Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:34

NATİQ "Vaxtı keçmiş sitatlar" HEKAYƏ


2006-cı ilin avqustu yaman isti keçirdi.

Yayın son bürküsü o qədər nəfəs kəsən idi ki, televiziyada, radioda tez-tez açıq havada çox qalmamaq, istidən, günvurmadan qorunma məsləhət görülürdü.

Qələndərli də uşaqlarına evdən bayıra çıxarmamağı tapşırsa da, sonradan məcbur olub çardağın altında oynamalarına icazə vermişdi. Ona görə məcbur olmuşdu ki, dəcəllər evdə rahat durmur, hər şeyi alt-üst edirdilər.

Hərçənd ki, o, bunlara elə də əhəmiyyət verən deyildi. Amma elə ki, uşaqların «maraq dairəsi»nin növbəti hədəfi onun iş otağı, oradakı kitablar, dərsliklər, müxtəlif yazı-pozular, xəritələr oldu vəziyyət tamam dəyişdi.

Bir gün sonbeşik oğlu rəngi getmiş, içi nəyləsə dolu qırmızı qovluğu ona göstərib: «Ata, olar bunu açım» dedi.

- Bunu hardan götürdün?
- Kitabların altından.

- Yaxşı artıq səbrim tükəndi. Vaqif hardasan? – böyük oğlunu səslədi – tut qardaşının əlindən gedin çardağın altında oynayın. Uzağa getməyin ha!
- Ata nə var onun içində? Olar onu açım? – sonbeşik gözlərini döyərək ona baxdı.

Qələndərli 15 ilə yaxın idi kənd məktəbində müəllim işləyirdi. Bu illər ərzində özü üçün bir deviz müəyyənləşdirmişdi, daha doğrusu bunun doğru olduğuna özünü inandırmışdı – «əgər uşaq sənə sual verirsə, ona mütləq cavab vermək lazımdır, özü də düz cavab.

Axı uşaqlar da böyüklər kimi həqiqətin dadını – acı və ya şirinliyini bilmirlər. Ona görə düz deyəndə nə itirəcəksən ki? Xüsusən də, əgər sən müəllim, həm də atasansa. Qoy uşaqlar həqiqəti birinci sənin dilindən eşitsinlər, dadını isə böyüyəndə müəyyənləşdirərlər».

- Bilirsən balaca, bu qovluğu açmaq olmaz. Onu açanda adamın ümidləri ölür.

***
Qoltuğunda qırmızı qovluq Akademiyadan sevincək çıxdı. Artıq müdafiəsinin günü təyin olunmuşdu.

9 fevral 1984-cü il. Beş il tələbəlik illəri, üç il aspirantura, əlavə üç ildə ayrı-ayrı bürokratların süründürməçiliyi – bir sözlə, cavan ömrünü əritdiyi illər nəhayət öz məntiqi nəticəsinə yaxınlaşırdı. İnstitutun elmi katibi dissertasiyanın müdafiəyə təqdim olunması üçün tələb edilən sənədlərin böyük bir siyahısını ona verdi və dönə-dönə də tapşırdı ki, hər şey yerli-yerində olsun, direktorun səliqə-sahmandan xoşu gəlir.

Elmi katib mülayim, sadədil və onun kimi elm qaranquşlarına canıyanan qadın idi. Sənədləri hara yığacağını soruşanda Qələndərli çiyinlərini çəkdi, mülayim xanım da canıyananlığından qalmayıb dəmir seyfdən ona bir qovluq verdi.

Qıp-qırmızı, sağ küncündə qızılı suyla oraq-çəkic həkk olunmuş qovluq çoxdandı istifadəsiz qalmışdı. «Bilirsən, bu, bir cavan aspirantın idi. Müdafiəsinə bir həftə qalmış yoxa çıxdı.

Hə, əməlli-başlı yoxa çıxdı. Heç düz-əməlli koordinatı da olmadı ki, xəbər tutaq. Çox istedadlı uşaq idi. Niyə belə elədi bilmədik. İnşallah, sənə düşərli olar» - elmi katib bir daha ona sənədləri dəqiq, həm də səliqə-sahmanla toplamağı tapşırdı.

Hər şeyi yoluna qoymaq üçün bir həftə vaxtı vardı. «Yoluna qoymaq» deyəndə ki, onsuz da əsas çətinliklər, zamanın tələbinə cavab verən sanballı mövzu seçmək, onu xüsusi həvəslə yazmaq, çoxsaylı müzakirələr, iradlar, tövsiyələr hamısı arxada qalmışdı.

