Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:58

Kamran Nəzirli "Erməni gəlini" (HEKAYƏ)


Harri adəti üzrə bir-iki ağız hürdü; bir qədər susduqdan sonra yenə hürdü...sonra mırıldadı, mırıldadı, daha mırıldamadı; başladı ulamağa.

Kənd yeri olsaydı, o biri itlər də amana bənd kimi Harriyə qoşulub hürər, sonra xoruzlar banlayar, ağacların kəlləsinə dırmaşan beçələr yerə qonub gic kimi ora-bura qaçışardılar; hələ həyətdə nə qədər heyvan-zad varsa, onlar da narahat-narahat Harrinin hürüşünə diqqət kəsilərdi.

Amma heyvanat aləminin belə adi məişət hadisəsi kənddə baş verir.

Harri isə şəhərin düz göbəyində, cəhrayı rəngli hündür göydələn binanın mənzillərinin birində onun üçün ayrılmış geniş, işıqlı otaqda yaşayırdı.

Dünən axşamçağı iti dəlləyə aparmışdılar, göz-qaşını basmış tüklərini qayçılatdırıb gətirmişdilər evə, vannada şampunla yumuşdular...

Küçük elə bil anadan təzə doğulmuşdu, geniş otaqlarda sahibəsi Anjelaya, onun qızı Nərminəyə nazlana-nazlana o tərəf bu tərəfə qaçır, gah da gəlib islanmış bədənini ananın cavan qızlara məxsus çılpaq, ağappağ qıçlarına sürtürdü.

Mənzilin rahat və şən əhval-ruhiyyəsi itin qəlbini riqqətə gətirmişdi; o da bütün günü başını içi pərğu dolu yumşaq döşəkçəyə qoyub arxayın-arxayın mürgü vururdu. Lakin necə oldusa, gecənin bir yarısı it birdən-birə narahatlıq duydu, mırıldanıb hürdü.

Nə duymuşdu görəsən? Harri gah pəncərəyə yaxınlaşıb gözlərini yazıq-yazıq göyə zilləyir, gah dönüb oturur, sonra da sürünə-sürünə divar dibi boyu astaca zingildəyirdi.

Mənzil sahibi Məmməd yerində qurcalandı; dənizə baxan yataq otağındakı tünd-qəhvəyi enli taxt bir neçə dəfə yüngülcə cırıldadı, cırıldadı, daha cırıldamadı. Onun yaşından xeyli cavan görünən qırmızı sifəti könül rahatlığına bələnib yenə gecənin daş yuxusuna qərq oldu.

Arvadı Anjela da bərk yatmışdı. Ər-arvad sevimli Harrinin narahat zingiltilərini eşidə bilmədi.

Bir azdan Harri yenə hürdü və geniş otağın o baş bu başına mırıldana-mırıldana gəzişməyə başladı. Küçük belə edən deyildi. Hələ indiyədək binanın heç bir sakini onun səsini eşitməmişdi. Bu itə nooldu birdən-birə?!

Baş tərəfdəki otaqda Məmmədlə Anjelanın yeganə ciyərparələri Nərminə yatmışdı.

Təxminən 24-25 yaşlarında olan bu qızın zərif çöhrəsi təbəssümlə yanırdı; üzündə elə bir xoşbəxtlik və rahatlıq vardı ki, deyirdin bəs, bax bu dəqiqə yuxuda Şah Abbasın oğlunu görür. Amma o, Şah Abbasın oğlunu yox, bəlkə də Musanı görürdü.

O Musanı ki, onunla evlənəcəyini, bir neçə gün bundan qabaq Nərminəyə elçi gələcəklərini bildirmişdi.

Hə, deməli, elə srağagündən elçi məsələsi ortaya çıxandan, Anjela evdə əl-ayağa düşmüşdü. Elə Məmmədin özü də yeganə qızına elçi gələcək ailəni layiqli qarşılamaq üçün tədarük görməyə başladı.

