Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:32

«Bənənyarda bütün Azərbaycanın gözü qorxudulur»


Səadət Bənənyarlı və Fuad Qəhrəmanlı
Səadət Bənənyarlı və Fuad Qəhrəmanlı
Bu fikri «Panorama» verilişində AXCP sədrinin müavini Fuad Qəhrəmanlı deyib. O düşünür ki, Naxçıvan MR rəhbərliyi Azərbaycan hakimiyyəti ilə razılaşdırmadan Bənənyarda fiziki gücdən istifadə edə bilməzdi:

«Bəziləri deyir ki, artıq Naxçıvan rəhbərliyi Azərbaycan hakimiyyəti ilə hesablaşmır. Əksinə, məhz Naxçıvanda Azərbaycan hakimiyyətinin siyasəti bütün çılpaqlığı ilə işləyir. Məqsəd parlament seçkiləri ərəfəsində bir daha Azərbaycan xalqının gözünü qorxutmaqdır».

Fuad Qəhrəmanlı deyir ki, Azərbaycanda siyasi qüvvələr zəif olsa da, əhali arasında narazılıq böyükdür. Bunun hakimiyyətdə fərqindədir:

«Bu narazılıq istənilən vaxt üzə çıxa bilər. Hakimiyyət 2010 parlament seçkilərini də saxtalaşdırmaq niyyətindədir. Saxtakarlıqlara ciddi etiraz olmasın və bu narazılıqlar mütəşəkkil xarakter almasın deyə, bir daha xalqın gözünü sındırırlar. Əslində, məsuliyyəti Xalq Cəbhəsinin üzərinə atmaqla da Bənənyarda xalqa qarşı güc tətbiq edilməsinə haqq qazandırmaq istəyirlər».

Hüquq müdafiəçisi Səadət Bənənyarlı isə düşünür ki, Bənənyar hadisələri ilə bağlı çoxlu cavabsız suallar var. Onlar yanvarın 9-da Daxili İşlər naziri Ramil Usubovla görüşdə bütün bu suallara cavab axtarmağa çalışıblar. Ancaq nazir Naxçıvanın Azərbaycandakı Daimi Nümayəndəliyinin mövqeyini müdafiə edib.

Nümayəndəliyin yanvarın 8-də yaydığı məlumatda deyilirdi ki, həmin hadisələr zamanı özünü yandıran Yunis Əliyev və onun bir çox yaxın qohumları ruhi xəstədir. Yunis Əliyev sərxoş vəziyyətinə gətirilərək, silahlı qruplaşmanın üzvü, AXCP Culfa təşkilatının sədri Rıza Nuriyevin təhriki ilə qeyri-qanuni əməllərə sövq edilib.

Səadət Bənənyarlı isə Yunis Əliyevin ailə üzvlərinə istinadən deyir ki, onda heç bir xəstəlik əlaməti olmayıb:

«Hər halda biz bu məsələnin obyektiv araşdırılmasının və təqsirkarların cəzalandırılmasının tərəfdarıyıq. Nazirlə belə razılıq əldə etdik ki, hüquq müdafiəçilərinin bir qrupu yaxın günlərdə Naxçıvana gedib baş verənlərlə elə yerindəcə tanış olsun».
XS
SM
MD
LG