Əsas nigarançılığı son vaxtlar ikinci opponentinin səhhətinin qəflətən pisləşməsi, xeyli vaxtdır işə çıxmaması idi. Ona bir neçə dəfə baş çəkmişdi, hər birində də opponent mütləq müdafiəyə gələcəyinə söz vermişdi:

«Qorxma nə olsun 72 yaşındayam, canım ki suludu. Belə olmağıma baxma, sənin müdafiənə qədər ölmərəm. Mütləq gələcəyəm». İndi sənədlərdən daha çox qocanın vəziyyəti onu narahat edirdi: «Keşkə bu həftə ona bir şey olmayaydı. Sonrasına da Allah kərimdi…»

Qələndərlinin elmi iş götürməsi də, universitetə girməyi kimi gözlənilməz olmuşdu. Uşaqlıqdan yaxşı şəkillər çəkirdi, yol boyu uzanan kənd məktəbinin divarları onun əl işləri ilə dolu idi.

Şagird dəftərinin az qala hər vərəqinin küncündə onun natürmortları, rəngbərəng gülləri, alabəzək fiqurları hamının diqqətini çəkirdi. Yeddinci sinifdə oxuyanda «Hansı peşə yaxşıdır» mövzusunda yazdığı inşasında o, da sinif yoldaşları kimi müəllim, ya da həkim yox, rəssam olacağını bildirmişdi. «Mən rəssam olacağam.

Çünki doğma vətənimizin tayqasını, sıx meşələrini, uca dağlarını, bir də Lenin babanın şəklini çəkmək istəyirəm».

«Lap əcəb edəcəksən. Görürsünüz Qələndərli necə ağıllıdı. Rəssam olmaq istəyir. Yoxsa sizin kimi hamısı yazıb müəllim olacayıq.

Yoxsa elə bilirsiniz məktəbdə boş yer var?» - müəllimə hamını inşasını oxuyub qurtardan sonra elə-belə də demişdi. Bütün sinifdə yalnız ona «beş», həkim olmaq istəyənlərə «dörd», müəllim olmaq istəyənlərə isə «üç» yazmışdı.

- Nənə, nənə bu gün sinifdə bir dənə mən «beş» aldım.
- Ay sağ ol mənim balam. Dərsi yaxşı danışdın?

- Yox, yaxşı yazdım. Yazdım ki, böyüyəndə rəssam olacağam. Müəllimə də mənə «beş» verdi.
- Nə yazmışdın ki?

- Yazdım ki, vətənimin tayqasının şəkillərini çəkəcəm, Lenin babanın şəkillərini çəkəcəm…
- Balası, vətənimiz tayqası ilə yanaşı sən bizim həyətin də şəklini çəkə bilərsənmi?

- Nənə, axı bizim həyət kol-kosdu, yekə-yekə ağaclarımız yoxdu?
- Bəs Lenin babanın portretinin yanında atanın da şəklini çəkə bilərsən?
- Nənə, axı atamın saqqalı yoxdu?

- Bax, əgər sən rəssam olsan, bizim həyətimiz həmişə kol-kosun içində qalacaq, atanın da saqqalı çıxmayacaq. Sən gəl nənəni eşit, böyüyəndə «raykom» ol, onda bizim də həyətdə yekə-yekə ağaclar bitəcək, atan da saqqalı kişi olacaq.

Qələndərli hamının «rayokmluq fakültəsi» adlandırdığı Tarix fakültəsini bitirəndə nənəsi dörd il olardı rəhmətə getmişdi. Ona elə öz rayonlarına təyinat verdilər. Amma partiya komitəsinə yox, orta məktəbə.

- Hə gedirsən? – sevimli professor Səlmov onu sualedici nəzərlərlə süzdü – gedib itib-batacaqsan. Sənin kimi gənclərə heyfim gəlir. Mən danışım yuxarıyla bəlkə burda qalasan. Mənə bir aspirant verməlidirlər. Gəlsənə o sən olasan?

Səlimovun təklifi o qədər gözlənilməz oldu ki, dərhal cavab verməyə dili topuq çaldı: «Mən, mən… nənəm… raykom…»
- Özünə əziyyət vermə əzizim. Allah nənənə rəhmət eləsin.

Ancaq sən «raykom» olmaq üçün çox ağıllısan. Bir də o sözü dilinə alma, gedib qulaqlarına çatar, bilirsən də, uşaq deyilsən ki… Bizimkilər yaxşılıq eləməsələr də mərdimazarlığı yaxşı bacarırlar. Mən aspirant işini danışaram. Ola bilsin bir az şirinlik istədilər.
- Şirinlik…, şirinlik…

- Hə, atana deyərsən qurub-qoşar?
- Qurub-qoşar…, qurub-qoşar…

Səlimovun aspirantı olduğu gün hamı onu təbrik elədi. Əlini sıxaraq elmin çətin, amma şərəfli yollarında büdrəməməyi, sanballı alim olub iz qoymağı arzuladılar. Tələbəlik vaxtı saysız-hesabsız monoqrafiyalar, elmi-publisistik kitablar oxumuşdu.

