Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 00:21

«Bəzi ölkələr bizim tələbələrin başını dəyişirlər»


Misir Mərdanov
Misir Mərdanov
Təhsil naziri Misir Mərdanov hesab edir ki, xaricə tələbə göndərmək üçün ölkə seçəndə ehtiyatlı olmaq lazımdır, bəzi ölkələr gənclərin düşüncə tərzini dəyişib göndərirlər:

«Biz Almaniyaya, Çinə, Sinqapura tələbə göndərməkdə israrlıyıq, çünki bilirik ki, onlar bizim uşaqların başını öz siyasətlərinə uyğun dəyişib göndərməyəcəklər».

Təhsil naziri deyir ki, elə ölkələr var ki, Azərbaycanda öz siyasətlərini həyata keçirmək istəyirlər, bunun üçün müəyyən siyasi məsələləri ortalığa atırlar.

Amma Misir Mərdanov açıqlamır ki, Azərbaycan tələbələrinin başını dəyişən və və dəyişə biləcək ölkələr hansılardır.

Bu ilin avqustunda Təhsil Nazirliyindən AzadlıqRadiosuna bildirmişdilər ki, 2007-2015 illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində bakalavr ixtisası üzrə ABŞ-da təhsil imkanı yoxdur, Amerikada dövlət hesabına yalnız magistr və doktorantura təhsili təklif olunur.

Xatırladaq ki, bir müddət əvvəl Türkmənistan hakimiyyəti xaricdə oxuyan və ölkəsinə yay tətilinə gələn tələbələrin geriyə, təhsil aldığı ölkəyə qayıtmasına məhdudiyyət qoymuşdu.

«NAZİRİN DEDİYİ SAĞLAM MƏNTİQƏ SIĞMIR»

Bakı Dövlət Universitetinin keçmiş müəllimi, Respublikaçı Alternativ (ReAl) Birliyinin həmtəsisçisi, hüquqşünas Erkin Qədirli deyir ki, nazirin belə bir bəyanat verməsi düzgün deyil. Çünki xaricdə təhsil üçün seçim aparanda siyasi səbəblər yox, universitetlərin hazırlıq səviyyəsi əsas götürülməlidir:

Erkin Qədirli
«Bu, sağlam məntiqə sığan bir şey deyil, belə çıxır ki, ərəb ölkələrinə tələbə göndərsən, radikal islamçı olacaq, Rusiyaya göndərsən, şovinist–imperialist olacaq, Amerikaya, ya da Avropaya göndərsən, liberal-demokrat olacaq?! Əsassız şübhələrlə gənclərin xaricdə təhsil almasını əngəlləməyin heç yeri yoxdur».

E.Qədirli hesab edir ki, belə yanaşma idarəetmə sisteminin özünə inamsızlığından irəli gəlir. Onun fikrincə, bu, qeyri-ciddi yanaşmadır, həm də ona görə ki, indi dəyişmək üçün internet və başqa informasiya resursları var və bunun qarşısını almaq olmaz.

«Vətəndaş Cəmiyyəti Uğrunda» Mərkəzin direktoru, tarixçi alim Eldar İsmayılov da deyir ki, tələbələr xaricə göndərilərkən bu siyasi amillərin əsas götürülməsi, fikri əsas məqsəddən yayındıra bilər. Alim hesab edir ki, siyasi məsələlərlə Təhsil Nazirliyi yox, başqa orqanlar məşğul olmalıdır.

«DÜNYA DƏYİŞİR, EHTİYATLI OLMAQ LAZIMDIR»

Yeni Azərbaycan Partiyasından olan millət vəkili, dilçi alim Nizami Cəfərov isə hesab edir ki, Misir Mərdanovun yanaşması doğrudur və ölkə seçəndə də, universitet seçəndə də ehtiyatlı olmaq lazımdır:

«Bu, o demək deyil ki, biz özümüzü dünyadan təcrid edirik, ya da dünya universitetlərinə şübhəmiz var. Yox, sadəcə, gözümüzün qarşısında çoxlu hadisələr baş verir, odur ki, xaricdə oxuyan tələbələrə xüsusi nəzarət lazımdır».

Misir Mərdanovun verdiyi məlumata görə, hazırda 10 mindən çox azərbaycanlı tələbə xaricdə təhsil alır. Bütün tələbələrin təqribən yarısı Rusiyada oxuyur.

Xaricdə dövlət hesabına təhsil alan tələbələrin sayı 1 500 nəfərə yaxındır. Misir Mərdanov deyir ki, tələbələr dövlət hesabına əsasən Rusiya, Türkiyə, Böyük Britaniya, Almaniya, Amerika və başqa ölkələrdə təhsil alırlar.
XS
SM
MD
LG