Dünəndən bütün günü işlədilər; Məmməd yaxşıca bazarlıq elədi; Anjela qulluqçuyla bahəm ev-eşiyi səliqə-sahmana saldı; müxtəlif cür giləmeyvə yuyub soyuducuya qoydular; bahalı qab-qacaqları təmizləyib əl çatan yerə düzdülər ki, səhər qonaqlar gələndə ora-bura qaçmasınlar.

Axşamçağı Anjela Harrinin başını sığallaya-sığallaya narahatlıqla ərinə dedi:

- Mamed, bəlkə küçüyü aparasan bağa, Gülağaya tapşırarsan baxar... Evdən iy gəlir, yaxşı deyil...

- Lazım gəlsə bağlayarıq otağının qapısını...-deyə Məmməd ikibaşlı cavab verdi.

Harri bir-iki ağız hürdü; deyəsən söhbətin onun barəsində getdiyini duymuşdu. Sonra vədinə əməl etməyən atadan küsən uşaqlar kimi başını aşağı sallayıb öz otağına çəkildi.

Saat on birə yaxın Harri kimi Anjela da nədənsə həyəcanlandı.

Əslində, Anjelanı narahat edən tamam ayrı məsələydi və bunu hamıdan gizlətməyə çalışsa da üzündəki gərginlikdən sezmək olurdu. Bu gərginlik son iyirmi ildə onu qarabaqara izləmişdi. Onun ailə həyatını gah təlatümlə, gah qorxu və məzlumluqla, gah da arxayınçılıqla gəmirirdi.

Düzdür, Məmməd, onun sosial statusu Anjelanı bu illər ərzində əl içi kimi qorumuşdu.

İlk vaxtlar Anjelaya bu, daha çox lazım olurdu.

O, erməni qızıydı və doxsanıncı ildə coşmuş kütləni öz gözləriylə görmüşdü, bu başıpozuq kütlənin qəzəb, nifrət dolu gözündən yayınmaq üçün təkcə Məmmədin sevgisi kifayət deyildi. İnan Allaha, qapı qonşusu Südabə xala olmasaydı və onu mənzilində gizlətməsəydi, bilmək olmazdı onun axırı nə ilə qurtaracaq.

O günlər sovuşub getdi; indi həmin o azğın kütlə yoxdu, mühit kövrək olsa da, həyat nisbətən sakit axarla gedir.

Lakin qızı Nərminənin həddi-buluğa çatmasından sonra ona təkcə Məmmədin ictimai mövqeyi və sevgisi yox, həm də ətraf mühitin sağlam münasibəti gərək idi.

Anjela bu illər ərzində sanki ilk dəfəydi ki, sağlam münasibət barədə düşünürdü. Sağlam münasibət nə olan şeydi görəsən?

Necə olub axı, əvvəllər bu barədə fikirləşməyib? Hə, cavan idi, ehtiraslı idi, başı Məmmədlə sevgiyə qarışmışdı, həm də o, heç anadan olandan bilmirdi ki, bu sağlam münasibət nə olan şeydir.

Doğrudur, əvvəllər çölə-bayıra tək çıxanda onu görüb-tanıyanlara rast gəlirdi, bəzən nifrətlə “çıx get xarabana” deyənlər də olurdu. Bu səbəbdən neçə dəfə ev dəyişmişdilər; ev, ünvan dəyişirdi, amma xofu, qorxu hissini qəlbindən çıxara bilmirdi.

“Nə üçün dünya birdən-birə dəyişdi? Kim elədi bunları? Rus, erməni, türk, ingilis...

Hansının üstünə yıxasan? Nə elədisə, o Ruben köpəyoğlu elədi, camaatı qızışdırdı, özü də qaçıb getdi Los Ancelesə...”

Anjela düşünürdü ki, Allah hamını bərabər yaradıb, heç kəsə nə torpaq verib, nə də milli mənsubiyyət... Yer kürəsi hamınındı.

