Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:25

Neft qurtaranda nə baş verə bilər? Şotlandiya təcrübəsi...


“Mən çalışıram ki, övladlarım neftlə bağlı ixtisasları seçməsin, o sahəyə meyl etməsinlər” – aberdinli yük maşını sürücüsü Con İrvin deyir, o əvvəllər neft platformasında çalışıb. - “Neft dövrü əbədi olmayacaq”.

“New York Times” yazır ki, Con Şotlandiyanın üçüncü böyük şəhəri olan Aberdində yaşayır. Bu şəhər bir neçə onillikdir ki, Avropanın neft mərkəzlərindəndir. Buralara hətta "Avropanın Küveyti" deyənlər də var. Amma Şimal dənizindəki neft ehtiyatları tükənməkdədir və indi şəhərin görkəminin dəyişdiyi müşahidə olunur.

Şəhər iqtisadiyyatında neftin payı 40 faizdir. Aberdin neft milyardlarına çox alışıb. Şəhərin küçələrinə BMW-lər, Mersedeslər tıxac əmələ gətirir, küçələrdə bahalı Yaquar, Aston Martin idman maşınlarına tez-tez rast gəlmək olur.

Amma neft qiymətlərinin 80 dollar civarında olduğu bir vaxtda limanda çox az fəallıq müşahidə olunur.

Liman fəhlələrinin sözlərinə görə, elə bir pessimizm var ki, bir çox tanker sahibləri heç limanda da dayanmır. Pula qənaət edir.

BP, Dutch Shell kimi şirkətlər yüzlərlə əməkdaşını işdən çıxarıb, axır onilliklərdə ilk dəfə olaraq yerli universitetlərin mühəndis ixtisaslı məzunları iş tapmaqda çətinlik çəkirlər.

Şəhərdə işini dayandıran dükanlar var. Bar, restoran sahibləri, taksi sürücüləri isə deyir ki, müştəri bir il əvvəlki qədər deyil və onlar düşünürlər ki, bunun əsas səbəbi heç də qlobal maliyyə böhranı deyil.

Neft tükənsə də, şəhər rəsmiləri nikbin görünməyə çalışırlar.

Onların planlarından biri - turizmi inkişaf etdirməkdir. Amma otel sahibləri o qədər tənbəl olublar ki, indiyəcən turist cəlb etmək haqda fikirləşməyiblər – onlar neft sahəsində işləyən fəhlələrin cümə günündən bazar ertəsinə qədər otelləri doldurmasına öyrəşiblər.

Amerikalı milyarder Donald Tramp limanda dəbdəbəli yaşayış mərkəzləri salmaq istəyir, amma yerli sakinlərdən torpaq almaqda böyük problemlərlə üzləşib. İndi cənab Tramp ümid edir ki, hökumət yeni qanun qəbul edəcək və insanların torpaqlarını ona məcburən satmasına yol açacaq.

Bundan başqa şəhər rəsmiləri neft sənayesinin yerində yenilənən enerji mərkəzi qurmaq istəyirlər. Onlar Şotlandiyanın dəniz suyunun qabarıb çəkilməsindən enerji hasil etmək sahəsində “Avropanın Səudiyyə Ərəbistanı”na çevriləcəyinə ümid edirlər.

Bundan başqa külək enerjisi qurğularına ümid var.

Planlar arasında karbon-dioksidin atmosferə buraxılmasının qarşısının alınıb anbarlara yığılması layihəsi də var.

Şəhər rəsmiləri inanırlar ki, dekabrda Kopenhagendə iqlim dəyişmələri ilə bağlı danışıqlarda belə layihələrə dəstək nümayiş etdiriləcək.

Amma neft sənayesində çalışanlar Kopenhagen sazişinin gəlirli bir sənaye sahəsinin yaradılmasına kifayət edəcək qədər təkan olacağına şübhə edirlər.

Şotlandiya rəsmilərinə görə, neftin qurtarması hələ o demək deyil ki, onların neft hasilatı sahəsində topladıqları təcrübə də yox olub gedəcək. Onlar həmin təcrübədən başqa ölkələrdə, məsələn Braziliyanın yeni neft yataqlarında istifadə edə bilərlər.

Neft erasının başa çatması neft sənayesi avadanlıqlarının, neft platformalarının da “işsiz” qalması ilə nəticələnəcək. Onlar sahilə çıxarılıb söküləcək. Şəhər rəsmiləri bu işin 23 milyard dollar həcmində yeni bir sahənin yaranmasına səbəb olacağını da deyirlər...
XS
SM
MD
LG