Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:37

AXCP sədri Əli Kərimli ilə söhbətin tam mətni


AzadlıqRadiosunun efirində "İşdən sonra" proqramına qoşulan AXCP sədri Əli Kərimli Parlament seçkiləri ərəfəsində partiyaların bu prosesə hazırlıq vəziyyəti haqda danışır, aparıcı Xədicə İsmayılovanın və dinləyicilərin suallarına cavab verir

Xədicə İsmayılova

- Əli bəy Sizi salamlayıram.

Əli Kərimli:

- Çox sağ olun. Mən də Sizi salamlayıram.

Xədicə İsmayılova

- Günün əsas hadisəsindən başlayaq ki, Bənənyar kəndində baş verənlər haqqında sizin də fikrinizi bilmək maraqlı olardı. Bilirik ki sizin partiyanın Culfa rayon təşkilatının sədri də həbs olunanlar arasındadır.

Əli Kərimli:

- Çox təəssüf ki, digərləri ilə yanaşı Xalq Cəbhəsinin rayon təşkilatının sədri Rza müəllim iki övladı ilə birlikdə qanunsuz olaraq həbs olunub. Bizim, Azadlıq bloqunun hələ dünən Bənənyarda baş verənlərlə əlaqədar olaraq xüsusi bəyanatı oldu. Bənənyar kəndində bu gün baş verənlər insanlığa yaraşmayan hərəkətlərdir. Adam təsəvvür edə bilmir ki, bütün bunların hamısı bu gün, 21 – ci əsrdə baş verir. Sanki qorxulu yuxular kimi təsəvvür olunur bütün bu baş verənlər. Yeri düşmüşkən demək istəyirəm ki, bu baş verənlər əslində Azərbaycanda mövcud olan hakimiyyətin idarəetmə haqqında səmimi təsəvvürlərini ortaya qoyur. Bilirsiniz, Bakıda biz gördüklərimiz bu hakimiyyətin məqsədlərinin tam səmimi reallaşması deyil. Burada çoxlu sayda diplomatlar var, beynəlxalq təşkilatların təmsilçiləri var, beynəlxalq KİV var, nəhayət bu qədər savaşdan sonra hələ də ayaqda qalan siyasi partiyalar və KİV nümayəndələri var. Ona görə də hakimiyyət tam istədiklərini, tam məqsədini Bakıda bərqərar edə bilmir. Amma xəyallarındakı idarəetməni artıq Naxçıvanda qurublar. Və o idarəetmə ondan ibarətdir ki, azacıq etiraz edən kəndin üzərinə hərbi texnika göndərirlər. Xüsusi təyinatlı polislər göndərirlər, daxili qoşunlar göndərirlər. İnsanları qadın, uşaq, yaşlı demədən o şəkildə zülm edirlər, işgəncə verirlər. Həddindən artıq biabırçı hadisədir. Bütövlükdə Azərbaycan xalqına, hamımıza utanc gətirici hadisədir ki, bizim günümüzdə, bizim gözümüzün qarşısında belə hadisələr baş verir.

Xədicə İsmayılova

- Eyni zamanda da Yeni il gələn kimi bu cür hadisələrin ardıcıl baş verməsi bir gözlənti yaradır ki, haradasa bu ölkə üzrə dinamikanı artıra bilər və siyasi fəallığı artıra bilər.

Əli Kərimli:

- Bu özünəməxsus şəkildə hökumətin parlament seçkilərinə hazırlığıdır. Müxtəlif bəhanələr gətirəcəklər, ən müxtəlif bəhanələr uyduracaqlar, amma hadisələri izləyən insanlara aydındır ki, bunların hamısı bir bəhanədir. Məqsəd şüurlu şəkildə ölkədə insanlara qarşı total qorxu yaratmaqdır. İnsanların öz hüquq və azadlıqları uğrunda mübarizə aparmasına heç bir şans verməməkdir. Bütün demokratik qüvvələri, fəalları, ictimaiyyət nümayəndələrini, mətbuat nümayəndələrini elə bir həddə salmaq istəyirlər ki, heç kim parlament seçkiləri barədə düşünə bilməsin. İnsanlar bu gün birtəhər başlarını qoruyub, salamat saxlamaq barədə düşünsünlər. Bu günki çörəklərini və bu günki salamatlıqlarını düşünsünlər və daha artıq iddialara düşməsinlər. Bu hökumət tərəfindən özünəməxsus taktikadır. Məqsəd həm Azərbaycan cəmiyyətini qorxudub parlament seçkilərində gözlənilən, ehtimal edilən aktivliyin qarşısını almaqdır, həm də dünya birliyini qorxudub, şantaj edib – bizdən daha artıq demokratiya tələb etməyin, bu günki vəziyyətlə razılaşın, yoxsa bundan da betəri olar Azərbaycanda şantajını etməkdir.

Xədicə İsmayılova

- Bəs bu məsələnin dini çalarlar alması sizdə hansı təəssürat oyadır, yəni məsələnin sırf Aşura mərasimi ilə əlaqəli olması, polisin Aşura mərasimində iştirakla bağlı kəndə daxil olması, polislə insanlar arasında narahatlıq doğuran ünsiyyətin başlanması sizcə bu necədir? Bu səbəbdirmi? Biz bu gün millət vəkilləri ilə də söhbət edirdik, məsələn Əkrəm Əylisli dedi ki, o Aşura mərasimi ilə bağlı olan hər hansı məsələ haqqında heç nə demək istəmir. O dedi ki, mənim bu mərasimdən xoşum gəlmir. Sizcə bu cəmiyyətin bu olaya münasibətini şərtləndirməlidirmi?

Əli Kərimli:

- Bilirsiniz, burada iki fərqli məsələ var. Biri ondan ibarətdir ki, bu ölkədə mövcud konstitusiya, dini – etiqad azadlığı haqqında qanun Azərbaycan vətəndaşlarının dini – etiqad azadlığını təmin edir. Azərbaycanda hər bir vətəndaşın istənilən dinə inanmaq, dini ayinləri yerinə yetirmək hüququ var. Bu vətəndaşların hüququdur. Konstitusiya ilə təminat verilən hüquqdur. Kim istəmir inanmasın. Kim istəyir inansın onun da inancına hörmətlə yanaşılmalıdır. Bu birinci məsələ. İkincisi, çox maraqlıdır ki, xeyli müddət bundan əvvəl hakimiyyətə yaxın olan bir sıra politoloqlar, ekspertlər belə bir fikirdə idilər ki, Azərbaycan hakimiyyəti Azərbaycanın gələcək inkişaf strategiyasını şərti olaraq Misir variantı deyilən variantla davam etdirsin. İndi biz çoxumuz belə planlar qururuq, Azərbaycan hökuməti də Azərbaycanın Avro – Atlantik məkana inteqrasiyası ilə bağlı, indiyə qədər belə bir siyasi kurs olduğunu bəyan edirdi, bütün Avropaya inteqrasiya planlarında iştirak edirdi amma əslində söhbət daha səmimi, daha ciddi strategiyada Azərbaycanın inkişafının şərti olaraq Misir yolu adlanan yol ilə inkişafından gedirdi. Nədir bu Misir yolu? Misirdə totalitar idarəetmə uzun illər mübarizə apararaq demokratik, liberal mövqeli müxalifəti sıradan çıxarıb. İndi Misirdə mövcud olan mütəşəkkil müxalifət yalnız “ İslam Qardaşlarıdır ”. Dini təşkilatdır. İndi yalnız onlar müxalifət kimi qalıblar. Onlar da bəzən müxtəlif zorakı vasitələrdən də istifadə edirlər hakimiyyətə qarşı.

