Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 11:29

Ümid partiyası bələdiyyə seçkilərində iştirakdan imtina edə bilər


İqbal Ağazadənin sözlərinə görə heç kim partiyasının namizədlərinə qarşı təzyiqləri dayandırmaq gücündə deyil
İqbal Ağazadənin sözlərinə görə heç kim partiyasının namizədlərinə qarşı təzyiqləri dayandırmaq gücündə deyil
«Sabah partiyanın rəyasət heyətinin iclasıdır. Bələdiyyə seçkilərində iştirak məsələsi yenidən gündəmə gətirilərək müzakirə olunacaq. Bunu bizdən yerli orqanlar tələb edir. Ona görə seçkilərdə iştirakla bağlı qərarımıza yenidən baxacağıq. Vəziyyət bu şəkildə davam etsə, Ümid partiyası seçkilərdə iştirakdan imtina ilə bağlı qərar qəbul edə bilər». Bu barədə AzadlıqRadiosuna Ümid partiyasının sədri İqbal Ağazadə məlumat verib.

O, partiyasının irəli sürdüyü namizədlərə qarşı təzyiq kampaniyasının həyata keçirildiyini deyir:

«Ümid Partiyası 903 bələdiyyə subyektindən 3147 nəfər namizəd irəli sürmüşdü. Onların mütləq əksəriyyəti imza vərəqələrini toplayıb artıq təhvil vermişdilər. Çox təəssüflər olsun ki, noyabrın 9-dan partiyanın namizədlərinə qarşı fərqli kompaniyaya start verilib. Yerlərdə namizədlərin geri götürülməsi ilə bağlı yerli icra strukturları, polis və bələdiyyə orqanları ciddi təzyiqlər göstərirlər».

O, daha sonra bildirib hətta namizədlikləri qeydə alınmış şəxsləri belə imtina ərizəsi yazmağa məcbur edirlər:

«Məsələn, Zərdab rayonundan 27 bələdiyyə subyekti üzrə 100 namizədimiz var idi. Bu gecə onların 92-nə imtina ərizəsi yazdırılıb. Bərdədə 74 namizəddən 60-a, Balakəndə 55 namizəddən 20-nə belə ərizələr yazdırılıb. Yardımlı, Tovuz, Qazax, Ağstafa, Beyləqan, Füzuli və istisnasız olaraq Azərbaycanın digər rayonlarında namizədliyin geri götürülməsi ilə bağlı Ümid partiyasına çox ciddi təzyiqlər başlayıb. Güc yolu ilə imzalar alınır».

İqbal Ağazadə deyir ki, vəziyyətlə bağlı YAP-ın icra katibi Əli Əhmədovla hakim partiya olaraq prosesə müraciət etmələri üçün danışıb. MSK sədri və katibi ilə söhbət aparıb. Onun sözlərinə görə heç kim bu məsələni dayandırmaq gücündə deyil:

MSK-nın sözçüsü Azər Sarıyev isə AzadlıqRadiosuna bildirib ki, Ümid partiyasının bu şikayəti quruma noyabrın 12-də daxil olub. Komissiyanın hüquqşünaslardan ibarət ekspertlər qrupu müraciəti araşdırdıqdan sonra məsələ MSK-nın iclasında müzakirəyə çıxarılacaq və qanuna müvafiq qərar qəbul olunacaq.

Cənab Sarıyevin sözlərinə görə qanunla MSK-ya daxil olan müraciətlər 3 gün müddətinə araşdırılmalı və qərar qəbul olunmalıdır.
XS
SM
MD
LG