Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:49

Neft üstündə oturub təzək yandıranlar


Neftçalada alternativ enerji
Gözlə

No media source currently available

0:00 0:04:17 0:00
Direct-ə keçid

Neftçalada alternativ enerji

Neft buruqlarının, mancanaqlarının ortasından keçən bu yol düz Neftçalanın Yeni Qışlaq kəndinə gedib çıxır. Bu kəndə həm də Xan Qışlaq deyirlər. Kənd ağsaqqallarının dediyinə görə, qədimlərdə burda xanlar, bəylər yaşayıb, elə özlərini də həmin bəylərin nəsilləri hesab edirlər.

ULU BABALARI BU KƏNDDƏ NECƏ YAŞAYIB?

Kənd ağsaqqalı Xanoğlan kişi deyir ki, onun yaşı imkan vermir bu barədə nə isə desin, amma bir onu bilir ki, indi onların yaşayışı insan yaşayışı deyil. Kəndə gedən yolun hər iki üzündə boruyla ətrafdan çıxan neft, qaz limana ötürülsə də kənd qaz üzünə həsrətdir. Kənddə evləri də təzək, kərmə ilə isidirlər, yeməyi də kərmə, təzəklə bişirilər. Bu, bütün həyətlərdə yığılan təzək, kərmə tayalarından da yaxşı başa düşülür. Bir tərəfdə dayanmadan neft çıxaran mancanaqlar, bir tərəfdə isə təzək, kərmə qalaqları. Kənd sakinləri zarafatla deyillər ki, kimin təzək qalağı böyükdürsə, həyətində təzək çoxdursa, o adamı kəndin ən imkanlı adamı saymaq olar.

Yeni Qışlaqlılar yaxınlıqdakı neft mədənlərindən çıxarılıb lap uzaqlara ötürülən neftin qazın xeyrini görməsələr də buruqların ətrafındakı mazut gölməçələri əllərindən yaman tutur.

Xanoğlan kişi təzəyin necə hazırlanmasından danışır

Xanoğlan kişi deyir bu mazut olmasa sobanı heç cür yandıra bilməzlər, sobanı neftlə yandırmaq isə imkan xaricindədir.

PREZİDENTƏ MÜRACİƏT ETMƏYİN NƏ MƏNASI VAR?

Belə bir yaşayışdan bezən kənd sakinləri bir neçə gün əvvəl bütün camaatın imzasıyla ölkə prezidentinə müraciət eləməyi qərara alıblar. Amma elə təzə başlayıblarmış ki, kənd icra nümayəndəsi Malik Rəcəbov camaatın bu planından xəbər tutub. Tez də imza yığılmasının qarşısını alıb. İcra nümayəndəsi deyir ki, onsuz da kəndə 2012-2013-cü illərdə qaz çəkilməsi planları var.

Elə bu səbəbdən də Malik Rəcəbov deyir ki, belə bir ərəfədə yenidən prezidentə müraciət etməyin nə mənası var. Amma hər şey imza toplanmasının qarşısının alınmasıyla bitməyib. İmza toplayanlar bir-bir polisə çağırılıblar. Neftçala rayon polis şöbəsinə aparılanlar içərisində kəndin elektriki Təvəkkül Abbasov da olub. Onun anası 72 yaşlı Azad Abbasova soruşur ki, niyə qaz, işıq istəyən adamı polisə apararlar.

PENSİYA ÜMİDİNƏ EV QIZDIRILARMI?

Yeni Qışlaq kəndində qaz bir yana camaat elektrik enerjisinin fasilələrlə verilməsindən də şikayətçidirlər.

Kənd sakinləri deyir ki, pensiya ümidinə yaşayan adamların elektrik enerjisilə ev qızdırması mümkünsüz bir işdir.

Hələ də prezidentə gedib çatmayan məktubda isə kənd sakinləri kimdənsə şikayət etmirlər, sadəcə prezidentin ölkədə gördüyü işlər təriflənir və bir cümlə ilə deyilir ki,

Kənd sakinləri hələ ki, inəklərə minnətdardırlar

«cənab prezident xahiş edirik bizim yanımızdan havaya buraxılan səmt qazının bizim kəndə yönəldilməsinə sərəncam verəsiniz». Kənd sakini Təvəkkül Abbas deyir ki, kəndin girəcəyinə qədər qaz kəməri çəkilsin, qalan bütün işləri camaatı özü həll edər.

BİRDƏN YAĞMADI YAĞIŞ, BİTMƏDİ QAMIŞ

Nə qədər ki, kəndə qaz çəkilməyib Yeni Qışlaqlılar deyir o vaxta qədər onları soyuqdan donmağa qoymayan inəklərə minnətdardırlar. Kənd ağsaqqalı Xanoğlan kişi deyir hələ kəndə qaz nə vaxt çəkiləcək məlum deyil, ona görə də işlərini möhkəm tutub təzək istehsalını davam edəcəklər. El məsəlində deyildiyi kimi, birdən yağmadı yağış, bitmədi qamış.

Kənd sakinləri deyirlər ki, prezidentə hökmən müraciət edəcəklər. Çünki problemləri təkcə istiliklə bağlı deyil. Bu kənddə içməli su tapmaq da müşkül məsələdir. Yay aylarında çürüyüb deşilmiş borularla kəndə verilən içməli su qış aylarında bir dəfə də olsun gəlmir. Pulu olanlar bir maşını 10 manata içməli su ala bilsə də pulu olmayanlar yaxınlıqdan keçən Qobu kanalının çirkli suyuna ümidlidirlər.

Sakinlər deyirlər ki, yollarından da danışmağa dəyməz. Neft buruqları arasından keçib kəndə doğru gedən yolu sakinlər 21-ci əsrə utanc gətirən bir yol adlandırılar.

İCRA NÜMAYƏNDƏSİNİ GÖRDÜM DEYƏN OLMADI

Bu kənddə içməli su tapmaq da müşkül məsələdir

Kəndin icra nümayəndəsi Malik Rəcəbovu da kənddə çox axtardım, amma tapa bilmədim. Kənd icra nümayəndəsinin qapısından qıfıl asılmışdı. Kənd adamlarının dediyinə görə, icra nümayəndəsi bazar günləri işdə olmur. Onu yaşadığı, qazı, işığı daimi olan Həsənabad kəndində də axtardım, amma gördüm deyən olmadı.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2009-cu ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında Azərbaycanda qazlaşmanın hardasa 85 faiz təşkil etdiyini bildirib. Amma o, belə bir faizə böyük şəhərlər hesabına nail olunduğunu deyib.

Prezident deyib ki, rayonlarda, rayon mərkəzləri və rayon mərkəzlərinə yaxın kəndlər qazlaşdırılıb, qalan kəndlərdə qaz yoxdur. İlk növbədə, bu məsələlər həll edilməlidir.

Neftçala rayonu Yeni Qışlaq kəndinin sakinləri elə prezidentin bu çıxışından sonra ürəklənib prezidentə müraciət etməyi qərara alıblar. Yeni Qışlaqlılar təzək, mazut yox, evlərinin yaxınlığından keçən və kilometrlərlə uzağa gedən Azərbaycan qazının istisinə qızınmaq istəyirlər.

XS
SM
MD
LG