Xədicə İsmayılova

- Siz nəyə əsaslanaraq belə deyirsiniz, axı əslində Azərbaycan hökumətinin sərgilədiyi siyasət budur ki, dünyəvi dövlətin tərəfdarıdır, son vaxtlar müsəlmanları dövlətdən narazı salan bir neçə addımlar atılıb və s.

Əli Kərimli:

- Mən elə onu deyəcəkdim ki, bu bitkin bir konsepsiyadır. Söhbət Azərbaycan hökumətinin dini hökumət qurmaq istəyindən getmir. Misirdə də hökumət çox dünyəvidir. Hətta lazım olduğundan da artıq dünyəvidir. Söhbət ondan gedir ki, necə orada demokratik müxalifət sıradan çıxarıldı və hökumətin qeyri – demokratik rejimin, alternativi müəyyən qədər hətta bəzi hallarda zorakılığa meyl edə bilən islamçı qüvvələrdir. Bu da həmin rejimə imkan verir ki, qərbin qarşısında qərbi şantaj etsin ki alternativ müəyyən islam qüvvələrdir ona görə də bizimlə işləməlisiniz, bizim avtoritar rejimi qəbul etməlisiniz əks halda sabitlik olmayacaq ya da islam fundamentalistlərinin təbirincə, onların terminologiyası ilə Misirdə artacaq. Azərbaycanda da o proses gedir ki, demokratik müxalifət sıradan çıxarılsın, alternativ olmasın və islamçı qüvvələr radikallaşdırılsın. Söhbətin mahiyyəti bundadır. Adamların saqqallarını qırxırlar, təhqir edirlər, məscidlərini bağlayırlar, hər şey edirlər ki, inanclı insanlar radikallaşsın. Şükürlər olsun ki, Azərbaycanda inanclı insanlar bu təxribata getmirlər. Əslində hökumətin müəyyən qüvvələri inanclı insanları təxribata çəkirlər. Haqqında danışdığımız hadisələr inanclı insanları təxribata çəkib, radikallaşdırma siyasətinin tərkib hissəsidir. Söhbət bundan gedir ki, bəli radikal qüvvələr daha alternativ olsun, onlar da bütün dünyaya car çəksinlər ki, Azərbaycanda terror təhlükəsi yaranır, zorakılıq təhlükəsi yaranır, ona görə də biz bütün vasitələrlə sabitliyi və öz hökumətimizi qoruyub saxlamalıyıq. Strategiya bundan ibarətdir. Ona görə də mən fürsətdən istifadə edib əgər dinləyənlər varsa belə təxribatlara uymaq lazım deyil. Azərbaycanın inanclı insanları tolerantlığı bundan sonra da qoruyub saxlamalıdırlar və Azərbaycanda əsas yaranmamalıdır ki, siyasi zəmində, dünyagörüşü zəminində hər hansı zorakılıq olmasın. Ola bilsin ki, bu hansısa qüvvələrin maraqlarına uyğun ola bilər.

Xədicə İsmayılova

- Mübariz Əzimli Stokholmdan yazır, “ ölkənin bir hissəsi mühasirədədir. Xalqa divan tutulur. Hanı bu xalqın siyasi partiyaları, qht – ləri. Niyə küçələrə çıxmırlar? Nəyi gözləyirsiniz? Niyə yığışıb getmirsiniz Bənənyara?”

Əli Kərimli:

- Yəqin ki Stokholmdan bizə irad tutmaq o qədər də çətin olmaz. Mübariz bəyi qiyabi tanıyıram, hörmət edirəm ona. Amma Stokholmda oturub fəalları həbsdə olan bir partiyaya irad tutmaq o qədər də düzgün deyil. Tutmağa başlayan kimi birinci gəlib cəbhəçilərdən başladılar. Baxmayaraq ki, hamı bilir ki, Xalq Cəbhəsi dünyəvi dövlət tərəfdarıdır. Xalq Cəbhəsini nədə istəyirlər ittiham edə bilərlər amma yəqin ki fundamentalizmdə yox. Amma Culfa üzrə təkcə rayon şöbəsinin sədrini yox, çoxlu sayda fəalları həbs ediblər. O ki qaldı bizim nəsə etməməyimizə, bilirsiniz siyasi partiyalar xalqın bir parçasından formalaşan strukturlardır. Bizim dinləyicilərimiz, oxucularımız şahiddirlər ki, uzun zaman qeyri bərabər mübarizədə çoxlu itkilər vermişik. Yüzlərlə partiya funksioneri var ki, şəxsən bizim partiyamızda onlar demək olar ki, ciddi xəsarətlər alıblar. Bu dəqiqə bizim partiyanın fəalları arasında xəsarətlə yaşayan xeyli insan var. Onurğa sütununda xəsarət alıblar, başlarından, boyun nahiyəsindən, fəqərələrindən xəsarət alıblar. Bu adamlar onlarla dəfə kütləvi etiraz aksiyalarında xəsarət alıblar. Yaxşı, nə qədər düzgündür ki, eyni adamlar onlarla dəfə hamının hüquqları üçün xəsarət alsınlar amma eyni adamlar da kənardan durub həmin o xəsarət alıb, mübarizə aparan insanlara irad tutub, onlara yol göstərsinlər. Onlara müdrükcəsinə məsləhətlər versinlər. Axı bu tale bizim hamımızındır. Müəyyən on min adam səkkiz milyon adamı qurtara bilməz. Bu səkkiz milyonun hamısı olmasa da yüz minləri mübarizə aparmalıdırlar. O yüz minlər mübarizəyə qalxmasalar inanın ki o partiya funksionerlərinin beş dəfə də artıq döyülməsi onları xilas etməyəcək. Təsəvvür edin ki, on dəfə döyülüblər indi bir beş dəfə də artıq döyülsünlər. Bilsək ki, həmin o səkkiz milyon hüquqlarını müdafiə etməyəcəyi təqdirdə bizim əlavə üç – beş dəfə də döyülməyimiz onları xilas edəcək, ona da razıyıq. Axı mümkün deyil ki sən öz hüquqların uğrunda mübarizə aparmayasan, amma müəyyən az sayda insan hamının əvəzinə bunu etsin. Bu mümkün deyil.

Xədicə İsmayılova

- Onda nə mümkündür?

Əli Kərimli:

- Bizim mübarizəmiz ondan ötürüdür ki, kütləvilik olmalıdır. İnsanlar hüquqlarının müdafiəsi uğrunda hamılıqla ayağa qalxmalıdır. Nəhayət Azərbaycanda hər kəs bilməlidir ki, bu hakimiyyətin heç bir islahat aparmaq fikri yoxdur, əksinə mövqeləri möhkəmləndikcə bütün hüquqlar məhdudlaşdırılacaq. İkincisi, əgər hamılıqla öz hüquqlarımız uğrunda mübarizə aparmasaq heç bir ağ atlı oğlan da gözləmək lazım deyil, heç beş min, on min xilaskar da gözləmək lazım deyil. Millət özü – özünü xilas etmək üçün ayağa qalxmalıdır. Biz nə qədər tez bu həqiqətə inansaq, bir o qədər də asan olacaq. Yox, hesab etsək ki filan partiyanın fəalları hamının əvəzinə hər şeyi eləməlidir, inanın ki, biz və bir başqası bunu edə bilməz. Hamımız birlikdə etməliyik bunu. Hamımız birlikdə olanda biz yenə də indiyə qədər olduğu kimi meydanın önündə olmağa hazırıq.

