Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 07:42

Onları seçki yox, «doğma zibillik» maraqlandırır…


Kürsülü ət dükanın şüşəli qapısına kiçik bir plakat yapışdırılıb.
Kürsülü ət dükanın şüşəli qapısına kiçik bir plakat yapışdırılıb.
Bir neçə ay əvvəl bu qəsəbəyə obrazlı desək, fəlakət üz verib - Balaxanı qəsəbəsi sakinlərinin dolanışıq yeri olan məşhur «Balaxanı zibilliyi» bağlanıb. İndi zibilliyin yerində zibil emalı zavodu tikəcəklər.

Həmsöhbətim Nadir Məmmədovun 42 yaşı var. Seçki haqqında ümumiyyətlə danışmaq istəmir, mənim üçün fərqi yoxdur deyir, indi özümə iş yeri axtarıram deyir:

- Gedirdik zibilliyə, kapron yığırdıq, alüminium yığırdıq, satıb ailəmizi dolandırırdıq...

- İndi sizi buraxmırlar zibilliyə?

- Yox, qalmışıq naəlac. Bilmirik nə edək. Camaat bekar qalıb, çox adam oğurluğa qurşanıb. Nə seçki, yadımıza düşən odurmu?

Nadir Məmmədov deyir ki, nə ona bildiriş vəsiqəsi gəlib, nə ki o özü maraqlanıb seçki ilə.

«BİZƏ BİLDİRİŞ VƏRƏQƏSİ GƏLMƏYİB»

... Balaxanın kənd meydanına 10-a yaxın kişi toplaşıb, dama, kart, nərd oynayırlar. Sonradan məlum olur ki, zibillik bağlananı meydana yığışanların sayı çoxalıb. Yaxınlaşıb, soruşuruq ki, sabah yox, birisi gün Azərbaycanda vacib bir hadisə olacaq, xəbərləri varmı?

Balaxanın kənd meydanına 10-a yaxın kişi toplaşıb, dama, kart, nərd oynayırlar
- Yox, nə olacaq ki?

- Bizim xəbərimiz yoxdur...

- Prezident seçkisini deyirsən, qızım?!

Yada salırıq ki, dekabrın 23-də Azərbaycanda 3-cü bələdiyyə seçkisidir. Balaxanılılar da öz bələdiyyələrini seçməlidirlər.

- Bildiriş gəlməyib bizə. Kəndin əksər hissəsinə seçkiyə çağırış vərəqəsi gəlməyib.
- Nə görüş keçirən, nə seçkiylə maraqlanan. Heç biz bilmirik ki, namizədlər kimlərdir.

KƏNDDƏ SEÇKİ PLAKATI GÖZƏ DƏYMİR

Balaxanı qəsəbəsinin, sakinlərin öz dili ilə desək, kəndində seçki təşviqat materialı tapmaq üçün küçə-küçə gəzmək lazımdır. Soraqlaşa-soraqlaşa yeganə seçki plakatı tapırıq.
«Kəndin əksər hissəsinə seçkiyə çağırış vərəqəsi gəlməyib»
Kürsülü ət dükanın şüşəli qapısına kiçik bir plakat yapışdırılıb. Sakinlər məsləhət görürlər ki, axtarmayaq, çünki plakat ümumiyyətlə yoxdur.

«ONLARI ARTIQ TƏYİN EDİBLƏR»


Nəhayət, kənd sakinlərindən soruşuruq ki, onların fikrincə, niyə namizədlər görüş keçirmir, təbliğat aparmır, cavab hazırdır

- Çünki onlar təyin olunurlar. Onları maraqlandırmır camaatın fikri, bilirlər ki, yerləri hazırdır.

- Ona görə də bizi maraqlandırmır bu seçki. Bizə yaşamaq üçün iş yeri lazımdır. Zibilliyi bağlayanda heç olmasa, fikirləşəydilər ki, zibillikdə işləyən bu qədər adamın axırı necə olacaq.

- Gəlsin İlham Əliyev görək bir aya yetmiş manatla yaşaya bilərmi?
XS
SM
MD
LG