Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:52

Bloqqerlər, Ruslan Bəşirli, Eynulla Fətullayev və başqaları


Leyla Yunus
Leyla Yunus
Azərbaycanda siyasi məhbusların sayına dair müxtəlif rəqəmlər var. Əvvəllər siyasi məhbuslarla bağlı bir neçə siyahı tərtib edilsə də, indi iki QHT qrupunun iki fərqli siyahısı mövcuddur. Beş hüquq müdafiə təşkilatının birləşdiyi İnsan Hüquqları Federasiyasında tərtib edilən siyahıya görə, indi Azərbaycanda 58 siyasi məhbus var. Həmin qrupa daxil olan Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus deyir ki, Azərbaycan Avropa Şurasına üzv qəbul ediləndə onların tərtib etdiyi siyahıda 714 siyasi məhbusun adı olub. Ancaq vaxtilə Avropa Şurasının siyasi məsələlər üzrə nümayəndəsi Corc Klerfaytla işlədiyi ilk siyahıdan 22 nəfər məhbus hələ də həbsxanadadır:

«Orda əsasən ömürlüklər və 15 il azadlıqdan məhrum edilənlərdir. Qalanlar isə sonra həbs edilənlərdir. Ruslan Bəşirli, Natiq Əfəndiyev, Eynulla Fətullayev, bloqqerlər heç bir cinayət törətməyiblər».

L.Yunusa görə, Azərbaycan hələ də siyasi məhbuslarla bağlı Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri tam yerinə yetirmir.

SİYAHIMIZDA İKİ SABİQ NAZİR VAR

Daha bir neçə QHT-nin birləşdiyi Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun siyahısında isə 22 siyasi məhbus var. Həmin qrupda olan hüquq müdafiəçisi
Səidə Qocamanlı
Səidə Qocamanlı deyir ki, onlar digər QHT qrupunda olan 58 nəfərlik siyasi məhbus siyahısı ilə razı deyillər:

«Məsələn, onların siyahısında «Sadval»çılar, metronu partladanlar və digər bu kimi məhbusların adı var. Bizim qrup həmin adlarla razılaşmadığından onları siyahıya salmayıb. Biz yalnız siyasi məhbus kriteriyalarına uyğun gələn 22 nəfəri siyahıda saxlamışıq».

S.Qocamanlı hesab edir ki, «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidin azadlığa buraxılması müsbət hal olsa da, bloqqerlərin hələ də həbsxanada saxlanması ağrılı məsələdir.

S.Qocamanlı deyir ki, onların siyahısında iki keçmiş nazirin və bir baş redaktorun adı var.

Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və keçmiş səhiyyə naziri Əli İnsanov, o cümlədən «Gündəlik Azərbaycan» qəzetinin baş redaktoru Eynulla Fətullayev hazırda həbsdədir.

YAP SİYASİ ŞURASININ ÜZVÜ: «AZƏRBAYCANDA SİYASİ MƏHBUS YOXDUR»

Amma Azərbaycan hakimiyyəti nəinki siyasi məhbus siyahılarını, ümumiyyətlə siyasi motivlərə görə həbslərin mövcudluğunu inkar edir.
Musa Quliyev
Hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, deputat Musa Quliyev deyir ki, bəzi QHT-lərin siyasi məhbus hesab etdiyi adamların hamısı konkret əmələ görə həbs ediliblər:

«Bir qrup insanlar «siyasi məhbuslar» deyilən siyahını tərtib etməklə qrant almaq, öz sosial problemlərini həll etmək peşəsinə yiyələniblər və bu onların işidir».

M.Quliyevə görə, əgər doğrudan da siyasi məhbus siyahısı tərtib edən QHT-lər nəyisə sübut etmək istəyirlərsə, onda müdafiə etdikləri adamların siyasi səbəblərə görə həbs edildiyini sübut etmək üçün Avropa İnsan Haqları Məhkəməsinə müraciət etsinlər.

YAP Siyasi Şurasının üzvü bildirir ki, Avropa Məhkəməsi hesab etsə ki, doğrudan da həmin adamlar heç bir cinayət törətməyib, sadəcə siyasi mənsubiyyətinə görə həbs ediliblər, onda Azərbaycanda siyasi məhbusların olması fikrilə razılaşmaq olar.

ABŞ Dövlət Departamentinin son hesabatında yerli QHT-lərə istinadən Azərbaycanda 23-45 arası siyasi məhbusun olduğu bildirilir.
XS
SM
MD
LG