Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:40

Generallar gülləyə düzüləndə...


“Güllələnmiş Azərbaycan generalları” kitabının müəllifi Şəmistan Nəzirli
“Güllələnmiş Azərbaycan generalları” kitabının müəllifi Şəmistan Nəzirli
İlk günlərini yaşadığımız 2010-cu il qara bir yubileyin qeyd olunacağı ildir. 1920-ci il aprelin 28-də Qırmızı Ordu iki yaşı tamamlanmamış müstəqil Azərbaycan Cümhuriyyətini boğdu. Ölkədə sosializm bərqərar oldu. Kreml zəngləri qırmızı diktaturaya bir az zəriflik vermək istəsə də, hər yandan sızan-fışqıran qan sellərini gizlədə bilmədi. İnsanın ən adi hüquqlarının məsxərəyə qoyulduğu dönəmin ən böyük dəhşəti sadəcə, insanların deyil, həm də gələcəyin güllələnməsiydi. Söhbət bolşevik işğalından sonra güllələnməyə məhkum edilən Azərbaycan generallarından gedir... Bu “İz”də proqramımızın arxivinə baş vuracaq, “yeni insan”, “yeni cəmiyyət” axtarışlarıyla bol olan ötən əsrə boylanacaq, sovet kommunist diktaturasının qurbanlarından söz açacaq və “Güllələnmiş Azərbaycan generalları” kitabının müəllifi –uzun zamandır qırmızı diktaturanın sirli cinayətlərinə işıq salan araşdırmaçı jurnalist Şəmistan Nəzirlinin açıqlamalarını eşidəcəksiniz.

S.İ. Şəmistan bəy, xoş gördük sizi! Əvvəlcə istərdim deyəsiniz, bu kitab necə meydana gəldi?

Ş.N.: Bilirsiniz, Sevda xanım, “Güllələnmiş Azərbaycan generalları” kitabı məni çoxdan düşündürürdü. Sovet dövründən onu işləməyə başlamışdım. Yalnız sovet dövründə çətinlik ondan ibarət idi ki, generalların son taleyini tapa bilmirdim. Çünki sovet dövründə bunların sənədləri ilə, qovluqları ilə məşğul olmaq tamamilə qadağan idi. Amma onların adına Peterburqda, Xarkovda, Moskvada, Dərbənddə, Tiflisdəki imperiya dövrü arxivlərində işləyəndə rast gəlirdim. Və gəlib iz itirdi 1920-ci ildə... Fikirləşirdim ki, bəs bunlar nə oldu, bu qədər general hara getdi? Güllələnmə səhnəsi heç yerdə yox idi. Sən demə, “Tam məxfidir” qovluqlarında həm MTN-nin arxivində, həm də Dövlət Arxivində saxlanılırmış...Mən bunları sonralar tapdım. 1990-cı ildən sonra. Və bu materialların çoxusunu mən Rusiyadan əldə etmişəm hələ sovet dövründə. O vaxt belə şeylər hələ qadağan idi. 1920-ci ildən 1947-ci ilə qədər, o tay Azərbaycanını da hesablayanda, 19 generalımızı güllələyiblər. Nəyə görə güllələyiblər? 1920-25-ci illərdə güllələnənlərin arxiv sənədlərində göstərilir ki, əsas səbəb odur ki, bunlar bizə göstərmək istəyirdilər ki, sizdə sərkərdə olmayıbdır.

S.İ.: Şəmistan bəy, Generallar gülləyə düzülürsə, o zaman adi adamlardan danışmağa dəyməz ki? Deyəsən, adi adamları heç hesaba da almayıblar.

Ş.N.: Elədir, adi adamları heç hesaba salmayıblar. Mən sizə deyim, Bulla adası var. Şıx çimərliyindən 80 km dənizin içərisindədir. Əgər siz o adaya getsəniz, minlərlə yox, bəlkə də yarım milyona yaxın insan sümükləri görərsiniz. O vaxt orada yaşayış olmayıb. Doldururlarmış Azərbaycan ordusunun əskər və zabitlərini gəmilərə, ziyalıları da həmçinin, aparıb ora atıb, çıxıb gəlirmişlər. Həyat nişanəsi olmayan adada, təsəvvür edirsinizmi, necə ölürmüşlər? Yaxud, Pankratovun idarəsi olub indiki Yusif Məmmədəliyev küçəsi 15/17-də, sonralar ora alman səfirliyi oldu, adamları oranın zirzəmisinə doldurub, gecələr güllələyirmişlər... Meyitləri isə aparıb Nargin adasına boğazına daş bağlayıb dənizə atırmışlar...

