Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 00:39

Hamının güllənmiş saydığı özünü ölülüyə vurubmuş?


Neda Ağa Soltannın ölümü, 20 iyun 2009
Neda Ağa Soltannın ölümü, 20 iyun 2009
İrandakı 12 iyun seçkilərindən sonra başlanan etirazlar vaxtı öldürülən 27 yaşlı gənc qız Neda Ağa Soltan ölümünü imitasiya eləyib - özünü ölülüyə vurubmuş. İran TV-sinin yeni sənədli filmdəki iddiasına görə, Nedanın yanında olan iki kişi də qızla əlbir olub, xarici casuslara işləyiblərmiş

İrandakı 12 iyun seçkilərindən sonra başlanan etirazlar vaxtı öldürülən 27 yaşlı gənc qız Neda Ağa Soltan ölümünü imitasiya edib. Mobil telefonla çəkilən və bütün dünyada yayımlanan bu videogörüntülərdə Neda Ağa Soltan özünü ölülüyə vurubmuş. Videogörüntülərdə Nedanın yanında olan iki kişi də qızla əlbir olub, xarici casuslara işləyiblərmiş.

NEDANIN ƏLİNDƏ QAN ŞÜŞƏSİ VARMIŞ

Bütün bu iddialar İran Dövlət Televiziyasının çəkdiyi yeni sənədli filmdə irəli sürülüb. Hələ ki bu filmin nümayiş etdirilib-etdirilmədiyi bəlli deyil. Sadəcə, bu filmin bəzi hissələri internetdə yerləşdirilib. İranın ingilis dilli dövlət kanalı PressTV bu sənədli film haqda məlumat yayıb.



Dövlət televiziyası iddia edir ki, Neda Ağa Soltanın yerə yıxıldığı zaman əlində qan şüşəsi varmış. Və özü-öz üzünə həmin şüşədəki qanı dağıdıb. Nedanın yanındakı adamlar da bundan sonra onun şəkillərini çəkiblər.

Filmdə iddia olunur ki, videogörüntülərdə Nedanı xilas eləməyə çalışan iki kişidən biri - yazıçı Araş Hecazi və Nedanın musiqi müəllimi qızı xəstəxanaya çatdırmaq üçün qoyduqları maşında öldürüblər. İstintaq bu zaman xaricdən gətirilən tapançadan istifadə olunduğunu iddia edir. Bu ittihama görə, Nedanın cəsədinin ekpertizası zamanı da qızın arxadan, İrandan tapılmayan güllə ilə yaxın məsafədən vurulduğu müəyyənləşdirilib. Sənədli filmdə deyilir ki, əvvəlcə özünü plana əsasən ölülüyə vuran Neda maşında qurban olduğunu anlayıb, qaçmağa çalışıb, amma arxadan vurulub.

«GÜNAHI BAŞQASININ BOYNUNA YIXMAQ»

Neda öldürüləndən sonra o bir anda İrandakı etirazların simvoluna çevrilib
Nedanın öldürülməsindən sonra verdiyi açıqlamalarla ölkə rəsmilərinin hiddətini qazanan və ölkədən qaçdığı üçün beynəlxalq axtarışa verilən Araş Hecazi bu filmdə irəli sürülən iddiaları rejimin «günahı başqasının boynuna yıxmaq» istəyi kimi qiymətləndirib:

- Gənc, günahsız qadın etiraz edərkən öldürülüb. Onun öldürülməsindən bu yana İran hakimiyyəti məsuliyyətini qəbul edib, səhvini etiraf etməkdənsə, yaxasını qırağa çəkmək və günahı başqalarının boynuna yıxmaq üçün hər şey edir.

Hecazi deyir ki, həmin an qəzəblənmiş camaat Nedaya atəş açan Bəsic yaraqlısını elə ordaca tutublar. Və həmin yaralı qışqıra-qışqıra qızı öldürmək istəmədiyini, təsadüfən güllənin ona dəydiyini deyib, camaat isə onun şəkillərin çəkib, döyüb, buraxıblar. Ancaq cibindən götürdükləri kimlik vəsiqəsini də saxlayıblar.

Neda öldürüləndən sonra o bir anda İrandakı etirazların simvoluna çevrilmişdi. Və elə ilk gündən İran hakimiyyəti onu gah Amerika, gah ingilis casusu, gah təxribatçılıqda ittiham eləmişdi. Neda vurulanda yanında olan Hecazi deyir ki, məhz Qərb mediası tərəfindən çəkilib, göstərildiyi üçün hökumət bu qətli var gücüylə təkzib eləməyə, özünü təmizə çıxarmağa çalışır.
XS
SM
MD
LG