Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:52

Hər yerdə böhran, Çində yüksəliş


Çində kommunist hakimiyyətinin qurulmasının 60 illiyinə həsr olunmuş parad, 1 oktyabr 2009
Çində kommunist hakimiyyətinin qurulmasının 60 illiyinə həsr olunmuş parad, 1 oktyabr 2009
«Nyu York Taymz» qəzeti 9 dekabr sayında Çindəki iqtisadi dinamikanı təhlil edən material dərc edib. Materialda qeyd edilir ki, bu il ilk dəfə olaraq Çində satılan avtomobillərin sayı ABŞ-da satılan avtomobillərin sayını ötəcək. Bu mala tələbat ölkədə o qədər böyükdür ki, maşın almaq istəyənlər uzun növbəyə yazılmalı olurlar. 28 yaşlı Janq Ge Lu iki dostu ilə qara rəngli Toyota almaq üçün maşın satış mərkəzinə müraciət edib və ona deyiblər ki, iki ay gözləməlidir.

Qəzet qeyd edir ki, Çində təkcə maşın yox, bütün istehsal edilən məhsullara tələbat artıb. Bu ölkədə artıq ilboyu alınan soyuducuların, paltaryuyan maşınların və hətta desktop kompüterlərin sayı ABŞ-dakı istehlakı keçib. Materialda o da qeyd edilir ki, bütün bunlara baxmayaraq hələ ki, əhalinin ölkə daxilində xərclədiyi pula baxanda Çində ABŞ-da xərclənən pulun altıda biri xərclənir. Bunun da səbəbi ölkədə əhalinin hotel və restoran xidmətlərindən az istifadə etməsi və ümumiyyətlə xidmət sahəsinin hələ ki, Çində az inkişaf etməsidir.

Qəzetin müraciət etdiyi iqtisadçı ekspert Con Bonnel deyir ki, Çinin hazırda tam sürətlə inkişaf etdiyini demək baş verənlərin miqyasını tam ifadə etmək qüdrətində deyil. Ekspert onu da qeyd edir ki, bu il bir çox istehlak məhsullarına görə Çinin ABŞ-ı üstələməsinin bir səbəbi də odur ki, öz iş yerlərinin stabilliyindən arxayın olmayan amerikalılar bu il pul xərcləməyə o qədər də meylli olmayıblar. On illərlə iri templərlə pul xərcləyən amerikalılar indi qənaətcil olmağa başlayıblar.

Bir milyard üç yüz milyonluq Çinin bu templərlə pul xərcləməyi davam etdirəcəyi iqtisadçıları düşündürən vacib sualdır. Hazırda Çin hökuməti daxili istehlakı artırmaq üçün güclü maliyyə stimullarından, kreditlərdən və subsidiyalardan istifadə edir. Hazırkı istehlak yüksəlişinin son nəticədə istehlakçı cəmiyyət yaradıb-yaratmayacağı təkcə Çin üçün deyil, həm də bütün dünya üçün önəmlidir.

Qəzet yazır ki, uzun illər ərzində Qərb Çinə təzyiq göstərirdi ki, daxili istehlakı artırsın və ölkə gəlirlərinin ixrac biznesindən asılılığını azaltsın çünki Çinin ixrac biznesindən asılılığı bütün dünya ticarətinə mənfi təsir göstərib.

Çin öz ixrac maşınını işlətmək üçün öz milli valyutasını bilərəkdən ucuz saxlayırdı ki, ölkədə istehsal olunan mallar dünya bazarında rəqabətə duruş gətirsinlər. Nəticə isə paradoksal idi. Qəzet yazır ki, «ölkə öz vətəndaşlarını dilənçi vəziyyətində saxlayaraq onların maaşlarını, bank depozitlərinin faizlərini aşağı saxlayırdı ki, ixrac biznesi gəlirli olsun».

Bu siyasət nəticəsində Çin 2 trilyon iki yüz yetmiş milyard dollarlıq maliyyə rezervi yarada bilmişdir. Lakin bu vəsaitin böyük bir qismi ABŞ dollarları və dəyəri ABŞ valyutası ilə ölçülən qiymətli kağızlardan ibarətdir. Bank kreditlərinin aşağı faizləri ilə ABŞ şirkətlərini borc almağa sövq etməklə ABŞ-dakı maliyyə bədxərcləyinin, bir növ, səbəbkarı olmuşdur.

Qəzet yazır ki, indiki durumda çinlilər daha çox istehlak edib, amerikalılar daha çox qənaət etsələr, yekun durum bütövlükdə stabil dünya iqtisadiyyatının qurulmasına yardımçı olar.
XS
SM
MD
LG