Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:31

Elçin Hüseynbəyli "Günahın gül üzü" (HEKAYƏ)


Metronun yanındakı parkda cavan qadın meyidi tapılmışdı. Məlumatı parkda gəzişən qoca ər-arvad gecəyə yaxın polisə telefonla çatdırmışdı.

Əməliyyatçılar hadisə yerinə gələndə meyidin yanında heç kim yoxuydu.

Qoca və qarı dilə-dişə düşmək istəmədiklərinə görə öz evlərinə çəkilib, gördükləri mənzərəni müzakirə edirdilər.

Onların polisə zəngi isə yaddan çıxmağa başlayan humanistlik əlamətiydi. İndi hamı bir-birindən hürkürdü.

Qoca və qarı eyni fikirdəydilər ki, qadını manyak zorladıqdan sonra boğub öldürüb.

Heç biri «zorlamaq» sözünü dilinə gətirməsə də, bunu eyhamla bir-birilərinə çatdırırdılar.

Qarı deyirdi ki, inişil yazıq Məmmədhəsənin də qızını bu hala salmışdılar. «Kişi düz bir il utandığından çölə çıxmadı, axırda bağrı çatlayıb öldü».

Qoca da onun sözünə dayaq dururdu: «Bu binamusluğa hansı ata dözərdi ki…Özü də düşmənini tanımayasan…»

Göydəki Ay meyidin üzərində donmuşdu, şəfəqləri yarpaqlarını gün vurmuş ağacların arasından süzülürdü və bir neçə saat bundan əvvəl həyata əlvida demiş qızın bədənində qeyri-mütənasib zolaqlar yaratmışdı.

Meyidin üzərində zor əlamətləri yoxuydu.

Yubkası yuxarı dartılmışdı, qırmızı dikdaban ayaqqabılarının hərəsi bir tərəfə düşmüşdü, başının altına zoğalı rəngli əl çantası qoyulmuşdu. Sarışın saçları, ehtiraslı dodaqları, iri döşləri, ağappaq baldırları vardı, üzündə uşaq təbəssümü donmuşdu.

Bunu hadisə yerini müayinə edən cavan müstəntiq hamıdan əvvəl duydu və ürəyində bu nakam xanıma qarşı qəribə hisslər baş qaldırdı.

Bu elə hisslər idi ki, həmin məqam onu dilə gətirmək çətiniydi.

O, yalnız bir dəstə güllə bu gözəl xanımın görüşünə tələsdiyini təsəvvürünə gətirə bildi.

Ekspertiza əməliyyatçıların ilkin rəyini təsdiq elədi, amma ciddi bir fərqlə: ölməzdən, yaxud öldürülməzdən əvvəl o, kiminləsə cinsi əlaqədə olmuşdu.

Cavan xanımın üstündən və çantasından şəxsiyyəti sübut edəcək heç bir sənəd tapılmadı.

Səhərisi günü televizorla naməlum qadın meyidinin tapılması barədə məlumat verilsə də, ona sahib çıxan olmadı və meyid bir neçə gün ölüxanada saxlandıqdan sonra, belə demək mümkünsə, nakamlar və sahibsizlər qəbiristanlığında basdırıldı.

Qızın tərtəmiz sifəti, ağappaq baldırları, mütənasib əndamı cavan müstəntiqin gözləri önündən getmirdi, ona görə də işi bağlamağa tələsmədi və axtarışa başladı. Nakam xanımın taleyi onu rahat buraxmırdı, ona elə gəlirdi ki, burda bir sirr var.

Metro həndəvərində uzun axtarış bir nəticə vermədi, yalnız həyətdəki skamyada oturmuş qara çarşablı tənha qarı hadisə yerindən çəkilmiş şəklə baxıb dedi ki, ona oxşar bir qadını iki gün əvvəl burdan keçəndə görüb, yanında ortaboylu, yaraşıqlı bir kişi də varmış.

Qızdan qəribə ətir iyi gəldiyinə görə, qarı onun hardasa ətir dükanlarından birində işlədiyini zənn eləmişdi.

Qarı ətir iyini ona görə tez almışdı ki, son zamanlar həkim ona tez-tez dərman yazırdı.

- Dərman iyindən zəhləm gedir, - qarı gözlərini qıyıb, altdan yuxarı müstəntiqə baxıb belə demişdi və əlavə eləmişdi ki, yaxındakı ətir dükanlarına dəysin, bəlkə ordan nəsə öyrənə bildi.

