Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 01:33

Bir ilə İranın atom bombası ola bilər


Uzaqmənzilli «Şahab-3» raketinin buraxılması, 28 sentyabr 2009
Uzaqmənzilli «Şahab-3» raketinin buraxılması, 28 sentyabr 2009
Aprelin 14-də Senatın Silahlı Xidmətlər Komitəsində hesabat verən Müdafiə Kəşfiyyatı Agentliyinin direktoru general Ronald Burgess deyib ki, İran nüvə proqramını indiki şəkildə davam etdirsə, ilk nüvə bombasını yaxın bir ildə əldə edə bilər. Yüksək vəzifəli diplomat da Konqresə bildirib ki, Çin və Rusiyanın da dəstəkləməsi ilə çox güman ki, yaxın həftələrdə BMT İrana qarşı yeni və daha sərt sanskiyalarını qəbul edəcək.

Elə həmin gün İran da BMT-nin sanksiya hədələrinə meydan oxuyaraq elan edib ki, uranın zənginləşdirilməsi istiqamətində daha böyük uğur əldə edib.

ARTIQ URANI 3.5 FAİZDƏN 20 FAİZƏ QƏDƏR ZƏNGİNLƏŞDİRƏ BİLİBLƏR

İSNA dövlət informasiya agentliyi ölkənin nüvə layihələrinin rəhbəri Əli Əkbər Salehiyə istinadla bildirib ki, artıq uranı 3.5 faizdən 20 faizə qədər zənginləşdirə biliblər. Bu da tibbi məqsədlərlə araşdırma reaktorunun yanacağı üçün yetərlidir. Tehran özünün nüvə proqramının atom bombası hazırlamaq üçün olması fikrini inkar edir, bildirir ki, onun məqsədi yalnız dinc məqsədlər üçün nüvə enerjisi əldə etməkdir.

Amma atom bombasının əldə edilməsi üçün uranın 90 faiz zənginləşdirilməsi lazımdır. 90 faiz həddinə çatmasa da, ABŞ İranın bu zənginləşdirmə prosesinin gedişindən narahatdır.

Dünənki dinləmələrdə senatorlar maraqlanıblar ki, ABŞ BMT-nin yardımı olmadan İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün nə edə bilər. Onlara məlumat verilib ki, hazırda hökumət bu istiqamətdə daha detallı hesabat üzərində çalışır.

Hələlik Ağ Ev rəsmiləri daha həssas məsələləri senatorlarla da müzakirə etmirlər.

Barak Obama Vaşinqtonda rusiyalı həmkarı Dmitri Medvedevi salamlayır, 12 aprel 2010
Obama administrasiyası BMT Təhlükəsizlik Şurasının İrana qarşı yeni sanksiyalar qəbul etməsinə nail olmağı özünün ən birinci diplomatik məqsədi elan edib. Prezident Obama bugünlər Vaşinqtonda keçirilən beynəlxalq nüvə təhlükəsizliyi sammitində də BMT-dən cəsur və cəld reaksiya gözlədiklərini deyib.

ÇİN VƏ RUSİYA HƏLƏLİK TEHRANIN SIXIŞDIRILMASINA TAM DƏSTƏK VERMİR


Amma Təhülkəsizlik Şurasında veto hüququ olan Çin və Rusiya hələlik Tehranın sıxışdırılmasına tam dəstək vermir.

Senatorlar maraqlanıblar ki, əgər BMT-də belə bir sanksiya qərarını əldə etmək mümkün olmasa, ABŞ təkbaşına və öz müttəfiqləri ilə sanksiyalara gedə bilərmi?

ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Villiam Börns bildirir ki, ABŞ-ın Avropadakı müttəfiqləri məsələnin BMT yolu ilə həllinə daha çox tərəfdardırlar:

- Təhlükəsizlik Şurasının yeni sanksiyalarına nail olmaq bizim strategiyanın olduqca önəmli bir hissəsidir. Biz bu yaz, ən yaxın müddətdə həmin qərarın qəbul edilməsi üçün hər şeyi etməyə çalışırıq.

Senator MakKeyn də Börnsdən soruşub ki, onun fikrincə, Çin və Rusiya ağlabatan sanksiyaları müdafiə edəcəkmi?

Müdafiə Kəşfiyyatı Agentliyinin direktoru general Ronald Burgess
- Bəli, cənab, məncə, biz Təhlükəsizlik Şurasının sanksiyalar haqqında qərar verməsinə nail olacağıq.

İRANIN NÜVƏ SİLAHINA SAHİB OLMASI ABŞ-IN GÜCÜNƏ ETİBARI TAMAMİLƏ ALT-ÜST EDƏR

Senator Cozef Liberman bildirib ki, diplomatik vasitələr kimi İrana qarşı hərbi vasitələr də stolun üstündədir. Əgər sanksiyalar İranın nüvə proqramının qarşısının alınmasında faydalı olmasa, ABŞ özünün hərbi qüvvələrini hazır vəziyyətə gətirməlidir. O, Ronald Burgessdən soruşub ki, İran xaricdən də yardım almaqla ABŞ sahillərinə çata bilən qitələrarası ballistik raketlər əldə edə bilərmi? Bu suala kəşfiyyat rəsmisinin cavabı:

- Qeyd etdiyim kimi, iranlılar raket sisitemlərini inkişaf etdirməkdə davam edirlər. Onlar təkcə raketlərin məsafəsini deyil, həm də dəqiqliyini artırırlar. Kənardan da köməkləri olsa, texnologiyalarını inkişaf etdirə bilərlər. Apardıqları bəzi sınaqlar bizim narahatlığımıza səbəb olur.

Senator MakKeyn isə iclasda bildirib ki, belə görünür, ABŞ yerindən tərpənib onu dayandırınca, artıq İran nüvə silahına sahib olacaq:

- Səhv etməyin. Əgər İran nüvə silahı əldə edə bilsə, bu, ona görə baş verməyəcək ki, biz Tehranın qarşısını ala bilmədik. Ona görə baş verəcək ki, biz sadəcə onu dayandırmaq yolunu tutmadıq.

Respublikaçıların prezidentliyə keçmiş namizədi olan MakKeyn hesab edir ki, İranın nüvə silahına sahib olması ABŞ-ın gücünə etibarı tamamilə alt-üst edər.
XS
SM
MD
LG