Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:20

«Bu qurama işi hazırlayıblar ki, onun barəsində yenidən cinayət işi açsınlar»


Emin Fətullayev
Emin Fətullayev
«Avropa Məhkəməsi gələn il Eynulla Fətullayevin işini yekunlaşdır. Bu qurama işi isə hazırlayıblar ki, onun barəsində yenidən cinayət işi açsınlar».

«HEÇ BELƏ AĞILA SIĞMAYAN BIR MƏSƏLƏDİR»

Bunu hazırda həbsdə olan jurnalist Eynulla Fətullayevin atası Emin Fətullayev deyir. O, həbsdə oğlunun üzərindən narkotik maddənin tapılmasını əvvəlcədən planlaşdırılmış iş olduğunu bildirir:

«Heç belə ağıla sığmayan bir məsələdir. 12 saylı ciddi rejimli cəzaçəkmə müəssisəsinə narkotik məsələsi yoxdur. Əllərindədir nə istəyirlər onu da edirlər».

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov deyir ki, narkotik maddənin cəza çəkmə müəssisəsinə necə keçirilməsi istintaq zamanı müəyyənləşdiriləcək.

«12 saylı çəkmə müəssisində 5 dustağın üzərində axtarış aparılıb. Onlardan iki məhbusun – Eynulla Fətullayevin ayaqqabısından və gödəkcəsinin astar hissəsindən 0,223 qram heroin digər məhbus Şahin Şəmsiyevinsə cibində 0,81 qram heroin götürülüb. Hazırda Qaradağ rayon Polis Şöbəsində faktla bağlı təhqiqat aparılır».

CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİNƏ NARKOTİK MADDƏ KEÇİRMƏK BİR HALDA MÜMKÜNDÜR

3 ilə yaxın həbsdə olan jurnalist Mirzə Sakit deyir ki, cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirmək bir halda mümkündür. Əgər müəssisə əməkdaşlarının bu işdə əli olarsa:

«Axşam bunun ayaqqabısının içinə narkotik maddəni qoyublar. Səhərdə penitesiar xidmətin əməkdaşları axtarış keçirmək adı ilə gəliblər. Bu iş göründüyü kimi birbaşa yuxarıdan təşkil olunmuş bir tələdir. Burda da «zon»un əməliyyat şöbəsini əməkdaşının birinin əli olub. Hansısa dustaq vasitəsilə qoyublar ayaqqabının içinə».

Leyla Yunus
Hüquq Müdafiəçisi Leyla Yunus hesab edir ki, hamı üçün aydın olan bu məsələ hakimiyyətin özbaşınalığını bir daha sübut edir:

«Çox primitiv, əvvəlcədən quraşdırılması hamıya aydın olan bir məsələdir. Bu ancaq onu göstərir ki, mən qanunu pozaram, pozacağam da. Sən özün qərar ver nə edəcəksən. Mən beləyəm».

Leyla Yunus hesab edir ki, bu Eynulla Fətullayevin azadlığa buraxılmamasına yönəlmiş bir addımdır.

«ƏSAS MƏQSƏD JURNALİSTİ QAZAMATDA SAXLAMAQDIR»

«Eynulla Fətullayevin həbsi ilə bağlı qərar Avropa Məhkəməsində ləğv olunacaqdı və o, azadlığa çıxacaqdı. Bunun qarşısını almaq üçün qərara gəliblər ki, yeni bir iş açsınlar. Əsas məqsədləri isə odur ki, qanunsuz olaraq Azərbaycan vətəndaşını, jurnalistini, vicdan dustağını qazamatda saxlasınlar».

«Gündəlik Azərbaycan» və «Realnı Azərbaycan» qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayev terrora çağırış, milli ədavəti qızışdırma və vergidən yayınmada təqsirli bilinərək 8 il yarım azadlıqdan məhrum edilib.

Jurnalist özü bu ittihamı qəbul etmir, həbsinin peşə fəaliyyəti ilə bağlı olduğunu bildirir. Avropa Məhkəməsində isə Eynulla Fətullayevin Azərbaycana qarşı işi yekunlaşmaq üzrədir. Beynəlxalq hüquq müdafiə təşkilatları jurnalistin azad olunmasını tələb edirlər.
XS
SM
MD
LG