataqxana stendinə Lolanın şəkli vurulmuşdu. Bu, partbiletdəki şəkildən idi. Kimsə şəklin altına vurulan kağız parçasında yazılanları ucadan oxumağa başladı.

“Bu tələbə özünə qəsd etmişdir. Onun bu cinayəti bizdə ikrah hissi oyadır və biz buna görə ona nifrət edirik. O bu hərəkəti ilə bütün ölkəni rüsvat etmişdir”.

Axşama yaxın çamadanımı açanda ordan Lolanın qeyd dəftəri çıxdı. Ö mənim kəmərimi götürməmişdən əvvəl qeyd dəftərini çamadanıma qoymuşdu.

Qeyd dəftərini əl çantama qoyub tramvay dayanacağına getdim. Tramvaya minib oxumağa başladım. Sonuncu səhifədən başladım.

Lola yazır: Axşam idman müəllimi məni otağına çağırdı və qapını içəridən bağladı.

Bir dəfə onun üçün bəs edərdi. Amma mən onu evə gedən yolda xəlvətcə izləməyə başladım. Onun ağ köynəklərini bulaşdırmamaq mümkün olmayacaqdı...

O məni kafedra müdirinə satdı...

Allah məni eləməli olduğum hərəkətə görə bağışlamayacaq.

Quraqlıqdan can qurtarmaq mümkün deyil. Mən gələcəkdə övladlarımın qırmızı ayaqlı qoyun otarmasına razı ola bilmərəm.

***

Özünü asandan iki gün sonra Lolanı Partiyadan çıxardılar və Universitet qeydiyyatını ləğv etdilər.

Günorta saat dörddə Universitetin akt zalına yüzlərlə adam toplaşmışdı.

Kimsə tribunaya qalxıb dedi ki, “o, bizim hamımızı aldadıb.

O bizim ölkədə tələbə və bizim partiyanın üzvü olmağa layiq deyil”.

Hamı əl çalmağa başladı.

Axşam otaqda kimsə dedi ki, zalda hamının gözləri dolmuşdu, amma ağlaya bilmirdilər, çünki alqışlar çox sürəkli idi. Hamı bir-birinin əllərinə baxırdı.

Bir neçə nəfər dayandı, amma elə qorxdular ki, yenidən əl çalmağa başladılar.

Həmin vaxt artıq zaldakıların çoxu əl çalmağı dayandırmaq istəyirdi. Artıq alqışların ritmi də pozulmuşdu.

Amma həmin bir neçə nəfər yenidən əl çalmağa başladığı üçün kütlə onlara qoşuldu və sürəkli alqışlar bir müddət də davam etdi.

Nəhayət alqış akkordlarının növbətisi nəhəng ayaqqabı kimi şappıltıyla divara çırpılıb əks-səda verəndə natiq əliylə işarə verdi və sakitlik yarandı...
XS
SM
MD
LG