S.İ.: Daş niyə bağlayırmışlar?

Ş.N.: Ona görə ki, birdən dirilərlər! Halbuki, güllələmisən bunu... Bax, bu əzabla Azərbaycan xalqının əsgər və zabitlərini, ziyalılarını, generallarını güllələyiblər. 1918-20-ci ildə Azərbaycan ordusunda 21 general xidmət edibdir—Əliağa Şıxlinski və Səməd bəy Mehmandarov da daxil, onların 19-unu güllələyiblər!

S.İ.: Peşəkar hərbçilərdən söhbət gedir, Şəmistan bəy. Sizcə, demokratik dəyərlər, insan hüquq və azadlıqları, o sıradan adamların yaşamaq hüququ güllələnmiş generallardan ötrü nə qədər önəmli idi?

Ş.N.: Çox önəmli idi. Bir misal: General Murad Gəray bəy Tlexas 1920-ci il mayın 29-da güllələnmişdi. Milliyyətcə çərkəz olan bu general Port Artur qəhrəmanlarından olub və «Müqəddəs Georgi» ordeninə layiq görülüb. 1918-ci ilin payızından Azərbaycana gəlib. General Şıxlinski onun təyinatını dəstəkləyib. Bolşeviklərin «Ali İnqilab Tribunalı»na verdiyi ifadəyə baxın: «...Rus-yapon və alman cəbhəsində olmuşam. Heç vaxt müharibədə bir-birimizin üstünə bağıranda da, silahı tullayanda da silahı təhvil verənlərlə (əsirlərlə) sonuncu tikəmi və qəndimi bölüşmüşəm...Əgər məndən soruşsanız ki, Bakıdakı fəaliyyətim dövründə kimləri özümə düşmən hesab edirdim? – o zaman cavab verərdim ki, ancaq və ancaq Azərbaycanın müstəqilliyinə qəsd etmək istəyənlər mənim qatı düşmənimdir. Mən heç vaxt siyasi partiyaların işinə qoşulmazdım. Mənim məqsədim – milli ordu yaratmaq, milli qırğının qarşısını almaq idi...» Onlar çox qeyrətli idilər. O dövrün sərkərdələri, zabit heyəti bir başqa idi. Solovetski adalarında 18 il yatan Volkovun xatirələrini bəlkə də oxumusunuz. O kitabında müsavatçıların bir qrupunun şəklini də verib. Çox aydın bir şəkildir. Altında yazılıb: Millətin Müsavat parlamentindəki nurlu adamları. Niyə bunu yada saldım? O vaxt vətənpərvərlik indiki kimi deyildi. İndi zəifləmişik. O vaxt hər bir zabit canından keçməyə hazır imiş. Hər bir Azərbaycanlı nəinki Qarabağ, bütün Azərbaycan uğrunda “uf” demədən canını verərmiş. Bu kitabda bir generaldan da yazmışam--Əbdülhəmid bəy Qaytabaşıdan, Tiflisli Şərif bəyin oğluymuş...

S.İ.: Nə maraqlı soyadı var...

