Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:59

Elmar Hüseynovun atası narahatdır...


Blokun divarlarında Elmar Hüseynova atılan 7 güllədən 3-nün izləri hələ də qalır
Blokun divarlarında Elmar Hüseynova atılan 7 güllədən 3-nün izləri hələ də qalır
Qara Qarayev prospekti, 39. Elmar Hüseynovun vaxtilə yaşadığı 9 mərtəbəli bina. Jurnalist 2005-ci il martın 2-də bu binanın blokunda qətlə yetirilib. Həmin dövrdən fərqli olaraq indi binanın kodlu dəmir qapısı var.

Blokun divarlarında Elmar Hüseynova atılan 7 güllədən 3-nün izləri hələ də qalır. Bu güllələrdən ikisi divarda, biri üstdəki pilləkənin tavanındadır.

«7 GÜLLƏDƏN İKİSİ ÖLDÜRÜCÜ OLMUŞDU»

«Bəlkə də elə ilk güllə öldürücü olmuşdu. O məlumdur ki, ona açılan 7 güllədən ikisi öldürücü olmuşdu, həkimlər deyirdi ki, qalanları öldürücü olmaya bilərdi. Baxmayaraq ki, güllələr öldürücü idi, o özündə güc tapıb mənzilinin qapısını döyə bilmişdi...»

İndi həmin güllə izlərinə baxan Elmar Hüseynovun yaxın dostu Şahbaz Xuduoğlu deyir ki, üstündən 5 il keçməsinə baxmayaraq qətlin üstünün açılmaması ona müəmmalı görünür.

«Yeni Nəsil» Jurnalistlər Birliyi də «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qətlə yetirilməsinin 5-ci ildönümü ilə bağlı yaydığı bəyanatda hadisənin üstünün açılmamasından narahatlığını bildirir. «Prezident başda olmaqla, bütün ölkə rəsmiləri bu hadisəni dövlətçilik əleyhinə cinayət adlandırdılar, işin üstünün ən qısa müddətdə açılacağına xalq qarşısında söz verdilər» - deyə, bəyanatda bildirilir.

«MEDİADA BÖYÜK BİR SÜSTLÜYÜN, GERİLƏMƏNİN ŞAHİDİYİK»

Elmar Hüseynovun yaşadığı ev
«Yeni Nəsil»in rəhbəri Arif Əliyev deyir ki, ötən 5 ildə həm də ifadə azadlığının çərçivələri daralıb, özünüsenzura güclənib:

«Bu gün biz mediada böyük bir süstlüyün, geriləmənin şahidiyik. Digər tərəfdən dövlət orqanları həmin vaxt tədbirlərin keçirilməsində iştirak edirdi, vədlər verirdilər, əməkdaşlığa hazır görünürdülər. Təəssüf ki, indi o tərəfdən irəliləyişin şahidi olmuruq. Nə Elmar Hüseynovun qətlinin araşdırılmasıyla bağlı məsələlərdə, nə də ölkədəki medianın vəziyyətinə şərait yaradılmasında».

İstintaqda yenilik olmamasından Elmar Hüseynovun atası Sabir Hüseynov da narahatdır. O deyir ki, bu haqda heç kim ona heç bir məlumat vermir:

«QATİLLƏR TAPILSAYDI, BİR AZ SAKİTLƏŞƏRDİM»

«Məni arayıb-axtaran yoxdur. Heç kim mənə zəng eləyib nəsə demir. Ortada heç nə yoxdur. Əgər qatillər tapılsaydı, mən də bir az sakitləşərdim. Hadisələrdən hansı açılıb ki, bu da açılsın. Ancaq yenə gözləyirəm ki, bu iş nə vaxtsa açılacaq».

Qara Qarayev prospekti, 39
Elmar Hüseynovun qətlinin istintaqını Milli Təhlükəsizlik Nazirliyi (MTN) aparır. Gün ərzində nazirliyin mətbuat xidmətinə etdiyimiz zənglərə cavab verən tapılmadı.

2005-ci ilin mayında isə istintaq qətldə şübhəli bilinən şəxslərdən birinin Teymuraz Əliyev, digərinin Tahır Xubanov olması haqqında açıqlama yaymışdı. Həmin məlumatda bildirilirdi ki, bu şəxslər qətldən dərhal sonra Bakını tərk ediblər. MTN bildirmişdi ki, Teymuraz Əliyev və digər şübhəli şəxslərin axtarışı «İnterpol»un xətti ilə 180-dən artıq ölkədə davam etdirilir. Həmin ilin iyulunda isə Nizami rayon Məhkəməsi Teymuraz Əliyevə telefon nömrəsi almaqda günahlandırılan Turqay Bayramovu iki il müddətinə azadlıqdan məhrum etmişdi.

2006-cı ilin yayında isə çoxsaylı qətllərdə ittiham olunan Hacı Məmmədov məhkəməsində bildirmişdi ki, Elmar Hüseynovu onun dəstəsinin üzvləri keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyevin sifarişi ilə qətlə yetiriblər. Ancaq bu ittihamlar öz təsdiqini tapmadı.
XS
SM
MD
LG