Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 00:37

«Vassalımın vassalı mənim vassalım deyil»


Zərdüşt Əlizadə və Aynur Camalqızı
Zərdüşt Əlizadə və Aynur Camalqızı
«Panorama» verilişində orta əsrlərə xas bu deyimi politoloq Zərdüşt Əlizadə yada salıb:

«Orta əsirlərdə krallar hansısa bir vilayəti bir vassalına verirdi. Sonra da həmin vilayətdəki insanların taleyi o vassaldan asılı olardı. Vassal həmin vilayətdəki insanlarla özü istədiyi kimi davranardı. Azərbaycan da indi orta əsr qaydaları ilə idarə edilir. Naxçıvan Vasif Talıbova verilib və İlham Əliyev naxçıvanlılara öz vətəndaşı kimi baxmır. Naxçıvanlılar özlərini yandırmağa məcbur edilsə də, bu, onu maraqlandırmayacaq. Azərbaycan prezidenti Vasif Talıbovdan yalnız mərkəzi hakimiyyətin siyasətini müdafiə etməyi, müxalifətin güclənməsinə imkan verməməyi tələb edir».

Zərdüşt Əlizadənin fikrincə, prezidentin Vasif Talıbovu «Şöhrət » ordeni ilə təltif etməyi də təəccüblü deyil:

«Əslində, Vasif Talıbova «İstiqlal» ordeni verilməliydi. Naxçıvanı Azərbaycanın suverenliyindən, ölkə konstitusiyasından qoruduğuna görə. 2005-ci ildə prezident açıqca bildirdi ki, beynəlxalq təşkilatlar ondan sərt davranışlarına görə polisləri cəzalandırmağı tələb edirlər. Ancaq şəxsən özü buna imkan vermir. Bu da orta əsrlərdə kilsənin davranışını yada salır. Kilsə bəzi zadəganlara sənəd verirdi ki, onların günahlarını bağışlayır».

Zərdüşt Əlizadə deyir ki, Bənənyarda baş verən hadisələr və xarici diplomatların o kəndən qovulması Azərbaycanın beynəlxalq imicinə ziyan gətirəcək.

Millət vəkili Aynur Camalqızı isə düşünür ki, əhalinin Qərb diplomatlarına qarşı aqressiv münasibəti başa düşüləndir:

«Qərb, o cümlədən ABŞ diplomatlarının Qarabağ münaqişəsində ədalətsiz mövqe tutmaları əhalinin gözündə onların nüfuzunu aşağı salıb. Məncə, Bənənyar hadisələri lazım olduğundan artıq şişirdilir. O ki, qaldı prezidentin Vasif Talıbova «Şöhrət» ordeni verməsinə, bunu Bənənyar hadisələri ilə bağlamağa ehtiyac yoxdur. Yəni, Vasif Talıbovun idarəçiliyi müddətində heç təqdirə layiq xidmətləri olmayıb?».

Aynur Camalqızı deyir ki, Bənənyar hadisələrinin gərginləşməsində xarici ölkələrin müstəsna xidmətləri olub:

«Mən bunu əminliklə söyləyirəm. Bu məsələdə İranın xüsusi xidmətləri olub. Ola bilsin ki, bizim başqa bilmədiyimiz nələrsə var. Ona görə də mən hüquq-mühafizə orqanlarının bu hadisələri obyektiv araşdıracaqlarına inanıram»...
XS
SM
MD
LG