Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:27

Seyran Səxavət "YƏHUDİ ƏLİFBASI" (Roman)


Nəvəm Həmidə və onun dünyadakı bütün yaşıdlarına

...İkimiz də xeyli çiçək yığmışdıq. Şərtləşdiyimiz kimi, mən ondan yeddi metr aralı gəzirdim. O, çiçəklərə nəsə deyirdi, mən isə eşidə bilmirdim, ancaq elə eşitmək istərdim ki...

- Bəsdi, - dedi və dayandı.

- Çiçəkləri gətirim? - Mən özümdən asılı olmayaraq ona tərəf bir addım atan kimi, o, iki addım arxaya çəkilib əlini qaldırdı.
- Dayan, dayan, onları qoy yerə, özün çəkil, mən gəlib götürərəm.

Mən elə də elədim.

O, mən yığan çiçəkləri götürüb özününkülərə qarışdırdı, üzü mənə tərəf oturdu; mütəkkə daşın üstündə, çiçəkləri qoxulayıb gözlərini yumurdu.

Diqqətlə fikir verib gördüm ki, o, qoxuladığı çiçəklərin bəzilərini çıxarıb atırdı və yemirdi.

Bayaq Allahdan danışanda gözlərini yumurdu, indi də çiçəkləri qoxulayanda. Bəzi çiçəkləri isə dodağına sürtürdü. Fikir verdim, axıra qədər bir dənə çiçək də yemədi, ancaq qoxuladı. Lap axırda əlində qələm uzunluqda bir çiçək qalmışdı, başını qaldırıb göyə baxandan sonra o çiçəyin "üzündən" öpdü, sonra da üzərlik kimi üç dəfə başına fırlayıb atan kimi mənə baxıb dedi:

- Doydum...

Belə şey də görməmişdim; dilim tutuldu, mən ancaq başımı tərpətdim, yəni ki, "lap yaxşı". Torpaq ayağımın altından qaçdı, ikimizin aramızda bir qarış enində uzun bir çatlaq qıvrıldı, mən bərk qorxdum.

Uşaq çatlağa tərəf gəldi və şərtləşdiyimiz kimi, o, nə qədər yaxınlaşmışdısa, o qədər ondan uzaqlaşdım ki, başı ağrımasın, ağırlığım onu tutmasın. O, yerin çatlağına baxdı, uşaq kimi atılıb-düşdü, sevinirdi, deyəsən; ancaq nəyə sevindiyini deyə bilmərəm. O, çatlağı göstərib dedi:

- Allah sənin günahından keçdi!

Mən mat qalmışdım, heç nəyi görmürdüm, dünyanın bu gözəl dərəsində olduğum yadımdan çıxmışdı, elə bil heç burda yox idim.

Xeyli keçəndən sonra uşaq məni dünyanın bu gözəl dərəsinə qaytardı:

- Rahatlandın?

- Hə...

- Yüngülləşdin?

- Hə... - dedim.

O, bu dəfə daş mütəkkəni dikəldib ayağını yerdən üzmədən onun üstündə oturdu, üzünü də mənə çevirdi. Mən onunla çox məhrəm münasibət yaratmaq üçün dedim:

- Gedək şəhərə, bizdə qalarsan.
- Yox.
-Niyə?

- İxtiyarım yoxdu.
- İxtiyarını kim alıb?
- Allah.

Mən narahat oldum, özü də əməlli-başlı:
- Bəs bir azdan qaranlıq düşəcək axı...

- Mən işığı sevsəm də, işıqdan çox qaranlıqda arxayın oluram.
- Bəs harda qalazsan?

- Çöllərdə...
- Qurda-quşa rast gələrsən.
- Qurd dostumdu, quşlar isə gecələr uçmur.

- Nə vaxta qədər çöllərdə olacaqsan axı? - Mən az qala bir valideyn ədası ilə onu danladım.