Həmişə də təəcübünü gizlədə bilmirdi ki, insanlar bu qədər sözü hardan tapır? Axı kitabları dolduran bu sözlər niyə qurtarmır? İndi taleyin qəfil təsadüfü onu həmin sözlərdən asılı etmişdi: 170 səhifəlik namizədlik dissertasiyasını sözlə yazıb doldurmaq gözünə durmuşdu.

- Birdən yarıda sözüm qurtardı, onda neyliyəcəm? – elmi rəhbəri Səlimova birinci sualı elə-belə də oldu.

- Ha, ha, ha… Gör nəyin dərdin çəkisən. Sənə elə mövzu verəcəm ki, 170 yox e, lap 270 səhifəni dolduracaqsan, sonra hələ bir xeylisini ixtisar da elicəyik.

- Bir ildən sonra Səlimovun təklifi ilə onun namizədlik dissertasiyanın mövzusu təsdiq olundu: «Kənddə idmanın inkişafında partiyanın rolu». Elmi Şura mövzunu olduqca yüksək qiymətləndirdi, onu əsil «zamanın tələbinə uyğun, sovet kəndinin sürətli inkişafının inkası» kimi qiymətləndirdilər.
- Hə bala özündə kənd uşağısan. Yaz də… Elə öz kəndinizin timsalında yaz.
-
Axı bizim kənddə stadion yoxdu.
- Necə yəni yoxdu? Sizdə yoxdu, başqalarındakı var. Stadion nədi, idman kompleksləri, istirahət zonaları, binalar hamısı sovet kəndinin xarakterik xüsusiyyətləri deyilmi?

- Onda mən kəndlərə getməliyəm?
- Ə, sən nə təhər adamsan? Mən səni dartıb gətirirəm bura, sən deyirsən gedirəm kənddə. Heç hara getmək lazım deyil, məktub verəcəyik, gedib oturarsan Statistika Komitəsində rəqəmləri götürüb döşəyərsən gedər.

Bir də məndən sənə ən vacib məsləhət, çalış idmanla bağlı marksizm klassiklərindən çoxlu sitatlar yazarsan. Qəzetləri izlə, Andropov yoldaşın qurultaylardakı, plenumlardakı çıxışlardan bol-bol sitatlar yaz. Sənin dissertasiyanın demək olar ki, əlli faizi sitatlar olmalıdı. Aydındırmı?
- Aydındı.

***

Qələndərli başa düşdü ki, tələbəlik vaxtı qalın-qalın kitabları görəndə hədər yerə sözdən qorxurmuş. Anladı ki, sözdən istədiyi kimi istifadə edə, fikirlərini qısalda, şişirdə, bəlağətli cümlələri yanbayan düzərək bütöv səhifəni tutan abzaslar yaza bilər.

Əvvəl-əvvəl Səlimovun məsləhət gördüyü kitabları oxumağa və oxuduqca da orada yazılan sözləri saymağa başladı. Sonra Statistika Komitəsində rəqəmləri saydı. Ayları, günləri saymasa da yaxşı yadındadır ki, bütün bu işlərə ömrünün iki ilini həsr etdi. Elmi iş başa çatmışdı.

Özü də bilmədən sözə o qədər aludə olmuşdu ki, 170 səhifə əvəzinə 210 səhifəni yazıb sözlə doldurmuşdu.

Qələndərli dissertasiyasının son nöqtəsini qoyanda, anlamışdı ki, sözdən nə qədər israfçılıqla istifadə etsə də elə məsələlər var onları sözlə yazmaq nədi, heç demək də olmaz. Ona görə yox ki, o məsələləri yazmaq və demək qadağandı, ona görə ki, onları ifadə etmək üçün Qələndərli söz tapa bilmirdi.

Birinci təəccübünə Lenin yoldaşın imperalizm barədə söylədiyi fikirlərdən gətirdiyi sitatı səbəb olmuşdu. Sitat müəllifi artıq bütün kapitalist dövlətlərinin son mərhələdə-imperalizm dövründə yaşadıqlarını və bundan sonra kapitalizmin məhv olacağını yazırdı.

Qələndərli dahi inqilab rəhbərinin dediklərini əsla şübhə altına almırdı, sadəcə təəccüblənirdi ki, bəs bu boyda sözdən sonra niyə kapitalizm dağılmır? Onun təəccübünə səbəb olan ikinci hadisə isə Statistika Komitəsində olmuşdu.

Partiyanın son qurultayından sonra kəndlərdə tikilən idman komplekslərinin sayını dəqiqləşdirəndə doğma kəndlərinin də adına rast gəldi: «Nə qəribədi, axı bizim kənddə heç stadion da yoxdu?».

O, komitənin şöbə müdirinə oxuduğu rəqəmlərdə yanlışlıq olduğunu, kəndləri haqqında düzgün məlumat verilmədiyini dedi:

- Bəs, orda nə yazılıb? – şöbə müdiri nəzərini masasının üstündəki bir qalaq kağızdan ayırmadan dilləndi.

