Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:44

«Bu, Əhmədinejad hökuməti üçün intihar olar»


Tehran sakini Lalə xanım ayda 450 min tümən, təxminən 400 manat pul qazanır. O, hökumətin yeni təşəbbüsünü – indiyəcən dövlət büdcəsindən ayrılan enerji və ərzaq subsidiyalarını kəskin şəkildə azaldan qanunun parlamentdəki müzakirəsini diqqətlə izləyir.

Həyat yoldaşı ilə boşanmış Lalə xanım 47 yaşındadır, bir uşağı var.

“Mən indi 20 min tümən, yəni 20 dollar işıq pulu verirəm. Bu qanun qəbul olunsa, işığa bundan 3 dəfə çox xərcim çıxacaq. Onda hər şey bahalaşacaq. Bizim lazımi qədər ərzaq almağa pulumuz qalmayacaq. Benzinin də, başqa şeylərin də qiyməti qalxacaq”.

Lalə xanımın narahatlığna səbəb olan qanun layihəsini parlamentə keçən il prezident Əhmədinejad təqdim edilib.

KASIBA BİRBAŞA YARDIM IDEYASI

İdeya budur ki, indi İran hökuməti məsələn çörək sexlərinə əlavə pul verir ki, çörəyi normal dəyərindən ucuz satsınlar. Başqa sözlər desək, dövlət alıcının çörək almaq üçün verməli olduğu pulun bir hissəsini özü ödəyir.

İndi təklif edilir ki, bütün əhalinin yararlandığı bu cür subsidiyalar kəsilsin. Yəni o mənada ki, əgər kiminsə Mersedesi varsa, dövlət onun üçün niyə ucuz çörək təmin etməlidir?

İran parlamenti oktyabrın 12-də enerji subsidiyalarının azaldılması haqda maddəni artıq təsdiq edib.

əklif edilir ki, subsidiya kəsilsin, çörək sexi çörəyi elə bazar qiymətinə satsın. Əvvəllər çörək sexlərinə ayrılan pullar isə dövlət büdcəsində qalsın. Həmin pul ıb təbəqə arasında bölünsün.

Lalə xanım isə deyir ki, onun orta maaşı kasıblar üçün nəzərdə tutulan belə yardımı almağa imkan verməyəcək və beləliklə ailəsinin vəziyyəti pisləşəcək.

Qanun layihəsi artıq birinci oxunuşda təsdiq edilib və indi deputatlar onu maddə-maddə müzakirə edirlər.

Enerji subsidiyalarını, o cümlədən benzin, təbii qaz, elektrik enerjisi subsidiyalarını kəskin şəkildə azaldan maddə artıq parlamentdən keçib, başqa maddələr də təsdiq ediləndən sonra qanun layihəsi Mühafizlər Şurasına göndəriləcək.

Şura öz xeyri-duasını verərsə, qanun tətbiq olunacaq.

İLDƏ 100 MİLYARD DOLLAR SUBSİDİYA!

Rəsmi statistikaya görə, hər il İran hökuməti enerji və ərzaq subsidiyaları, o cümlədən çörək subsidiyaları üçün ümumilikdə 100 milyard dollar sərf edir.

İranda bir çox siyasi qruplar ölkə iqtisadiyyatını subsidiya yükündən qurtarmağa çağırırlar.

Amma müşahidəçilərin fikrincə, subsidiyaların kəsilməsi Əhmədinejad hökuməti üçün böyük başağrısına çevrilə bilər.

Ölkədə prezident seçkilərindən sonrakı etirazlar hələ də tam səngiməyib – müxalifət Əhmədinejadın fırıldaq yoluyla ikinci dəfə prezident seçildiyini iddia edir.

Bundan başqa güzəştlərin ləğvi – illərdir subsidiyalara öyrəşmiş əhali arasında yaxşı qarşılanmır. 2007-ci ildə güzəştli benzin satışına limit qoyulması kütləvi etirazlara səbəb olmuşdu.

İranda yanacaq güzəştlərinin azaldılmasından sonra küçələrə çıxan insanlar. Tehran. İyun 2007

Qəzəblənmiş sürücülər hətta bir neçə yanacaqdoldurma stansiyasını yandırmışdılar.

İndi İranda benzinin bir litrinin güzəştli qiyməti 100 tüməndir, yəni Azərbaycan puluyla təxminən 8 qəpik. amma limiti keçdinsə, bir litrə görə 40 qəpik verməlisən.

İNFLYASİYA KASIBLARA AYRILAN ƏLAVƏ YARDIMI “YEYƏ” BİLƏR

Yeni qanun layihəsində isə güzəştləri tamamilə ləğv etmək istəyirlər – beləliklə benzinin qiyməti hamı üçün eyni ola bilər - 40-50 qəpik.

Parisdə yerləşən Beynəlxalq Araşdırmalar üzrə Avropa Mərkəzinin rəhbəri, iqtisadçı ekspert Şahin Fatemi deyir ki, əhali arasında çox populyar olan subsuduyaların kəskin şəkildə azaldılması təkcə Əhmədinejad üçün yox, bütün İran hakimiyyəti üçün siyasi intihar ola bilər.

“Əgər ölkənin yarısı kasıblıq həddində yaşayırsa, əgər sənin ölkəndə 20-30 faiz arası inflaysiya varsa, sən əhalinin xərclərini artıra bilməzsən. Düzdü, subsidiyaların azaldılması ideyası yaxşıdır, amma belə bir addımı gərək əhalinin buna dözmək imkanı olduğu bir vaxtda atılsın”.

Şahin Fatemi düşünür ki, İran hökumətinin inflyasiyanı buxovlamaq imkanları zəifdir. Düzdür, subsidiyaların kəsilməsindən gələn gəlir hesabına kasıblara edilən yardım artırıla bilər. Amma benzin və sair bahalaşdığı üçün qiymətlər elə artacaq ki, kasıblara verilən əlavə yardımı heçə endirəcək.

XS
SM
MD
LG