Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:59

Murad Köhnəqala "Eşqin alovu" HEKAYƏ


- Alo, salam Diliş, necəsən? Ağız, bayaqdan “zanit” gedir, kimnən danışırdın?

- Heç, elə-belə mama zəng eləmişdi, yoldaşımın halını soruşurdu.

- Boy az, nolub ki, yoldaşına?

- Ağız, başımıza əməlli-başlı iş gəlib.

Dünən “Eşqin alovu” serialına baxırdım, nə bilim, həyəcanlanmışam, televizorun səsini qaldırmışam.

Telefonda da Samış öz sinif yoldaşıyla danışırdı.

Bunlara məktəbdən təzə forma sırıdılar axı, hə. İndi deyir bu mənə yaraşmır, pis tikiblər, nə bilim rəngi pisdi.

- Əşi, neyləsin, uşaqdı da yəqin xoşuna gəlmir, danlama onu, hə…

- Yox ey, yox. Danlayıb-zad eləmirəm. Mənim də bu məktəb direktoruna acığım tutur ki, ay yemişbaş, pulu zorla yığdırmısan, burnundan gəlsin, heç olmasa qəşəng bir şey tikdirəydin daa…

- Hə də. Bir yandan nazir deyir heç kimi məcbur eləməyin, o biri yandan çağırıb paltar pulu istəyir… Ağız, kişiyə nə olub ee, ondan danış…

- Onu deyirəm dəə, Samış telefonda qızlarla məktəbli formasından danışıb, telefon olub “zanit”, mən də otaqda seryala baxmışam.

Kişi gecə qayıdıb evə, qapının zəngini basıb, eşidən olmayıb. Mobilnən evə zəng eləyib – telefon “zanit”. Bir saat qapının ağzında qalıb.

Özü danışır, deyir, fikirləşdim ki, ya dəm qazından zəhərlənmisiniz, ya da girib sizi qırıblar içəridə.

Tanımırsanmı bizim kişini, çayı bir az gec gətirəndə, deyir elə bildim erməniyə əsir düşdün. Müharibədə kantuziya olub dəə, yazıq.

O gün yeməyi bir az mətbəxdə ləngitmişdim. Mən nə desə yaxşıdır? Zalım qızı, gəl çıx daa, dedi, bayaqdan ürək-göbəyimi yemişəm, elə bildim minaya düşübsən.

- Az, onu başa salsan müharibə çoxdan qurtarıb, artıq atəşkəsdə yaşayırıq.

- Yüz dəfə deyirəm, xeyri yoxdu, bunun başında eləcə müharibə gedir.

Hə, elə bilər, bizi qırıblar, keçər o tərəfdən yağış “durba”sıyla düz dördüncü mərtəbəyə qalxar.

Təzədən istəyər ki, qonşunun balkonundan öz balkonumuza keçə. Birdən gözü sataşar ki, qonşu içəridə arvadıyla o söz…

Deyir, qonşu da bunu görər ki, kimsə bunları pusur. Elə lütcə cumar balkonda bunun üstünə.

Mənim də nə xəbərim var, mən də Mahsun Qırmızıgülə baxıram. Demək, təsadüfə bax, seryalda da qırğın gedib, balkonda da.

Xəbərin var daa, Mahsun artıq öz eşqini gizlətmir, açıb qıza deyir ki, mən səni sevirəm, öz eşqimə cavab gözləyirəm.

Bu vaxt o biri otaqdan qızın sevdiyi oğlan içəri daxil olur. Baxır ki, Mahsun artıq qızın saçlarını sığallayır, tapançanı çıxarıb düz Mahsunun sinəsinə dirəyir.

Az qaldı ürəyim ağzımdan çıxa. Deyirəm əsil sevgi doğrudan da var, qız özünü tapançanın qabağına verir ki, məni güllələ, ona dəymə.

- Diliş, qardaş canı, mən də elə bilirdim qız Mahsunu sevmir, sən demə bunun sevgisi gizlində imiş.

- Yox, mən bilirdim, görmədin, Mahsun oxuyanda ki, “hardasan, quşlar uçdu, hardasan, yapayalnızam” – onda qız ağlamışdı.

O saat bildim ki, qız artıq ona vurulub, sadəcə, öz qəlbinin dərinliyində sevgisinə cavab gözləyir.

- Diliş, heyf, o gün baxa bilmədim, sizdə iki televizordu, sən ikisinə də paralel baxa bilirsən. Xuan Karlosun axırı necoldu?

- Ağız, bu Xuan Karlos ağladıb məni! Culyana axı, qardaşların ikisini də sevirdi. Axırda məlum oldu ki, Culyananın ən çox meylləndiyi qardaş elə qızın öz doğma qardaşı imiş.

- Bıy, Allah səni xeyirxəbər eləsin, ağız! Mən həmişə istəyirdim ki, qız həmən o birisi qardaşına getsin. Bə necə bildilər ki, doğmadırlar?

- Axırda bir qaraçı arvad gəlib deyir ki, bunlar əkiz idilər, hər ikisini mən doğmuşam və hərəsini bir zəngin adama satmışam.

Sonra qaraçı deyir ki, inanmırsınızsa açın, baxın, hər ikisinin göbəyinin sol tərəfində iri, qara xal var.

Hər ikisi göbəyini açıb göstərir. Ikisində də xal! Inan, o qədər ağlamışam, o qədər ağlamışam…

Samış da deyir, mama az ağla dəə. Deyirəm, a qızım, sən hələ nə bilirsən məhəbbət nədi…

- Aaz, Allah bu Nuşməhərrəmin canını sağ eləsin, o olmasa televizorda nəyə baxardıq. Hə, danış görüm, sonra neylədilər?

– Dedilər qabaqca böyük qardaş almalıdı qızı, bir ildən sonra da, elə o göbəyində xal olan qardaşı almalıdı. ortada sevgi var axı, ona görə də bir ildən-bir qızı bir-birinə ötürməlidirlər.

Hər üçü də razılaşdı, elə kino beləcə də bitdi, gözün aydın!

- Səni xeyirxəbər olasan, aaz, sən danışdıqca mən də burda ağlayırdım… Nədən danışırdıq, hə bə, balkondakıların axırı necə oldu?

- Necə olacaq, qonşu yekə, canlı adamdı, kişini götürüb tullayar balkondan aşağı.

Yaxşı ki, kişi bir itin üstünə düşər. Elə itin zingiltisinə balkona çıxdıq, görəm nə?

Kişi yıxılıb yerə, iniltisi itin zingiltisinə qarışır. Indi evdədi, uzanıb, beyni silkələnib, bir də qolu qırılıb. Məndən düşbərə istəyir, bayaqdan elə sənnən əlixamırlı danışıram.

- Ağız, gör mən neyləmişəm? Seryala baxa-baxa kişinin şalvarını ütüləyirdim. Bilmədim, arxasını yandırdım.

Səhər eləcə də geyib getdi. Axşam evə gələndə oğlum deyir ki, ata, arxanda təpik izi var, olmaya səni işdən qovublar, ha, ha, ha!
XS
SM
MD
LG