Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:16

Futbol diplomatiyasına qarşı qaz diplomatiyası


Avropa bazarına aparan əsas marşrut Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istifadə olunmaması həm Azərbaycan, həm də Türkiyəyə ziyandır
Avropa bazarına aparan əsas marşrut Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istifadə olunmaması həm Azərbaycan, həm də Türkiyəyə ziyandır
TÜRKİYƏNİN SÜNİ ƏNGƏLLƏRİ…

«Ən azı iki ildir ki, Türkiyənin süni əngəlləri nəticəsində «Şahdəniz» yatağının 2-ci fazasında işə başlamaq olmur. Bu müddət ərzində Azərbaycan məsələni qabartmayıb, çalışıb ki, işi dostluq şəraitində çözsün. Ancaq artıq imkanlar tükəndi. Və Azərbaycan qəbuledilməz təkliflərlə razılaşmaq fikrində deyil».

Prezident İlham Əliyev ötən həftə Nazirlər Kabinetində keçirilən 9 ayın yekunlarına dair iclasda bu fikirləri səsləndirib və əlavə edib ki, belə olan halda Azərbaycan alternativ yolları araşdırıb təhlil etməyə çalışacaq. Bu yollar da var.

Dövlət başçısının qazın qiyməti və tranzit baxımından daha sərfəli adlandırdığı üç alternativ yolun hamısı Türkiyədən kənar keçir:

«Rusiya ilə Azərbaycan arasında heç bir tranzit ölkə yoxdur. Qaz kəmərimiz də var. Razılaşdırılmış qiymət də yaxşı qiymətdir. Niyə də biz bu imkandan istifadə etməyək. Digər müzakirə olunan variant Azərbaycan qazını İrana ixrac etməkdir. Bu məsələ üzərində də biz ciddi işləyirik. Yenə də tranzit problemi ilə üzləşməyəcəyik. Bəzi bərpa işlərinin zəruriliyini, texniki məsələləri nəzərə almasaq kəmərimiz də var. Bir variant da Azərbaycan qazını Qara dəniz sahillərindən - Gürcüstandan Avropa məkanına nəql etmək layihəsidir. Bu müraciət gərək ciddi araşdırılsın. Prinsip etibarı ilə biz buna razıyıq».

Prezident hesab edir ki, Türkiyə qazın qiyməti və tranziti məsələsində Azərbaycanın iqtisadi maraqları çərçivəsində nəsə əldə edə bilər. Dünya bazarı qiymətlərindən hansısa ciddi fərqlə hər hansı anlaşma olmayacaq.

Dövlət başçısının bu çıxışının son vaxtlar Ankara ilə Yerevanın yaxınlaşması, eləcə də Türkiyədə və Azərbaycanda yaşanan bəzi olaylara rəğmən təkcə iqtisadi mahiyyət daşımadığını düşünənlər də var.

«BU, NORMAL BİR ŞEYDİR»

Enerji məsələləri üzrə ekspert İlham Şaban deyir ki, Azərbaycanın öz maraqlarından çıxış edərək Türkiyəyə dəlillərlə mümkün ssenariləri əvvəlcədən göstərməsi normal bir şeydir.
İlham Şaban
Həqiqətən də Azərbaycanın 4 qaz ixrac borusu var və həmişə də bəyan edir ki, bunlardan maksimum yararlanmaq niyyətindədir. Bu baxımdan prezidentin sadaladığı istiqamətdə qazın nəqli, həcmlərin artırılması mümkündür. Ancaq ekspert deyir ki, ümumilikdə götürəndə Azərbaycan qazının yarıdan çoxu istənilən halda Avropa bazarlarına Türkiyə üzərindən gedə bilər. Çünki bunun üçün əsas qaz ixrac boru kəməri hazırdır. Düzdür, ola bilər ki, hansısa siyasi məsələlər, incikliklər ucbatından bu iş bir qədər yubadıla. Amma bu marşrutun özünü dəyişmək, korrektə etmək kifayət qədər böyük xərclər tələb edir:

«Əgər söhbət qazı sıxılmış şəkildə tankerlərlə Qara dəniz vasitəsilə Avropa ölkələrinə göndərməkdən gedirsə, bunun üçün Gürcüstanda 600 kilometrlik yeni infrastruktur yaratmaq lazım gələcək. Digər tərəfdən, həmin sıxılmış qazı sonradan maye halına çevirmək üçün zavodlar və tankerlər lazımdır. Özü də həm bu tərəfdə, həm də Qara dənizin qarşı sahilində. Bütün bunlar üçünsə böyük kapital tələb olunur».

İlham Şabanın sözlərinə görə, Rusiya üzərindən Avropaya qaz ötürmək üçün yeni infrastruktur yaradılmalıdır. Digər tərəfdən, İran və Rusiya indiki dünyanın super qaz dövlətləridir. Onlar heç vaxt uzun müddətə Azərbaycanın istəyini qane edəcək şəkildə - yəni 25-30 milyard qaz almaqda maraqlı olmayacaqlar.

Bir sözlə, Avropa bazarına aparan əsas marşrut Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istifadə olunmaması həm Azərbaycan, həm də Türkiyəyə ziyandır. Çünki ona maliyyə sərf ediblər. Həmçinin Türkiyə istənilən halda tranzitdən də xeyli mənfəət əldə edə bilər.

İlham Şaban prezidentin son fikirlərinin Türkiyə ilə Ermənistan arasında protokolların imzalanması ilə bağlılığını da istisna etmir. Siyasi dairələrdə belə fikirlər də səslənir ki, guya, Azərbaycanın indiyədək Türkiyəyə qazı ucuz verməsinin səbəbi onun Ermənistanı blokadada saxlaması olub. İndi əgər sərhədlər açılırsa, bu güzəşt aradan qaldırıla bilər.

«BƏS ONDA GÜRCÜSTANA NİYƏ BU GÜZƏŞTLƏR EDİLİRDİ?»

Prezidentin Türkiyəyə qaz satışı və tranzit məsələləri ilə bağlı dediklərini iqtisadi deyil, sırf siyasi məsələ hesab edən
Ərəstun Oruclu
Şərq-Qərb Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclu isə deyir ki, düzdür, Azərbaycanla Türkiyə qarşılıqlı münasibətlərinə görə hər biri iqtisadi maraqlarına müəyyən qədər xələl gətirən addımlar atıblar. Ancaq bunu indiki səviyyədə müzakirə etmək düz deyil:

«Azərbaycan neft-qaz layihələrində Türkiyədən çox Gürcüstana güzəştə gedib. Gürcüstan isə o vaxt da, indi də nəinki Ermənistanı blokadaya almayıb, onun üçün yeganə tranzit dövlət rolunu oynayıb. Bundan başqa da öz ərazisində yaşayan azərbaycanlı icmasına son dərəcə hörmətsizlik nümayiş etdirib. Onda sual olunur ki, bəs onda Gürcüstana niyə bu güzəştlər edilirdi?».

Ərəstun Oruclu hesab edir ki, Türkiyəyə qarşı həm iqtisadi, həm də siyasi xarakterli belə sərt xəttin tutulmasından nə qədər gec deyil, qəti şəkildə imtina edilməlidir. Əks təqdirdə, Azərbaycan Türkiyəni tamamilə itirəcək.

Məqaləni burada şərh edə bilərsiniz
XS
SM
MD
LG