Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:37

20 Yanvar tarixdə necə qalsın?


Bakı, yanvar 1990-cı il
Bakı, yanvar 1990-cı il
20 Yanvar bizdə hansı duyğular oyadır? Bəlkə 20 il öncə Bakımızda yaşanan o müdhiş gün - sıralanmış tabutları çiynində daşıyan böyük insan seli, Kamil Cəlilovun qaboyu, Bakı bağlarının al qərənfili, Məmməd Aslanın «Ağla, qərənfil, ağla» şeiri ilə yaddaşlarda qalmalıdır? Bəs bütün saydıqlarımı öz gözü ilə görməyən gələcək Azərbaycanlı onu hansı hisslərlə xatırlayacaq? Ümumiyyətlə, artıq tariximizin önəmli bir parçasına çevrilmiş 20 Yanvar necə tanıdılmalıdır? Tarixdə necə qalmalıdır? «Can Bakı» proqramı bu sualla ölkənin sayılıb-seçilən vətəndaşlarına üz tutdu

AZƏRBAYCANDA 20 YANVAR DƏRSLƏRİ KEÇİLMƏLİDİR!

Vaqif İbrahimoğlu – «Yuğ» teatrının bədii rəhbəri:

Bəşər tarixinə nəzər salanda, görürük ki, istisnasız bütün toplumlar, millətlər, dövlətlər zaman-zaman tarixi sınaqlarla üz-üzə gəlirlər. Bu sınaqlar xassəcə, məğzinə görə faciəvi ola bilər, uğurlu qələbə kimi nəticələnə bilər, hətta sarsıntı kimi də qeydə alına bilər. Amma bütün bu xassələrin üstündə duran başlıca göstərici sınaqlardan dərs almaq, ibrət almaq və bu ibrəti gələcək tarixi sınaqlardan daha uğurlu, daha itkisiz çıxmaq üçün mənimsəməkdir. Tarixi dərslərin ən böyük ibrəti ondadır ki, heç kim ondan ibrət almır. Bu acı bir qənaətdir. Ancaq madam ki, biz onu dilə gətiririk, deməli biz onu poza bilərik və ya onun təsirindən qurtula bilərik.

Vaqif İbrahimoğlu
20 Yanvar təbii ki, toplumumuz, millətimiz və gənc dövlətimiz üçün çox böyük tarixi dərsdir. Bu dərsin yaraları, ağrıları hələ sağalmayıb. Ona görə biz adətimizə görə ağlaya da bilərik, o yaraların təsirini daha dərinə işlətmək üçün sarsıdıcı kadrları təkrar-təkrar izləyə də bilərik. Biz bir-birimizə başsağlığı verə bilərik. Bu da mənəvi qanunlarımızın, mənəvi var oluşumuzun ənənəsidir, adətləridir.

Mənim fikrimcə bütün Azərbaycanda 20 yanvar dərsləri keçilməlidir. Bu dərslərdə biz, illah da ki gənclərimizə, illah da ki bu məmləkətin, bu millətin yükünü çiyninə alan nəsillərə açıq dərslər keçib, bu olayın bizdən ötrü, milli düşüncəmizdən ötrü, vətəndaş cəmiyyətindən ötrü gərəkli, faydalı qənaətlərini dilə gətirək. Onları düşüncəmizə həkk edək ki, bizim praktiki addımlarımız artıq kor-koranə, göz yaşlarına boğulmuş şəkildə getməsin.

20 Yanvar, təkrar edirəm, millətimiz üçün, dövlətimiz üçün inkişaf impulsu oldu (bu sözə görə allah günahımdan keçsin). Ümumiyyətlə, faciə olayının məğzi insanları yeni dövrə təmizlənmiş şəkildə (katarsis) çıxarmaq üçündür. Geriyə baxıb hər an özünü üzmək, yas saxlamaq faciənin məqsədinə yaddır. Şəxsən mən bu 20 ildə hər il ekstern bir dərs keçirəm və hələ də 20 yanvarın bütün məziyyətlərini, bütün səciyyələrini, bütün ibrətlərini özüm üçün açıqlamamışam. Çünki intellektual rakursdan yanaşanda, bu işi görməkdən ötrü çoxlu qaranlıq səhifələr var, qaranlıq məqamlar var. Onlar açılmalıdır. Çünki insan ibrət almaq istəyirsə, o istənilən ən dəhşətli, ən faciəli, ən üzücü və bəlkə də təhqiramiz olaylara açıq gözlə baxmalıdır. Bütün başqa emosional, təzahüri hisslərlə yanaşma hər insanın öz seçimidir və istədiyi kimi 20 Yanvarı fərdi kontekstində, intim aləmində həll edə bilər. Ancaq bir millət kimi, dövlət kimi, cəmiyyət kimi bütün nöqtələri qoymaq və qarşıdan gələ biləcək bu tipli hadisələrdən sığortalanmaq daha səmərəli ola bilərdi.

