Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:45

Azərbaycan müxalifətinin birliyi mümkündürmü?


İşdən sonra. 28 yanvar. Aparıcı Xədicə İsmayılova.

MÖVZU: Azərbaycan müxalifətinin birliyi mümkündürmü?

AzadlıqRadiosunun qonaqları: İqbal Ağazadə- Ümid Partiyasının sədri və Nurəddin Məmmədli – Xalq Cəbhəsi Partiyasının sədr müavini.

Proqramın gedişində dinləyicilərin canlı efirə yönəltdikləri suallara cavab verilir.

Xədicə İsmayılova: İlk növbədə sizdən soruşacam, 2010 – cu il parlament seçkilərindən əvvəl müxalifətin birliyi mümkündürmü və lazımdirmı? Daha sonra digər suallara keçərik, kimlə, kimin arasında hansı şərtlərlə və s.

İqbal Ağazadə: Xoş gördük. Mən də AzadlıqRadiosunun dinləyicilərini salamlayıram və hesab edirəm ki 2010 – cu il üçün aktiv olan müxalifətin birliyi mümkündürmü sualına bu 50 dəqiqə ərzində bacardığımız qədər cavab verməyə çalışacağıq.

Təbii ki birlik xüsusilə avtoritar rejimlərdə fərqli düşüncənin sahibləri üçün olduqca vacibdir. Yəni müxalifətçün olduqca vacibdir. Çünki avtoritar rejimlər istər insan resursları, istər maddi, istərsdə də digər sahələrdə fərqli fikrin sahiblərinə - müxalifətə kifayət qədər ciddi zərbələr vurur və onu zəiflədir, sıradan çıxarmağa çalışır.

Belə olan təqdirdə, resursların az və tükənmiş bir zamanında daha geniş bir koalisiyada birləşərək təmərküzləşmə prinsipini həyata keçirərək daha ciddi insan resursu əldə etmək və müqaviməti daha yaxşı təşkil etmək mümkündür. Bu, cəmiyyət üçün çox vacibdir. Azərbaycan müxalifəti içində də zaman-zaman birlik səsləri eşidilir.

O cümlədən, aşağı təbəqədə, xüsusilə partiyadaşlar, müxtəlif partiyada olanlar, birtərəf vətəndaşlar, bu rejimi dəyişmək istəyənlər, problemin həllinə çalışanlar və demokratik Azərbaycan görmək istəyənlər də zaman-zaman bu fikri səsləndirir.

Nə dərəcədə biz buna bu və ya digər şəkildə cavab verə bilirik? Bu təbii ki, tarixin müxtəlif dönəmlərində müxtəlif cür olur. Amma hesab edirəm 2010-cu ildə Azərbaycan müxalifətinin, Azərbaycan cəmiyyətinin birliyə daha çox ehtiyacı var. Çünki sadaladığım və deyə bilmədiyim digər şərtlər daxilində bu gün Azərbaycan müxalifəti təşkilat olaraq, - fərdlərin sayına və fikrə görə yox, təşkilat olaraq - olduqca zəifləyib.

Xədicə İsmayılova: Siz necə düşünürsüz, Nurəddin bəy?

Nurəddin Məmmədli: Birlik bütün cəmiyyətlərə və bütün dövrlərə çox zəruri olan bir anlayışdır. Azərbaycanda müstəqillik hərakatının qələbə çalmasından, yəni 1990 -cı illərin əvvələrindən bu yana bu məsələ həmişə gündəmdə olub.

Biz buna sosial sifariş kimi yanaşmışıq və indiki dövrdə təbii ki, Azərbaycan müxalifətinin bütün resurslarının vahid mərkəz ətrafında toplanması, xüsusilə parlament seçkilərində vahid namizəd siyahısı ilə çıxış edilməsi təcrübəsi Azərbaycan müxalifətinə uğur qazandıra bilər.

Mən də hesab edirəm ki, Azərbaycanda demokratik müxalifətin birliyinə böyük ehtiyac var.

Xədicə İsmayılova: Ehtiyac var, amma mümkündürmü?

Nurəddin Məmmədli: Təbii ki, siyasətdə mümkün olmayan heç nə yoxdur.

Azərbaycanda dediyim kimi 90 – cı illərdən bəri bütün dövrlərdə müxalifətin ayrı-ayrı formatda birlikləri mövcud olub. Mən 10-a qədər təşkilatın adını çəkə bilərəm və bu təşkilatlar, birliklər son nəticədə müəyyən uğurların qazanılmasına səbəb olub. Xüsusilə keçən parlament seçkilərində “Azadlıq” siyasi blokunun uğurlarını danmaq olmaz.

Düzdür, Azərbaycan xalqı müxalifətlə birlikdə qazanılan mandatları qoruya bilmədi, amma həm beynəlxalq təşkilatlar, həm dövlət daxilində “Azadlıq” blokunun namizədlərinin çox böyük üstünlüklə YAP nümayəndələrinə qalib gəlmə faktını danmaq mümkün deyil.

Ona görə hesab edirəm ki, müəyyən formatların tapılması mümkündür, bu istiqamətdə uğurların qazanılacağına da müəyyən ümidlərim var.

Xədicə İsmayılova: Ortalığa sual çıxır ki, bu birlik kimin arasında, hansı qüvvələr arasında olacaq və müxalifət olaraq kimi müxalifət adlandıracağıq? Çünki prezident seçkilərindən sonra belə fikirlər səslənirdi ki, Azərbaycanda yeni müxalifət ortalığa çıxıb və hətta beynəlxalq mediada hökumətə yaxın adamlar bu haqda məqalələr yazırdılar.

Məsələn, prezident seçkilərində namizədliyini irəli sürmüş Fariz İsmayılovun belə bir yazısı var idi, “James Town” fondunun jurnaılnda dərc olunmuşdu və beynəlxalq ictimaiəyyətə bu qüvvələri müxalifət olaraq təqdim edirdi. Orada məhz prezident seçkilərində namizəd olmuş partiya liderlərindən söhbət gedirdi.

İndi bəs müxalifət dedikdə kimi nəzərdə tuturuq? Müxalifət kimdir sualına müxtəlif cavablar ala bilərik? Sizin və İqbal bəy sizin cavabınız nədir bu suala?

Nurəddin Məmmədli: Mənə belə gəlir ki, Azərbaycanda müxalifətçilik missiyasının daşıyıcılarının kim olduğunu beynəlxalq jurnalların səhifələrində axtarmaq lazım deyil. Kim nə yazır yazsın, orta təfəkkürə, az-çox normal məntiqə və savada malik olan istənilən Azərbaycan vətəndaşı real müxalifətçilik mövqeyində duran partiyaları da, şəxsləri də yaxşı tanıyırlar.