Xədicə İsmayılova

- Bəs partiya olaraq sizin məsuliyyətiniz nədən ibarətdir? Əgər siz dəyişiklik üçün lazım olan kütləni fəallaşdırmaq iqtidarında deyilsinizsə, partiya olaraq onda sizin üzərinizə götürdüyünüz vəzifə nədir?

Əli Kərimli:

- Bilirsiniz, biz bu gün bunu edə bilməmişik, amma biz indiyə qədər dəfələrlə buna cəhd etmişik, xeyli böyük, kütləvi fəallıq yaratmışıq, böyük itkilər vermişik, çox böyük əzab - əziyyət çəkmişik və bu mübarizəni də davam etdiririk. Kim deyir ki, mütləq bizim gördüyümüz işə, bizim mübarizəmizin nəticəsinə bu gunki günə görə qiymət verilməlidir. Ola bilsin ki, bizim millətimizin taleyində 15- 16 il yox, bu zülmü daha artıq çəkmək və bir az daha sonra azadlığa qovuşmaq var. Biz sona qədər bu mübarizəni aparırıq. Biz bu mübarizədən yayınsaq, başımızı qorusaq, biz bu məhrumiyyətlərdən yayınıb başqalarını qabağa versək o zaman biz irad dinləyə bilərik. Amma biz bu məhrumiyyətlərin hamısını öz üzərimizə götürürüksə, bu gün siyasi məhbusların xeyli hissəsi bizim partiyanın fəallarıdır. Naxçıvandan bizim neçə nəfər siyasi məhbusumuz var. Belə olan halda, bizə heç kim deyə bilməz ki, biz üzərimizə götürdüyümüz məsuliyyəti yerinə yetirə bilməmişik. Biz insanları fəallaşdırmışıq, önündə getmişik, yüzlərlə insan xəsarət alıb, yüzlərlə insanımız həbsdə olub.

Xədicə İsmayılova

- Gəlin doğru qiymət verək, Əli bəy. Siz sadəcə səy göstərmisiniz, yerinə yetirməmisiniz. Özünüz dediniz ki, siz səy göstərmisiniz.

Əli Kərimli:

- Çox ciddi səy göstərmişik. Amma bu gün azad olmamışıqsa deməli bu mübarizə qələbə ilə bitməyib. Bi günə qədər bunu edə bilməmişik, ortalıqda son nəticə yoxdur. Amma bu fədakarlıqlara qiymət verilməməsi nə qədər düzgündür? Bu gün siyasi məhbuslar var, onlar bu gün bizi azad edə biliblər? Soruşuram, biz azadıq? Bizi siyasi məhbuslar azad edə biliblər?

Xədicə İsmayılova

- Onlar bizi azad etməli idilər?

Əli Kərimli:

- Yox, mən sizdən soruşuram bu gün onların fədakarlıqlarını niyə qiymətləndiririk? Onlar ki, bir nəticə əldə etməyiblər. Amma biz onların fədakarlıqlarını düzgün qiymətləndiririk. Bizim sıralarımızda iki, üç, beş yox yüzdən artıq siyasi məhbus keçir.

Xədicə İsmayılova

- Əslində Əli bəy, bu suallar ki sizə verilir, onlar yalnız sizə verilir, çünki siyasi iddiada olan sizsiniz. O adamlar ki, siyasi iddiada deyillər, onlara heç bir sual vermirik və onlardan heç nə tələb etmirik.

Əli Kərimli:

- Xədicə xanım, Azərbaycanda vəziyyət bir az başqa cürdür. Burada bu saat siyasi iddadan söhbət getmir. Bu saat mənim istədiyim siyasi iddia deyil, vətəndaş iddiasıdır. Mən sizi əmin edirəm ki, bu gün ki kəndə 40 dənə texnika ilə hücum edirlər, ölkədə siyasi iddiadan danışmaq yersiz deyil? Bu vətəndaş iddiasıdır. Bu ölkəni xilas etmək hamımızın borcudur. Ölkə xilas ediləndən sonra kim harada olacaq, hansı partiya mövqeyi nə olacaq bu məsələlər ikinci dərəcəlidir. Amma bu ölkəni xilas etmək hamının işidir. Heç kim başını yayındırmasın ki, mənim siyasi iddiam yoxdur, bu ölkə hara gedir getsin. Elə şey yoxdur. Burada vətəndaş mövqeyindən söhbət gedir. Mən sizə deyirəm ki, əgər mən bu gün yüzlərlə siyasi məhbus həyatı yaşayan insanları təmsil edən partiyanın təmsilçisiyəmsə, özüm də daxil olmaqla o mərhələləri keçmişəmsə, minlərlə insan sıralarımızdan polis dəyənəyinin qabağında döyülübsə, ən fədakar insanlar bu təşkilatda birləşibsə bu mübarizənin önündə gedən insanlardılarsa, bu mübarizəyə qoşulmayan insanın kənardan siz yaxşı mübarizə aparmırsınız, bizi hələ də xilas etməmisiniz deməyə haqqı yoxdur axı. Mənimlə bir sırada olsun, mənim yaşadığım məhrumiyyətin beşdə birini yaşasın, onun iradını qəbul etməyə hazıram.

Xədicə İsmayılova

- Ümumiyyətlə, mən son zamanlar fikir verirəm Əli bəy, siyasi liderlərin ritorikasında dəyişiklik var. Bu sözləri deyən yeganə lider deyilsiniz.

Əli Kərimli:

- Bilmirəm, hamının haqqı var buna ya yox.

Xədicə İsmayılova

- Hamısı eyni sözü deyir amma mənimçüm maraqlıdır ki, vətəndaşa, seçiciyə, siyasi elektrota, potensiala olan bu münasibət. Sizi narahat etmir ki, siz olan – qalanı da itirirsiniz?

Əli Kərimli:

- Xeyir, bu vətəndaşa münasibət deyil ki.

Xədicə İsmayılova

- Yəni siz daha çox umursunuz. Əvvəl bu sözləri söyləmirdiniz. İndi vətəndaşlardan daha çox umursunuz. əvvəl sizin mitinqlərdə ritorikanız “ uca millətim” və s. idi, amma indi belə sözlər deyirsiniz, hər halda bir az dəyişiklik hiss edirəm sizin insanlara münasibətinizdə. Demirəm ki, haqqınız yoxdur. Sadəcə bundan nəticə etibarilə nə gözləyirsiniz? Bəlkə siz yenə itirə bilərsiniz?

