Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:33

Qapalı cəmiyyətlərin üzünə açılan azadlıq pəncərəsi


Digərləri ilə informasiya mübadiləsi, online videomateriallar və ya heç bir rəsmi senzuradan keçməyən xəbərləri yaymaqla demokratiya müdafiəçiləri bu yeni texnologiyaya qucaq açıblar.

Məhz bu vasitələrlə onlar etiraz aksiyaları təşkil edirlər, özlərinə tərəfkeş yığırlar, insan haqlarının tapdanması və korrupsiya hallarını ifşa edirlər.

Məsələn, ötən yay İranda prezident seçkilərindən sonrakı kütləvi etiraz aksiyalarında ən doğru-dürüst məlumatlar, hökumətin nümayişçilərə qarşı işlətdiyi zoru məhz «Twitter», «Facebook» və «YouTube» vasitəsilə dünyaya çatdırmaq mümkün oldu. O zaman jurnalistlərin bu cür məlumatları yaymasına qadağa qoyulmuşdu və bu işi – bütün dünyaya nəyin necə baş verdiyini çatdırmağı sadə iranlılar öz üzərinə götürmüşdülər.

«VƏTƏNDAŞ XƏBƏRLƏMƏSİNİN» GÜCÜ

Elə «vətəndaş xəbərləməsinin» gücü idi ki, etirazların ən pik nöqtəsində ABŞ Dövlət Departamenti «Twitter»in icraedicilərinə müraciət etdi ki, xidmətdə fasilə yaranmasın deyə cədvəl üzrə işləri təxirə salsınlar.

Rəsmi senzuradan yan keçən bu yeni texnologiyaların bacarığı Vaşinqtondakı parlamentarilərin də diqqətini çəkib.

Konqresin xüsusi insan haqları qrupu, ABŞ Helsinki Komissiyası texnologiya üzrə mütəxəssisləri bir araya yığıb, yeni medianın repressiv rejimin hakim olduğu ölkələrdə sosial fəallığı və vətəndaş cəmiyyətini necə dəyişdirməsi və ən əsası da bu istiqamətdə ABŞ hökumətinin necə kömək edə bilməsi ilə bağlı müşavirə keçirib.

Həmin müşavirədə iştirak edən mütəxəssislərdən biri – «Freedom House» təşkilatından Daniel Kalingert deyib ki, keçmiş sovet ölkələrindən olan vətəndaşlar yeni mediadan öz hüquqlarını müdafiə etmək və hakimiyyət tərəfindən sui-istifadə hallarına etiraz etmək məqsədilə istifadə edirlər.

Kalingert misal çəkir ki, Rusiyada fəallar bu ay keçirilən yerli seçkilərdəki saxtakarlığı sənədləşdiriblər. Onlar pozuntu ilə bağlı gördüklərinin foto şəklini və videosunu çəkib yayıblar, bu barədə bloq yazılar yazıblar. Nəticəsi də o olub ki, yerli seçki komissiyasının üzvü barədə istintaq başlanıb və üç müxalifət partiyası parlamentin qarşısında aksiya keçirib.

Kalingertin dediyinə görə, medianın dövlət nəzarəti altında olduğu Belarusda da böyük əksəriyyət xəbərləri internet vasitəsilə yayırlar. Və bu ölkədə 20 ən çox seyrçisi olan internet saytdan cəmi 3-ü rəsmidir.

Qazaxıstanda da qanunla İnternetə məhdudiyyət qoyulanda, «Adil söz» (Azad söz) adlı müstəqil təşkilat bloqlar, «Twitter» və «Facebook»dan istifadə etməklə müxalifəti səfərbər edə bilmişdi.

Bütün bu və sadalanmayan yüzlərlə belə nümunələr göstərir ki, yeni media texnologiyaları vətəndaş cəmiyyətinin fəallarına əvvəllər mümkün olmayan səlahiyyətlər verir.

«TƏKCƏ «TWİTTER» VƏ «YOUTUBE»LA DEMOKRATİYA OLMAZ»

Amma Kalingert onu da deyir ki, demokratiyanı təkcə «Twitter» və «YouTube»la da əldə etmək mümkün deyil: «Təkcə yeni media avtoritar rejimləri dağıda bilməz. Keçmiş sovet və digər ölkələrdə avtoritar rejim öz vətəndaşlarını əzir və əzmə digital mediaya da yönəlir».

Məsələn, Rusiyada internet azadlığı getdikcə azalır, çünki bloqqerlər hakerlərin hədəfinə çevrilir, onlara qarşı rəsmi ittihamlar irəli sürülür və hətta zorakılıq da tətbiq olunur. Dövlət rəsmiləri daim internet provayderlərini təzyiq altında saxlayır ki, internet səhifələrdə etiraz doğuran materiallar yer almasın.

NƏ ETMƏLI?

Kalingert deyir ki, vətəndaşlar internet azadlıqları uğrunda mübarizə aparmadıqca bu cür repressiyaların sayı artacaq. Konqresin müşavirəsində Kalingert Birləşmiş Ştatların da bu yolda etməli olduqlarını sadalayıb:

ABŞ texnologiyasından insanların hüquqlarına qarşı zorakılıqda istifadə olunmasının qarşısını almaq;

İnternet azadlığını qorumaq naminə demokratik ölkələrdən ibarət koalisiya yaratmaq;

Texnologiyaya senzuraya üstün gələ biləcək və istifadəçinin məxfiliyini gücləndirəcək əlavələr etmək və

Özünü online ifadə etmək azadlığını genişləndirmək üçün insanları mümkün olduqca daha çox müdafiə etmək.
XS
SM
MD
LG