Ona görə də bu məsələdə yenidən Amerika kəşf etməyə ehtiyac yoxdur. Çünki Azərbaycan cəmiyyətində - nə qədər böyük uğursuzluqlardan danışsaq da - mən bunu həmin uğur kateqoriyasına aid edirəm ki, Azərbaycanda bu gün tam açıq şəkildə, kimliyi məlum olmayan siyasi güc yoxdur.

Hamı kifayət qədər birmənalı şəkildə kimliyini ortaya qoyur, kimin əlinin kimin cibində olduğu, kim hansı dövrdə hansı formalarda...

Xədicə İsmayılova: Nurəddin müəllim, mən sual vermədim kim müxalifət deyil, mən sual verdim kim müxalifətdir?

Nurəddin Məmmədli: Əgər bu suala konkret cavabımı istəyirsizsə, bu dövrdə mən bunu mümkünsüz hesab edirəm.

Xədicə İsmayılova: Bəs niyə dediniz ki, bu hamı üçün aydındır?

Nurəddin Məmmədli: Niyəsini mən indi izah edəcəm. Ona görə ki, son dövrlərdə - mən dəfələrlə qəzetlərdə dediyim fikri bir də ifadə etmək məcburiyyətindəyəm, - istənilən birlik ideyasının müzakirələri partiyaların özündə və partiyalar arasında başlamazdan əvvəl ictimaiyyətin müzakirəsinə ötürülür. Bu isə birlikdən çox dağılmağa, parçalanmağa səbəb olur.

Çünki bizim hər birimizin bu problemlərə özəl münasibətimiz var. Ona görə də, əvvəlcə bu problemlər partiyaların daxilində həll olunmalıdır. Yəni hər bir partiya müəyyən etməlidir ki, o, müxalifət qismində kimi görür. Bu spektr müəyyən edildikdən sonra həmin partiyalarla əməkdaşlıq istiqamətində müzakirələrə başlamalıdır.

Elmi cəhətdən əsaslandırılmış, heç kimin şübhə etmədiyi bir formula var. Problemin həlli yolu onun totallaşdırılmasından yox, lokallaşdırılmasından keçir.

Problemin həllinə nə qədər az adam cəlb olunursa o problem daha asan həll olunur. Amma bu gün nə baş verir?

Biz ictimai müzakirəyə cəlb olunuruq. Hər bir partiya özünün müəyyən etdiyi müxalifətçi partiyalar siyahısını ortaya qoyur, qarşılıqlı ittiham və yersiz dartışmalara zəmin yaranır.

Belə bir şəraitdə necə əməkdaşlıq etmək olar? Əvvəl bunu özümüz həll etməliyik

Xədicə İsmayılova: Özümüz, yəni kim?

Nurəddin Məmmədli: O müxalifətçi hesab etdiyimiz partiyaların liderləri.

Xədicə İsmayılova: Axı sizin və deyək ki, Müsavat partiyasının müxalifətçi hesab etdiyi qüvvələr fərqli ola bilər. Və yaxud da İqbal bəy tamamilə başqa fikirdə ola bilər?

Nurəddin Məmmədli: Kim hansı fikirdə olur-olsun, əvvəl onu deyim ki, ümumiyyətlə Azərbaycanda bu birlik ideyasına bütün dövrlərdə qeyri-müəyyən siyasətlə əlaqəsi olmayan bir münasibət var. Birlik ideyası elmi cəhətdən...

Xədicə İsmayılova: Gəlin, Nurəddin bəy, uzağa getməyək, dediniz ki öz aramızda, yəni sizin partiya və kimin?

Nurəddin Məmmədli: Bu iki prinsipə söykənən əməkdaşlıq mümkündür.

Xədicə İsmayılova: Sizin partiya və kimin?

Nurəddin Məmmədli: Mən bu gün sizə ad çəkməyəcəm. Adın çəkilməsi əslində bu gün müxalifəti parçayalan bir tendensiyadır.

Bu gün özünü müxalifət hesab edən və bu iddia haqqı olan partiyalar arasında siz dediyiniz müstəvidə tamamilə lüzumsuz dartışmalar, ittihamlar gedir. Belə ittihamları yaradandan sonra necə birləşək?

Sırf konseptual baxımdan siyasi birlik iki halda mümkündür.

Birincisində, maraqlar üst – üstə düşürsə, ikincisi həmin birləşmədə iştirak edən tərəflər həmin birləşmədən öz qrup maraqlarını yox, milli, dövlətçilik maraqlarını ifadə edirlərsə.

Xədicə İsmayılova: Bəs üst- üstə düşən hansı maraqlardır?


Nurəddin Məmmədli
: Mənim üçün, birinci müxalifətçilik mövqeyi. Yəni hakimiyyətlə alveri olan, hakimiyətlə bazarlığa gedən, hakimiyyətlə dəfələrlə öz maddi və digər maraqlarını təmin edən qüvvələrə biz növbəti dəfə şans verməməliyik ki, onlar yenidən bizdən bir vasitə kimi istifadə edib öz maraqlarını təmin etsinlər.

Və bu da bir bəladır. Bəlanın ikinci, qorxulu tərəfi ondan ibarətdir ki biz bu qüvvələrlə gedəcəyik seçkiyə, nə nəticə hasil olacaq? Və real müxalifətçilik mövqeyində duran partiyaları qoyacaqlar kənara, bizim dünən müdafiə etdiyimiz namizədləri deputat edəcəklər, sonra da deyəcəklər ki, müxalifət milli məclisdə təmsil olunur.

Biz bunu görə-görə gəlirik. Mən bunu əvvəlcədən bilə-bilə niyə o şansı yaratmalıyam ki, hakimiyyətlə işbirliyində olan, ayrı-ayrı tayfalarla, klanlarla, hakimiyyətdaxili mafioz qruplarla bağlı olan adamlar mənim vasitəmlə Milli Məclisdə oturub müxalifətçilik adına iddialı olsun?

Ona görə də deyirəm, bu birlik modeli real müxalifətçilik mövqeyində duran partiyaların öz müzakirlərindən sonra müəyyən olunmalı və cəmiyyətə açıqlama verilməlidir ki, filan prinsiplərə cavab vermədiyinə görə biz bu partiyalarla əməkdaşlıq etmirik.

Xədicə İsmayılova: Bu sürətlə biz kiminlə sualından o tərəfə getməyəcəyik. Amma yenə də cəhd edək, ən azı suallara cavab vermək lazımdır. İqbal bəy buyurun.

İqbal Ağazadə: 2000-ci ildən bu yana Azərbaycanda “satqın” və ya “qəhraman” olmayan siyasi partiya qalmayıb. Azərbaycanın siyasi səhnəsində hansı partiya varsa, bir qrup digərini 2000-ci ildən bu yana ya satqın ya da qəhraman elan edib.

