Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:44

Azərbaycan bayrağına hörmətsizlik edən türk polisi cəzalandırıldı


Bursada Türkiyə-Ermənistan matçında Azərbaycan bayraqlarının yerə atılmasına görə bir amir (polis rəisi, yaxud rəis müavini vəzifələrinə uyğun gəlir) və 2 polis əməkdaşı haqda intizam araşdırmasına başlanıb, polislərdən biri işindən kənarlaşdırılıb.

Bu haqda Bursa valisi Şahabəddin Harpur bildirib.

Türkiyə mətbuatı yazır ki, vali bunları oktyabrın 14-də Türkiyə-Ermənistan oyununda baş verənlərlə bağlı bu gün keçirdiyi ayrıca mətbuat konfransında açıqlayıb.

Harpur deyib ki, stadiona girişdə, nəzarət və aramalar əsnasında bəzi Azərbaycan bayraqlarının mətbuatda yer alan xoş olmayan görüntüləriylə bağlı valilikdə aparılan araşdırma artıq bitib. Bunun üçün polisin özünün qeydə aldığı kamera görüntüləri, xəbərin yer aldığı 10 beynəlxalq telekanal, 3 yerli kanal, yerli və beynəlxalq mətbuat orqanlarında çıxan foto və xəbərlər incələnib.

Valinin sözlərinə görə 1 amir və 2 polis əməkdaşı barəsində intizam araşdırmasına onların “Azərbaycan bayraqlarının səliqəli şəkildə uyğun qutulara qoyulması və beləcə ehtimal edilən sui-istifadə hallarının önlənməsi işində gərəkli həssasiyyət, diqqət göstərmədə qüsurlu olduqları səbəbindən” başlanıb.

Harpur onu da deyib ki, araşdırma zamanı “üçüncü şəxslərin hərəkəti” də incələnib.

"Azərbaycan bayraqlarına qarşı üçüncü şəxslərin törətdikləri və beləcə həm Azərbaycan bayraqlarının məyusedici görüntülərinə yol açan, həm də iş başındakı heyətə müdaxilə edərək onları təhrik edən media görüntüləri də araşdırılmaq üçün prokurorluğa təqdim edilib.

Bu günlərdə Bakıda olan Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu bayraq olayı ilə bağlı araşdırmaya başladıqlarını demişdi. O bu işdə həm bir provakasiya olduğunu, Azərbaycan bayrağı ilə bağlı fotolardan bəzi şəxslərin öz məqsədləri üçün istifadə etdiklərini deyib. Amma eyni zamanda polislər arasında öz işini lazımınca görə bilməyənlərin ola biləcəyini də bildirmişdi.

Bursadakı matçdan sonra Azərbaycan və Türkiyə arasında münasibətlər gərginləşib. Azərbaycan da Bakıda türk əsgərlərinin abidəsindən Türkiyə bayrağını endirib. Türkiyə bununla bağlı Azərbaycana nota da vermişdi.

Davutoğlu həmin bayrağın tezliklə yenidən qaldılacağına ümid etdiyini bildirmişdi.
XS
SM
MD
LG