Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:53

«Susmağa alışmamışam…»


akademik Ziya Bünyadov
akademik Ziya Bünyadov
Bu dəfə sovet dövrü Azərbaycan mətbuatının icmalı rubrikasında akademik Ziya Bünyadovun müsahibəsini ixtisarla təqdim edirik. 1988-ci ildə «Oqanyok» jurnalına verilən müsahibəni «Kommunist» qəzeti dekabrın 6-da dərc edib.

- Sosial proqnozlar barədə fikriniz?

- Cəmiyyətimizin qarşısında indi peyğəmbər məsələsi durur. Necə ki, Musa Peyğəmbər İsrail oğullarına rəhbərlik edirdi, bizə də mənəviyyatca, əqidəcə yeni insan və yeni nemətlər sistemi lazımdır. Başqa sözlə, yeni yox, normal kateqoriyalarla düşünən, ümumbəşəri qanun və qaydalarla yaşayan normal adam lazımdır.

- Bu xoşagəlməz vəziyyətə düşməkdə tarixçilərin də rolu yoxdurmu?

- Məsələ burasındadır ki, Brejnevçilik dövründə - lap elə yaxın vaxtları götürək, tarixlə «küçə qadını» kimi davranırdılar. Vətən tarixində həmin cinayətkar ənənəni təkcə Brejnev və onun ətrafındakılar yaratmamışdılar, əksinə onlar tapdanmış cığırla gedirdilər. Bünövrə Stalinlə başlayıb.

- Ziya Musaoğlu, sizi az-çox tanıyıram. Rəhbərliyə boyun əydiyinizə şəkk edirəm. Yəqin respublikanın keçmiş rəhbərliyi ilə aranızda qarşılıqlı anlaşma olmayıb.

- Bəs necə bilmişdiniz? Axı bir sıra respublikaların MK katibləri, həmçinin vilayət rəhbərləri allahlıq iddiasında idilər. Əliyev bir dəfə eyham vurdu ki, özümü dikbaş və çılğın aparmayım. Mən də söz altda qalmayıb açıq dedim: Sizinlə araq içməmişəm, kəşfiyyata getməmişəm, əmək haqqımı da sizdən almıram. Heç kəsə qulbeçə olmamışam olmaram da. Hələ bu harasıdır? Məndən tələb edirdilər ki, onların fırıldaqlarını görməyim, gizli fəaliyyətlərinə göz yumum.
Bu dəfə sovet dövrü Azərbaycan mətbuatının icmalı rubrikasında akademik Ziya Bünyadovun müsahibəsini ixtisarla təqdim edirik


- Bəlkə sizin üçün susmamaq elə də çətin deyil?

- Bəlkə də belədir. Brejnev özünü növbəti üçüncü ulduzla təltif edəndə şəxsən özüm ona etiraz məktubu göndərmişəm. Necə yəni, əgər yuxarıda əyləşmisənsə döşündən qarnınacan hər yeri ulduzla bəzəməlisən? Allaha şükür ki, biz 18-ci orduda bir dəfə xidmət etmişik. Onun necə qəhrəman olduğunu öz gözümlə görmüşəm.

- Ziya bəy, nədənsə sizin dediklərinizdə sağlam nikbinlik azdır.

- Məncə, boş zəmində sağlam nikbinlikdən danışmaq idiotizmə bənzəyir. Bizə çox uzun müddət «nikbinlik» yedizdiriblər. Nəticəsini özünüz gördünüz. «Şiroko strana moya rodnaya» adlı bir mahnı var. Dinləyəndə adamı dəhşət götürür. Xalqın üzdə olan oğulları həbsxanalarda, düşərgələrdə yatanda, güllələnənlərin sayı-hesabı bilinməyəndə yazılıb bu mahnı. Biz nəyinsə naminə sağ qalmışıq. Eləmi? Bu ritorik sual deyil. Ölkə üçün, gələcək nəsillər üçün, yaşamışıq ki, bu vətəni həmin nəslə miras qoyub köçək.
XS
SM
MD
LG