Əli Kərimli:

- Bir məsələyə aydınlıq gətirim, mənim millətə münasibətim dəyişməyib. Siz on gün bundan qabaq mənim gənclərlə görüşümə baxa bilərsiniz. Mənim orada millətimiz haqqında olan müraciətim, meydanlardakı müraciətimdən bəlkə daha da müsbət olub. Mən millətimiz haqqında bədguman deyiləm. Mən hesab edirəm ki, millətimizi qəsdən aşağılayıb, özümüzdə aşağılıq kompleksi yaratmaq istəyirlər ki, biz guya heç nəyə qadir deyilik. Başqa məsələdir ki, mən insanların daha çox məlumatlanmağını istəyirəm. İnsanların öz vəzifələrini dərk etməsinə yardım etmək istəyirəm. İnsan öz vətəndaşlıq vəzifəsini hamılıqla dərk etməsə, ölkədə elliklə vətəndaş hərəkatı olmaz axı. Ona görə də mən bir siyasi partiya lideri kimi istəyirəm ki biz hamılıqla vətəndaşlıq vəzifəmizi bilək və hamılıqla vətəndaş mövqeyindən çıxış edək. Mənim etirazım, sərt cavabım əslində sadə vətəndaşa deyil, kənarda duran bir qrup insan var onlaradır. Onlar bilirlər mən kimə deyirəm, o adamlar özlərini çoxbilmiş göstərirlər, guya hər şeyi hamıdan çox bilirlər. Özləri bir iş görməsələr də fəakar insanları həmişə hədəf seçməyi özlərinə vəzifə seçiblər. Mən də deyirəm ki, fədakar insanları həfədə seçmək olar, amma onlardan artıq fədakarlıq göstərməklə o haqqı qazanmaq lazımdır. Sanki bir peşə bölgüsü yaranıb, bir qrup adam mübarizə aparmalıdır, fədakarlıq etməlidir, tutulmalıdır, döyülməlidir, məhrumiyyətə düçar olmalıdır, bir qrup adam da kənardan ağıllı – ağıllı o adamları təhlil etməlidir ki, onlar niyə qalib gələ bilmirlər, niyə bizim nənəmiz yağlı əppək vermişdi, bizi aparıb çıxarmadı. Həmin o Cırtdan təfəkkürü ilə deyirlər, bəs siz bizi niyə qələbəyə aparıb çıxarmadınız, bəs siz hara baxırsınız? Niyə bu ölkədə vəziyyət düzəlmədi. Bax mən buna qarşı mövqe ortaya qoyuram və səmimi şəkildə bu mövqeni bildirirəm. Və şüurlu şəkildə bu mövqeni ortalığa qoyuram.

Xədicə İsmayılova

- Xalid yazır “ Salam Əli bəy. Naxçıvanda baş verənlər hətta milləti belə ittiham etməyə əsas verir ”.

Tarçalan imzalı dinləyici yazır ki, millət necə ayağa qalxacaq. Axı onu kimsə təşkilatlandırmalıdır. Əli Kərimlinin son 16 ildəki səhvləri nə olub? ”.

İlham adlı dinləyici yazır ki, Allahın dinini yaşadan insanlara ilişənlərə tarix boyu Allah özü ilişir və yaman vəziyyətə salır. Adaşım yaman səhv edir. Məscidlər sökülür, azan qadağası, indi də camaatı qoymurlar aşura keçirsin. Bu zalımların kitabı bağlandı. Çox pis yerdə ilişdilər. Hadisələri diqqətlə izləyin. Allah hamısının cəzasını verəcək ”.

Əli müəllim yazır, Əli bəy doğurdanmı inanmaq olar ki, hakimiyyət öz kefindən əl çəkib islahatlara gedəcək? Bunu deyənlərin vicdanına buraxaq. Antimilli hakimiyyətə təsir etmənin bir yolu var – meydan hərəkatları. Vaxt var idi evdə qadınlar otururdu. İndi biz kişilər də ev sakinləriyik. Nə vaxt küçəyə çıxacağıq?”

Məhərrəm yazır, “ Əli bəy sizi salamlayıram, sizin səsinizi Azadlığın efirində eşitmək çox sevindiricidir. Mən şəxsən bu ölkədə seçkilərə inamımı itirmişəm. Maraqlıdır ki, iqtidar seçkidən seçkiyə daha da püxtələşmiş formada saxtakarlıq metodları tapır. Mən inanmıram ki, 2010 – cu il parlament seçkilərinə bir dənə də olsun müxalif fikirli deputat seçilə bilər. Təşəkkür edirəm” . 16 ildə ən böyük səhvlərinizdən başlayaq.

Əli Kərimli:

- Mən onu sizin öhdənizə buraxıram.

Xədicə İsmayılova

- Heç etiraf edə biləcəyiniz səhviniz yoxdurmu?

Əli Kərimli:

- Bilirsiniz, mən hesab etmirəm ki, indi gündəmi dəyişmək lazımdır. Mən doğru hesab etmirəm. Siz əgər buna görə növbəti bir pozisiya qazanacaqsınızsa məni tənqid etməyə mən bu şansı sizə verirəm. Amma mən hesab edirəm ki, bu saat, ölkə əhalisinə bu cür divan tutulan bir vaxtda oturub müxalifətin daxilində səhvləri axtarıb, zərrəbinlə onları təftiş etmək, gündəm məsələsi deyil. Bizim daxilimizdə çox müzakirələr gedir. Xədicə xanım, siz xatırlamırsınız, 2003 – cü il seçkilərindən sonra müxalifət daxilində diskussiyalar gedirdi ki, bizim hansı səhvlərimiz olub.

Xədicə İsmayılova

- Yəni konkret olaraq sizin səhvlərinizdən gedir söhbət, sual belə idi. Əli Kərimlinin səhvləri.

Əli Kərimli:

- Mən vaxtında bu mövzularda müəyyən müzakirələr aparmışam. Hal – hazırda isə mən bu mövzuda müzakirə aparmağı doğru hesab etmirəm. Mən açıq demək istəyirəm, özümdə çox ciddi səhvlər görmürəm. Hərəkətlərimdə müəyyən düzəlişlər edərdim. Amma böyük, prinsipial səhv görmürəm. Çünki mən bütün 16 ili haqq uğrunda mübarizə aparmışam. Bəlkə kimsə məndən daha yaxşı mübarizə apara bilər, bu başqa məsələ. Bu səhv deyil. Amma mənim strateji seçimimdə, tutduğum mövqelərdə, verdiyim qərarlarda mən hər hansı ciddi bir səhv görmürəm. Təkmilləşməyə ehtiyac görürəm. Təkmilləşməyə, daha səmərəli fəaliyyət qurmağa ehtiyac görürəm. Hesab edirəm ki, fəaliyyətimiz az səmərəli olub. Daha səmərəli üsul və vasitələrdən istifadə olunmalı olub, lakin bəzən obyektiv bəzən subyektiv səbəblərdən bizim işimiz çox səmərəli olmayıb. Amma mən bu saat bunun detallarına varıb, gündəmin dəyişməsini doğru hesab etmirəm.

Xədicə İsmayılova

- AXCP sədri Əli Kərimli öz səhvləri barədə danışmaq istəmədi.

Əli Kərimli:

- Sizin oradakı on sualdan yalnız bu xoşunuza gəldi?

Xədicə İsmayılova

- Suallar var idi, siz suallara cavab verə bilərsiniz. Suallardan biri bu idi ki, millət necə ayağa qalxacaq, onu kimsə təşkilatlandırmalıdır axı?