Bu bölgədə kim-kiminlə prinsipini müəyyənləşdirmək çox çətindir. Amma 2009-cu ilin əvvəlində Azərbaycanda yeni bir situasiya yarandı.

Seçki marağı olmayan, Nurəddin müəllimin dediyi kimi, parlament alveri olmayan, prezident alveri olmayan, bələdiyyə alveri olmayan bir proses - Azərbaycan konstitusiyasının müdafiəsi prosesi ortada oldu: Referendum.

Və bu referendum prosesində siyasi partiyaların hamısına açıq qapı elan edildi ki, vahid birlik formalaşdırılır - antireferendum birliyi. Kim istəyir bu birliyə qoşulsun. Hətta ziyalılar, qeyri hökümət təşkilatlarının nümayəndələri , jurnalistlər və s. bütün kateqoriyadan olan siyasi partiyalarla yanaşı dairələr də çağırıldı.

Axırda 6 partiya qaldıq. 6 partiya antireferendum koalisiyasında qaldı, iştirak etdi, nəticələrin tanınmaması istiqamətində də sona qədər birgə mübarizə apardı.

Onlardan yalnız bizim Mərkəzi Seçki Komissiyasında nümayəndəmiz vardı. Və bu nümayəndəmiz nəticələrin tanınmaması ilə bağlı öz mövqeyini ortalığa qoydu. Bu 2009-cu ildə növbəti il üçün bir test idi.

Gerini təftiş etsək, - 2000-ci, 2003-cü, 2005-ci illəri - bayaq dediyim mənzərə təkrarlanacaq. Hər bir partiyanın proseslərə öz yanaşması var.

Məsələn, 2000-ci ildə Azərbaycan Xalq Cəbhəsi Partiyası parlamentdə təmsil olunur, Müsavat fərqli mövqe qoyur.

2003-cü ildə Müsavat ətrafında blok yaranır, AXCP fərqli mövqe qoyur.

2005-ci ildə “Azadlıq” bloku formalaşır, biz həbsdən çıxmış, bu prosesdə 2003- cü ildə aktiv iştirak etmiş partiya kimi blokda iştirak etmirik. 2005-ci il parlament seçkilərindən sonra Müsavat “Azadlıq” blokunu tərk edir və parlamentə gedir.

Birləşdirən dəyərlər qalmadı.

Yalnız 2009-cu ilin referendumu yenidən milli deyilən və konstitusiyaya, - həmkarım qeyd etdiyi kimi dövlətə, dövlətçiliyə - münasibətdə bir sistem ortaya qoyuldu. Bunu çox olsa, iki-üç partiya miqyasında da genişləndirmək mümkündür. Tutaq ki, AXCP timsalında, ya AMİP timsalında genişləndirmək mümkündür. Bundan artıq genişləndirmək mümkün deyil.

Amma bütün bunlara rəğmən, “kim” və “nə” suallarından əvvəl “biz nə istəyirik” sualına cavab tapmalıyıq. Biz demokratiyamı istəyirik, yoxsa öz namizədlərimizin qalib gəlməsini istəyirik?

Çox təəssüf ki, bu gün, Azərbaycanda müxalif düşüncəsində, müxalif fikrində, - hətta mən siyasi təşkilatları demirəm, - bütün istəklərin bir adı var. Hər kəsin maraqlarının təmin olunması.

Bəzən bizim maraqların təmin olunması isə Azərbaycan demokratik hərəkatının maraqları ilə üst- üstə düşmür.

Tutaq ki, birimizin parlamentə seçilməsi Azərbaycan demokratik hərəkatına, demokratikləşməyə xidmət etməyən amil olur. Mən bu gün ən ideal variant kimi fərqli mövqeni təklif edərdim.

Mənimçün kimin seçilməsi, hansı partiyanın hansı partiya ilə birləşib seçkiyə getməsinin heç bir önəmi yoxdur. Kim kimlə istəyir birləşsin, kim kimi istəyir müdafiə etsin. Amma bir şərtlə: biz indiyə qədər olan ənənəvi metodlardan imtina edib dairə buruqları yaradaq.

Bu gün Azərbaycanda sən bu çevrəyə daxil olmazsan deyib hər kəsi kənara qoymaq olmaz. Bu stolun üstündə bir stəkan var, 150 qram su tutur. Bura 200 qram tökmək mümkün deyil.

Cəmiyyətin bütün fərdlərindən, cəmiyyətin bütün üzvlərindən yüksək dözümlülük, sona qədər mübarizə anlayışı gözləmək mümkün deyil. Kim nə qədər bacarır demokratiyaya o qədər töhfə verməlidir.

Xədicə İsmayılova: Siz deyirsiz ki, əvvəl “necə” sualına cavab verək sonra “kim” sualına. Bu barədə sonra danışarıq. Əvvəl dinləyicini eşidək.

Qurban (dinləyici telefonıa efirə qoşulur): Onlar özləri özlərinə müxalifətdir. Hakimiyyətə qarşı müxalifət yoxdur. Əgər onlar vətəni, xalqı, milləti istəyirlərsə, onda elə başda İsa Qəmbər, Sərdar Cəlaloğlu - hamısı istefaya getməlidir. Bəlkə Azərbaycan özü yenidən hansısa müxalifət partiyası yarada. O müxalifət partiyası ki nə polis dəyənəyindən qorxa, nə də İrandakı kimi asılmaqdan.

Xədicə İsmayılova: Yeni qüvvəyə ortaya çıxmaqda kim mane olur?

Qurban: Onlar yeni qüvvələrin qarşısında bir çəpərdir

Xədicə İsmayılova: Necə çəpərdir, nə cür çəpər olublar?

Qurban: Elə hər cür. Mən 20 yanvardan da əvvəl bu işin içində olmuşam. Əbülfəz bəy hakimiyyətə gələn gün istefa verdim. Gördüm ki, hakimiyyət o gedişlə çox qala bilməz. İndinin özündə də bir hakimiyyətli ilə bir müxalifətçi özləri özləri ilə mübarizə apara-apara, özləri özlərinin ayağının altını qaza-qaza, xalq bir tərəfə qala, cəmiyyət bir tərəfə, çətinliklər qala bir tərəfə - onlardan müxalifət çıxmaz. İstefa versinlər. Təzəsi yaranar. Lap yaxşı yaranmaz, belə müxalifət olmaz axı.

Xədicə İsmayılova: O təzə ki yaranmaqdan ötrü başqasının istefasını gözləyir onda nə gözləyirsiz o təzədən?

Qurban: Elə yaxşı çıxacaq ki. Təki onlar getsin. Mənim 61 yaşım var məndən müxalifət çıxmaz, heç nə çıxmaz. Amma cavanların arasından çıxacaq. Onların kölgəsi, Çin səddi qoymur bu cavanları irəli getməyə.