Ş.N.: Bunlar türkdürlər. Ulu babası Əbdürrəhman ağa XV111 əsrdə Türkiyədən Tiflisə köçüb. Atası Şərif bəy də çar dövründə polkovnik olub, buna isə 31 yaşında generallıq veriblər. Bu bilirsiniz, nə deməkdir? Əsl hərbçi üçün çox qeyri-adi faktdır. Mən onun sənədləri ilə, həm də bütün güllələnmişlərin sənədlərilə tanış olandan sonra gördüm ki, bunları zaman özü yetirib. O qədər imperiya dövründə Azərbaycan xalqı təhqir olunub, sıxışdırılıb ki...belə bir generallar nəslinin yetişməsi labüd imiş. Tiflisdə bir institut vardı—Aleksandriyski institut—ora azərbaycanlıları götürmürdülər. Deyirdilər ki, onların hüququ yoxdur orda oxumağa. Yalnız Qori seminariyasında və ibtidai məktəblərdə oxuya bilərdilər. Ancaq Qafqaz şeyxülislamı Mirzə Hüseyn Əfəndi Qayıbzadə çar naziri Delyanova dönə-dönə məktub yazıb ki, bizim millət də oxumaq hüququna malik olmalıdır. Və Rəşid bəy Əfəndizadənin kiçik qardaşı İsmayıl bəy Əfəndiyevi güc-bəla ilə ora qəbul etdirib. Soltan Məcid Əfəndiyev oranı qurtarıb. Ömərbəyov soyadlı bir nəfər--indiki Qəbələdən olub, çox gözəl bir ziyalı imiş--oranı qurtarıb. Yəni üzağardan oğullarımız olub, sadəcə vəziyyət elə idi ki, biz hər tərəfdən sıxışdırılırdıq. Qafqazda olan yeganə müsəlman milləti kimi bizi sıxışdırırdılar.

S.İ.: Dediyinizdən belə çıxır ki, bu generalları gülləyə düzməsəydilər, onlar bir başqasını öldürmək üçün “atəş!” əmrini verməzdilər...

Ş.N.: Qətiyyən! Bunlarda yüksək səviyyədə milli qürur və vətənpərvərlik var idi. Azərbaycan uğrunda onlar hər an döyüşə getməyə hazır idilər. Bir kişinin - şahzadə Bəhmən Mirzə Qacarın 16 arvaddan 63 övladı olub, 31 oğul, 32 qız. Onun 31 oğlunun hamısı hərbçi olub, 31-dən törəmələri də bu sənəti seçiblər. 8 oğlu Milli Orduda qulluq edirdi—səkkizini də güllələdilər...

S.İ.: Sovet bolşevik reallığına baxanda, adama elə gəlir ki, kommunist-bolşevik rəhbərlər peşəkarlardan qorxurmuşlar. Yanlış qənaət deyil ki, Şəmistan bəy?

Ş.N.: Xeyr, xeyr, xeyr! Gələn X1 Qızıl Ordu özü peşəkar deyildi. Denikin xaricə qaçandan sonra dağınıq, sərgərdan, ayağıyalın, bir qarın yeməyə möhtac adamlardan toplanmış ordu idi Qızıl Ordu...

S.İ.: Deyilənə görə, bitli-sirkəli...

Ş.N.: Bəli, o sənədlərdə də yazılıb. Təsəvvür edin ki, bunlar bizi aldadıblar, Sevda xanım. 70 ildə “Qızıl Ordunun”- -əslində mən onu qəlp ordu adlandırardım--sayını da- 72 min, bizə düzgün deməyiblər. Əslində, 110 min olub. Dünyada biabır olmamaq üçün bu sayı uydurublar. Deməsinlər ki, bu boyda ordu ilə kiçik bir respublikaya girib qırğın törətmisən. İkincisi, 1922-ci ildə N.Nərimanovu Moskvaya aparandan sonra, artıq mümkün deyildi, Gəncə üsyanı olmuşdu. Gəncədə yatırılandan sonra Zaqatalada başladı, Tərtərdə başladı. Camaat üsyana qalxmışdı ki, bu nə hökumətdir, istəmirik bunu, çar bundan yaxşı idi. Sənədlər var bu barədə. Bundan sonra Qazaxda başladı, Qarabağda, Şəkidə, Balakəndə...Birini yatırırdılar, o biri başlayırdı. Gördülər, mümkün deyil, qarşısını ala bilməyəcəklər, başladılar ordunu artırmağa. 22 mindən çox ordu saxlayırdılar. Kim idi bunlar? Özləri bizə “dikaya diviziya” demişdilər, özləri “dikaya diviziya” idi. Yığıb gətirmişdilər ac-yalavacları. O dövrdə Rusiyada, Volqaboyunda güclü aclıq idi. Çörək tapılmırdı, neft yox idi, bizim nefti daşıyıb aparırdılar. Geyindirirdilər bunlara nimdaş paltarı, onlar da qarşılarına çıxan qadının əlindən üzüyünü, qulağından tanasını çıxarırdılar...Varvarcasına evə girib, qiymətli şeyləri aparırdılar. Yəni tamamilə quldurluqla məşğul idilər. Mən sizə bir fakt deyim. Hacı Zeynalabdin Tağıyevin evini tanıyırsınız, indi Tarix Muzeyidir. Murtuza Muxtarovun evini görmüsünüz—indiki Səadət Sarayı. Yaxud, Musa Nağıyevin evi, Şəmsi Əsədullayevin bağı, evi—bunların hamısının içi qoz ağacından olan mebellərlə bəzədilmişdi. Hanı onlar? Hamısını Sərkisov, Danielyan vaqonlara doldurub Peterburqa, Moskvaya, Yerevana göndərdi. İndi o mebellər dediyim şəhərlərdədir. O qədər Azərbaycan xalqını soyublar ki, bir sənəddə yazırlar ki, biz Azərbaycan burjuaziyasından 200 min pud gümüş, 10 pud qızıl, 800 qızıl üzük müsadirə etmişik, bir neçə min xalı-xalça götürmüşük. Baxın, hamısı da valyutaya gedən mallardır. Hələ 20-ci ildir, yenicə gəliblər--iyun ayıdır. Bundan sonra Gəncədə olan üsyandan lap əsəbiləşdilər. Xalqa güzəşt eləmədən hayıf almağa başladılar.