Hamıya da İnsan kimi yaşamaq üçün möhlət verilib... Bu millətlər Allahın xeyirxah əmrindən çıxırlar, azğınlaşırlar, insaniyyətlərini itirirlər. Nolacaq bunların axırı? Qadın hərdən hər şeyə tüpürüb özünü öldürmək istəyirdi. Amma qızı Nərminə gözünün qabağına gəlib duranda bundan vaz keçirdi.

Bir neçə il bundan qabaq Məmməd Hollandiyadan Anjelaya bir it gətirdi;baxıcı bir qadın demişdi ki, Anjelanın qəlbindəki qorxu-hürkünü çıxartsa, bu it çıxaracaq. Belə də oldu. İtə Harri adı qoydular.

Bu da Anjeladan oldu; orta məktəbdə onun Harri adında bir fizika müəllimi vardı, qızı gözümçıxdıya salırdı. Elə buna görə də nə onun fənnini, nə də özünü sevmirdi. Adı xoşuna gəlirdi, vəssalam. Anjela iti sevməyə başladı.

Nərminə ilk günlər quzu boyda olan küçükdən iyrənirdi. Sonra o da öyrəşdi, anası kimi Harriyə nəvaziş göstərməyə başladı. Beləliklə, bu it gələndən ailənin bütün məişət-sosial rahatlığı sahmana düşdü.

Hərdən Məmməd deyirdi ki, “Allah falçı Nəzirədən razı olsun, evdə it nə yaxşı şeymiş!” Ötən ilin sonunda iş yerindən Məmmədə təzə binada mənzil verdilər; Məmməd mənzili düz altı ay təmir elətdirdi, sonra da köçdülər. Əvvəlki mənzillərini isə xaricilərə kirayə verdilər. Ailənin qorxusuz-hürküsüz günləri başladı.

Əslində neçə illər idi ki, onlara gözün üstə qaşın var deyən də yox idi.

Lakin bayaq dediyim kimi, səksəninci illərin sonu-doxsanıncı illərin əvvəllərində Ermənistandan zorla qovulmuş yüz minlərlə azərbaycanlı gələndən sonra Bakıda vəziyyət xarablaşdı.

Camaat ermənilər yaşayan mənzillərə basqın etdi, qovulan qovuldu, qaçan qaçdı...

Məmməd üç il idi ki, evlənmişdi, Anjelayla bir-birlərini sevirdilər. Anjelaya təsəlli verən Məmmədin sevgisiydi, bu sevgi də onu qorudu; onu pis əməllərdən qorudu, ona xətər gətirmədi. Bu sevgi onlara Nərminəni bəxş elədi. Beləcə, ailə dağılmadı.

Camaatın qəzəbi bahar yağışı kimi bir şeydi, yavaş-yavaş kin-küdurəti unutdu; bütün bunlara baxmayaraq, yenə olsun, Anjelanın erməniliyini sübut edən rəsmi sənəd Məmmədin təklifiylə dəyişdirildi; onun familiyası təzə pasportda Mamukyan yox, Mamayeva oldu. Bu da belə... hər şey yoluna düşdü.
Bu təzə mənzilə köçəndən ailənin xeyir-bərəkəti də artmışdı.

Nərminə Universiteti bitirdi, magistraturaya girdi, Musayla tanış oldu və cavanlar biri-birinə aşiq oldular. İndi dünya əgər sevgiydisə, o da yalnız onların idi. Nərminə ilə Musanın idi dünya. Leyli və Məcnunun adı çıxıb, bu cavanları qol-boyun görənlər belə deyirdi. Hər şey gözəl idi...

Gecə yarı Nərminənin qulağının dibindəki telefon cingildədi.