İqbal Ağazadə: Mən Qurban bəyin yanaşmasında Azərbaycan cəmiyyətinə xas olan qəribə bir forma görürəm.

Elə bilirlər ki, müxalifət Azərbaycanın 9 milyonundan kənarda bir, iki miolyondu, biz yığışıb bu 9 milyonun haqqını yeyirik. Kimsə başını dubinkanın altına vermək istəyən varsa, buyursun.

Bizdən cəsarətli, bizdən döyüşkən, bizdən mövqeli adam varsa, buyursun başını versin dubinkanın altına və əgər belə adamlar varsa, biz başımızı dubinka altnına verən deyilik. Bizim əlimizdə Ələddinin sehrli çırağı yoxdur, Qurban müəllim.

Əgər Siz, mən ,o biri, bu biri nə etmək lazım olduğunu bizdən gözləyirsizsə siyasətin xammalı insandır. Hər kəs çəkilib kənarda durub. Mənə inanmamaq Sizin haqqınızdır. Mən bu haqqa müdaxilə edə bilmərəm. Sizi inandırmaq mənim vəzifəmdir. Amma Siz inanmağa meylli deyilsizsə, özünüzü aldatmağa meyllisinizsə, bu mənim günahım deyil.

Təəssüf ki, Sizdə belə bir mövqe gördüm.

Nurəddin Məmmədli: Bu elə bir yanaşmadır ki buna savad, elm, reallıq mövqeyindən münasibət bildirmək qeyri-mümkündür. Çünki özünə hörmət edən hər hansı bir şəxs siyasətin nə olduğunu, müxalifətçilik barədə az-çox xəbəri olan istənilən şəxs ortalığa belə mövqe qoya bilməz.

Çünki burda nə savad var, nə elm var, nə reallıq. Dünya praktikasında müxalifətin yeniləşməsinin öz prinsipləri var. Həmin Qurban bəy bu işi bu gün mövcud olan müxalifətçilərdən daha yaxşı bacarırsa, - normal cəmiyyətlərdə özünü normal vətəndaş hiss edən insanlar bu missiyanı götürür öz çiyinlərinə, çıxır meydana və sübut edir ki bu müxalifətçilik missiyasını bacarır.

Gənclər gəlib də, hakimiyyət bir-neçə gənci gətirib, partiya yaratdı, böyük resurslar xərclədi. Bu gün Azərbaycanda ağlı üstündə olan kimsə onları müxalifət kimi tanıyırmı?

Artıq onlara verdikləri maliyyə qaynaqlarını da azaldıblar. Çünki səmərə vermir.

Qurban bəy öz ideyası ilə çıxsın ortalığa, yeni bir müxalifət partiyası yaratsın. Və Azərbaycan xalqını düz yola istiqamətləndirəndə xalq bizdən imtina edib onun yanına gedəcək.

Yoxsa sən təşkilatı burax, otur evdə, hakimiyyətə ver hər şeyi, - bu yanaşma çox qeyri-ciddi, siyasətlə əlaqsəsi olmayan, iki qonşunun davası kimi bir şeydir. Bunun siyasətlə əlaqəsi yoxdur.

Xədicə İsmayılova: Dinləyicilərdən gələn ismarıcları da oxuyaq.

Xalqımız iqtidar qarşısında tam müti bir durumda olduğu bir halda müxalifət konkret olaraq nə edə bilər ki xalq dövlətin təkcə de juri deyil de fakto sahibinə çevrilsin? Imza:Elnur “

Siz küçərələrə 1980-ci illərin sonundakı kimi milyonlarla insanı deyil, beş-üç nəfəri güclə çıxardığınız halda, nə üçün Əliyev rejimi sizi müxalifət sayıb, sizinlə hesablaşmalıdır. İqtidarın hesablaşdığı qüvvəyə müxalifət deyirlər daha sizlərə yox. İmzasız”

İqbal Ağazadənin müxalifət birliyində səmimi olacağına inanmıram. İmza: Elçin Muradov”

Hesab edirəm ki birlik vacibdir amma səmimi deyirəm ki İqbal Ağazadəni bu birlikdə görmürəm. İqbal Ağazadə istifadə olunmuş bir insan kimi bunun acısını çəkdiyinin fərqində olmamış deyil. Bəlkə də bu gün İqbal Ağazadə birliyə qoşulmaqda və hakimiyyətə qarşı mübarizədə səmimi ola bilər. Amma bu adam haqqında haqqlı olaraq oturuşmuş ictimai rəy var. Satılmağa hazırlaşan şəxslər də İqbal Ağazadəni göz altına almalı və xalqa xəyanətin sonunun heç də yaxşı olmadığını görməlidirlər. İmza: Xalid İbrahimli.”

AXCP lazım gəlsə seçkiyə tək gedər. Imza: Xalid”

İqbal Ağazadə: Bu, siyasi mövqedir, əslində. Bəzilərinin siyasi mövqeyidir.

Nə edib İqbal Ağazadə? - İqbal Ağazadə Qarabağ uğrunda döyüşüb. İqbal Ağazadə Heydər Əliyev hakimiyyətində heç vaxt təmsil olunmayıb. İqbal Ağazadə Heydər Əliyev hakimiyyətini, İlham Əliyev hakimiyyətini heç vaxt dəstəkləməyib və onun komandasında olmayıb.

Əvəzində İqbal Ağazadə nə görüb? - Əvəzində İqbal Ağazadə həbsxana görüb, həbs görüb, işkəncələr görüb və s.

Azərbaycan müxalifəti içində bu gün iddia edərlər ki İqbal Ağazadə parlamentdə əyləşib. Kim əyləşməyib ki?

Azərbaycan Xalq Cəbhəsi bu gün iddia olunan formada 7 millət vəkili ilə parlamentdə təmsil olunur. Özü də bu, Elçibəy dövründə olmayıb, Heydər Əliyev dövründə, İlham Əliyev dövründə, 2005-ci ildə olub. Müsavat partiyası bu gün 5 deputatla təmsil olunur.

Məntiq yaranır burda, İqbal Ağazadəni hökümət təyin edib, amma onlar seçilibmi?

Sual yaranır: İqbal Ağazadəni təyin edən hökümət başqalarını seçilibsə, tutaq ki Müsavat başqanını niyə seçilmir? Müsavat başqanı əyalət müsavatçısından zəifdirmi o seçilməyib başqa müsavatçı seçilib? Yox, seçilibsə deməli yenə hökümət onların haqqını tanıyır. Onda da sual yaranır: niyə İqbal Ağazadənin partiyasından bir adamın haqqı tanınırsa, mən hökumətin adamıyam, amma müsavatdan 5-nin, cəbhədən vaxtilə 7-nin haqqını tanınır onlar hakimyyətin adamları deyil?