- Yazılıb ki, guya bizim kənddə bir idman kompleksi, iki stadion, hələ üstəlik bir dənə də tennis kortu var.
- Tay, «guya» niyə? Yazılıbsa, deməli var, kənddə gedəndə yaxşı-yaxşı bax…

…9 fevral 1984-cü il. Bu gün nəhayət ki, həvəslə araya-ərsəyə gətirdiyi, nə qədər gecəsini-gündüzünü həsr etdiyi dissertasiyasını müdafiə edəcəkdi. Sevincindən daha çox həyəcanlı idi.

Bütün gecəni çıxışını götür-qoy etmiş, hansı fikri birinci, hansını sonda deyəcəyini dəqiqləşdirmiş, təşəkkür edəcəyi şəxslərin adlarını da sıralayıb əzbərləmişdi.

Fikrini başqa şeylə məşğul etməmək üçün günortadan radionu, onsuz da düz-əməlli işləməyən televizoru söndürmüşdü. Onu yalnız sabahkı gün düşündürürdü, Səlimovun təbirincə desək, sabah «onun günü» idi.

Səhər müdafiəyə vaxtından da bir saat tez Akademiyaya daxil olanda hər şey aydınlaşdı. Hamıya canıyanan elmi katib onu doğma balası kimi bağrına basdı: «Bircə özünü darıxdırma, hər şey yaxşı olacaq. Gec-tez olacaq. Özünü darıxdırma, işdi də,… işdi…».

- Yoldaşlar, bu gün əziz Yuri Vladimiroviç Andropov vəfat edib. Bu itki… xalqımız onun xatirəsini… sovet vətəndaşları heç zaman… Bununla əlaqədar olaraq Qələndərli yoldaşın müdafiəsi təxirə salınır», – institutun direktoru nitqini qurtarıb iclası bağlı elan etdi.

- Ə, ürəyini qısma e, bu gün olmasın başqa gün olsun – Səlimov mehribancasına gülümsəyərək əlini onun çiyninə qoydu.
- Neyləmək olar, tay Andropov yoldaş rəhmətə gedib də…

- Sakit! Rəhmətə gedib nədi ə? Özün də partiyadan yazırsan heç kommunist də rəhmətə gedər. Andropov yoldaş vəfat edib.
- Hə, hə vəfat edib.

- Nəysə, sitatlar, dəyişmək lazım gələcək. Görək yeni baş katib kim olur. Hər kim olsa idmanla bağlı bir söz deyən kimi dərhal həmin sitatı daxil et dissertasiyana, sonrasına baxarıq.

İki gün keçməmiş Qələndərlinin 72 yaşlı opponenti də öldü. O, köhnə dost-tanışla kişinin yas məclislərinin hamısına getdi. Yasa gələnlər ölü yiyəsi ilə yanaşı, nədənsə ona da başsağlığı verir, səbirli olmasını istəyirdilər.

Cümə axşamlarının birində Səlimov opponentlə bağlı xatirələrinin danışdı, yaxın dostluqlarından, Kislavodskidə, Soçidə rus qızları ilə xəlvəti macaralarından bir xeyli söz açdı. Axırda dərindən köks ötürüb «Allah rəhmət eləsin» deyib ayağa qalxdı.

Qələndərli elmi rəhbərini maşına kimi ötürdü. «Rəhmətlik yaxşı kişi idi. Amma yaxşı vaxtda ölmədi. İndi sənin sitatlarınla yanaşı, opponentini də dəyişmək lazım gələcək».

- O kommunist deyildi?
- Əlbəttə kommunist idi. Böyük Vətən Müharibəsində iştirak etmişdi. Niyə soruşdun ki? Hə... başa düşdüm. Bilirsən ay oğul, kommunist var vəfat edir, kommunist də var rəhmətə gedir. Sənin opponentin rəhmətə gedən kommunistlərdəndi.

Sitatları dəyişdirmək üçün çox gözləmək lazım gəlmədi, yeni baş katib hansısa sənaye obyektinin açılışında bədən tərbiyəsi və idmanın inkişafından, xüsusən də zəhmətkeşlərin fiziki hazırlığından ağızucu nəsə dedi.

Qələndərli elə televiziyadanca baş katibin çıxışının həmin hissəsini qeyd elədi. Baş katib o qədər astadan danışırdı ki, o, bütün sözləri olduğu kimi yaza bildi. Qərara aldı ki, elə bu fikirləri də elmi işinə daxil etsin, amma əvvəlcə Səlimovla məsləhətləşmək lazım idi. Səhər baş katibin nitqini radioda bir daha təkrar verdilər.

O da fürsətdən istifadə edib qeydlərini yoxladı, hər şey dübbədüz idi, olduğu kimi yazmışdı. Səlimovla universitetin qarşısında rastlaşdı:

- Hə, təbrik edirəm, kişi axşam idmandan danışırdı.
- Hamısını yazdım…

- Nə zəhmət çəkirdin, qəzetdə çıxıb də – Səlimov qoltuğundakı «Pravda»nı ona uzatdı – al bax, sitatı dəqiqləşdir, indi gəlirəm – dedi. O, universitetin qarşısındakı qoca küknar ağaclarının altındakı skamyada əyləşib qəzetin bütöv bir səhifəsini tutan məruzənin içindən özünə tanış olan sözləri axtarmağa başladı.