O, dərhal oyanıb telfonu götürdü, əslində buna öyrəncəli idi. Bax beləcə hər gecə fasilələrlə də olsa Musanın zəngləri ara vermir, bəzən sevgililər səhərədək danışırdılar. Bu dəfə Musanın sərt və soyuq səsi Nərminəni həqiqətən üşütdü. O, həyəcandan kəkələdi:

- Sən nə danışırsan? Necə yəni gedirik?
- ...
- Bəs sizinkilər?
- ...
- Axı bizimkilər bilmirlər?
- ...
- Musa, bu, yaxşı iş deyil...
- ...
- Əlbəttə, sevirəm...
- ...
- Əlbəttə, mən də hər şey edərəm....
- ...
- Hmmm... (ağlaya-ağlaya). Mən də... səni heç kimə dəyişmərəm....
- ...
- Yaxşı... mən də...
Az öncə qızın zərif və ətirli nəfəsinə bürünən otaq hıçqırtılarla doldu.

Bayaqdan o tərəf bu tərəfə vurnuxan Anjelanın da yuxusu ərşə qalxmışdı; o, qarışıq fikirlərin caynağından qurtulmamış qulağına səs dəydi. Bu, qızının hıçqırtılarıydı.

Ana cəld yerindən durdu, elə gecə paltarındaca qızın otağına girdi.
- Nora (o, qızını həmişə belə çağırardı), niyə ağlayırsan?- deyə titrəyən əlini üzüqoylu uzanmış Nərminənin saçlarında gəzdirdi.

- Onlar gəlməyəcək...

- Kimləri deyirsən?

- Musagili...

- Bunu sənə kim dedi? Nə üçün gəlməyəcəklər?

- Musanın atası sənin erməni olduğunu bilib...

- Başıma xeyir! Bu hardan çıxdı belə?!

- Deyir, mən oğluma ermənidən olan qız almaram...

Anjela bir anlıq udqundu. Bu dəqiqə onun əsəbləri və həyəcanları elə bir nöqtəyə gəlib çatdı ki, nitqi qurudu, bilmədi qızını necə sakitləşdirsin. Lakin qadın özünü ələ ala bildi, titrək səslə dedi:

- Ürəyimə dammışdı... Bilirdim ki, belə olacaq... Mamedi də qoymurdular mənimlə evlənməyə. Amma biz heç kəsin sözünə məhəl qoymadıq... Evləndik... Kaş heç...

- Musa yaxşı oğlandı, ana...

Deyir ki, o, hər şeyə hazırdı... Bütün bu elçi-filan, dəm-dəstgah, üzük-nişan mərasimi nəyə lazımdı axı?- deyə qız çarpayıdan qalxıb cəld hərəkətlərlə paltar dolabına sarı yeridi.

Anjelanın gözləri dolmuşdu, bu saat heç nəyin fərqində deyildi, ağlına yenə min cür fikir gəlirdi. Birdən qızının paltarlarını camadana yığdığını gördü, heyrət içində soruşdu:

- Hara belə?

- Ana, biz gedirik... Musa aşağıda gözləyir...

- Nora, dəli olmusan? Gecə vaxtı?... Atan bilsə...

- Atamı durquzma, ana... Xahiş edirəm... Bizə mane olmayın... Biz öz qərarımızı vermişik...

- Axı siz bu gecə vaxtı hara gedəcəksiniz? Bu nədir, Nora, mən yuxu görürəm yoxsa? Qızım, canım, gözüm, belə etməyin... Birtəhər yoluna qoyarıq... Qoy bir səhər açılsın... Görək Mamed nə deyir?

Nərminə heç nə eşitmirdi, təkərli çamadanın ağzını bağlayıb iti addımlarla qapıya tərəf yeridi.

Ayaqqabılarını geyinib sanki son dəfə baxırmış kimi yarımqaranlıq dəhlizə göz gəzdirdi; sonra yataq otağının bağlanmış qapısına, daha sonra isə donmuş göz yaşlarıyla kirimişcə yazıq-yazıq ona baxan anasının boynunu qucaqladı, pıçıltıyla dedi:

- Bizdən narahat olmayın! Hər şeyi ölçüb-biçmişik, özümüzdən xəbər verəcəyik... Siz öz problemlərinizi özünüz həll edin...