Bu, məsələyə uzun illər Azərbaycan siyasətində işlənmiş metodlarla yanaşmalardır. Çox təəssüf edirəm ki bu tip yanaşmalarla Azərbaycan cəmiyyətinə xeyir verməyən, Azərbaycan cəmiyyətini parçalayan mövqelər ifadə olunur.

Çıxsın bir kişi Azərbaycan siyasətində, Azərbaycan müxalif təşkilatları içində - bu cür absurd fikirlərlə yox, - konkret bir nəfər çıxsın desin ki, İqbal Ağazadə sən filan dövrdə filan şeyi bu cür demisən, Azərbaycan iqtidarının mövqeyini bu cür demisən.

Azərbaycan müxalifəti içində yeganə Ümid partiyasıdır ki, 2 seçki dalbadal - bələdiyyə seçkilərində və rerferendumda - onun MSK və dairələrdə təmsil olunan nümayəndələri nəticələrə qol çəkməyib.

Xədicə İsmayılova: Prezident seçkiləri də olub.

İqbal Ağazadə: Prezident seçkiləri partiyanın mövqeyidir. Referendum və bələdiyyə seçkilərində nəticələri tanımayan nümayəndəmiz olub.

2000-ci ildə Xalq Cəbhəsinin nümayəndəsi tanıyıb, Müsavat tanımayıb.

2003-cü ildə Xalq Cəbhəsinin nümayəndəsi tanıyıb, Müsavatın nümayəndəsi tanımayıb. ADP – nin nümayəndəsi tanıyıb AMİP – in nümayəndəsi tanıyıb.

2005-ci ildə Xalq Cəbhəsinin nümayəndəsi tanımayıb, ADP-nin nümayənsədi tanıyıb, ADP-in nümayəndəsi tanıyıb.

Xədicə İsmayılova: Amma onlar tanldlqdan sonra o partiyaları təmsil etməyiblər.

İqbal Ağazadə: Bizim partiyada isə yalnız təmsil olunan dövr budur və tanımırlar.

Xədicə İsmayılova: Yəni prezident seçkiləri ərəfəsində sizin partiyanın ünvanına tənqidlər səsləndi.

Bu sizin prezident seçkilərində iştirakınızla bağlı idi. Sonra da prezident seçkilərinin nəticələrilə bağlı kəskin mövqe ortalığa qoymamağınızla bağlı idi.

Çünki bir çox müşahidəçilər orda saxtakarlıqların olduğunu, nəticələrin saxta olduğunu iddia edirdilər. Amma sizin partiyadan bu mövqe səslənmədi.

İqbal Ağazadə: Yanlışdır. Bizim partiyanın mövqeyi bu şəkildə səsləndi ki, seçkidə çoxsaylı problemlər olub, rəqəmlər olduqca şişirdilib, amma İlham Əliyevin qələbəsi haqqdır. Yəni mən seçkini udmamışam. Bu birmənalı idi.

Mən özümdən düzəldim ki seçkini udmuşam? Azərbaycan iqtidarı da, müxalifəti də, ictimai rəy də üzərimizə gəlmişdi. Nəticədə, topladığımız səslər bizim seçkinin qalibi olmağımız üçün yetərli deyildi. Demokratik cəmiyyət qurmaq istəyirik. Yalandan iddia edimmi ki mən udmuşdum?

Xədicə İsmayılova: Yenidən qayıtsaq həmin vaxta, prezident seçkilərində iştirak edərdinizmi?

İqbal Ağazadə: Yenə də iştirak edərdim. Çünki demokratiya prosesdir. Prosesin içində olaraq, prosesə qatılaraq getmək lazımdır.

Mən bayaq parlament seçkilərilə bağlı mövqe ifadə etdim. Parlament seçkilərində də yanaşma belə olmalıdır. Vahid namizəddən daha çox dairə namizədləri ətrafında blok formalaşmalıdır ki adamlar demokratik seçki prosesinin nə olduğunu anlasın. Adamlar demokratik seçki prosesinə sadiq olsun, şəxslərə yox.

Mən seçilmədim, mən səs almadın deyə nəticələri tanımıram kimi olmasın.

Mən bu gün 2005-ci ilin seçki nəticələrinə qayıdıram. Hər kəs, “Azadlıq” blokunun seçki qərargahının rəhbəri Pənah Hüseyn də bunu təsdiq edir ki, mən seçkini udmuşam.

Orda fərqli nəticə göstərib uduzan bir nəfər seçkinin nəticələrinə qol çəkmir ki, mənə mərkəzdən deyiblər qol çəkmə. Onda mənimlə iqtidarın nə fərqi oldu? İqtidar udmayaraq seçkinin nəticələrini satxalaşdırır, mən də olanı tanımıram?

Bu şəkildə yanaşma ilə demokratik cəmiyyət qurmaq olmaz. Demokratiya fəqrli şeydi, demokratiya prosesdi və sadiqlikdir. Bu sadiqliyi sona qədər nümayiş etdirə bilməyəcəksənsə, fərdi mövqelər qoyacaqsansa, iqtidar səndən daha yaxşı fərdi mövqe qoyur, öz maraqlarını güdür. Demokratiya toplumun maraqlarının müdafiəsidir, fərdlərin, partiyaların maraqlarının müdafiəsi deyil. Təəssüf ki Azərbaycan bu cür qəbul edir.

Xədicə İsmayılova: Nurəddin müəllim, buyurun.

Nurəddin Məmmədli: Iqbal bəyin bayaq səsləndirdiyi fikirlərdə xeyli həqiqət var, bunlar inkar oluna bilməz. Amma həqiqət olmayan məqamlar da var.

Məsələn, ən azı Xalq Cəbhəsi partiyasının MSK-dakı nümayəndəsi Mənsum bəy o protokolu imzalamadı. O fikirlə də razı deyiləm ki, kimsə parlamentə seçilibsə ona görə o boyda saxtakarlığa göz yumub o protokolları imzalamalıdır. Və kiminsə seçilməsini əsas götürüb o protokolları imzalamaq demokratiyaya xidmət deyil, saxtakarlığa haqq qazandırmaqdır.

Azərbaycan Xalq Cəbhəsi partiyasının ən azı 20-25 nəfər adam hətta seçki komissiyalarının özlərinin təqdim etdiyi protokollara görə seçki prosesini udmuşdu.

İqbal Ağazadə:Kim imzalayıb ki, onları, Nurəddin bəy, bizim nümayəndələr olmayıb ki?

Nurəddin Məmmədli: Sizin nümayəndədən söhbət getmir ey, mən prinsip etibarilə deyirəm. İndi onun içində 1 nəfər, 2 nəfər parlamentdə oturub, qalanlarının hüququnu pozmaq demokratiya kimi hesab edilmir.