O, həmişə özünə lazım olan sitatları tez tapırdı, heç çıxışı əvvəldən axıra kimi oxumağa, xüsusi diqqət göstərməyə ehtiyac da qalmırdı, amma indi yaman çətinə düşmüşdü.

Bloknotunu çıxarıb qeydinə bir də baxdı: cəmi 25 sözdən ibarət 4 cümlə idi, bəs indi hanı onlar? «Elə bir yoxa çıxıblar, axı axşam televizorda, səhər radioda özün eşitmişdim. Kişi elə yavaş-yavaş danışırdı ki, hamısını yazdım.

Hələ zəhmətkeşlərin bədən tərbiyəsindən danışanda bir dəfə öskürdü də… Hə hamısı yadımdadı, dəqiq yadımdadı…».

«Tapmadım…»,- Qələndərli ya pərtliyindən, ya da çarəsizliyindən qıp-qırmızı qızarmışdı, qeyri-ixtiyari dırnaqlarını çiynəməyə başladı.

Uşaq vaxtı o, həmişə pərt olanda, ya da nədənsə utananda dırnaqlarını çiynəyərdi. Bu vərdişi tərgitdirmək üçün nənəsi nələr etməmişdi: dırnaqlarına istiot sürtmüşdü, nar çubuğuyla barmaqlarına döyəcləmişdi, amma bir xeyri olmamışdı…

- Necə yəni tapmadın? – Səlimov yüngülvari təəccüblənərək - bəlkə diqqətlə oxumamısan? – dedi.

- Yox, burda belə sitat yoxdu – Səlimovun sözünü yarımçıq kəsdi – üzr istəyirəm, axşam qulaq asmışam, amma burda başqa şeylər yazılıb.
- Ver baxım. Hə, budur də, gənclərin fiziki hazırlığından danışır. Bəs deyirsən yoxdu?

O, dönə-dönə baxdığı sətirlərə bir də nəzər saldı.

- Axı bu, mən eşitdiyim sitatlar deyil? – Qələndərli hürkə-hürkə pıçıldadı - axşam televizorda baxdım, səhər radioda qulaq asdım düz 25 dənə söz idi 4 cümlədə. Sözləri də dəyişiblər axşam zəhmətkeşlərdən danışırdı, burada isə onun yerinə gənclər yazıblar…

- A bala, yaddında möhkəm saxla adam partiya rəhbərliyi haqqında belə saymazyana danışmaz. «Pravda»da yazılanlara inanmaq sənin borcundur. Sən səhv eşitmisən, əsas qəzetdə yazılandı, sitatı da burdan götürərsən!

«Səhv eşitmişəm… Səhv eşitmişəm»… Qələndərli bu sözləri gün ərzində azından yüz dəfə təkrar elədi, sonra yeni baş katibin qəzetdəki sitatını olduğu kimi dissertasiyasına köçürdü.

Bu dəfə müdafiə 1985-ci il martın 10-na təyin edildi. İnstitutun xoşxasiyyət elmi katibi «görürsən deyirdim özünü darıxdırma, hər şey yaxşı olacaq», söyləyərək Qələndərliyə təzələnməsi vacib olan bəzi köhnə sənədlərin siyahısını verdi və əlavə elədi ki, özünü dağa-daşa salmasın, eləcə köhnə iclas protokollarının tarixlərini dəyişməyi yetər.

Bir də dissertasiyanın mətnində Andropov yoldaşın sitatlarının yerinə təzə baş katibin sitatları əlavə olunacaq səhifələr yenidən yığılmalıdır.

Qələndərli qərara almışdı ki, işlərini sahmana salandan dərhal sonra rayona gedəcək, özü də bir-iki ay qalmağı planlaşdırırdı. Yayda istilər dözülməz olsa da, yaz qabağı onların kəndi ayrı aləm olurdu.

Torpağın canayatan rahiyəsi, təzə pöhrəliyən ağaclar, təkəmseyrək baş qaldıran bənövşə, çobanyastığı Qələndərlinin uşaqlıqdan sehrinə düşdüyü, valeh olduğu mənzərə idi. Son illər şəhərə bağlansa hər dəfə yaz gələndə baş götürüb birbaş kəndlərinə qaçmaq istəyirdi. Bu dəfə də qaçmağa hazırlaşırdı, amma martın 10-dan sonra…

«Vay halına, ə, bunun nə pis bəxti varmış…» - xəbəri eşidəndə Səlimovun birinci reaksiyası bu oldu. İnstitutun xoşxasiyyət elmi katibi sanki əziz bir adamını itirmiş kimi hönkür-hönkür ağlayırdı:

«Ay Allah, belə də iş olar, bu yazığın təqsiri nədi? İndi mən bunu ona necə deyəcəm?..». «Yazıq uşağın heç bəxti gətirmir, neyləmək olar, elanı asmaq lazımdı, gələndə göndər mənim yanıma, bir təhər başa salaram» - institutun direktoru elmi katibi sakitləşdirməyə çalışırdı.