Anjela heç nə eşitmirdi. O, qızının nə vaxt getdiyini, nə vaxt qapını bağladığını, nə dediyini belə xatırlamadı.

Elə bil hansı əcayib qüvvəsə gəlib girmişdi onların mənzilinə, səhərdən bəri onların ruhları ilə oynamış, sonra da əl-qollarını, dil-ağızlarını bağlamış, evə ölü bir sükunət gətirmişdi.

Bircə o biri otaqdakı Harrinin zəif zingiltilərini eşidə bildi. Anjela hövlləndi, onun yerində kim olsaydı bəlkə də dəli olardı. İstədi əri yatan otağın qapısını açıb var qüvvəsi ilə qışqırsın, haray salsın.

Bunu edə bilmədi. Əlləri, sonra bütün bədəni əsdi. Gah mətbəxdə, gah da vanna otağında nəsə axtardı.

Adi vaxtlarda o zəhrimar əşyanın yerini əzbər bilirdi, indi azı on dəfə ona baxdı, amma görmədi... Budur, lənət şeytana, tapdı! Nə yaxşı tapdı onu, ruhunu dincəldə bilən, ona əbədi təskinlik verə biləcək bir şey!

Bütün günü əcayib və qorxunc kabusun dolaşdığı evin cansız ölüm vasitəsi... Anjela vanna otağının qapısını açıb içəri girdi...

Harri dəhlizə çıxmışdı, bu dəfə daha bərkdən zingildəməyə başladı. Əvvəlcə vanna otağının qapısına bir-iki ağız hürdü, sonra Məmmədin yatdığı otağın qapısını qabaq pəncələri ilə araladı, lap bərkdən hürməyə başladı.

Məmməd gözlərini ovuşdura-ovuşdura Harriyə açıqlandı, sonra Anjelanı səslədi. Məmmədin birdən-birə dalağı sancdı, sinəsində çırpınan ürəyində sanki şimal küləkləri əsdi. Mənzildən hüzn qoxusu gəlirdi. Kişi dəhlizə cumdu. Vanna otağında damarını kəsmiş Anjelanı qan içində görəndə dəhşətə gəldi...

Anjelanı təcili yardım maşınına qoydular.

Məmməd hələ nə baş verdiyini anlamırdı; bu işlər - həkimlərin gəlməsi, Anjelanı tələsik maşına yerləşdirmək, evdən idman kostyumunda çıxıb təcili yardım maşınında arvadının böyründə oturub onun qapanmış gözlərinə təşvişlə baxmaq... o qədər sürətlə baş verdi ki, qapı-pəncərələri də bağlamadı. Nərminə də yaddan çıxdı.

Ona elə gəlirdi ki, Nərminə hələ yuxudadır. Qoy yatsın, uşaq bilməsə yaxşıdı, qorxa bilər...

Təcili yardım maşını hündürmərtəbəli binanın qarşısından tərpənmək istəyəndə qəflətən göydən quzu boyda bir cəmdək düşdü.

Sürücü diksindi, həkimlər bayaq mənzildə gördükləri itin qan içində çabaladığını görüncə çimçəşdilər, həyətdən kimsə tükürpədici səs çıxartdı. İt məhzun gözlərini maşının pəncərəsinə zillədi, son dəfə zingildəyib gözlərini yumdu.

Məmməd maşının pəncərəsindən çirkli pərdəni aralayıb zavallı Harrinin qana bulaşan cəmdəyinə baxanda əti ürpəşdi, sonra gözlərini yumdu ki, bu kədərli mənzərəni görməsin.

Təcili yardım maşını xəstəxanaya çatanda Anjela artıq gözlərini açmışdı.

2007-2009

“Azərbaycan” jurnalı
XS
SM
MD
LG