- Şəhərlərə, kəndlərə o vaxt qayıdacağıq ki, şəhərdə uşaqlar üçün ayrıca küçələr, kəndlərdə isə yollar olsun. Uşaqların öz küçəsi olacaq... böyüklərin o küçələrə, yollara girməyə ixtiyarı yoxdu; böyüklər qırılandan sonra bütün küçələr, yollar bizim olacaq.

- Niyə? - Mən böyüklərin hüquqlarını müdafiə komitəsinin sədri kimi soruşdum.

- Sizdə ağırlıq çoxdu, bu ağırlığa nə yer dözə bilir, nə də göy. Bu, Allahın əmridi, dünyanı böyüklərdən xilas eləyib uşaqlara vermək istəyir...
- Bunu sənə kim deyib?
- Allah, - dedi, - ən uzunömürlü uşağın yaşı on beş-on altı, yəni özünü tanıyana qədər olacaq, uşaq özünü tanıyan kimi dünyasını dəyişəcək...
- Öləcək?

- Yox, yerini dəyişəcək, - o, yaşına qətiyyən uyğun gəlməyən bir görkəm alıb qətiyyətlə dedi, - Allah Dünyanı uşaqlara etibar eləmək istəyir.
- Uşaqlara? - Mən təəccübümü gizlədə bilmədim.

- Bəli... Sən heç fikir vermisən ki, iclaslarda, televiziya ekranlarında adamlar Dünyanın taleyi haqqında necə arxayın-arxayın danışırlar? Allahı ən çox əsəbiləşdirən bəndələrin sifətidir.

Əlimi üzümə çəkdim, elə bil salavat çevirirdim:
- Bizim sifətimizə nə olub ki? - Öz bildiyim qədər etiraz elədim.

O, mənim etirazıma etirazımın yarısı qədər də məhəl qoymadan dedi:

- Siz həmişə demisiniz ki, uşaqlar bizim gələcəyimizdi. Bundan sonra belə olmayacaq, uşaqlar sizin gələcəyiniz yox, bu gününüz olacaq, Dünyanı uşaqlar idarə eləyəcək - Allah belə istəyir... Dünya uşaqların üzünə bu vaxta qədər dağılmayıb. Ölkələri uşaqlar idarə eləyəcək; mən də bir ölkənin prezidenti olacam; bir velosipedim olacaq, bəsimdi...

Bu uşaq nə deyirdi, nələr danışırdı? Barmağımı dişlədim - onu danışdıran danışdırırdı.

Əgər o dediyi kimi olsa, qalacağıq uşaq-muşaq əlində...

Uşaq diqqətlə mənə baxırmış; sən demə, ürəyimdən keçənləri üzümdən oxuyub:

- Uşaq-muşaq əlində qalmaq, böyüklərin umuduna qalmaqdan yaxşıdı, imkanınız varsa gedin Allahınıza şükür eləyin...
Onun bu həssaslığı məni xoflandırdı... Bu dəqiqə, durduğum yerdəcə yoxa çıxmaq istədim, ancaq bu mənim imkanım daxilində deyildi.
- Yooox... bu, uşağa oxşamır... - ürəyimdə dedim, heç kim eşitmədi.

- Yooox.. bu, heç böyüyə də oxşamır... - bunu da ürəyimdə dedim, bunu da heç kim eşitmədi. Ancaq eşidən eşitmişdi; uşaq məni diqqətlə süzüb dedi:
- Düz deyirsən, mən uşağa oxşamıram...

Heç böyüyə də oxşamıram... Sən məni heç nəyə oxşada bilməyəcəksən, çünki mən Allahın təzə yaratdıqlarındanam.

Matım-qutum qurudu, əlim ağzımda qaldı. Bu uşağın yanında nəinki danışmaq, heç fikirləşmək də olmaz.
- Bax, bunu düz deyirsən... Allah bizi elə yaradıb ki, siz köhnələr baxan kimi nə yuvanın quşu olduğunuzu o saat duyuruq.