- Deyirsiniz asım elanı?

- Hə, elanı as. Mütləq.

Elmi katib ağlamaqdan şişib, qızarmış gözlərini silib, makinadan yenicə çap olunmuş vərəqi götürüb «Elanlar lövhəsi»nə tərəf getdi. «Ay qoca kaftar sən də gərək indi öləydin?» deyib elanı lövhəyə yapışdırdı:

«Sov.İKP MK-nın baş katibi Konstantin Ustinoviç Çernenko yoldaşın vəfatı ilə əlaqədar olaraq aspirant Qələndərli Tofiq Kazım oğlunun «Kənddə idmanın inkişafında partiyanın rolu» mövzusunda yazdığı namizədlik dissertasiyasının müdafiəsi qeyri-müəyyən vaxta təxirə salınır. 10 mart 1985-ci il».

***
«Sabah saat 11-də Akademiyaya get. Mütləq». Qələndərli yazı masasının üstündə bu qəribə qeydi oxuyanda ağlına birinci gələn dostları oldu. Tələbəlik dostları Qələndərlinin həssas məqamlarını bildiklərindən belə zarafatları tez-tez edirdilər.

Hələ bir dəfə dostlarından kimsə təngnəfəs kafedraya girib əməlli-başlı hönkür-hönkür ağlamışdı, səbəbini soruşanda demişdi ki, «bəs qardaş, bu dəfə də müdafiəm yarımçıq qalacaq, indi də Qorbaçov ölüb…»

Hamı inanmışdı, hətta Səlimov özünü saxlaya bilməyib yumruğunu masaya çırpmışdı: «Ə, bunun ki, 50 yaşı təzə olmuşdu».

- Qələndərli, sən niyə təəccüblənmirsən, balam, deyirəm Qorbaçov ölüb e – dostu yaşarmış gözlərini silə-silə heyrətlə ona baxmışdı.
– Mənim belə itkilərim çox olub. Onsuz da hələ vaxt tapıb köhnə sitatları dəyişməmişdim.

«İndi bu onların növbəti hoqqasıdı. Yəqin nəsə işləri düşüb…» - Qələndərli masasının üstündəki qeydi bükmələyib zibil qabına atdı. İş vaxtı qurtarmışdı, universitetdə heç kimin alışmadığı sakitlik idi.

Evə getməzdən əvvəl, dissertasiyasının makinadan çıxmış yeni variantına göz gəzdirməyi qərara aldı. Amma bacarmadı, bir qalaq kağızı əvvəlki səliqə ilə dəstələyib qırmızı qovluğa qoydu. Bir-birinin ardınca iki uğursuz cəhddən sonra artıq qəti olaraq müdafiə eləmək fikrindən daşınmışdı. Kəndə getməyə hazırlaşırdı, oxuduğu balaca orta məktəbdə dərs demək istəyirdi.

Atası da xəbər göndərmişdi ki, kənddə doğurdan da tarix müəlliminə ehtiyac var, ixtisaslı kadr olmadığından tarix dərslərini coğrafiya müəllimləri deyir. Qərarı qəti idi: heç kimlə vidalaşmayıb rayona getmək və oradan teleqram vurub artıq şəhərə qayıtmayacağını bildirmək. Bircə adaşını xəbərdar etmişdi ki, heç kimi duyuq salmasın. Adaşı da ona bir «sən öl» vurmuşdu ki, heç kimə deməyəcək, arxayın getsin.

Ancaq dəmir yolu vağzalında qatarın tərpənməyinə az qalmış Səlimovu görəndə hər şey aydın olmuşdu. Bu illər ərzində Səlimovun dəfələrlə sezdiyi məzəmmətedici nəzərlərindən əsər-əlamət qalmamışdı, kişi göm-göy göyərmişdi, gözləri də qıp-qırmızı qızarmışdı, elə bil ağlamışdı da.

- Qaçırsan?… - Qələndərliyə birinci sualı belə oldu – hər şeyi yarımçıq qoyub qaçmaq… Heç bunu sənə yaraşdırmıram.
- Yoruluram, yorulmuşam…
- Məgər tək sən yorulmusan. İndi bizim hamımız yorulmuşuq bu qoca əbləhlər ölə-ölə bizi yaman yordular. Yaxşı ki, sənin qaçıb getməyə kəndin var. Bəs mən hara qaçım, bəs biz hara qaçaq?