S.İ.: Nə hayıf aldılar?

Ş.N.: Hayıf ondan ibarət idi ki, imperiya dağılanda bizə arsenaldan silah verməmişdilər. Gürcülərə də vermişdilər, ermənilərə də. Ermənilər hətta o silahdan alıb Qarabağda da saxlamışdılar, Tiflisdə də. Çoxunu da aparmışdılar Yerevana. Bizimkilər əlahiddə müsəlman ordusu yaradırdı, amma silah yox idi. Pul da yox. Əlahiddə Ordu Qərargahı o dövrdə Gəncədə yerləşirdi. Qafqaz-Qars ərazisindən qayıdan bolşevik əhval-ruhiyyəli qoşun Gəncədən keçirdi. Əvvəl gəlirdi Tiflisə, Gəncəyə, oradan Dərbəndə, sonra Rusiyaya girirdi. Odur ki, Gəncə Milli Komitəsi 1918-ci il yanvarın 9-nu döyüş günü elan etdi ki, qabaqkəsdi eləyib silah alacağıq. Qabaqkəsdi həmin gün Gəncənin 30 km-liyində Şəmkirlə Dəllər stansiyasının arasında oldu. Əvvəla, bir məsələni vurğulayım ki, Qafqaz-Qars ərazisindən qayıdan hərbi eşalon qatarla Tiflisdən Gəncəyə gələrkən nə işdən çıxırdı...Qarayazıdan-- düzəngahdan keçərkən mal otarana, qoyun otarana, qaraltıya vəhşicəsinə atəş aça-aça gedirdi...Bunlar qudurmuşdular. Fikirləşirdilər ki, artıq inqilab etmişik, hamı bizə tabe olmalıdır və s. Qabaqkəsdi 4 gün davam etdi. 2 min rus əskər və zabiti öldü və yaralandı. Axırda ağ bayraq qaldırıb çıxdılar qatarın üstünə ki, veririk bütün silahları sizə, bizi buraxın çıxıb gedək. Bax, 1920-ci ildə gələn bolşevik hökuməti bu hayıfı bizdən alırdı...Ona görə bu qədər əhalimizi qırdılar, soydular, taladılar. Solovetskidə bilirsiniz, nə qədər insanımız həlak olubdur? 1926-cı ildə gizli müsavat partiyası aşkar olunanda, heç nəyə baxmadılar, arvad-uşaq--hamısını sürgün elədilər...

S.İ.: Şəmistan bəy, təşəkkür edirəm, nə qədər acı da olsa, dövrün ab-havasını yaratdınız. Keçək generallara. “Onları kim güllələdi?” sualının sadə cavabı varmı?

