Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:47

Yaşıl Hərəkat rejimə qarşı


İran müxalifətinin Tehranda yürüşü, 18 sentyabr 2009
İran müxalifətinin Tehranda yürüşü, 18 sentyabr 2009
«12 iyun 2009-cu il prezident seçkilərindən sonra İranı qaynadan belə hadisələr İslam respublikasının 31 illik tarixində heç vaxt olmamışdı. Heç vaxt bu sayda insan öz haqlarına hörmət qoyulmasını tələb etməyib. Repressiyalar, işgəncələr, hətta qətllər insanları küçələrə çıxmaqdan çəkindirə bilmirdi».

Bunu «Fərda» radiosunun əməkdaşı Hüseyn Aryan öz şərhində deyir.

Onun fikrincə, İranda beləcə yaranan Yaşıl Hərəkat həm hakimiyyətdəkilər, həm də Qərb müşahidəçiləri üçün sürpriz oldu.

Çünki heç kimin ağlına gəlmirdi ki, İranda sərt rejim qarşısında belə hərəkat mümkündür.

REJİMDAXİLİ DAVA

Faktiki olaraq bu, hakimiyyət daxilində iki düşərgənin davasıdır. Birinci düşərgədə Ali lider Ayətulla Xameneyi, prezident Mahmud Əhmədinejad, Ayətulla Yəzdi və başqa yüksək rütbəli ruhanilər var.

Ayətulla Yəzdi Əhmədinejadın necə deyərlər mənəvi atasıdır. O keçən iyulda deyirdi:

«Seçkili qurumlar ruhani hökumətə lənətdir». «Seçki yalnız zahiri görünüşdür».

İkinci düşərgənin adı Yaşıl Hərəkatdır. Burda islahatçılar və praqmatiklər toplaşıb - Mir Hüseyn Musəvi, Mehdi Kərrubi, keçmiş prezidentlər Rəfsancani, Xatəmi və başqaları.

Hər iki düşərgə islam rejimini dəstəkləyir və bu rejimdə xalqla dövləti barışdırmağın yollarını axtarır.

YAŞIL HƏRƏKAT

Yaşıl Hərəkat təkcə Musəvi və Kərrubi demək deyil. Bu hərəkata müxtəlif siyasi fəlsəfəli və məqsədli qruplar daxildir. Bu, amorf bir toplumdur.

Musəvi konstitusiya daxilində inqilab etmək istəyir. Başqaları indiki qaydalar daxilində respublikaçılıq və demokratiya elementlərini gücləndirmək istəyirlər.

Faktiki olaraq bu, hakimiyyət daxilində iki düşərgənin davasıdır
Yaşıl Hərəkatın içində elələri də var ki, imkan düşən kimi İranı islam rejimindən uzaqlaşdırmağın tərəfdarıdırlar.

Yaşıl Hərəkat 1979-cu il islam inqilabındakı anti-şah hərəkatından fərqli olaraq struktura malik deyil.

Onun mərkəzi sinir sistemi, vahid ideologiyası yoxdur. Bu, hakim rejimə bir rahatlıq verir, çünki belə hərəkatdakılar birlikdə çox qala bilməz. Ancaq əksinə, hərəkat qalır, nümayişlər keçirir.

Hərəkatın zəif nailiyyəti odur ki, bazar tacirlərini, həmkarlar ittifaqlarını, başqa sosial qrupları geniş miqyasda cəlb edə bilmir.

Hərəkatın tərkibi isə olduğu kimi qalır - bunlar əsasən gənclərdir - yaxşı geyinmiş, yaxşı təhsil almış, internetdən, «Facebook» kimi sosial şəbəkələrdən yaxşı başı çıxan həm oğlanlar, həm qızlar.

REJİMİN 4 DAYAĞI

Yaşıl Hərəkata ciddi təhlükə kimi baxan rejimin 4 təhlükəsizlik dayağı var. Birincisi, Hüquq Mühafizə Qüvvəsidir, bir sözlə, adi polisdir.

İkincisi, Bəsic Müqavimət Qüvvəsidir. Bəsicilərin sayı 13 milyon 600 mindir.
Bunlardan 1,5 milyonu hərbi və nümayiş dağıtmaq təlimi keçib, asanlıqla yerləşdirilə bilir.

Bu qüvvənin əsas hissələri 1905 Aşura batalyonu, qadınlardan ibarət 446 Əl Zəhra batalyonu, 259 İmam Hüseyn batalyonudur.

Bunlardan başqa 52 min Kərbəla döyüş qrupu var.

Bəsiciləri baş komandanı İslam İnqilab Qvardiyası Korpusunun komandanına tabedir.

Bəsic qüvvələrinin paradı, 26 noyabr 2009
Üçüncü qüvvə İslam İnqilab Qvardiyası Korpusudur. Onlar 120 min nəfərdir. Bu qurum dövlətdən böyük iqtisadi müqavilələr alır. Onun komandanları kəşfiyyatda və polisdə rəhbər vəzifələr tuturlar.

Qvardiya daxilində komandanların hansı tərəfə meyillənməsi siyasətdə növbəti addımı müəyyən edir. 1999-cu ildə 24 komandan o vaxtki prezident Xatəmiyə məktub yazdılar ki, onun islahatçı siyasəti rejimə təhlükədir və xəbərdarlıq etdilər ki, lazım bilsələr, siyasətə müdaxilə edəcəklər.

O məktubu yazanlardan biri general Məhəmməd Əli Cəfəri indi qvardiyanın komandanıdır.

Rejimin 4-cü təhlükəsizlik dayağı hərbi Arteş qrupudur. Bu 430 min nəfərlik hərbi birləşmə sərhədləri qoruyur, siyasətə qarışmır.

YAŞIL HƏRƏKATIN ŞANSI VAR

İnqilabi Qvardiyanın komandanları hələlik Ayətulla Xameneyinin hakimiyyətini qoruyurlar. Ancaq bu o demək deyil ki, onlar Xameneyini dəyişmək istəməzlər. Əgər fikirləşsələr ki, Xameneyi rejimi qorumaq iqtidarında deyil, onda onun yerinə başqasını qoyacaqlar.

Ancaq Qvardiyanın və Bəsicilərin özləri də monolit deyillər. Onlar arasında da Yaşıl Hərəkatın arqumentlərini bölüşənlər var. Onlar arasında da fikirləşənlər var ki, islam rejimi istədikləri sərbəstliyi və firavanlığı vermir. Ona görə, Yaşıl Hərəkatın şansları var.
XS
SM
MD
LG