Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:18

Əliyev sülhməramlılara və müvəqqəti statusa bir şərtlə razıdır


Prezident İlham Əliyev
Prezident İlham Əliyev
Azərbaycan prezidenti İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlarda separatçı bölgəyə «nə indi, nə də 100 ildən sonra» müstəqillik verməsinin müzakirə olunmadığını bildirib.

İlham Əliyev oktyabrın 16-da keçirilən və hökumətin işinin doqquz aylıq yekunlarına həsr olunan müşavirədə deyib ki, Azərbaycan əraziləri işğalçılardan azad olunmalı, Azərbaycan vətəndaşları, məcburi köçkünlər öz doğma torpaqlarına, o cümlədən də Dağlıq Qarabağa qayıtmalıdırlar:

«Onların Dağlıq Qarabağa qayıtmaları da danışıqlar prosesində var. Bundan sonra sülhməramlı qüvvələr tərəfindən sülhməramlı missiya həyata keçiriləcək, biz buna etiraz etmirik. Bundan sonra Dağlıq Qarabağa müvəqqəti status verilə bilər.

Ancaq bu, müstəqillik demək deyil. Və gələcək danışıqlar prosesində iki tərəf – Azərbaycan və Ermənistan Dağlıq Qarabağın gələcək statusu haqqında danışıqları davam etdirəcəklər».

Azərbaycan prezidenti bildirir ki, indi Ermənistan danışıqlarda vaxt uzatma taktikası aparır. Onun verdiyi məlumata görə, danışıqların əvvəlki mərhələlərində Ermənistan qüvvələrinin Dağlıq Qarabağın ətrafındakı rayonlardan çıxarılması barədə razılıq əldə olunmuşdu.

«Amma indi Ermənistan bu məsələni yenidən, təzə bir mövzu kimi ortaya atır. Güman ki, Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşmasına yönələn danışıqları nəzərdə tutan prezident deyib: "Ola bilər ki, bölgədə yaşanan son hadisələr Ermənistanı bir qədər ruhlandırsın. Ola bilsin indi onlar düşünürlər ki, uzun illər təcrid olunmuş vəziyyətdə yaşamalarına son qoyulur. Mən bu fikirləri bölüşmürəm».

İlham Əliyev deyib ki, Azərbaycanın bölgədə və dünyada artan rolu Ermənistanın təcrid vəziyyətindən çıxmasına imkan verməyəcək.

«Ermənistanın təcrid olunması onun öz rəhbərlərinin fəaliyyəti nəticəsində baş verib.

Əgər Azərbaycan torpaqları işğaldan azad edilərsə, biz bütün kommunikasiyaları açmağa razıyıq.

Bölgədə Ermənistan-Azərbaycan münaqişəsi həll olunmasa bölgədə heç bir müsbət irəliləyiş mümkün deyil

Bu məsələni kənara qoyub hansısa başqa məsələni həll etmək düzgün deyil. Nə siyasi, nə mənəvi cəhətdən. Çünki Azərbaycanın artan maraqları buna imkan verməyəcək. Biz öz maraqlarımız uğrunda axıracan mübarizə aparacağıq. Bu, haqq mübarizəsidir».

İlham Əliyev bildirib ki, bölgədə status-kvonun dəyişməsini ən çox Azərbaycan istəyirik.

«Çünki bu status-kvo 20 ilə yaxındır Azərbaycan torpaqlarının işğal altında saxlanması ilə nəticələnib. Amma bu status-kvo Azərbaycanın maraqları hesabına dəyişəcəksə, biz buna imkan verməyəcəyik».

Prezident deyib ki, Azərbaycanın iştirakı olmadan bölgədə heç bir məsələ, nə siyasi, nə diplomatik, nə iqtisadi, nə də enerji məsələsi reallaşa bilməz.
XS
SM
MD
LG