Dünyalar qədər xətrini istədiyi müəllimindən bu vaxta kimi eşitmədiyi sözləri eşitmək Qələndərlini dondurmuşdu:

- Mən elə bilirdim tək mən…
- Elə bilirdin tək sən fikirləşirsən. Yox, əzizim hamı fikirləşir, bax o vağzalı süpürən arvad da, yükdaşıyan hambal da, sənin adaşın da, hətta baş katib də, mən də hamımız fikirləşirik, amma qaçmırıq.

Biz qaçdıqca bu torpağın havası, suyu, alışdığımız adətlər, oxuduğumuz kitablar bir sözlə, öyrəndiyimiz hər şey bizlə birgə qaçır. Onlardan yaxa qurtarmaq olmur, götür bağlamalarını gedək bizə.

- Mən götürmüşəm – adaşı bir-iki saat öncə qablaşdırmağına kömək etdiyi bağlamalar əlində hazır dayanmışdı. Qələndərlinin dırnaqlarını çeynəyə-çeynəyə baxışlarını ona zilləşdiyinə əhəmiyyət vermək istəmədi.

- Axı «sən öl» vurmuşdun ki, heç kimə deməyəcəksən – Qələndərli sakitcə xırıltılı səslə dilləndi.

O da eynilə onun kimi sakitcə «əzizim mən razı ola bilmərəm ki, mənim adaşım kənddə ölsün, ölürsən elə burda öl, gözümüzün qabağında» - dedi.

Onlar Səlimovgilə tez-tez gedirdilər: rayondan pay-püş gələndə, ad günlərində, ya da hansısa məsələnin müzakirəsində yollarını bir qayda olaraq professorgildən salırdılar.

Sevimli tələbələri kimi Qələndərliylə adaşı da onunla demək olar ki, bütün mövzularda danışır, mübahisə edir, hətta bəzən aralarındakı yaş fərqini də unudurdular. Belə mübahisələrdə heç Səlimov da onlardan geri qalmır, əsgərlikdən təzəcə gəlmiş iyirmi yaşında cavan kimi israr edir, dediyindən dönmür, adi fikrini sübut eləmək üçün saysız-hesabsız arqumentlər gətirirdi.

Amma tələbələri onu da yaxşı bilirdi ki, sevimli müəllimləri ilə yalnız bir mövzuda partiya haqqında danışanda ehtiyatlı olmaq lazımdır, Səlimovun evindəki səmimi söhbətlərdə kiminsə ağzından «quş» buraxması mütləq qanqaraçılıqla nəticələnə bilərdi. Belə hallarda Səlimov əsəbiləşər, özündən çıxıb qonağı evdən qova da bilərdi.

Bir dəfə Qələndərlinin adaşının buraxdığı «səhv» gecədən xeyli keçməsinə baxmayaraq, onların evdən qovulması ilə nəticələnmişdi. Həmin axşam Səlimovun evində sevimli tələbələr kommunistlərin nitq mədəniyyəti məsələsini müzakirə edirdilər.

Professor nitqin, siyasi natiqliyin kommunistlərə aid və zəhmətkeş təbəqəni inandırmaq vasitəsi olduğunu sübut etməyə çalışırdı. Fikrində belə əsaslandırırdı ki, «görürsünüz Blejnev yoldaşın nə qədər cild-cild əsərləri var, bunların hamısı aydın, parlaq nitqin təzahürləridi. Bəs siz heç Karterin, ya da Niksonun kitablarına rast gəlmisiniz? Əlbəttə yox…»

- Brejnev aydın danışır ki? – Qələndərlinin adaşı əhəmiyyətinə varmadan Səlimovun sözünü yarımçıq kəsdi.
- Bəli aydın danışır, sadəcə olaraq ona diqqətlə qulaq asmaq lazımdı. Yelbeyin kimi yox – Səlimov ani olaraq qızardı, istədi ki, bir-iki acı söz də desin, amma özünü ələ aldı.

- Bəs, Brejnev kitablarını özü yazır?

Tələbəsinin gözünün içinə baxa-baxa ona belə sual verməsi, hələ üstəlik heç nə olmamış kimi çay içməyə davam etməsi Səlimovun əsəblərini yerindən oynatdı.

Hiss elədi ki, əlləri və gicgahının damarları titrəməyə başlayır, bu ağzından süd iyi gələn uşağın sərsəm-sərsəm danışmasında özünü qınadı «gör bir kimlərlə oturub-durursan, axı bu uşaq-muşağın sənin evində nə işi var?»

- Nə demək istəyirsən ə? – Səlimov sanki professorluğunu unudub, əsgərlikdən yeni qayıtmış iyirmi yaşında cavan oğlana döndü.

- Deyirəm ki, Brejnev niyə əvvəllər də əsər yazmırdı, baş katib olandan sonra yekə-yekə kitabları çıxdı. Ya da elə Xruşov, bilirəm sizin ondan zəhləniz gedir, o, ki adi kəndli idi. Bəs necə oldu baş katib seçilən kimi o da qalın-qalın kitablar yazdı? Yəni demək istəyirəm ki, cild-cild kitablar yazmaq üçün baş katib olmaq lazımdı?..

