Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 08:50

Neft Akademiyasındakı faciənin istintaqı uzanır


Keçən il aprelin 30-da Fərda Qədirov Neft Akademiyasında 12 nəfəri qətlə yetirib 13 nəfəri yaralayandan sonra özünü öldürüb
Keçən il aprelin 30-da Fərda Qədirov Neft Akademiyasında 12 nəfəri qətlə yetirib 13 nəfəri yaralayandan sonra özünü öldürüb
Ötən il aprelin 30-da Neft Akademiyasında 13 nəfərin ölümü ilə nəticələnmiş qanlı hadisəylə bağlı başlanmış cinayət işinin istintaqı növbəti dəfə uzadılıb. Qanunda istintaq müddətinin bir neçə dəfə uzadılması yolveriləndir. Ancaq ekspertlər deyirlər ki, adətən Azərbaycanda o tip işlərin istintaqı uzadılır ki, ya iş peşəkarlıqla araşdırılmır, ya da istintaq işin tez açılmasında maraqlı olmur.

«ƏGƏR SƏRİŞTƏ VƏ PEŞƏKARLIQ VAR İDİSƏ…»


Müstəqil hüquqşünas Bəhruz Kərimli deyir ki, Neft Akademiyasında baş vermiş hadisənin üstündən 8 aydan çox vaxt keçir ki, bu müddət istintaqı yekunlaşdırmağa kifayət edərdi. Həm də bu elə bir hadisədir ki, onun haqqında ictimaiyyətə tez-tez və dolğun məlumat verilməlidir:

«Kifayət qədər vaxt olub. Əgər səriştə və peşəkarlıq var idisə, gərək indiyə qədər iş açılıb ortaya qoyulaydı. Ola bilsin ki, istintaq elə uzanıb gedəcək. Əgər cinayət açılıbsa, işi yekunlaşdırmaq lazımdır».

Bəhruz Kərimli deyir ki, bu işdə xüsusilə cinayəti törətmiş şəxsin - Fərda Qədirovun tək qatil olması, ya da cinayətin hansısa qüvvələr tərəfindən yaxşı planlaşdırılmış aksiya olması hələ də aydınlaşdırılmadığından çoxlu suallar yaranır.
Bəhruz Kərimli
Hüquqşünas deyir ki, həbs olunmuş 4 nəfərin işindəki yeniliklərlə bağlı ətraflı məlumat verilməməsi də sualları artırır.

«İSTİNTAQ YEKUNLAŞMAQ ÜZRƏDİR»


Respublika Prokurorluğu mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə deyir ki, istintaqın müddəti qanunvericiliyin tələblərinə görə uzadılıb. O həm də istintaqın yekunlaşmaq üzrə olduğunu da deyir:

«İstintaq müddəti uzadılıb və istintaq yekunlaşmaq üzrədir. Yaxın vaxtlarda ictimaiyyətə bu barədə məlumat verəcəyik. Bu kifayət qədər dolğun, obyektiv məlumatdır, bununla da kifayətlənmək olar».

Eldar Sultanov işlə bağlı həbs olunan 4 nəfər haqqında isə dedi ki, onlar həbsdədirlər və işləri məhkəməyə veriləcək:

«İstintaqla bağlı yekun məlumatda hər şey ətraflı əks olunacaq».

«İSTİNTAQ ADƏTƏN ƏLAVƏ ARAŞDIRILMA TƏLƏB OLUNAN İŞLƏRDƏ UZADILIR»

Elmi-Praktik Hüquq Mərkəzinin eksperti Mahmud Hacıyev isə deyir ki, istintaq adətən əlavə araşdırılma tələb olunan işlərdə uzadılır. Neft Akademiyasında baş verən hadisə də bu tip cinayətlərdəndir:

«İstintaqla bağlı yekun məlumatda hər şey ətraflı əks olunacaq»
«Araşdırmalı faktlar ortaya çıxırsa, məsələn, kimsə şübhəli şəxs qismində ortaya çıxır, ya da kiminsə həbsi vacib bilinirsə, əsaslandırılır və baş prokurorun təqdimatı ilə istintaq uzadılır».

Mahmud Hacıyevin fikrincə, bu cür işlərə adətən səriştəli müstəntiqlər cəlb olunur. O ki, qaldı məlumat qıtlığına, onun fikrincə, bu, işdə güc nazirliklərinin birgə işləməsiylə bağlı ola bilər.

Keçən il aprelin 30-da səhər saatlarında Neft Akademiyasının ikinci korpusuna girən Gürcüstan vətəndaşı Fərda Qədirov 12 nəfəri qətlə yetirib 13 nəfəri yaralayandan sonra özünü öldürmüşdü. Bundan sonra Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə), 29, 120.2.7 (adam öldürməyə cəhd) və 228.1 (qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə) maddələri ilə cinayət işi açılmışdı. 4 nəfər həbs olunmuşdu. Onlardan heç birinin cinayət hadisəsində iştirak etməsi haqda məlumat verilməmişdi. Ancaq istintaq hesab edir ki, onlar Fərda Qədirovun niyyətindən xəbərdar olublar.
XS
SM
MD
LG