Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:34

Əlacsız Haiti


50 mindən çox insan ölüb, 300 mindən çoxu isə evsiz-eşiksiz, ac və tibbi yardımsız qalıb
50 mindən çox insan ölüb, 300 mindən çoxu isə evsiz-eşiksiz, ac və tibbi yardımsız qalıb
«Onlar artıq günəşin şüaları altında şişib və iyləniblər, çoxunun bir-birinə sarılmış cəsədləri tükürpərdicidir. Mən bütün bunlara dəhşət içində baxırdım, şəhərin mərkəzi ölüxanasına atılmış mindən çox cəsədin arasında nəfəs almağa cəsarət etmirdim».

Bu, Böyük Britaniyanın «Timesonline» portalının Haitidə olmuş əməkdaşının yazdıqlarıdır. Yanvarın 12-də Haitidə zəlzələ olub. 50 mindən çox insan ölüb, 300 mindən çoxu isə evsiz-eşiksiz, ac və tibbi yardımsız qalıb.

«Bir neçə metr aralıda çirkli həsirlərin və qanlı mələfələrin üzərində uzanmış yüzlərlə ölgün insan, uşaq gözə dəyir. Hərəsinin bir yeri sınıb. Zəlzələdən ötən dörd gündə onlara heç bir tibbi yardım göstərilməyib.

Port-o-Prensin mərkəzi küçələrində insanlar yalın əllərlə xarabalıqlarda sevdiklərinin, yaxınlarının cəsədlərini axtarırlar. Ətrafda kömək üçün yük və təcili tibbi yardım maşınları gözə dəymir.

Humanitar yardım işçiləri ümidsiz və ehtiyac içində olanlara ərzaq, su və dərman çatdırmağa çalışırlar.

Ötən gecə şəhərdəki əksər mağazalar qarət olunub. BMT-nin Dünya Ərzaq Proqramından deyilənə görə, onların da mal anbarları soyulub.

«Biz gözləyirik, amma hələ də ortalıqda heç nə yoxdur» – xarabalıqlar arasından Jan Klod Hillari adlı biri üzünü mənə tutub qışqırır:

«Bunların altında hələ də adamlar var. Üç gün kömək üçün qışqırdılar. Heç kim gəlmədi. İndi qışqırmırlar. Ölüblər. Hanı su? Hanı ərzaq?»

O, mənə kömək üçün yalvarırdı. «Bu, mənim telefon nömrəmdir», - deyə onu mənə uzatdı. «Xahiş eləyirəm, kiməsə zəng et, bir şey et».

Darmadağın olmuş Prezident Sarayının arxasındakı xəstəxananın yaxınlığında Mari Lurd Ulisse yeddiyaşlı oğlunun keşiyini çəkir. Başından və ayağından ağır yaralanmış azyaşlı palçıqlı ayaqaltının üzərində uzanıb.

Ulisse zəlzələ zamanı əri və iki uşağını itirib. Evi yerlə-yeksan olub: «Heç kim kömək eləmir. Nə dərman var, nə də ərzaq. Nə baş verir?»

Port-o-Prensin mərkəzi xəstəxanasından həkim Smit Lamarre deyir ki, baş verənlər tibbin imkanları xaricindədir:

«Vəziyyət çox kritikdir. Bizim xəstələrə yardım etmək üçün nə tibbi alətimiz var, nə də dava-dərmanımız. Biz hələ də xaricdən həkimlər gözləyirik. Bu, bir böhrandır».

Zəlzələdən sonrakı çaşqınlıq və hərarət hələ də davam edir. Rəsmilər etiraf edirlər ki, minlərlə cəsəd tapılmaya bilər və ya tapılanadək çürüyüb hissələrə parçalana bilər. Bu zaman onları tanımaq mümkün olmayacaq.

Prezident Preval xəbərdar edib ki, minlərlə cəsəd öz ailələri tərəfindən deyil, kütləvi məzarlıqda naməlum şəkildə basdırıla bilər...

Artıq insanlar arasında normal həyata qayıtmağa çalışanlar da var. Məsələn, bir qadın evinin dağılmış beton qırıqları üstündə oturub manqo satırdı. Səkidə isə - ağ mələfəyə bükülmüş meyitdən bir qədər aralıda – başqa bir qadın banan və portağal satırdı.

Mərkəzi meydanda isə yaralı və evsiz-eşiksiz 50-yə yaxın qadın bir küncə qısılıb gözəl Haiti ləhcəsi ilə sevimli dualarını oxuyurdular».
XS
SM
MD
LG