Biz burda yersiz mübahisələr edirik və bu, mənim bayaqkı fikrimi təsdiq edir. Bax, hələlik partiyalar arasında birliklə bağlı diskussiyalar başlamamış artıq partiya tərəfdaşları arasında konflikt misilsiz bir səviyyəyə qalxıb. Ona görə deyirəm ki bu məsələ ictimailəşməməlidir.

Əvvəl müzakirə edilməlidir. Müxalifətçiliyi bu gün qınayan adamlara isə demək istəyirəm ki, müxalifətçilik missiyasının nə demək olduğunu dərk etmədən buna qiymət vermək olmaz.

Azərbaycanda belə bir tendensiya var. Elə bil ki, müxalifətçilik bir missiyadır. Nurəddin Məmmədli və bir qrup başqalarının üzərinə kimsə bu missiyanı qoyub ki, kimsə rüşvət alacaq, evində oturub rahatlığını təmin edəcək və polis dəyənəyindən uzaq duracaq, bu müxalifət adlananlar isə onları xilas edəcək. Onlar da gedib nazir müavini, nazir olacaqlar, bugünki hakimiyyətin apardığı siyasətdən bəhrələnəcəklər.

Xalqın öz missiyası var. Müxalifətin missiyası prioritetləri müəyyən etmək, vəzifələri müəyyən etmək, şüarları ortaya qoyub xalqı o şüar uğrunda mübarizəyə səsləməkdir.

Amma bütün bunların fonunda hesab edirəm ki, Azərbaycandakı bugünkü prosesləri tam qara rəngdə görmək də lazım deyil. Bayaqkı dinləyici düz deyir, ola bilsin ki 5-7-8 il əvvəl ən azı 100-150 min fəal müxalifətçi vardı. Bu gün bu funksioner müxalifətçilərin sayı 10 dəfələrlə azalıb.

Xədicə İsmayılova: O dinləyici soruşur ki, bu gün rejim sizi müxalifət sayıb, sizinlə hesablaşmırsa xalq niyə sizə inanmalıdır?

Nurəddin Məmmədli: Bu gün biz keyfiyyət dəyişkənliyini nəzərə almalıyıq. Mən bütün həyatımı bu yolda qoymuş adamam. Professor, müəllim deyiləm. Başqa missiyalarımı bir kənara qoyub bununla məşğulam. 5 il 7 il bundan əvvəl mən kimin üstünə gedirdimsə mənə deyirdi ki müəllim mən bir tikə çörəyimi qazanıb ailəmi saxlayım. Mənə müxalifətçi olmaq lazım deyil. Amma bu gün kütləvi bu adamlar mənim ayağıma gəlib deyirlər ki biz necə xilas olaq. əsasən orta təbəqəyə xas olan ziyalılar. Vaxtilə işləyib pul alırdılar. İndi onları hər tərəfdən sıxırlar. 75 manat təqaüd alırlar. Elmlər Akademiyasının prezidenti mətbuata açıqlama verdi ki 175 manat maaş alan professordan hansı elmi nəticə gözləmək olar. Bir də əlavə etdi ki, Akademiyanın həyətində duran polis professordan 2-3 dəfə artıq maaş alır. Bu həqiqətdir. Bu necə ola bilər. O adamlar vaxtilə haradansa qazanıb dolanırdılar. Bu gün bu imkanlar məhduddur. Xalq kütləvi şəkildə müxalifətləşib. Hər gün külli miqdarda rüşvət alanlar da təngə gəlib. Onlar da bu rejimin dəyişməsini istəyirlər. u gün Azərbaycana yeganə lazım olan şey stimuldur.

Xədicə İsmayılova: Bəs o stimulu kim verməlidir siz verməməlisinizmi?

Nurəddin Məmmədli: Stimulu biz verməliyik, amma təkcə biz yox.

Azərbaycanda situasiya elədir ki bu gün o stimul bir mərkəzdən verilə bilmir. Müəyyən maraqların üst-üstə düşməsi kontekstində elə bir situasiya yaranır ki, orada artıq sosial-ictimai tələbata çevrilir. Bu gün o yoxdur.

Müxalifət gedir mitinqlərə, döyülür, tutulur. Amma xalq daha əvvəlki kimi deyil. Deyir, 3-5 manatımı qazanıb ailəmi saxlayıram. Bu gün deyir, mən qazana bilmirəm. Qazandığımı da başıma döyüb əlimdən alırlar.

Xədicə İsmayılova: Bu o deməkdir ki, indi siz adamları səfərbər etməkdə daha çox imkana maliksiz?

Nurəddin Məmmədli: Biz səfərbər etməyə daha çox imkana malik deyilik. Amma o səfərbərlik əhval-ruhiyyəsi böyükdür.

Xədicə İsmayılova: Bəs hanı o adamlar?

Nurəddin Məmmədli: O adamlar Azərbaycan cəmiyyətidir.

Xədicə İsmayılova: Hanı? O adamları harada görmək olar? Deyirsiniz sizin yanınıza gəlirlər, deməli onların mövqeyini biz jurnalistlər hələ görməmişiksə, sizin yanınıza gəlirlərsə deməli siz onları səfərbər edə bilirsiniz?

Nurəddin Məmmədli: Onlar mənim yanıma ona görə gəlirlər ki, onlar vaxtilə mənə demişdilər ki, mən 5 manat pul alıb ailəmi saxlayıram, kimin hakimiyyətdə olması mənə maraqlı deyil.

Alimlər evini uçuranda mən ora getdim ki, onlara başsağlığı verib dərdlərinə şərik olum. Ağsaqqal bir kişi yeridi mənim üstümə. Dedi ki, mənim gözlərim səni axtarırdı ki, səndən üzr istəyim. Elmlər Akademiyasında 1993-cü ildə bizi bu gün gözləyən faciələri sən tribunadan deyəndə, ayaqlarını yerə döyüb qışqıranlardan biri də mən idim. O zaman sən dedin ki, tələsməyin, ağzınızı yerə sürtəcəklər, o zaman sizin akademikinizdən, professorunuzdan əsər əlamət qalmayacaq. İndi tez-tez səni xatırlayıb deyirik ki, o dövr yetişib, Nurəddin Məmmədli düz deyirdi. Biz o zaman elədiklərimizin bəhrəsini görməkdəyik

Xədicə İsmayılova: Nurəddin bəy, üzr istəyirəm, dinləyicilərin ismarıclarına bir də qayıdım.

Bəlkə seçkiləri Avropaya tapşıraq, görək qutulardan kimlər çıxır

Salam Azadlıq. Mənim sualım İqbal bəyədir. Müxalifətin birləşə bilməməyindən danışırsınız, prezident seçkilərində digər müxalifət partiyaları seçkiləri boykot etdi, bəs siz niyə etmədiz? Bəs bu seçkilərə girməkdə nə qazandınız? Düşünmürsünüz ki bu qərarla hakimiyyətin dərmanına su daşıdınız? İmza: Zamin.”