Əli Kərimli:

- Biz sonuncu dəfə kütləvi etiraz aksiyası keçirməyə təxminən bir ay bundan əvvəl cəhd etmişik. Belə çox böyük tarix deyil. Xalq Cəbhəsinin gənclər təşkilatlarının üzvləri digərləri ilə birlikdə siyasi məhbusların hüquqlarının qorunması ilə bağlı etiraz aksiyası keçirdi. Çox təəssüf ki, yenə də belə aksiyalara fəallardan başqa qoşulanlar yoxdur. Amma ondan əvvəl metroda qiymətlərin qalxması ilə bağlı etiraz aksiyası keçirildi, sonra qiymətlərlə əlaqədar olaraq etiraz aksiyaları keçirilmişdi. Yenə siyasi məhbuslar, jurnalistlərin müdafiəsi ilə bağlı aksiyalar keçirilmişdi. Bu aksiyaları keçirəndə biz nə görürük? Çox təəssüf ki, hələlik bu mərhələdə biz öz funksionerlərimizi və son zamanlar aktivləşmiş bir qrup fəal gəncləri görürük. Biz yalnız bunları görürük aktiv olaraq protest təşkil edərkən. Amma biz kütləvi şəkildə insanların bu prosesə qoşulduğunu təəssüf ki görmürük. Əli müəllim idi, səhv etmirəmsə o sualı verən, bizim partiya ilə əlaqə saxlayın. Biz belə aksiyalar olanda məlumat verərik. Biz o aksiyaları zaman – zaman nəbz yoxlaması edirik ki, insanlar nə zaman kütləvi şəkildə hazırdırlar.

Xədicə İsmayılova

- Ən son nəbz yoxlamasını nə zaman etmisiniz?

Əli Kərimli:

- Dedim bir ay bundan əvvəl. Bir ay bundan əvvəl Qənimət Zahid, Eynulla Fətullayev, Emin Milli və Adnan Hacızadənin şəkilləri ilə Bakının mərkəzində, Nizami küçəsində aksiya keçirildi.

Xədicə İsmayılova

- Yenə İlhamın verdiyi suala, daha doğrusu şərhə qayıdaq ki, Allah kiminsə cəzasını verəcək. Sizcə niyə insanlar gümanlarını ədalət məhkəməsinə, dövlət strukturlarına, xalqın gücünə və nəhayət sizin timsalınızda siyasi partiyalara deyil, məhz elə Allaha dikirlər. Niyə belədir?

Əli Kərimli:

- Biz Allaha şərik ola bilmərik ki. İnanclı insanlar üçün son instansiya Allahdır.

Xədicə İsmayılova

- Niyə ora qədər çatıblar? Yoxsunuzmu ortalıqda?

Əli Kərimli:

- Bilirsiniz, burada lap ifrata varırsınız. Biz yəni ortalıqda olub Allaha şərik olacaqdıq? Siz bununla nə demək istəyirsiniz? İnanclı insanlardan söhbət gedir. İnanclı insan üçün ədalətin mücəssəməsi Allahdır. İnanclı insan üçün baş verən haqsızlıqlara görə son qərarı verən Allahdır. Ona görə də, o insan ona inanır. O başqa məsələ ki, Allaha inanmaq, Allahın divanına inanmaq, Allahın ədalətinə inanmaq insanı öz taleyi uğrunda mübarizə aparmaqdan geri qoymamalıdır. Allah insanların hamısını faili muxtar yaradıb. Öz taleyini müəyyənləşdirən yaradıb. İnsan öz taleyini dəyişməlidir. İnsan öz taleyini özü müəyyənləşdirməlidir. Mübarizə aparmalıdır ki, bu gün o zülmü edən elə bu dünyada cəzalarını alsınlar. Əlbəttə ki, bu acizlik əlaməti olar ki, sən heç bir şey etməyəsən, bu gün sənə zülm edənlərə boyun əyəsən, zülmə qarşı mübarizə aparmayıb ümidini yalnız ona bağlayasan ki, bir gün Allah cəza verəcək.

Xədicə İsmayılova

- Mən sadəcə görmədim ki, kimsə efirə, narahat olmayın, Xalq Cəbhəsi partiyası gələcək hakimiyyətə, növbəti seçkilərdə bu qələbəni qazanacaq və ondan sonra hər şey düzələcək yazsın. Müraciətlər birbaşa son instansiyayadır.

Əli Kərimli:

- Vətəndaşlarımız başa düşürlər ki, Xalq Cəbhəsi partiyasının daxilində daxili qoşunlar yoxdur, çevik polis alayı yoxdur, xüsusi xidmət orqanları yoxdur. Bu gün ölkədə zorakı hakimiyyət var. Heç nə ilə zorakılığını gizlətməyən bir hakimiyyət var.

Xədicə İsmayılova

- Siz də ümid vermirsiniz.

Əli Kərimli:

- Mən özüm inanıram. Mən heç kimə vəd vermirəm, təminat vermirəm. Amma ümid verirəm. Gəlin bunu dəqiqləşdirək. Mən əlbəttə ki, heç kimə o təminatı, o vədi vermirəm ki, Azərbaycan vətəndaşları elliklə ayağa qalxmasalar belə biz hansısa sehrli qüvvəyə malikik və o qüvvə ilə bu xalqı xilas edəcəyik, hakimiyyətə gələcəyik, bütün məsələləri həll edəcəyik. Bu düzgün olmaz, səmimi olmaz və mən bunu etmirəm. Amma mən inamlıyam. Mən niyə inamlıyam? Mən niyə ümidliyəm? Mən bir neçə faktora görə ümidliyəm ki, bu zorakılıq, bu haqsızlıq, bu zülm müvəqqətidir. Müvəqqəti deyəndə mən bunun neçə il olacağını bilmirəm. Amma bunun çox uzun vaxt aparmayacağını bilirəm. Bir neçə faktora görə mən bunu deyirəm. Birincisi, mən dünyada gedən qlobal demokratikləşmə prosesini görürəm. Demokratikləşmə bir dünya prosesidir, bu tək Azərbaycana aid deyil. Azərbaycan hakimiyyəti nə etsə də bu qlobal prosesdən kənarda qala bilməyəcək. İkincisi, Azərbaycan xalqının potensialına inanıram. Bu gün nə qədər də çalışsalar bizim xalqımızı neqativ tərəfdən bizə təqdim etməyə, bizim tarixdə yaşadığımız bir sıra məqamlar – Cümhuriyyət dövrü, Xalq hərəkatı dövrü, Qarabağ müharibəsi dövrü, göstərdiyimiz şücaətlər, demokratiya üçün verdiyimiz mücadələlər məndə o inamı yaradır ki, Azərbaycan xalqı demokratiyaya qovuşmuş digər xalqlar kimi demokratiyaya hazırdır. Üçüncüsü isə, mən bu gün Azərbaycan ziyalıları arasında demokratiya üçün mübarizəyə hazır xeyli adam olduğunu görürəm. Bu gün mən demokratiya üçün fədakarlıq edən, azadlığını itirməyə hazır olan, sağlamlığını, həyatını itirməyə hazır olan, mübarizə aparan, bu işi sabaha saxlamaq istəməyən insanlar olduğunu görürəm. Mən bilirəm ki, biz bir az da toparlansaq, daha yaxşı birləşsək, işimizi daha səmərəli qursaq, xalqdan, bizim o sıravi, hər gün hüquqları pozulan vətəndaşımızdan, bu gün evi yağmalanan vətəndaşımızdan daha ciddi dəstək ala bilsək, mən inanıram ki bu uzun çəkməyəcək və Azərbaycanda demokratiya bərqərar olacaq. Bu mənim ümidimdir. Kimin həvəsi varsa mən bu ümidi onunla paylaşıram. Amma heç kimə də o təminat vermirəm ki, millət siz yatmaqda davam edin, Xalq Cəbhəsi və yaxud da başqa bir partiya bu milləti xilas edəcək.