Ş.N.: Var, var! Onları güllələyən adamlar arxiv sənədlərində konkret məlumdur. Semyon Pankratov! Kim idi Pankratov? Qızıl Ordunun Fövqəladə İnqilab Komitəsinin sədri. Onun əlində elə səlahiyyət var idi ki, istədiyi adamı istər kabinetində, istər küçədə güllələyə bilirdi. Kim güllələdi Gəncədə azərbaycanlıları? Polkovnik Tuxarelin—milliyyətcə gürcüdür. Kim güllələdi Bakıda əskər və zabitləri, ziyalıları? Hacı İlyas soyadlı bir nəfər. Hacı İlyas odessa yəhudisidir, yarısı da ermənidir. Bu şəxs gəlib Qızıl Ordu ilə Dərbənddə dayananda, Hacı İlyas adlı bir adamla dostluq əlaqəsinə girir, onu öldürür, sənədlərini mənimsəyir, gəlir Bakıya. Sonra məlum oldu ki, bu bolşevik həm də ağqvardiyaçı olub. O qədər adam güllələdi ki, 1921-ci ildə onu həbs etdilər. Məhkəmədə nə desə yaxşıdır? Heyf ki, müsəlman qanını az axıtdım...Əvvəlcə bu söhbət Nərimanova gedib çıxır. Nərimanov deyir dəqiqləşdirin, görün məsələ nə yerdədir, sonra tutarsınız. Dəqiqləşdirirlər, Pankrayovu da işə qatırlar. Əslində, o Pankratovun adamı idi. Leninin xüsusi mandatı ilə gəlmişdi. Məlum olur ki, bu cinayətkar və qansorandır... Və onda güllələyirlər onu!

S.İ.: Şəmistan bəy, kitab kifayət qədər böyük kitabdır. Daha nələr var burda?

Ş.N.: Məsələn, orada Mirzə Hüseyn Əfəndi Qayıbzadənin fəaliyyəti ilə bağlı yazı var. 1937-də güllələnən komissarlar var. General Qambay Məmməd oğlu Vəzirov orda geniş işıqlandırılıb. General Cəmşid xan Cəfərqulu xan oğlu barədə yazı var--Moskvada Frunze Akademiyasında dərs deyirdi--onu da gülllələdilər. Ən acınacaqlısı, 30-cu illərdə bizim çox görkəmli sərkərdələrimiz yetişmişdilər. Onlar Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinskinin şinelindən çıxmışdılar. Adlarını indicə dediklərimdir, Komissar Şəmistan Əyyubovdur—Dağ Kəsəmənli, Qalib bəy Vəkilovdur, Murtuz Talıbbzadədir. Bunların ən çoxu 35-37 yaşı var idi. Hamısını güllələdilər! Hamısını...Mən bu kitabı ona görə yazdım ki, gələcək nəsil hardasa bunların adına bir sənəddə rast gələ bilər. Soruşa bilər ki, bunlar kim olub, fəaliyyətini niyə yazmayıblar? Ona görə yazdım ki, gələcək nəsil bizi töhmətləndirməsin. Sabah vəziyyət başqa cür ola bilər. Amma Yazılan qalacaq. Əbdülhəmid Qaytabaşı 31 yaşında general olubsa, bunu Azərbaycan tarixçisi yazmırsa, daha mənim ona nə sözüm ola bilər? Yaxud İbrahim ağa Usubov, indiyə kimi onun fəaliyyəti yazılmayıb...Sovet dövründə biz cəmi iki general tanımışıq—Səməd bəy və Əlağa Şıxlinski. Amma indi aşılan arxivlərdən mən 69 nəfər tapıb çıxarmışam. Özü də, ancaq Sovet çevrilişinə qədər 69 nəfərdir. Sovet dövrünü ora qatmıram. Bilirsiniz bu nə deməkdir? Bİr millətin 67 generalını “Tamamilə məxfidir” qovluğunda saxlayıb deyəsən ki, sənin heç vaxt generalın, sərkərdən olmayıb... Yandığımdan yazdım bu kitabı! Mən burdan heç bir gəlir güdməmişəm. Borcum bilib yazdım.
XS
SM
MD
LG