Müstəntiq ətir dükanlarına yox, yaxınlıqdakı metroya endi, keçiddəki satıcılara bir-bir yanaşıb, qızın şəklini göstərdi, onu tanıyıb-tanımadıqlarını soruşdu.

Hamı çiynini çəkdi. Yalnız cavan bir oğlan qızın iki gün əvvəl burdan keçdiyini və ondan əl dəsmalı aldığını demişdi. Yanında bir kişi də varmış, amma o, heç nəyə qarışmamışdı.

- Qız çox gözəl idi, mənə elə gəldi ki, yanındakı kişi onun əri deyil. Çünki onların arasında heç bir münasibət yox idi, daha doğrusu qadın kişiyə yox, kişi qadına tabe idi, hövsələ ilə dayanıb, qadının dəsmal seçməsini gözləyirdi.

Cavan oğlan ora yaxınlaşan alıcını yola saldıqdan sonra, söhbətinə davam elədi.

- Deyəsən, bura adamlarına oxşamırdı. Çünki o burdan ilk dəfəydi keçirdi. Gözəlliyinə söz ola bilməzdi.

Qız xeyli dəsmal seçdikdən sonra göy xallı dəsmallardan birini götürdü, bir müddət o tərəf-bu tərəfə çevirdi, iylədi, sonra pulunu verdi.

Vasvası adama oxşayırdı, uzun yubkası vardı. Namuslu, amma kaprizli qadına bənzəyirdi. Bu cür qadınları saxlamaq çətindi.

Oğlan müdrikcəsinə sözünü qurtardı, sonra əlavə elədi ki, qadın yaxınlıqdakı piştaxtaya yaxınlaşıb, ordan da nəsə soruşub, sonra yoluna davam edib.

Müstəntiq oğlan deyən piştaxtaya yaxınlaşdı. Piştaxtanın arxasında göygöz, kök bir satıcı qadın dayanmışdı.

Qadın şəklə baxıb, təsdiq elədi ki, o, mərhumu doğurdan da görüb, görüb nədi, hətta yaxşı-yaxşı yadında saxlayıb, çünki həmin qadın piştaxtada olan malların az qala hamısının qiymətilə maraqlanıb, xeyli çənə döyüb, satıcının zəhləsini töküb, axırda isə heç nə almayıb.

Özünü elə aparırmış ki, kişilər hamısı, elə bayaq danışdığı satıcı oğlan da qızın dalınca xeyli baxıb, köks ötürüblər. Bu sözlərin dalınca o, satıcı oğlana alley verib dedi ki, «kişilərin hamısı bir bezin qırağıdır!»

Satıcı oğlan qadının bu hikkəsinə gülümsəməklə cavab verdi. Qadın davam elədi:

- Belələrindən çox görmüşük, çərhəyanın biriydi, allah bilir kimin güdazına gəlib. Yanındakı kişiyə elə sarmaşmışdı ki, az qalırdı küçənin ortasındaca kişini soyundursun!

Amma kişi abırlı-həyalı adama oxşayırdı, çərhəyanın hərəkətlərindən turp kimi qızarmışdı.

Müstəntiq söhbətin bu cür qəzəbli tonunu görüb, qadından düz-əməlli nəsə öyrənəcəyinə inanmadı, ona görə də yoluna davam elədi.
Metronun çıxacağında oturmuş şikəst dilənçi şəklə bir müddət baxandan sonra qızı tanıdığını dedi.

- Gödək yubka geyinmişdi, yaraşıqlı, sığallı, ağappaq ayaqları vardı. Ondan gözəl qoxu gəlirdi və səxavətli adama oxşayırdı, mənə bir manat verdi.

Müstəntiqin soruşduğu adamların heç biri qızın harda yaşadığını bilmirdilər, qız barədə dedikləri isə çox ziddiyyətliydi.

Müstəntiq fikirli-fikirli keçiddən çıxdı.

Bu zaman onun qarşısından bəstəboy, yaraşıqlı bir kişi keçdi. Ondan qəribə ətir iyi gəlirdi. Müstəntiqə elə gəldi ki, bu adam nəsə bilir, istədi onu saxlayıb nəsə soruşsun, amma fikrindən vaz keçdi.

Əslində müstəntiqin zənni onu aldatmamışdı və həmin kişi doğrudan da o qızı tanıyırdı. Hadisə isə belə olmuşdu:

Naməlum kişini «N», mərhumu isə «A» hərfiylə işarələyək.

