Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 08:44

«Narkotik siyahıları»ndan necə çıxmalı?


Xaş-xaş, Əfqanıstan
Xaş-xaş, Əfqanıstan
«2009-cu ildə Azərbaycanda 900 kq. narkotik maddə tutulub. Bu, 2008-ci ildəkindən təxminən 60 faiz çoxdur. Azərbaycan indi Əfqanıstandan Avropaya daşınan narkotik maddələr üzrə əsas tranzit ölkələr sırasındadır».

Bu sözlər ABŞ Dövlət Departameninin «Narkotiklərə Nəzarət Strategiyası 2010» adlı hesabatından götürülüb.

TRANZİTİN ÜÇ YOLU

Hesabatda o da bildirilir ki, narkotiklər Azərbaycana əsasən üç yolla – quru yolu ilə İrandan, Xəzər dənizi ilə Orta Asiyadan və Ermənitstan-Azərbaycan münaqişəsi zonasındakı nəzarətsiz ərazilərdən gətirilir.

Rəsmi statistikada Azərbaycanda narkomanların sayının təxminən 24 min olduğu göstərilsə də, hesabatda bu rəqəmin 300 000 civarında olduğu, narkomanların yarısının isə gənclər, o sıradan tələbələr olduğu bildirilir.

Hesabatda dövlətin narkotiklərin dövriyyəsi ilə bağlı müəyyən tədbirlər görməsi ilə yanaşı, həm də korrupsiyanın mübarizəni əngəllədiyi vurğulanır.

Ehtiyatda olan polis kapitanı Mahmud Hacıyev bildirir ki, uzun illərdir silah qaçaqmalçılığı ilə yanaşı narkotik vasitələrin alveri ən gəlirli biznes olaraq qalmaqdadır. Sovetlər dönəmi dağılandan sonra beynəlxalq narkobaronlar SSRİ-nin cənubunda yerləşən ölkələrin ərazilərindən narkotik dövriyyəsi məqsədilə yararlanmağa başladılar. Dövlət sərhədinin yetərincə qorunmaması beynəlxalq narkobaronların işinə yaradı:

«Çox təəssüf ki, bu, Azərbaycan üçün qaçılmaz idi. Sovetlər dağılandan təxminən 2000-ci ilə qədər Azərbaycanda narkotiklərlə mübarizə tədbirləri o qədər də güclü deyildi. Bu dönəmdə isə maraqlı qüvvələr artıq Azərbaycandan narkotik vasitələrin daşınması üçün zəncir yaratmışdılar. Ancaq güc strukturları indiyə qədər ciddi addımlar atıb Azərbaycanı bu qara siyahıdan çıxara bilərdilər.
Mahmud Hacıyev
İndi görünən odur ki, narkotik vasitələrin Azərbaycan sərhədlərindən keçməsi ilə ən ciddi mübarizəni MTN aparır. Bu qurumun səyi nəticəsində ötən il də dövlət sərhəddində külli miqdarda narkotik vasitə və bu işi həyata keçirən mütəşəkiil dəstələr yaxalanıb».

«TƏDBİR GÖRÜRÜK»


Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov AzadlıqRadiosuna bildirir ki, narkotiklərin dövriyyəsi ilə bağlı son illər ciddi tədbirlər görülməkdədir:

«Azərbaycanda narkotiklərlə mübarizə tədbirləri üzrə bir neçə dövlət qurumu yaradılıb. Onların texniki imkanlarının, kadr potensialının gücləndirilməsi üçün tədbirlər görülür. Yaranan qurumların əlaqəli şəkildə işləməsi narkoltiklərlə bağlı cinayətkarlıqla mübarizəyə müsbət təsir göstərir».

Bəs, Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə aparan orqanların sırası artsa da, cinayətkarlığın miqyası hansı səbəblərdən genişlənir? DİN-in Nakotiklərlə Mübarizə İdarəsinin keçmiş rəis müavini Məzahir Əliyev deyir ki, bu məsələnin çatışmayan tərəfi kadrların professionallıq səviyyəsidir:

PROFESSİONAL KADRLARIN ÇATIŞMAZLIĞI


«Azərbaycanda polislə yanaşı gömrük, milli təhlükəsizlik orqanları da bu məsələ ilə məşğuldur. Ən doğrusu, indiyə qədər görülən tədbirlərin səmərəsinin öyrənilməsidir. Düşünürəm ki, indi ölkədə mübarizə tədbirləri ilə bağlı ən problemli məqam professional kadrların çatışmazlığı, eyni zamanda texniki imkanların olmamasıdır. Uzun illər Azərbaycan narkotiklərlə mübarizə tədbirlərini daha çox beynəlxalq donor qurumların maliyyə dəstəyi ilə gerçəkləşdirib. İndi Azərbaycan dövləti bu sahəyə maliyyə ayırır. Ancaq professional kadrların hazırlanması işini gücləndirmədən dönüş imkansızdır. Bu problemlə məşğul olan qurumların işini əlaqələndirən dövlət qurumu yaradılıb, baş nazirin müavini bu məsələyə nəzarət edir. Bu qurum davamlı olaraq işlək strategiyalar hazırlamaladır ki, Azərbaycan beynəlxalq narkotik dövriyyəsinin tranzit ölkələri siyahısından çıxa bilsin».

Məzahir Əliyevin dediyinə görə, Azərbaycan narkotik vasitələrin ən böyük istehsalçısı Əfqanıstan və ən böyük istehlakçısı Avropa arasında təbii coğrafi körpü olduğundan beynəlxalq narkomafiya hər zaman regiondan yararlanmağa,
Zərdüşt Əlizadə
bütün yeni imkanları nəzarətdə saxlamağa çalışacaq. Azərbaycan dövləti mübarizə strategiyasını davamlı inkişaf etdirməsə, beynəlxalq hesabatların «qara siyahısı»ndan çıxa bilməyəcək.

BÖYÜK PULLAR

Politoloq Zərdüşt Əlizadə isə deyir ki, burada söhbət böyük pullardan gedir:

«Kəşifiyyat orqanları, hüquq-mühafizə orqanları, çox nüfuzlu insanlar buradan böyük gəlirlər götürürlər deyə, mübarizə səmərəsini vermir. O biri tərəfdən hətta ABŞ kimi səmərəli işləyən dövlət belə Latın Amerikasından gələn narkotik axının qarşısını ala bilmir. İran Əfqanıstan sərhədindən keçirilməyə cəhd göstərilən narkotiklərlə mübarizədə 3000-ə yaxın əsgər itirib. Bu böyük bir savaşın itkisinə bərabərdir. Hər kəsə bəllidir ki, indi Avropaya narkotik vasitələr daha çox Kosovadan gedir. Ancaq beynəlxalq birlik Kosovanı müdafiə etdiyinə görə, indi bu ölkənin adı çəkilmir».

Zərdüşt Əlizadəyə görə, bunun üçün yalnız bir, ya bir neçə ölkənin səyi yetərli deyil. Bu işdə dünya səviyyəli planlar hazırlanıb gerçəkləşdirilməlidir.
XS
SM
MD
LG