Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 06:34

«Harda Polyaniçko var, orda qan var»


«Harda Polyaniçko var, orda qan var» - bunu 1993-cü ilin iyununda Rusiyanın Dövlət Dumasının bir deputatı deyib. Onda Polyaniçkonun ölümünə bir ay qalırdı...

POLYANİÇKONU KİM ÖLDÜRDÜ?

Polyaniçkonun ölümü də qanlı oldu. 1993-cü il avqustun 1-də Viktor Polyaniçko Vladikavkaz yaxınlığında pusquya düşüb, öldürüləndə bu qəsddə həm osetinlərdən, həm də inquşlardan şübhələnirdilər.

Çünki öldürülən vaxt Polyaniçko Rusiya prezidenti Boris Yeltsinin Şimali Osetiya və İnquşetiya üzrə xüsusi nümayəndəsi idi.

Ancaq «New York Times» qəzeti yazırdı: «Polyaniçkonu ermənilər də öldürə bilərdi, azərbaycanlılar da, hətta əfqanlar da».

Çünki onun əlindən yanıqlı olanlar çox idi.

POLYANİÇKO KİM İDİ?

1985-ci ildə Moskva 48 yaşlı Polyaniçkonu Əfqanıstan prezidenti Nəcibullaya xüsusi müşavir göndərdi. Tezliklə o, Əfqanıstanın ən yüksək ordenini aldı.

Nəyə görə? Əfqanıstanda rejimə müqavimət göstərən kəndlərin böyük qəddarlıqla ucdantutma deportasiyasına görə.

3 il sonra – 1988-ci ildə Moskvaya qayıdan Polyaniçkonu bu dəfə Azərbaycana - Kommunist Partiyasının Mərkəzi Komitəsinə ikinci katib göndərdilər.

«AZƏRBAYCANI İDARƏ EDƏN POLYANİÇKO İDİ»

Britaniyanın «İndependent» qəzeti xeyli sonra - 1993-cü ilin avqustunda yazırdı ki, «Azərbaycanı o vaxtdan idarə edən məhz Moskva canişini Polyaniçko idi».

Qəzet yazırdı ki, 1990-cı ilin 20 yanvarında Sovet qoşunlarının Bakıya yeridilməsi qərarı Moskvada verilsə də, «Bakıya qoşun yeridilməsinin təşkilatçısı Polyaniçko idi».

ERMƏNİLƏR POLYANİÇKONU ÖLÜMƏ MƏHKUM ETDİLƏR

1991-ci ilin martında Ermənistan SSRİ-nin saxlanması haqda referendumda iştirakdan imtina edəndə, Polyaniçko üzünü ermənilərə çevirdi və Sovet qoşunlarının köməyi ilə Azərbaycandakı erməni kəndlərinin əhalisini köçürməyə başladı.

1991-ci ilin aprelində başlanan «Çevrə əməliyyatı» bütün yayı davam etdi.

Buna görə, yerli ermənilər Polyaniçkonu ölümə məhkum etmişdilər.

20 ADAM QANLI VƏZİFƏDƏN İMTİNA ETMİŞDİ

1991-ci ilin avqustunda Moskvada QKÇP qiyamının iflası ilə Polyaniçko bütün vəzifələrini itirdi.

İl yarım heç kimin yadına düşməyən Polyaniçko qəflətən Yeltsinin əmri ilə Şimali Osetiya və İnquşetiyaya müvəqqəti canişin təyin olundu.

Maraqlıdır ki, bir-biri ilə müharibə vəziyyətində olan iki qonşu regiona canişinliyi Yeltsin Polyaniçkodan qabaq 20 adama təklif etmişdi. Onlardan heç biri buna razı olmamışdı.

Polyaniçko birinci adam idi ki, razılıq verirdi.

Onda parlamentin bir deputatı dedi ki, «harda Polyaniçko var, orda qan var».

Ancaq «İndependent» yazırdı: «Həmişə Polyaniçko gələndən sonra qan tökülürdü. İlk dəfə idi ki, qan Polyaniçkoya qədər tökülmüşdü».

P.S.


SSRİ-nin Baş Prokurorluğu 20 yanvar faciəsinin istintaqından sonra qərara gəldi ki, 20 yanvar hadisələrində Polyaniçkonun cinayət məsuliyyəti yoxdur.

Azərbaycanın Baş Prokurorluğu isə 1994-cü ildə qərara gəldi ki, Polyaniçko artıq həyatda olmadığına görə, ona qarşı cinayət işi açılmasın.
XS
SM
MD
LG