Cənab N əlli yaşın astanasındaydı, yaraşıqlıydı, sanki kinolardan düşüb gəlmişdi. O, evliydi, üç uşağı vardı, dindar ailədə böyüdüyünə görə, bir dəfə də olsun özgə qadınla yaxın təmasda olmamışdı.
Gözəl qadınlara tamahı düşmüşdü, ancaq nəfsini saxlamışdı. Uşaqlıqdan onu belə öyrətmişdilər.

Daha doğrusu uşaqlıq xətası ona baha başa gəlmişdi. Sən demə, nikahsız kiminsə qızına, yaxud arvadına pis gözlə baxmaq günahdır.

O, sinif yoldaşlarından birinə həyasız təklif eləmişdi.

Bunun üstündə atası onu döymüşdü, üstəlik də gecəni soyuq çöldə keçirməli olmuşdu.

İki gündən sonra isə anası durduğu yerdə yıxılmış, ombasını sındırmışdı.

Hamı bu cəzanı onun ayağına yazmış və bu tərbiyə onun qanına və yaddaşına hopmuşdu.

Bu dəfə hər şey onun iradəsinin əksinə oldu, Adəm babasının ruhu hardansa onun içinə qondu və qarşısında Həvvanı gördü.

Həvva, yəni A işarəli xanım elektriçkada şahanə oturmuşdu, döşlərini qabartmışdı, dodaqları azca aralanmışdı, kitab oxuyurdu, hərdən başını qaldırıb, gözlərilə ətrafı seyr edirdi, sanki kimisə axtarırdı və birdən gəlib onu tapdı.

A-nın gözləri onun sifətində lövbər saldı, nəsə demək istədi, sözləri dodaqlarında donub qaldı, sonra kitabı bağladı. Kitabın üstündə erotik səhnə təsvir olunmuşdu.

N qızın baxışları altında yalnız bir kəlmə deyə bildi, daha doğrusu kimsə bu sözü onun əvəzindən pıçıldadı: «Cənnət mələyi».

A onun bu sözünə gülümsündü, bir qədər yana çəkilib, onunçün yer boşaltdı. O isə qeyri-ixtiyari oturdu.

A kitabı açıb, oxumağını davam etdirdi, hərdən gözlərinin quyruğu ilə oğrun - oğrun N-ə baxdı.

A-nın hərəkətlərindən narahatlıq yağırdı, sanki kimisə gözləyirdi.

Növbəti dayanacaqların birində A ayağa qalxdı, qalxarkən əlini N-nin dizinə dayayıb durdu, sinəsi qeyri-ixtiyarı N-nin üzünə dəydi, A-dan qəribə qoxu gəlirdi, alma iyinə bənzər bir şey idi və N-i özünə tərəf dartırdı.

Qız gülümsündü, N özündən asılı olmayaraq ayağa durdu, qızın əlindən tutub qaldırdı, onu qapıya tərəf ötürdü, qapı bağlanmaq istəyəndə özü də çölə çıxdı və qızın dalına düşdü.

O, niyə belə elədiyini düşünmək istəsə də, fikirləri dolaşdı, beyni dumanlandı, axırda yoruldu və özünü taleyin ixtiyarına buraxdı.

A yeraltı keçiddən özünə burun dəsmalı aldı, sonra qıraqda gözləyən N-nin qoluna girdi.

Bu, N-ə təəccüblü gəldi, hətta yuxu gördüyünü də zənn elədi, əlini cibinə saldı, dəmir pullar soyuq və kitrikliydi, deməli, hər şey gerçəkdəydi.

Yolboyu onlar heç nə danışmadılar. A əvvəlcə onun qolundan yavaş, sonra isə möhkəm yapışmağa başladı, axırda isə N-ə bərk-bərk sığındı.

N narahat idi, onları görə bilərdilər. A onu parka tərəf dartanda sevindi. Onlar şər gözlərdən gizlənmişdilər.

Parkın ortasına çatanda A dayandı, təzəcə aldığı əl dəsmalı ilə N-nin tərləmiş bığ yerini sildi, kişiyə məftunluqla xeyli baxdı, köks ötürdü, sonra:

-Məni bərk-bərk qucaqla –dedi.

N uzun tərəddüdlərdən sonra onu qucaqladı. A kişiyə elə sığınmışdı ki, sanki sevdiyi bir adamı ömürlük həbsxanaya aparırdılar.

