Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:22

Çində Obama daha çox suallar buraxdı


Barak Obama və Çin lideri Hu Cintaoy, Pekin. 17 noyabr 2009
Barak Obama və Çin lideri Hu Cintaoy, Pekin. 17 noyabr 2009
ABŞ mediasında Amerika prezidenti Barak Obamanın Çinə son səfəri ciddi tənqid obyektinə çevrilib. ABŞ prezidentinin səfər zamanı davranışı hətta Demokratlar partiyasına simpatiya bəsləyən qəzetlərdə belə ciddi tənqid olunub. Demokratlara rəğbəti ilə seçilən «Vaşinqton Post» qəzeti yazır ki, Obama getdikcə daha çox Çinin lideri Hu Cintaoya oxşamağa başlayır.

Noyabrın 19-u Dana Milbank «Vaşinqton Post» qəzetində köşə yazısı ilə çıxış edib. Yazı belə başlayır:

«Bu həftə prezident Obama və onun Çinli həmkarına baxanda bilmək olmurdu ki, onlardan hansı Hudur. Onlardan biri iri bir demokratiyanın lideridir. Digəri isə repressiv rejimin başçısıdır. Ancaq Pekinin Böyük Xalq Zalında jurnalistlər qarşısında çıxış edəndə Obama prezident Hu Cintaonun istəklərinə boyun əydi. Onlar jurnalistlərdən suallar götürmədilər. Və bu azadlıq çərçivəsində də liderlər qarşılıqlı şəkildə darıxdırıcı bəyanatlar verdilər.

«Biz bir çox sahələrdə razılaşmalar əldə etdik», deyə kommunist lider hamını əmin etdi.

«Bizim hökumətlər gələcəkdə daha çox əməkdaşlığa nail olmaq istiqamətində irəliləyişlər əldə etdilər», deyə demokratik lider cavab verdi».

Müəllif yazır ki, bu cür yanaşma Amerika dəyərlərinin əhəmiyyətsizləşdirilməsinin bir yoludur. On il öncə elə həmin zalda prezident Bill Klinton Çinin o zamankı prezidenti Tzyan Tzeminin qarşısındaca mətbuat konfransı zamanı Çinin Tyananmen meydanında törətdiklərini tənqid etmişdi. Müəllif yazır ki, hətta media ilə xüsusi dostluğu olmayan Corc Buş belə Ağ Evdə Çin liderini çətin duruma salaraq israr etmişdi ki, mətbuat konfransı zamanı həm Amerika, həm də Çin jurnalistlərindən suallar götürülsün.

Obama isə jurnalistlərdən suallar götürmədi və bunun əvəzinə Şanxaylı tələbələrin suallarını cavablandırdı ki, bu tələbələr də gürünürdü ki, Çinin Kommunist Gənclər Liqası ilə yaxşı münasibətlərdə olan adamlar idi. Müəllif xüsusi olaraq qeyd edir ki, Çin televiziyası hətta bu sual-cavabı belə yayımlamadı.

Qəzet yazır ki, Yaponiya və Çin səfərləri zamanı da ABŞ prezidenti ənənəvi sual-cavab praktikasını dəyişərək hər dəfə yalnız hər tərəfdən bir jurnalistə sual vermək imkanı verdi.

Müəllif yazır ki, Buş kimi unilateralistin belə jurnalistlərlə normal əlaqələr saxlaması fonunda mediaya bu münasibət təəccüb doğurmuşdu və jurnalistlər Ağ Evin mətbuat katibinə bu məsələdən şikayət etmişdilər. Ağ Ev 61 sözdən ibarət «Politbüronun işçi komitəsi» stilində bir bəyanatla cavab verdi. Bəyanat belə başlayırdı: «Prezident Obamanın Çinə səfəri ABŞ-Çin əməkdaşlığının vacibliyini şərtləndirən qlobal və digər sınaqları bütün dərinliyi və genişliyi ilə ortaya qoydu».

Müəllif onu narazı salan digər məqamları da – Obamanın Yapon imperatoruna baş əyməsini, Birmanın diktatoru ilə əl verib görüşməsini qeyd edir, lakin vurğulayır ki, ictimaiyyət qarşısında sorğulanmaqdan qaçmaq daha narahatedici məsələdir. «Bununla, o, Çin tələbələrinə çatdırdığı «mən daha yaxşı liderəm, çünki mən eşitmək istəmədiyim fikirləri dinləməyə hazıram» mesajına zidd bir nəticəni bütün dünyaya yaymış olur», deyə müəllif qeyd edir.

Müəllif yazır ki, əvəzində Amerika jurnalistlərini qaldığı hotelə dəvət edərək onların hər birinə 10 dəqiqəlik təkbətək müsahibə verib. Müəllif yazır ki, bu formatda heç bir jurnalist normal dərinlikdə sual verib cavab ala bilmir. Məsələn, Foks Nyus-un jurnalistinin sualına cavab verən prezident deyir ki, bizneslərin daha çox adamı işə götürmələri üçün vergi stimullaşdırmaları tətbiq edəcək, amma bu planın heç bir detalı barədə məlumat vermir. CBS Nyus-un jurnalistinə cavab verən Obama deyir ki, Əfqanıstan strategiyasının üzərində işləyir, amma demir ki, o iş nədən ibarətdir. CNN-in sualına cavab verən prezident deyir ki, o «tamamilə əmindir ki,» səhiyyə qanunvericiliyi qəbul olunacaq, amma demir ki, hansı formada.

Müəllif yazır ki, prezidentliyinin ilk altı ayı ərzində beş mətbuat konfransı keçirən Barak Obama iyul ayından bəri bir dəfə də olsun mətbuat konfransı keçirməyib. Bu da onu eyni müddət ərzində təqribən dörd dəfə mətbuat konfransı keçirmiş Corc Buşla eyni sıraya qoyur. «Prezidentliyə şəffaflıq gətirəcəyinə söz vermiş Obama üçün bu çətin ki, yaxşı nəticə hesab olunsun».

Müəllif yazır ki, ictimaiyyət qarşısında suallara cavab verməkdən qaçan prezident təkbətək müsahibələrə üstünlük verir və indiyəcən 134 belə müsahibə vermişdi, dördünü də Çində başa vurub rəqəmi 138-ə qaldırdı. Belə müsahibələrdə verilən suallara isə özünüz diqqət yetirin: «Siz çox məşhur və yaxşı adamsınız, bəs özünüzdə nəyi xoşlamırsınız?» «Qolf. Bu oyunda nə sizin xoşunuza gəlir?» «Siz necə istirahət edirsiniz?» «Qızlarınızın məktəbli dostları sizə qonaq gəlirlərmi?»

Müəllif yazır ki, bu cür suallara elə prezident Hu da cavab verər.
XS
SM
MD
LG