Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:56

Bir nəfər üçün konstitusiya…


Azərbaycan konstitusiyası cəmi 14 ildir qəbul edilməsinə baxmayaraq, ona düz iki dəfə referendum yolu ilə dəyişiklik edilib
Azərbaycan konstitusiyası cəmi 14 ildir qəbul edilməsinə baxmayaraq, ona düz iki dəfə referendum yolu ilə dəyişiklik edilib
«AZƏRBAYCANDA HƏFTƏ SƏKKİZ - MƏN DOQQUZ KONSTİTUSİYAYA DƏYİŞİKLİK EDİLİR»

- Bayramınız mübarək.

- Çox sağ olun.

- Bildiniz də söhbət hansı bayramdan gedir?

- Yox!

- 12 noyabr Azərbaycanda Konstitusiya bayramıdır. Sizcə konstitusiyaya hörmət edilirmi?


- Yox!

- 95 faiz əməl edilir. Biz qanunlardan razıyıq…

- Vallah, Azərbaycanda həftə səkkiz - mən doqquz konstitusiyaya dəyişiklik edilir. Mən nə bilim siz hansı bayramı nəzərdə tutursuz?

- Bu, yaxşıdır yoxsa pis?


- Rəzalətdir. Özlərinə necə sərf edir, elə də edirlər.

HEYDƏR ƏLİYEV KONSTİTUSİYASI

Azərbaycanda konstitusiyanın qəbulundan 14 il keçir. Hakim düşərgədə bu konstitusiyaya - Heydər Əliyev konstitusiyası kimi baxırlar. Çünki onun hakimiyyəti illərində qəbul edilib. Respublikaçı Alternativ İctimai Birliyinin (REAL) həmtəsisçisi İlqar Məmmədov deyir ki, əslində, Azərbaycanda yazılmamış bir konstitusiya işləyir. Onun fikrincə, konstitusiya insanlara bütün siyasi azadlıqlar versə də, yazılmamış qanunlar bütün bu hüquqların üstündən xətt çəkir:

İlqar Məmmədov
- Konstitusiya ilə biz respublika olsaq da, əslində, artıq monarxiya üsul-idarəsinə keçmişik. Hakimiyyət atadan-oğula ötürülür. Faktiki olaraq Azərbaycanın gündəlik ictimai-siyasi, iqtisadi həyatında konstitusiyaya əməl edilmir.

BİR NƏFƏR ÜÇÜN KONSTİTUSİYA

Azərbaycan konstitusiyası cəmi 14 ildir qəbul edilməsinə baxmayaraq, ona düz iki dəfə referendum yolu ilə dəyişiklik edilib. 7 il əvvəl və bu ilin martında. İlqar Məmmədov deyir ki, bu dəyişikliklər mahiyyətcə bir-birindən elə də fərqlənməyib. Birinci dəyişikliklərlə İlham Əliyevin hakimiyyətə gəlişi asanlaşdırılıb, ikinci dəyişikliklərlə onun prezidentlik müddəti uzadılıb.

Konstitusiyaya edilən birinci dəyişikliyə qədər ölkənin ikinci şəxsi parlament sədri sayılırdı. 2002-ci il dəyişikliyindən sonra isə ölkənin ikinci şəxsi Baş nazir oldu. 2003-cü il prezident seçkiləri ərəfəsində də Klivlenddə müalicə olunan prezident Heydər Əliyev oğlu İlham Əliyevi Baş nazir təyin etməklə faktiki olaraq öz səlahiyyətlərini də ona vermiş oldu. İlqar Məmmədov:

- İndiyə qədər bir neytral, müstəqil qurum bu imzanı araşdırmayıb. Yəni, araşdırılsın ki, doğrudanmı Heydər Əliyevin o sənəddə imzası var idi, yoxsa bu konstitusiya baxımından dövlət çevrilişi idi?

MƏNZİL HÜQUQU VƏ NEFT BURUĞU…

Ancaq hakim Yeni Azərbaycan Partiyasının konstitusiya ilə verilən hüquqların cəmiyyətdə tətbiqi ilə bağlı öz mülahizələri var. Bu partiyanın Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev deyir ki, konstitusiya ilə hər bir vətəndaşın mənzil hüququ var.
Musa Quliyev
Ancaq bu o demək deyil ki, neft buruqlarının üzərində özünə ev tikə bilərsən. Yaxud da hər bir şəxsin təhsil hüququ var. Bu da lazımı balı toplamadan ali məktəblərə daxil olmağa imkan vermir.

M.Quliyev düşünür ki, konstitusiyanın verdiyi hüquqlar sonradan qəbul edilən qanunlara, normativ aktlara uyğunlaşdırıldığından əslində narazılıqlara heç bir əsas yoxdur. O cümlədən söz azadlığının, sərbəst toplaşmaq azadlığının təmin edilməməsiylə bağlı. Üstəlik, M.Quliyev hesab edir ki, konstitusiyaya edilən dəyişikliklərin bir şəxsin maraqları ilə yozulması da düzgün deyil:

- Əvvəlki variantda bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə məhdudiyyət qoyulması ilə təkcə bir şəxsə məhdudiyyət qoyulmurdu. Həm də 4 milyon yarım seçiciyə məhdudiyyət qoyulurdu ki, onlar istədikləri şəxsi istədikləri qədər prezident seçmək hüququndan məhrum idilər.

M.Quliyev deyir ki, bütün dəyişikliklərin mahiyyətində dövrün tələbləri və Azərbaycanın demokratik inkişafı durur. O, gələcəkdə də bu tip dəyişiklikləri istisna etmir. Ancaq İlqar Məmmədov düşünür ki, Azərbaycanda hər şeydən əvvəl siyasi islahatlara ehtiyac var. Çünki siyasi islahatlar aparılmasa, xalqa konstitusiya ilə verilən bütün hüquqlar formal xarakter daşıyacaq.
XS
SM
MD
LG