Bir müddət belə qaldıqdan sonra A kişinin sinəsini iylədi, pəmbə dodaqları ilə N-nin köynəyinin yaxasını və çölə çıxmış cod tüklərini öpdu. N-nin bədəninə çoxdandan bəri duymadığı rahatlıq və sözlə deyiləsi mümkün olmayan bir xoşbəxtlik çökdü.

A:

-İndi məni öp!-deyə pıçıldadı.

N qızın əvvəlcə gözünün üstündəki xalından, sonra isə dodaqlarından öpdü. Qız sanki bunu gözləyirmiş, əvvəlcə N-nin öpüşlərinə sakitcə, sonra isə ehtirasla cavab verdi, inildədi, hansısa ilahi bir işarəni gözləyirmiş kimi ona sarıldı. Sonra əlini kişinin köynəyinin altından içəri saldı.

Qız titrəyirdi, nəsə pıçıldayırdı, onun səsini eşidə bilərdilər.

-Elə burda?-N çaşqınlıqla soruşdu.

-Burda!-A inildədi.

N qızı qucağına aldı…

A kişini əzaları qarışıq udmaq istəyirdi. Dırnaqları ilə N-nin köynəyini cırmağa, kürəyini didməyə çalışırdı…

Hər şey qurtaranda N onu astaca yerə buraxdı, A yerə sərildi.
N onun başının üstünə çökdü. A-nın dodaqları azca aralanmışdı, gülümsəyirdi.

N birdən hiss elədi ki, A tərpənmir. A-nın nəfəsi gəlmirdi, o ölmüşdü.

N biabır olmaqdan qorxdu. İçindən gizilti keçdi. A-nın pantalonunu geyindirdi, yubkasını aşağı dartdı, çantasını başının altına qoyub, oradan uzaqlaşdı.

N günah içindəydi. O, nə edəcəyini bilmirdi. N metroya düşdü, bayaqkı mənzərəni təsəvvür etməyə çalışdı, hər şey ona yuxu kimi göründü.

O, geri qayıtmaq, hər şeyin bir ilğım olmasına özünü inandırmaq istədi, amma qorxdu. Fikirləri o qədər uzun çəkdi ki, düşəcəyi dayanacağı buraxdı, qatar sonsuz qaranlığa soxuldu.

O, həmin qaranlıqdan geri dönmək istəmirdi. Günahın etirafı - biabırçılıq, susmaq isə cəhənnəm əzabıydı…

Müstəntiq idarəyə qayıdanda, kriminalist yoldaşı onun qabağına gəldi, əlindəki kağızı göstərib dedi:

-Axtarmağa dəyməz. Onun ürəyi xəstəymiş. Elə ona görə də bir il qabaq ərindən boşanıbmış.

Müstəntiq kağızlara baxdı.

Xəstəlik haqda epikrizdə yazılmışdı ki, A intim münasibətlər zamanı iki dəfə infarkt keçirdiyindən, ona daha heç zaman kişi ilə cinsi əlaqəyə girmək olmaz.

Məhkəmə qərarında isə göstərilirdi ki, əri arvadının sağlamlığı naminə onunla intim əlaqədə olmaqdan boyun qaçırıb və arvadın təkidli şikayətləri əsasında onların nikahı pozulmuş hesab olunub.

Müstəntiq işi bağlamaq qərarına gəldi, amma nədənsə geri qayıtdı, metronun keçidindən bir dəstə cansız çiçək aldı.

O, bu çiçəklərdən həmişə anasının qəbri üstünə aparardı, amma indi anasının məzarı uzaqlardaydı.

O, A-nın meyidinin tapıldığı yerə gəldi. Hadisə yerinə çatanda gözlərinə inanmadı, bayaq qarşısından keçən kişini gördü.

N gözlərini bir nöqtəyə zilləyib baxırdı, addım səslərini eşidən kimi yerindən sıçradı. Müstəntiq gülləri N-nin ayaqları altına atdı.

N zəif və hüznlü səslə:

-Mənim günahım yox idi, amma özümü günahkar sayıram,- dedi və başına gələnləri qarşısındakı yad adama danışdı. Ona elə gəlmişdi ki, müstəntiq A-nın əzizlərindən biridir.

Müstəntiq onu ayaqüstə axıradək dinlədi, amma heç nə demədi və dönüb getdi.

Ona elə gəldi ki, kimsə A-nın son nəfəsinin kəsildiyi yerdə hıçqırır…

Avqustun əvvəli, 2007
XS
SM
MD
LG