İqbal Ağazadə, sizin prezidentliyə namizədliyiniz vaxtında fikirləriniz debatlardan məlum oldu. Siz süni müxalifətsiniz. İmza: Gədəbəydən Səyyaf”

Müxalifətin birliyi bəzi özlərini müxalifət adlandıran qüvvələrin marağına ziddir. Əsl müxalifət lazım gələndə öz maraqlarını qurban verməyə hazır olmalıdır. Mənim sualım İqbal bəyədir, real müxalifətin birliyi sizin geri çəkilmənizdən asılı olsa siz bu addımı atarsınızmı? İmza: Bakıdan Mübariz”

İqbal Ağazadə: Mən hər üç suala cavab verim. Əvvəla prezident seçkilərində iştirak etmək hakimiyyətin dəyirmanına su tökməkdir? Bəyəm bizim digər müxalif dostlarımız prezident seçkilərində iştirak etmədilər? İki ildir prezident fəaliyyət göstərmədi? Demokratiya hərəkət deyil, demokratiya prosesdir. Proses gedir və prosesin içində daha çox qüvvə olsa, daha çox insan resursu prosesə cəlb oluna bilər.

Boykot bir dönəmdə, bir halda effekt verə bilər. Sən həddən artıq güclü olanda. Həddən artıq zəif olan dövrdə isə daha çox prosesin içində olmalısan ki, insanlar prosesə cəlb olunsun. Zəif olanda sənin boykot etməyin, prinsipcə, heç nəyi dəyişmir.

Güclü olanda isə o insanları geri çəkməyin hadisə yaradır. Az adamla hadisə yaratmaq mümkün deyil. İkinci prezident seçkilərində mövqeyimiz və münasibətimiz çox açıq idi. Bu barədə internetdən də, müxtəlif saytlardan da çıxışlar qoyulub, baxa bilərsiniz və nəticələri öyrənə bilərsiniz. Əgər bu fikirlərdən belə qənaət hasil olursa ki, bizim mövqeyimiz fərqlidir, mən o adamın düşüncəsinə və fikirlərinə şübhə ilə yanaşıram.

Xədicə İsmayılova: Amma öz aramızdır, mən fikir verdim ki, Nurəddin müəllim iki dəfə işlətdi bu ifadəni, siz dediniz ki, düşüncəsinə və fikirlərinə şübhə ilə yanaşıram. Və Nurəddin müəllim dedi ki, azacıq ağlı olan, siyasi təfəkkürə malik olan, yəni siz fərqli düşüncəyə dözümsüz yanaşırsınız? Yəni belə çıxır ki, bir az fərqli düşüncə və ya kəskin fikir qoyan adam bunun siyasi düşüncəsi yoxdur?

İqbal Ağazadə: Yox, çox dözümlü yanaşırıq. Sadəcə, mən heç kimə düşüncəsiz demədim. Müxalifətçiliyə doğru-düzgün qiymət verməsindən şübhəm var, düşüncəsinə yox.

Adamlar fərqli düşünə bilər. Amma müxalifətçiliyin özü də başını divara vurmaq deyil. Müxalifətçiliyin vəzifəsi nədir? Müxalifətçi sözünü deyir.

Bizdən bəzən fərqli şeylər gözləyirlər. Azərbaycan müxalifətini kateqoriyalara bölürlər. Çox təəssüf ki, siyasi liderlər, partiya rəhbərləri arasında da belə şeylər baş verir.

Nə baş verir? Kim səngər qazıb, harada səngər qazıb? Göstərin o səngəri mənə, Ümid partiyasının sədri olaraq Qarabağda səngərdə olduğu kimi o səngərə də girim.

Qardaşım, söz deyirik, ən radikal sözü parlamentdə də, parlamentdən kənarda da deyirik. Seçkilərin nəticələrinə münasibətimiz, birmənalı olaraq 2005-ci ildə hətta biz müxalifətin ümumi koalisiyasında olmasaq belə seçkiləri tanımayan bəyanatlar vermişik.

2008 -ci ildə də, etiraf edirəm bu gün də mövqeyimdə haqlı olduğum qənaətindəyəm. Mən demokratiya prinsiplərinə sadiq insanam. Mən adamı udmamışam. Mən necə iddia edim ki, mən udmuşam?

Biz seçkinin saxtakarlıqlarla, rəqəmlərin şişirdilməsi ilə keçirilməsi barədə partiyanın açıq mövqeyini qoymuşuq ortalığa və rəsmi bəyanat yaymışıq. Amma bununla belə adam udub seçkini. Nə deyilməlidir burda?

Xədicə İsmayılova: Adam deyəndə yəni kim?

İqbal Ağazadə: İlham Əliyev. Nə mövqe qoyulmalıdır? Seçkinin səhəri günü ANS-də Qabil Hüseynlə debatdaydıq. Mən ona sual verdim: seçkini mən udmuşam, yoxsa İlham Əliyev? Deyir, İlham Əliyev. Deyirəm, bəs mən nə deyirəm, mən də həmin şeyi deyirəm. Adam udub seçkini.

Nə deməliyəm? Bugünki prezident odur. Bu demokratiyaya sadiqlikdir. Sabah heç İlham Əliyev deyil, İsa Qəmbərlə rəqibəm mən, udmadım deyə, mən deyim ki, mən udmuşam. Bu təfəkkürü elə neçə ildir qanımıza yeridiblər. Neçə ildir, bu cür idarə edirlər. Biz bu idarəçiliyin əleyhinəyik. Fərqli idarəçiliyi qəbul etməliyik.

Xədicə İsmayılova:Bir “Azadlıq” blokunun 2005-ci il parlament seçkilərində əməkdaşlıq təcrübəsi var. Müstəqil müşahidəçilərin rəyinə əsasən, bu rəsmi nəticələrdə əksini tapmasa da, həmin blokun əməkdaşlığı onların qələbəsilə nəticələnib. Rəsmi müşahidələr, bir çox işlər hələ Avropa Məhkəməsindədir və onların nəticələri yəqin ki, nəvaxtsa bəlli olacaq. Amma ki, bu kifayət qədər, sırf proses baxımından uğurlu əməkdaşlıq kimi sayılırdı.

Bir problem vardı ki, seçkinin tanınması məsələsində partiyalarda fikir ayrılığı oldu. Bəzi partiyalar parlamentə getmək qərarını verdi, bəzi partiyalar getməmək qərarını verdi. Bu əməkdaşlıq təcrübəsindən çıxış edərək də parlamentə getmək məsələsinə necə baxırsınız?

Yəni o təcrübənin əsasında Nurəddin bəy?

