Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:18

Cəlil Məmmədquluzadə: «Ağalar» (Felyeton)


-

Bəli, atları gətirdilər və minib Təbrizdən çıxıb üz qoyduq Araz kənarına tərəf hərəkət etməyə.

Şəhərdən bir qədər uzaqlaşmışdıq, gördük ki, yolun kənarında bir neçə adam oturub.

Bunlar bizi görcək ayağa durub sağ və sol tərəfdən başladılar bizə yavuq gəlməyə.

Çapardan soruşduq ki, bunlar kimdirlər? Cavab verdi ki, ağacan, bunlar şəhərin guya ki, seyidləridirlər, burada oturub sizi gözləyirlər.

Dedim:

- Nədən ötrü?

Cavab verdi ki, əlbət sizdən seyidmalı xahiş edəcəklər.

Dedim:

- Eybi yoxdur, Yusif əmi, beş altı qran hazır elə ki, verək seyidlərə.

Mənim bu sözlərimi eşitcək çapar başladı gülməyi:

Dedim:

- Niyə gülürsən, əzizim?

Cavab verdi ki, məgər beş qran ilə yaxanızı qurtara biləcəksiniz?

Bu hində on-on beş adam zahirən seyid libasında başlarında yaşıl əmmamə və bellərində yaşıl qurşaq hər iki tərəfdən bizi əhatə edib yapışdılar atlarımızın cilovundan və salam verdilər.

Biz bunların salamının cavabını rədd eləyəndən sonra ağalar başladılar bizdən səlamətlik istəməyə.

Yusif əmi hazır elədiyi pulu verib dedi ki, dəxi bundan savayı xırda pulumuz yoxdur, hər nədirsə öz aralığınızda bölünüz.

Bu sözləri eşitcək ağalar elə bir qeyzə gəldilər ki, pulları çırpdılar biçarə Yusif əminin üzünə və bir neçəsi istədi ki, Yusif əmini atın üstündən çəkib aşağı salsın, bir neçəsi də əbalarını sol əllərinə dolayıb sağ əllərində çomaq istədilər mənim üstümə hücum gətirələr. Gördüm ki əcaib həngamədir.

Dedim:

- Ay qardaşlar, mənə bir söyləyin görüm bizdən nə istəyirsiz?

Biri dedi ki, cəddimizin malını sizdən istəyirik, özgə bir şey istəmirik.

Dedim:

- Ağacan, əvvələn, siz nə bilirsiniz ki, biz dövlətli adamlarıq?

Saniyən siz nə bilirsiniz ki, biz indiyə kimi seyidmalı və xüms verməmişik?

Salisən, siz bizi haradan tanıyırsınız nə məzhəbin sahibi olmağımızı nə bilirsiniz?

Rabiən, bizə nədən məlum olsun ki, siz həqiqətdə seyid və övladi-peyğəmbərsiniz?

Xamisən, peyğəmbər səlavatullah, əleyhüm və aleh harda buyurublar ki, siz biyabanda tanımadığınız müsafirlərin cilovunu tutub çomaq zərbilə pul tələb eləyəsiniz? (“Səyahətnameyi-İbrahim bəy”)

“Molla Nəsrəddin”, 28 iyul, 1906
XS
SM
MD
LG