Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 00:14

Azərbaycan üçün Naxçıvan nümunəsi…


İlqar Nəsibli Naxçıvan Dövlət Universitetində tələbələr arasında sorğu keçirərkən döyülənlərdən biridir
«Yaşadığımız binanın qarşısında qəfildən bizə hücum etdilər, yerə yıxaraq təpiklədilər, qabırğalarımız batıb, digər əməkdaşımızın burnunda zədə var».

İlqar Nəsibli Naxçıvan Dövlət Universitetində tələbələr arasında sorğu keçirərkən döyülənlərdən biridir. O və döyülən digər həmkarı Vəfadar Eyvazov Naxçıvan Muxtar Respublikası «Demokratiya və QHT-lərin İnkişafı» Resurs Mərkəzinin əməkdaşlarıdır.

Mərkəz Norveç səfirliyi ilə birgə Naxçıvanda korrupsiya əleyhinə layihə həyata keçirir. Bu layihə çərçivəsində dekabrın 15-i günorta saatlarında İlqar Nəsibli və mərkəzin digər iki əməkdaşı Naxçıvan Dövlət Universitetinin tələbələri arasında sorğu keçiriblər, onlara korrupsiya əleyhinə bukletlər paylayıblar. İlqar Nəsiblinin dediyinə görə, bu zaman universitetinin bəzi müəllim və tələbələri onlara hücum ediblər. Nəticədə İlqar Nəsibli və Vəfadar Eyvazov xəsarət alıblar.

NƏ POLİS YİYƏ DURUR, NƏ HƏKİMLƏR…

Hadisədən dərhal sonra İlqar Nəsibli Naxçıvan şəhər polis idarəsinə getdiklərini deyir. Amma burada nə onların şikayət ərizəsi qəbul olunub, nə də tibbi ekspertizadan keçiriliblər:

«Orda bizi qarşılayan polis nəfəri bildirdi ki, ərizənizi qəbul edə bilmərik, məsləhət bildi ki, Daxili İşlər Nazirliyinə gedək. Bir neçə dəfə cəhd etdik, amma DİN-də də şikayətimizə baxan olmadı. Tibbi ekspertizadan da keçə bilmədik, özümüzü ancaq ara həkimlərinə göstərmişik, xəstəxanada da bizi qəbul etmədilər».

Layihənin tərəfi olan Norveç səfirliyi isə hələ ki baş verənləri şərh etmək istəmir, səfirlikdən məsələni araşdırdıqlarını deyirlər. Bu il «Demokratiya və QHT-lərin İnkişafı» Resurs Mərkəzi ilə birgə Naxçıvanda insan hüquqları ilə bağlı layihə həyata keçirmiş ABŞ səfirliyi də hadisədən narahat olduğunu bildirir. Səfirliyin əməkdaşı Terri Devidson deyir ki, onlar layihə zamanı oxşar problemlərlə üzləşməyiblər, amma hesab edirlər ki, bu cür hallar cəzasız qalmamalıdır.

ABŞ SƏFİRLİYİ NARAHATDIR…

«Biz narahatlığımızı Naxçıvanın dövlət rəsmilərinə çatdırmışıq. Bu kimi hadisələr tam şəkildə araşdırılmalıdır və günahkarlar etdikləri hərəkətlərinə görə məsuliyyətə cəlb olunmalıdırlar».

Məmməd Rzayev
Naxçıvan Dövlət Universitetinin rəhbərliyi isə ittihamları əsassız sayır. Universitetin prorektoru Məmməd Rzayev:

«O adamı tanıyıram, universitetə gəlmişdi, tələbələrə anket paylayırdı, dedim burda siyasi təbliğat aparmayın, çıxın gedin. Onlar çıxıb getdi, mən gəldim universitetə. Sonra eşitmişəm ki, onu yıxıb yerə döyüblər, qabırğası sınıb, hamısı yalan söhbətlərdir. Mən özümə sığışdırıb onlarla orda yumruqlaşan adam deyiləm ki. Sadəcə mədəni surətdə demişəm ki, burda siyasi təbliğat aparmayın.

- Amma onlar deyirlər ki, korrupsiya əleyhinə bukletlər yayıblar, siyasi təbliğat aparmayıblar.

- Universitet rektorundan icazə alardılar. Dayanıblar binanın qabağında gedən gələn qızdan oğlandan söz soruşurlar. Belə sorğu olmur ki…»

NAXÇIVAN AZƏRBAYCAN ÜÇÜN NÜMUNƏDİR?

Məmməd Rzayev deyir ki, sonradan İlqar Nəsibovun yaşadığı binanın qarşısında 3-5 gənclə onlar arasında insident baş verdiyini eşidib. Amma dalaşanların universitetin tələbələri olub-olmadığını araşdırmayıb. Məmməd Rızayevin fikrincə, universitetdən kənarda baş verənlərə ali məktəbin rəhbərliyi cavabdeh deyil. Naxçıvandan seçilən millət vəkili Eldar İbrahimov isə ümumiyyətlə muxtar respublikada belə bir hadisənin, baş verməsini mümkün hesab etmir. Millət vəkili deyir ki, Naxçıvan öz qayda-qanunu, nizam-intizamı ilə ölkə üçün nümunədir və bu cür ittihamlar qərəzlidir.

Amma Naxçıvanda peşə fəaliyyəti ilə bağlı fiziki təzyiqə məruz qalanlar təkcə İlqar Nəsibli və Vəfadar Abbasov deyil. Bundan öncə Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun da üç əməkdaşı Naxçıvanda döyülmüşdülər. «Yeni Müsavat» qəzetinin müxbiri olmuş Elbəyi Həsənli isə məhz Naxçıvanda fiziki təzyiqə məruz qalması səbəbindən İsveçdə sığınacaq alıb.
XS
SM
MD
LG