20 YANVAR – ŞƏHİDLƏR GÜNÜ OLSUN!

Vaqif Bəhmənli—Yazıçı-jurnalist:

Mənim fikrimcə, şəhidlik yalnız 20 yanvarla bağlı deyil. Azərbaycan xalqının bir şəhidlik tarixçəsi var və 20 Yanvar o şəhidlik tarixçəsinin davamıdır və indiki nəsillərə ən yaxın olanıdır. Eyni zamanda şəhidlik insan başına gələn bir qəzavü-qədər deyil. Mənə elə gəlir ki, şəhidlik şüurla bağlıdır, adamın mübarizə duyğusu, amalı ilə bağlıdır. Həqiqətən də, 20 Yanvarda Azərbaycan xalqı şəhidlik zirvəsinə yüksəlib. Mən jurnalist kimi bu hadisələrin yaxın müşahidəçisi olmuşam. O mənzərələr həmişə gözümün qarşısında canlanır. Həqiqətən də bu xalq hərəkatı idi, böyük bir mübarizə tarixi idi.
Vaqif Bəhmənli
Öz yurdunu qoruyan insanların tankın önündə sinəsini sipər etməsi idi. Düşünürəm ki, buna uyğun olaraq da 20 Yanvar şəhidləri yad edilməlidir. Nə ağlamaqdan söhbət gedə bilər, nə gülməkdən. Hər şey hadisənin ruhuna uyğun olmalıdır.

20 ili gözümün önünə gətirirəm, hər il insanlar Şəhidlər Xiyabanına axışırlar. Nə qəzetləri, nə radio-televiziyanı məcbur edən var ki, sən bu hadisəni işıqlandır. Artıq 20 Yanvar qəbul olunmuş, təsdiq olunmuş bir hadisədir və hər il 20 Yanvar gələndə, xalqın içində nələrsə tərpənir, nələrsə oyanır və onlar yenidən Şəhidliyi yad edirlər. Mənə elə gəlir ki, bu hadisədən xalqın yaddaşımı oyaq saxlamaq, xalqa Vətən uğrunda ölə bilmək hissini xatırlatmaq üçün istifadə etmək olar. Qoy insanlar unutmasınlar ki, azadlıqdan böyük nemət yoxdur və Azərbaycan bu azadlığa 90-cı illərdə qovuşub. Dediyim kimi, şəhidliyi yalnız 20 Yanvarla bağlamaq olmaz. Şəhidlər Xiyabanında Qarabağ uğrunda can vermiş mindən çox qəhrəmanımız yatır. Eyni zamanda hər bölgədə Şəhidliklər var. O üzdən, istərdim ki, 20 Yanvar Azərbaycanda Şəhidlər günü kimi tanınaydı. Həmin gün bütün ölkədə şəhidlərin ruhu yad ediləydi. Bax, gələcəkdə bu şəkildə qeyd olunsaydı, daha yaxşı olardı.

20 YANVARDAN SONRA BİZ HAÇANSA SƏSİMİZİ ÇIXARMIŞIQ?


Nizami Zöhrabi - Türk Dünyası «Yom» mədəniyyət dərgisinin Azərbaycan təmsilçisi:

20 Yanvar bizim qürur duyduğumuz gün kimi tanıdılmalıdır. Ömrümüzdə bir dəfə haqqımızı tələb etdiyimiz gün olub, onu da matəm kimi qeyd etmək nadanlıqdır. 20Yanvardan sonra biz haçansa səsimizi çıxarmışıqmı? Bir dəfə səsimizi çıxardıq və o bizi azadlığa qovuşdurdu. SSRİ-nin dağılma prosesi 20 yanvardan başladı. İlk olaraq Baltikyanı ölkələr SSRİ tərkibindən çıxdılar. Sonra proses qaçılmaz oldu. Hər il 20 Yanvarda eyni ssenarilər təkrarlanır. Kamil Cəlilovun da sənətinə böyük hörmətim var, dostum şair Məmməd Aslanın da. Ancaq Kamilin qaboyda çaldığı musiqi də, Məmməd Aslanın «Ağla qərənfil, ağla» şeiri də o dövrdə bir kərə səslənsəydi, yetərdi. Amma hər il bunların təkrarını beyinlərə yeritmək ruh düşkünlüyü yaradır. Sanki insanları bu ab-hava ilə yaşamağa məcbur edirlər. Nədən «Cəngi» səslənmir? Nədən hər mövzuda yarışmalar keçirən TV-lərimiz, mətbuatımız, ictimai birliklərimiz vətənpərvərlik ruhu aşılayan, mübarizəyə səsləyən əsərlərin yazılması üçün yarışmalar, müsabiqələr keçirmirlər? Nədən özünü SSRİ-nin hüquqi varisi еlan etmiş Rusiya hökumətindən törətdiyi cinayətə görə üzr istəmək tələb olunmur. Mən hələ kompensasiyanı demirəm. Kompensasiya tələb etmək üçün cəsarətli kişi lazımdır--ortada bu yoxdur. Bütün bunlara baxmayaraq 20 Yanvarda axan qanların hədər getmədiyinin şahidiyik. Qurbansız heç bir arzu-istək həyata keçmir. Mən «Məkkədən doğan günəş» əsərimdə də yazmışdım:

Nizami Zöhrabi
Keçməyir dünyanın heç işi həmvar,
Bir sevinc yolunda neçə min qəm var.

Biz də bu qəmdən keçməklə sevincə qovuşduq. Sonda «Mənim şanlı Yanvarım» şeirimi oxuyuram və xalqıma: Başını dik tut, sən bunu haqq etmisən demək istəyirəm:

Qoydun bir vaxt üz-üzə
İnamla tüfəngi sən.
Verdin haqq işimizə
Davamlı ahəngi sən -
Mənim Qanlı Yanvarım!
Mənim Şanlı Yanvarım!

Bezdik saxta qayğıdan,
Saxta hissdən, duyğudan.
Çaldın türkü uyğudan
Oyadan son zəngi səngi sən -
Mənim Qanlı Yanvarım!
Mənim şanlı Yanvarım!

Sənə qədər fərd idik,
Ululara dərd idik.
Bütünləşdik, bərkidik,
Cövhər oldun sanki sən -
Mənim Qanlı Yanvarım!
Mənim Şanlı Yanvarım!

Güllər yandı qınında,
Rəngi qaçdı danın da,
Məsum şəhid qanında
Boğdun bir nəhəngi sən -
Mənim Qanlı Yanvarım!
Mənim Şanlı Yanvarım!

Yasdan çıxdın bu anla,
Türkmənçay, Gülüstanla,
Düşmən köksünə qanla,
Dastan yazan süngüsən—
Mənim qanlı Yanvarım!
Mənim Şanlı Yanvarım!

Zirvəsisən dağımın,
Odusan ocağımın,
Üçrəngli bayrağımın
Qıpqırmızı rəngisən—
Mənim Qanlı Yanvarım!
Mənim şanlı Yanvarım!

Sənə demərəm qara,
Sən hara, zülmət hara?
Güvənli sabahlara
Haraylayan «Cəngi»sən—
Mənim Qanlı Yanvarım!
Mənim şanlı Yanvarım!

Keçsə də neçə qış-yaz,
Var olduqca sözlə-saz,
Səni unudan olmaz.
Tariximsən çünki sən—
Mənim qanlı Yanvarım!
Mənim şanlı Yanvarım!

Öncülüsən sıranın,
Haqq deyib hayqıranın!
Sən Türklüyün, Turanın
Boynunun çələngisən—
Mənim Qanlı Yanvarım!
Mənim şanlı Yanvarım!

Bax, mən 20 Yanvarı belə görürəm!

MÖVZUNU ŞƏRH ETMƏK ÜÇÜN BURA DAXİL OL
XS
SM
MD
LG