Xədicə İsmayılova

- Zülfüqar Saatlıdan yazır ki, “ Salam. Axşamınız xeyir. Əli bəy, sizi sevə - sevə dinləyirik. Siz bizim xilaskarımızsınız. Xalq sizinlədir. Artıq bıçaq xalqın sümüyündədir. Sizin keçirdiyiniz görüşlərdə canlı iştirak etmək istəyirik. Necə xəbərdar ola bilərik?” .

Yəqin ki Xalq Cəbhəsi partiyasının web saytı var, maraqlananlar ora daxil olub, məlumat ala bilərlər. Eləmi?

Əli Kərimli:

- Hal – hazırda bilirsiniz ki, Xalq Cəbhəsi partiyasının web saytı işləmir. Bunu dedirtmək istəyirsinizsə, mən bun deyə bilirəm. Çünki bu bizim günahımız deyil. Xalq Cəbhəsinin çox populyar web saytı var idi. Amma partiyanın ofisi olmadığı üçün, biz gündəlik o web saytı təzə informasiyalarla təchiz edə bilmədiyimizə görə mənim şəxsi göstərişimlə o web sayt bir neçə ildir ki, fəaliyyət göstərmir. Amma bizim facebookda səhifəmiz var, partiyaya aid olan məlumatları oradan öyrənmək olar. Azadlıq qəzeti bizə könüllü şəkildə mətbuat dəstəyi verir. Azadlıq qəzetinin internet saytından, redaksiyanın özündən yazılı şəkildə bütün məlumatları almaq olar. Bizim ictimaiyyətlə əlaqəmiz davam edir.

Xədicə İsmayılova

- Sabir Musayev, AXCP Qazax rayon təşkilatının sədri Çaylı kəndindən zəng edib. Hər vaxtınız xeyir, Sabir bəy.

Sabir Musayev:

- Hər vaxtınız xeyir. Mən proqrama qulaq asdım. Naxçıvanda baş verən hadisələrə çox təəssüflənirəm. Amma bir şeyə xüsusi təəssüflənirəm ki, axı bu şey təkcə orada baş verməyib. Bələdiyyə seçkilərində biz bir neçə namizəd vermişdik. Mən özüm o proseslərə başçılıq edirdim. Bizim kənd böyük kənddir. Ən azı kənddə dörd məntəqə var. Namizədimizi verdik. Seçkilər guya ki, yaxşı keçdi. Axşam saat 7- dən, məntəqələr bağlanandan sonra seçki qutularını polisin, rayon hakimiyyətinin müdaxiləsi ilə əlimizdən alıb, oğurlayıblar. Hər yerə məlumat vermişik. Ancaq heç bir tədbir görən yoxdur.

Xədicə İsmayılova

- Siz yazılı olaraq müraciət etmisinizmi?

Sabir Musayev:

- Mən radioya da zəng vurub bu məlumatı vermişdim. Təkcə bu hadisə deyil. Dini məsələlərin də kökü bu seçkilərdədir. Biz seçkilərdə iştirak etdik. Dörd məntəqənin hamısında bütün rayon hakimiyyəti, polisləri, rütbəli zabitləri tökdülər, saat yeddidən sonra bütün qutuları götürüb apardılar. Bütün bunların səbəbi seçkilərdədir. Hakimiyyət bunu yaxşı başa düşür. Düzdür, bu prosesləri ictimailəşdirməyə nail olmuşam, MSK – nə şikayətlərimizi bildirmişik, dairə seçki komissiyasına şikayətləri bildirmişik. Hətta bu gün sənədləri aparıb verdik apelyasiya məhkəməsinə. Bu məsələlər bütün rayonda belədir. Dairə seçki komissiyasından bizə bildirdilər ki, bu tək sizdə olmayıb. Bu respublikanın hər yerində olub. O deyir ki, MSK – ya sizin kimi 18 dənə müraciət edilib. Sizinki də daxil olan şikayətlərdən biridir. 18 şikayətdən dördü qəbul edilib. Müxtəlif bəhanələr deyirlər, gecikdirmisiniz və s. Mən təkcə bizim məntəqədə deyil bütün rayon üzrə seçkiləri müşahidə etmişəm və tam məsuliyyətlə deyirəm ki, saat yeddidən sonra bütün seçki qutularını zorla əlimizdən alıb, aparıb saxtalaşdırıblar, təhrif ediblər.

Xədicə İsmayılova

- Biz seçkilər başa çatana qədər də, başa çatandan sonra da bu şikayətləri araşdırmışıq. Əgər bu araşdırmanın nəticələri hələ yayılmayıbsa bu yəqin ki baş verəcək. Yəqin ki Əli bəyin bu məsələ ilə əlaqədar deyəcək sözü var.

Sabir Musayev:

- Şəxsən Əli bəyin varlığı ilə fəxr edirəm. Bizə belə siyasi liderlər lazımdır. Çox narazı qaldım ki, siz deyirsiniz guya hər şey Əli bəydən asılıdır. Mənim yetmiş yaşım var. Nə vəzifə güdmürəm, nə hakimiyyət güdmürəm. Ömrümün on yeddi, iyirmi ilini bu işə sərf etmişəm. Bunun özü fədakarlıq deyilmi, Xədicə xanım?

Xədicə İsmayılova

- Yəqin ki fədakarlıqdır.

Sabir Musayev:

- Bəli, fədakarlıqdır. Kütləvilik lazımdır. Zor olan yerdə zoru məhv etmək lazımdır. Ona qarşı mübarizə aparmaq lazımdır. Əli bəy nə etsin?

Xədicə İsmayılova

- Yəqin ki Əli bəy də ona ünvanlanan sualların hamısını eşitməlidir ki, nə etməli olduğunu doğru müəyyənləşdirsin.

Sabir Musayev:

- Biz elə liderlərin yolunda canımızı verməyə hazırıq. Bu təkcə Əli bəyə aid deyil. Müsavata aiddir, başqalarına aiddir. O yalançı, qondarma cəbhələrə, təşkilatlara aid deyil. Ancaq Müsavat partiyasına və Əli bəyə aiddir bu.

Xədicə İsmayılova

- Təşəkkür edirəm, efirə qatıldığınız üçün Sabir bəy. Və mən ismarışları da oxuyum. Sonra siz fikrinizi bildirərsiniz, Əli bəy.

“ Aqil yazır, Əli bəy niyə bələdiyyə seçkilərində namizədliyinizi vermədiniz? ”.

Altay Rüstəmli yazır, “ Əli müəllim, sizcə xalq niyə passivdir, bəlkə elə belə olmalıdır? ”.

“ Salam Azadlıq. Bu iqtidarı seçki ilə göndərmək mümkün olmayacaq”.

“Narahat olmayın, Xalq Cəbhəsi hakimiyyətə gələcək.” Bunu imzasız dinləyici yazır.

“ Salam, Bəy. Məni bir sual maraqlandırır. Mən onu fikirləşirəm ki, 1980 – ci illərdə Elçibəyin formalaşdırdığı cəbhə kimi cəbhə yaratmaq bu gün mümkündürmü? Bu gün cəbhə mübarizəyə hazır vəziyyətdədirmi? Mən bunu öyrənmək istəyirəm.”