Səlimova elə gəldi ki, başı fırlanır, gözləri qaralır, qorxdu ki, bir anın içində huşunu itirəcək, deyəsən bir balaca yerində büdrədi də… Qələndərli masanın altından dil-qəfəsə qoymayan adaşının ayağını tapdadı, gözünü ağardaraq tərs-tərs ona baxdı, yəni «kəs səsini, bəsdi ağzına gələni danışdın». Sonra:

- Professor su için – dedi.
- Nə? – Səlimov handan-hana dilləndi.
- Su için. Bir az rənginiz ağarıb.

- Durun, rədd olun mənim evimdən! – Səlimov elə bağırdı ki, qonşu otaqdan çoxdan yuxuya getmiş həyat yoldaşı qaçaraq gəldi.
- Nə olub ay Qələndərli?
- Heç, gedirik. Professordan muğayat olun.

Bu hadisədən sonra Səlimov heç onlarla salamlaşmadı da, mehriban, istiqanlı insan sanki qeydə səkilmişdi. Yalnız yubileyində Qələndərliyə axşam onlara gəlməyi tapşırdı. «O gədəni də gətirərsən, adaşını deyirəm» - Səlimovun bu ağızucu dəvətindən sonra araları düzəldi. Yenə həmin mənzil, yenə həmin söhbətlər, mübahisələr…

Ancaq bu söhbətlərdə «həmin» olmayan əvvəlki səmimiyyətin yoxa çıxması idi. İndi onlar Səlimova xoş gəlmək üçün danışır, sözləri seçib-sıralayır yalnız ona xoş olanını işlədirdilər.

İndi vağzaldan birbaş yenə Səlimovgilə gedirdilər…

- Mən bir məsələdən danışmaq istəyirəm – professor istər mühazirəsinə, istərsə də elə adicə söhbətə başlamazdan əvvəl uzun-uzadı giriş verərdi. Bəzən giriş o qədər uzun olurdu ki, ya qarşıdakı adam yorulub əldən düşür, ya da professor nədən danışdığını unudurdu.

Səlimov bu dəfə ənənəsini pozdu, birbaşa mətləbə keçdi - Mən direktorla danışdım sabah sənin müdafiə günün təyin olunacaq. Səni görmədim, masanın üstünə kağız da yazıb qoymuşdum. Yəqin xəbərin yoxdu?
- Yox oxudum.

- Və bundan sonra da çıxıb getməyi qərara aldın. İndi başa düşürsən getsəydin nə ola bilərdi? Sabah həlledici gündü. Mütləq Akademiyaya get. Mütləq.
- Amma bu dəfə də alınmasa, mən kənddə gedəcəyəm. Xahiş edirəm məni saxlamayasınız – Qələndərli sakit-sakit Səlimova və adaşına baxdı…

O, akademiyaya gələndə birinci rastlaşdığı xoşxasiyyət elmi katib oldu. Sevincək onu təbrik etdi, artıq müdafiə günü təyin olunmuşdu. O, Elanlar lövhəsində çoxdan gözlədiyi bir elanı oxudu:

«Qələndərli Tofiq Kazım oğlunun «Kənddə idmanın inkişafında partiyanın rolu» mövzusunda yazdığı namizədlik dissertasiyasının müdafiəsi üçün Elmi Şuranın iclası keçiriləcəkdir. Tarix: 23 avqust 1991-ci il».

***
- Ata, ata balaca qırmızı qovluğu açıb… - Vaqif təngnəfəs onun yanına qaçdı.

Qələndərli cəld iş otağına keçəndə sonbeşik açılmış qovluğu bir tərəfə atıb küncdə dayanmışdı. O, heç vaxt uşaqlarını qorxaq görmək istəmirdi, heç vaxt onlara əl qaldırmaz, bunu ağlından belə keçirməzdi, uşaqların üstünə səsini də qaldırmazdı. Sadəcə tərs bir nəzərdə baxmağı kifayət idi ki, özlərini yığışdırsınlar. Belə tərs nəzərlərin qarşısında oğulları bəzən ağlayar, günlərlə onun gözünə görünməzdilər.

Elədiyi əməlin pis bir şey olduğunu sonbeşik də başa düşürdü, atasının bircə baxışına bənd idi ki, hönkür-hönkür ağlasın.

Qələndərli də bunu sezmişdi, amma lənətə gəlmiş qırmızı qovluğa görə ciyərparasının göz yaşı tökməsini, günlərlə utanıb gizlənməsini, artıq dəyərini itirmiş lazımsız arxiv kağızları üstündə xəcalət çəkməsini də istəmirdi. Araya çökən sükutu elə sonbeşik özü pozdu:

- Ata, mənim də ümidlərim öləcək?
- …
XS
SM
MD
LG