Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:23

Mikloş Haraşti: «Azərbaycanda media azadlığı pisləşib»


Mikloş Haraşti
Mikloş Haraşti
«Azərbaycanda media azadlığı ilə bağlı vəziyyət pisləşib. Hüquq-mühafizə orqanlarında jurnalistləri qeyri-jurnalistika ittihamları ilə həbs etmək adəti yaranıb».

Bunu yanvarın 27-də Avropa Şurası Parlament Assambleyasında keçirdiyi mətbuat konfransında ATƏT-in media azadlığı üzrə nümayəndəsi Mikloş Haraşti bildirib.

AzadlıqRadiosunun Azərbaycanda medianın vəziyyəti ilə bağlı sualını cavablandıran Haraşti deyib ki, çox vaxt jurnalistlərə qarşı irəli sürülən qeyri-junalistika ittihamları saxta olur. O bildirib ki, iki gənc bloqqer xuliqanlıq ittihamı ilə tutulub, halbuki onların insidenti törədən yox, insidentin qurbanı olduğu görünür:

«Mən inanıram ki, prezident İlham Əliyevin elə bir səlahiyyəti və imkanı var ki, hüquq-mühafizə orqanlarına «dayan» desin, onlara xatırlatsın ki, hüquq-mühafizə orqanlarının vəzifəsi jurnalistləri müdafiə etməkdir, onları çətin vəziyyətə salmaq yox».

Haraşti Azərbaycanda diffamasiya haqqında, jurnalistlərin yazdığı məqaləyə görə həbs cəzasına məhkum edilməməsi ilə bağlı qanun layihəsinin müzakirə edilməsini alqışlayır:

«Amma bunun üçün heç olmasa əvvəlcə jurnalistlərin qeyri-jurnalistika ittihamları ilə tutulması dayandırılmalıdır».

Haraşti mətbuat konfransını Avropada medianın vəziyyəti ilə bağlı hesabat hazırlamış AŞPA nümayəndəsi Endrü Makintoşla birgə keçirib.

Cənab Makintoş bildirib ki, Azərbaycanda 2 il qabaq olub:

«O vaxt prezident İlham Əliyevlə görüşdüm. O mənə dedi ki, media ilə bağlı problemləri həll etməyə çalışırlar. Amma ötən müddətdə elə bir dəyişiklik hiss olunmur. Bizim də Azərbaycan hökumətinin qərarlarını dəyişmək səlahiyyətimiz yoxdur».
XS
SM
MD
LG