Mübariz yazır, “ Əli bəy sizi salamlayırıq, bilmək istəyirik ki, harınlaşmış rejimdən nə vaxt qurtaracağıq. Nə vaxt mitinqlərə start verəcəksiniz? Yoxsa gözləyəkmi, Bənənyar kəndində baş verənlər hamımızın evində baş versin, sonra çıxaq. Əvvəlcədən təşəkkür edirəm.”

Boz Qurd imzalı bir nəfər Novo Kuznetsk şəhərindən yazır, “ Azərbaycan xalqı iqtidarı da, müxalifəti də rəhmətlik Elçibəyin vaxtında gördü. Əli bəy, xalqın ümidi, pənahı sizdədir. Siz müxalifətdədir. Siz də danışmaqdan, iqtidar kimi vəd verməkdən başqa bir şey etmirsiniz. Onda nəyə lazımdır müxalifət. Xalq elə özü – özünə kömək edər də” .

Məhərrəm yazır, “ Əkrəm Əylisliyə ayıb olsun, camaatı qanına qəltan edirlər, o isə öz eqoist hisslərini nümayiş etdirir”. Təəssüf ki, biz Əkrəm Əylislinin fikirlərini burada çatdıra bilmirik. Çünki o bizim efirə qatılmaqdan imtina etdi.

Mədət yazır, “ hörmətli Əli bəy, sizə çox böyük hörmətim var. Üzr istəyirəm, sizə bir sualım var. Millətimiz nə vaxt bu hakimiyyətdən qurtulacaq. Millətimi azad görmək arzusundayam”

“ İmişlinin Qızılkənd kəndinin bələdiyyəsinə seçilmiş insanların əllərində karbonlaşmış protokollar olsa da MSK başqalarını qalib elan edib. Karbonlaşdırılmış protokolları əldə edən yeganə kənddir. Bunun analoqu yoxdur. Xahiş edirəm, əlaqə saxlayın, sizi şok hallarla tanış edək. ”

Əli Kərimli:

- Mən əlbəttə ki, bütün sualların üzərində dayana bilməyəcəm. Ümumiləşdirilmiş fikirlər bildirəcəm. Əvvəla Sabir müəllim Qazaxda, Çaylı kəndində baş verənlərdən danışdı. Doğurdan da mənim məlumatım var. Çox böyük kənddir və çox dəhşətli qanun pozuntuları baş vermişdi. İmişlinin Qızılkənd kəndində, Sabirabadda, Masallıda, çoxlu bölgələrin hamısında demək olar ki, çox böyük qanun pozuntuları oldu. Ümumiyyətlə bələdiyyə seçkilərində hökumət müxalifətin iştirakına imkan vermədi. Bundan da istifadə edib hətta bu dəfə imitasiyadan da imtina etdi. İndiyə qədər seçkilərdə demokratiya olmurdu, amma demokratiyanı yamsılama, demokratiyanın imitasiyası olurdu. Bu seçkilərdə hökumət hətta imitasiya da etmədi. Açıq, birmənalı şəkildə saxtakarlıq sifətini göstərdi və istədiyi kimi rəftar etdi. Bu hər bir vətəndaşa çağırış oldu, hər bir vətəndaşa açıq meydan oxumaq oldu ki, baxın əgər siz mütəşəkkil olmasanız, öz hüquqlarınızı qoruya bilməsəniz biz heç bir məsələdə sizinlə hesablaşmayacağıq. Bu bizim hər bir vətəndaşımızı, hər bir adamımızı düşündürməlidir. Məni sevindirir ki, verilən sualların əksəriyyətində kütləvi etiraz aksiyalarının gözləntiləri var. Nə vaxt kütləvi etiraz aksiyaları başlayacaq? Və başlayanda artıq daxildə mənəvi hazırlıq var. Bu məni sevindirir.

Xədicə İsmayılova

- Amma digər tərəfdən verilən sualların çoxu həm də imzasızdır.

Əli Kərimli:

- Buna da normal yanaşmaq lazımdır. Bilirsiniz səkkiz milyon insanın hamısı böyük şücaət, qəhrəmanlıq göstərə bilməz. Bu gün bilirsiniz ki, sözünü deyən vətəndaşa necə divan tutulur. Ona görə də əgər bu gün vətəndaşların bir qismi ehtiyatlanırsa müəyyən mənada haqq qazandırmasam da başa düşürəm. Çünki hamının daxili imkanları eyni bərabərdə deyil ki o qorxu hissinə qalib gəlsin. Əlbəttə bizim qalib gəlməyimiz qorxu hissinə qalib gəlməyimizdən keçir. Amma kim bu gün ona hazırdır? Kim sabah hazır olacaq, kim o biri gün hazır olacaq? Mən vətəndaşları çağırıram ki, indiki kimi qorxu içində yaşamaqdansa, həyatımızı, övladlarımızı bu qorxu altında puç edib, hər gün Bənənyarda baş verənləri öz qapımızda gözləməkdənsə o qorxuya qarşı mübarizə bayrağı qaldırıb, o qorxuya qarşı gəlib biz də bütün azad dünya kimi yaşamalıyıq. Mənim həmvətənlərim deyirlər ki, azadlıq istəyirlər, Azərbaycanı azad görmək istəyirlər. Bu azadlığın yolu həmin o kütləvi mübarizədən keçir. Biz o kütləvi mübarizəni aparmaqla, hamılıqla azadlıq uğrunda mübarizə aparmaqla biz o azadlığı Azərbaycana gətirə bilərik.

Xədicə İsmayılova

- Amma digər tərəfdən, Əli bəy, obyektiv olaraq biz bilirik ki, sizin partiyanın ofisini əlinizdən alıblar. Bu səhv etmirəmsə 2006 – cı ildə baş verib. 2006 – cı ildən bəri sizi görmək istəyən, sizə ümid etmək istəyən adamlar hara gəlirlər? Sizinlə necə əlaqə saxlayırlar?

Əli Kərimli:

- Mənimlə əlaqə saxlayırlar. Hətta mən böyük görüşlər də keçirirəm. Mən ilk növbədə adamları öz evimdə qəbul edirəm. Bundan əlavə bizim bir çox rayon şöbələrinin qərargahları var. Bir – bir sadalamaq istəmirəm açığı, ayının yadına daş salmaq istəmirəm. Müəyyən rayon şöbələrimizin qərargahları var, maraqlananlar tapa bilirlər. Bir sıra müxalifət partiyaları var ki, ofisləri var. Onlar da bizə şərait yaradırlar. Biz nə vaxt müraciət etsək, onların zallarından istifadə edə bilirik. Mətbuatda da məlumatlar gedir. Biz müxtəlif partiyaların ofislərindən müvəqqəti olaraq istifadə edə bilirik. Hətta bəzi qht – lərin ofislərindən istifadə edə bilirik. Kim bizimlə görüşmək istəyirsə onun imkanı var. Bizim yerli təşkilatlarımız var. Media vasitəsi ilə, internet vasitəsi ilə, telefonlar vasitəsi ilə bizimlə əlaqə saxlamaq imkanları var. Biz vətəndaşlara müxtəlif şəraitlərə görə variantlar təşkil edə bilərik. Öz evimizdə, cəbhəçilərin evlərində, rayon şöbələrinin qərargahlarında, dost, həmkar olan partiyaların, qht- lərin ofislərində biz bu görüşləri edə bilərik.