Nurəddin Məmmədli: Əvvəlcə onu deyim ki, İqbal bəy bayaq dediyi fikirlərə alternativ olaraq demək istəyirəm ki, bizim İlham Əliyevin qələbə çalıb, çalmaması ilə bağlı mövqeyimizdə fərqlilik onunla əlaqədardır ki, yalnız normal, demokratik, ədalətli, bərabər şanslar əsasında keçirilən seçkinin qalibindən danışırıq.

Əgər bərabərlik şəraiti pozulubsa, ədalət yoxdursa, seçki komissiyaları hakimiyyətin monopoliyasındadırsa, cəbhəçilərin yüzlərlə müşahidəçiləri seçki məntəqələrindən döyülüb qovulursa, seçki məntəqəsində özünü hakimiyyətə loyal aparmayan adamı polis idarəsinə çağırılıb, polisdən qovulursa, məktəbdə işləyən müəllimə işdən azad edilirsə o seçkinin nəticəsində kiminsə qalib gəlməsindən necə danışmaq olar?

Xədicə İsmayılova: Nurəddin müəllim, dəyişibmi vəziyyət müsbətə tərəf?

Nurəddin Məmmədli: Qaldı sualın ikinci hissəsinə, mən bu gün Azərbaycan müxalifətinin keçdiyi yola baxarkən uğurlu hesab etdiyim və bayaq da qeyd etdiyim - “Azadlıq” seçki blokunun qələbəsidir.

O blok müxalifətin əsas güclərini birləşdirdiyinə görə, vahid namizəd siyahısı əsasında seçkiyə getdiyinə görə uğur qazanmışdı. Bu gün Azərbaycan əhalisi bunu bizdən tələb edir. Bundan kənarda uğur qazanmaq olduqca çətindir.

Bütün mübahisələr bununla bağlıdır ki, biz kimlərlə birlikdə olaq, biz hansı qüvvələrlə vahid siyahı əsasında seçkiyə gedə bilək. Bu barədə mənim mövqeyim birmənalıdır. Mənim siyahım hazırdır. Bu siyahı partiyada müzakirə olunub, mən demişəm, fərqli münasibətlər olub

Xədicə İsmayılova: Yəni şəxsən sizin siyahınız?

Nurəddin Məmmədli: Mən əlbəttə kağız qələm götürüb yazmamışam, mən demişəm ki, mən şəxsən müxalifət mövqeyində dayanan partiyalar kimi bunları görürəm. Bunlarla əməkdaşlıq etməyə hazıram.

Xədicə İsmayılova: Ümid partiyası var orda?

Nurəddin Məmmədli: Mən axı bayaq dedim ki, ad çəkməyəcəyəm. Bax, bu gün müzakirə getmir, amma artıq konflikt barışmaz bir ziddiyyət səviyyəsinə çatır. Məsələn, orada (efirə gələn SMS-ləri nəzərdə tutur) müsavatçı hesab etdiyim insan İqbal bəyi tənqid edir, cəbhəçi götürüb yazır ki, cəbhə tək getməlidir. Biz hadisələrdən bir qədər yüksəkdə dayanmalıyıq

Xədicə İsmayılova: Bu yazanların heç biri siyasi mənsubiyyətlərini yazmayıblar.

Nurəddin Məmmədli: Mən tərəfdarı dedim. Cəbhə tərəfdarı olmayan adam bunu yazmaz. Hər halda onun Cəbhəyə rəğbəti var və mən onu alqışlayıram və yanaşma da düzdür. Qaldı ki, bayaqkı sual, mən bütün fikirlərə dözümlü yanaşıram.

Dözümlü yanaşa bilmədiyim odur ki, AzadlıqRadiosunun efiri çox qiymətli efirdir. Siyasətdən başı çıxmayan, mücərrəd, müxalifətçilik anlayışından xəbəri olmayan, çoxpartiyalı sistemdən xəbəri olmayan adam yarım saat oturub orda zərərli ideyalar yayır.

Xədicə İsmayılova: Nurəddin bəy, müxtəlif adamların kimin ideyalarının daha zərərli olması ilə bağlı müxtəlif fikirləri ola bilər. Elnur adlı dinləryici yazır ki, bugünki müxalifətin vəzifəsi təkcə danışmaq deyil, ən azı bir milyon insanı mitinqə çıxartmaqdır. Bunu bacarsanız prezident olarsız. Belə fikirlər də deyirlər. Daha bir dinləyici Şəkidən yazır ki, o seçkidə dediyiniz adam udar da, mən seçkilərdə müşahidəçi idim və orda sizin nümayəndəniz o adamı təbliğ edirdi. Vaxtımız bitmək üzrədi.

İqbal Ağazadə: Mən çox qısaca onu deyim. Fikir səsləndi, müxalifət olmaq olmur, mən 2008- cə də bunu qeyd etdim, müxalifətçiliklə bağlı, müxalifət partiyası ilə bağlı tərəddüd edənlər, şübhə bildirənlər, onu deyim ki, bəylər, mən müxalifət olmaq uğrunda mübarizə aparmıram.

Mən iqtidar olmaq uğrunda mübarizə aparıram. Bu hakimiyyətin dəyişməsi və Ümid partiyası olmayacağı təqdirdə demokratik seçkilər nəticəsində yerinə gələnin haqqının tanınmasını istəyirəm. Bu, kiminçünsə yetərli deyilsə, onun öz problemidir.

Nurəddin Məmmədli: Mən bu 20 ildə, yaşımın qıvraq vaxtında, bu proseslərin içində olduğum vaxtda dünyanın heç bir yerində diktatura rejimində bir milyon adam mitinqlərə çıxmır, amma xalqlar müstəqil olur. Say əsas göstərici deyil. Bir də ki, bugünkü hakimiyyət o qədər güclü deyil ki, onu hakimiyyətdən uzaqlaşdırmaq uğrunda bir milyon adam küçələrə çıxsın. Elə bir siyasi situasiya yetişə bilər ki, bayaq dediyim o stimul ortalıqda ola bilər ki, bu hakimiyyəti müdafiə üçün 10 nəfər adamı tapıb bir yerə toplamaq mümkün olmasın.

Bu hakimiyyət o qədər zəif, o qədər qorxaq və intiqamçı rejimdir ki, bunu yıxmaq üçün milyonlara ehtiyac yoxdur. Situasiya yetişəcək və proses də öz normal sonluğuna çatacaq. Mən buna əminəm.

Xədicə İsmayılova: Və beləliklə hörmətli dinləyicilər, müxalifətin birliyi mümkündürmü sualına cavab axtarırdıq bu gün. Ümidverici bircə şey eşitdik ki, o vaxt ki, biləcəklər necə? Onda da biləcəklər ki kimlə. Bu sualların cavabı tapılacaq. Hələ ki bu suallara cavab yoxdur.

XS
SM
MD
LG