Xədicə İsmayılova

- Süleyman yazır, “ Əli bəy, müxalifətin birliyi nə vaxt baş tutacaq? ”. Yeri gəlmişkən, Aydın Mirzəzadə bizim efirimizə qatılanda o müxalifət partiyalarının ünvanlarına iradlar səsləndirmişdi, o deyirdi ki, “YAP deyir ki nə edəcək və sonra onu yerinə yetirir. Müxalifət partiyaları isə yalnız bir –biri ilə mübahisə aparmaqla məşğuldurlar. Bəs biz indi nə edək? Gözləyək ki, onlar nə vaxt öz aralarında razılaşıb, ortaq məxrəcə gələcəklər və sonra seçkilərdə mütəşəkkil iştirak edəcəklər. Bunu gözləyə bilməz iqtidar.” Ona görə də Aydın Mirzəzadə deyir ki, iqtidar partiyası vəd vermək və vədləri yerinə yetirməklə məşğuldur.

Əli Kərimli:

- O da nəsə deməlidir. Partiyanın sözçülüyü vəzifəsini götürüb üzərinə və nəsə tapıb deməlidir. Hamı bilir ki, Yeni Azərbaycan Partiyası klassik mənada heç partiya da deyil. Adamları işdən çıxarmaq qorxusu ilə kütləvi şəkildə iş yerlərində və təhsil müəssisələrində YAP – na üzv yazırlar.

Xədicə İsmayılova

- Əli bəy, olmaz ki Aydın Mirzəzadə və onun partiyasını kənara qoyub öz partiyanızın payına düşən fikirlər səsləndirəsiniz?

Əli Kərimli:

- Siz hətta konkret sual verəndə də imkan vermək istəmirsiniz ki, YAP – nın ünvanına nəsə deyim. Siz imkan versəydiniz mən sualın ikinci hissəsində müxalifətin birliyi ilə bağlı fikirlərimi bildirəcəkdim. Siz bilirdiniz nə cavab verəcəm və gözləyirdiniz.

Xədicə İsmayılova

- Siz də məni heç təəccübləndirmədiniz.

Əli Kərimli:

- Söhbət ondan gedir ki, Azərbaycan müxalifəti son illərin bir neçə kompaniyalarında birləşik şəkildə iştirak edib. ən böyük siyasi kompaniya 2005 – c i ildə olub. Və biz o kompaniyada mütəşəkkil şəkildə iştirak edib Aydın Mirzəzadə və onun təmsil etdiyi partiyanı ciddi şəkildə məğlubiyyətə uğratmışıq. Bunu mən demirəm, bunu ATƏT deyir ki, seçki məntəqələrinin 43 faizində məcbur olub seçki nəticələrini saxtalaşdırıblar ki, bu günki mandatlarını alsınlar. Biz bir yerdə olmuşuq. Seçkini udmuşuq. İndi bunlar seçkinin saxtalaşdırılmasının nəticələrini bizim guya pərakəndə olmamızda niyə axtarırlar ki? Biz birlikdə olanda da onlar bu seçkini saxtalaşdırıblar. Yaxud bu il, referendum keçirilən zaman, konstitusiyanı öz boylarının ölçülərinə uyğunlaşdıran zaman, əbədi hakimiyyət üçün hazırlayan, dəyişikliklər edən zaman, bütün müxalifət bir araya gəldi. Bizim təşəbbüsümüzlə, Xalq Cəbhəsinin təşəbbüsü ilə oldu. 2009 – cu il yanvarın 9 – da biz bütün müxalifət partiyalarını dəvət edib, topladıq və Respublika Qarabağ uğrunda birgə hərəkat yaratdıq və referendumu birlikdə boykot etdik. Amma bu həmin o YAP - nın bir az daha səmimi davranmağına əsas verdimi? Bu referendumu bir az daha az saxtalaşdırmağa əsas verdimi? Biz elə hamımız birlikdə olanda onlar referendumu saxtalaşdırdılar. Bu gün hakimiyyət tərəfindən nələrsə baş verirsə bunu guya müxalifətin pərakəndəliyində görmək insafsızlıqdır. Bu gün Müxalifətin pərakəndə olmasından ən çox biz narazıyıq. Mən çalışıram. Biz 2005 – ci ildə də bu səyi göstərmişik, 2009 – cu ildə Qarabağ və Respublika hərəkatını yaranda da bu səyi göstərmişik. İndi də müəyyən planlarımız var ki, problemləri aradan qaldıraq. Ölkədəki problemləri bununla əlaqələndirmək, guya biz pərakəndə olmayıb birlikdə olsaydıq seçkilər saxtalaşdırılmayacaqdı, insan haqları pozulmayacaqdı, bunlar olmayacaqdı demək bir az delitant yanaşma olar.

Xədicə İsmayılova

- Vəfa Cəfərova yazır, “problemlər bəllidir. Nə etməli, bunu düşünmək lazımdır”.

Əli Kərimli:

- Çox düzgündür, çalışmağımız ondan ötrüdür ki, imkan daxilində çox insan birinci növbədə Azərbaycanda özünü ictimai fəal saymalıdır. Sıradan bir vətəndaşdan daha çox üzərinə məsuliyyət götürən adamların sayı artmalıdır ki, onlar təkcə özü vətəndaşlıq borcunu verməklə kifayətlənməsinlər, özündən başqa da 3-5 -10 nəfəri vətəndaşlıq borcunu yerinə yetirməsi üçün onları təşviq etmə missiyasını götürsünlər üzərlərinə. Məsələ budur, heç olmasa minlərlə insan bu missiyaya yüklənməlidir. İkincisi, biz hər gün hüququ pozulan vətəndaşlarımızla bütünləşməliyik. Onların arasında olub, onları maarifləndirib, onlara çıxış yolu göstərib, onları mübarizəyə ruhlandırıb, onların şəxsi qorxularına qalib gəlməsi üçün lazım olanda şəxsi nümunə göstərib onları mübarizəyə səfərbər etməliyik. Bu iki şərtlə biz Azərbaycanı həmin o xilas gününə yaxınlaşdıra bilərik.

Xədicə İsmayılova

- Efirimiz sona yaxınlaşır və mən efirin əvvəlində verməli olduğum sualı verirəm. Parlament seçkilərinə hazırlığa başlamısınızmı?

Əli Kərimli:

- Əlbəttə, parlament seçkilərinə hazırlaşmağa başlamışıq. Ciddi planlarımız var. Proqramın ortasında bu barədə söhbətlərimiz oldu deyə mən təkrar etmirəm. Şəxsən özümün ümidim var ki, biz situasiyada müəyyən dəyişikliklər edə biləcəyik. Amma xahiş edirəm bunu heç kim vəd kimi qiymətləndirməsin və heç kim də arxayınlaşmasın. Mən hesab edirəm ki, əgər biz hamılıqla üzərimizə düşəni etsək bu il çox ciddi ictimai fəallıq yaradıb parlament seçkilərində də fərqli nəticə qoya bilərik ortalığa.

Xədicə İsmayılova

- Birgə yoxsa ayrı – ayrı?

Əli Kərimli:

- Biz çalışacağıq ki, müxalifətin birliyinin maksimum optimal modelini tapaq. Hamının birlikdə olması heç nəzəri cəhətdən də mümkün deyil. Amma məsələn 2005 – ci ildə biz Azadlıq blokunda üç partiya idik. Amma müxalifətin əsas özəyini bir araya gətirə bilmişdik. İndi də biz müxalifətin əsas hissəsini bir araya gətirmənin modeli üzərində işləyirik.

XS
SM
MD
LG