Mən çalışdım ki, heç nə fikirləşməyim. O, dedi:

- Özünü niyə zorlayırsan... nə istəyirsən fikirləş, onsuz da bizim üçün Sizin nə fikirləşməyinizin heç bir mənası yoxdu.
- Sən Allah bəsdir. - Mən səsimi ucaltdım. Onun isə tükü də tərpənmədi, dedi:

- Siz köhnələr nə tez yorulursuz...?!
Mən dinmədim, susdum ki, əl çəksin məndən, o isə ani baxışla mənə nəzər salan kimi dedi:
- Yaxşı, əl çəkdim səndən... qurtardıq.

Mən onun elədiyi "yaxşılıqdan" ürəklənib söhbəti dəyişmək istədim:
- Sizlər bir-birinizi də belə duyur, belə görürsüz?

- Bəli, bəli... Biz öz aramızda sizlər kimi uzun-uzadı danışmırıq, məsələn, mən birindən söz soruşanda o, cavab verməsə də olar, cavabını üz-gözündən oxuyuram; televiziyada karlar üçün film göstərəndə necə olur, bax elə... Bəzən isə uzun-uzadı söhbətimiz qabaq-qabağa durub bir-birimizə baxmaqla keçir, gözlərimizlə sağollaşıb ayrılırıq.

- Onda sizinkilərin arasında yalan demək mümkün deyil ki?
- Düzdü, mümkün deyil, bizdə yalan demirlər.

Özümdən şübhələnməyə başladım: "Bəlkə bütün bunların hamısını yuxuda görürəm, hə?"
Uşaq fikrimi kəsdi:
- Yuxu-zad deyil, nə görürsənsə həqiqətdi; bayaq dedim axı, biz Allahın təzə yaratdıqlarındanıq.

- Təzəliyini-köhnəliyini bilmirəm... gözümnən gördüm də, onu bilirəm ki, Allah sizi bizə qənim yaradıb.
- Düz tapmısan...

Mən maraqlandım:

- Siz çoxsuz?

- Çoxalırıq yavaş-yavaş...
- Elə hər ölkədə əlli nəfər sənin kimisi olsa bəsdi, - dedim.

Mən uşağa yeddi metrdən artıq yaxın düşməmək şərti ilə yuxarı tərəfdən hərlənib kalafaya yaxınlaşdım. Kimsə kalafanı torpaqla doldurub yernən bir eləmişdi; ancaq bir şeyi başa düşə bilmədim ki, Pəzəvəng torpağın altında qalmışdı, yoxsa çıxıb getmişdi. Qulağımı torpağa yapışdırdım, Pəzəvəngin xorultusu gəlmirdi, ancaq burnuma torpaq qoxusu dəydi.

Ayağa qalxıb uşağa tərəf baxanda gördüm ki, gülür, özü də mənə gülürdü; nəyimə gülürdü, bilmədim...

Ürəyimdən keçdi ki, gözümü uzaqlara zilləyim, fikrə gedim, dincəlim - ancaq dərənin dibində bu mümkün deyildi; burdan ancaq göylərin dibsizliyinə baxmaq olardı ki, buna da buludlar imkan vermirdi.

Buna görə sıxıldım, mən sıxılanda ürəyim də sıxıldı, arxası üstə uzanıb əllərimi başımın arxasında daraqladım, bozumtul, qaramtıl buludları dağların zirvəsinə qədər ötürür, təzədən geriyə qayıdıb təkrar eləyirdim. Və birdən buludların arası kəsildi, nəyə görəsə bu, məni kədərləndirdi. Ürəyimdə o buludların arxasınca qaçıb onlara qoşulmaq həvəsi göyərdi...

Böyrü üstə çevrildim, iynə boyda bir çiçəyi qırıb ona tamaşa elədim. Mən o çiçəyin adını bilmirdim, heç o da məni tanımırdı; ancaq o qədər gözəl idi ki... xırda ləçəkləri vardı, saydım: yeddi dənə idi. Kiprik naziklikdə saplağı o qədər şəffaf idi ki, axıb əlimə tökülən şirəsini aydınca görmək olurdu.

Çiçəyi qoxuladım, ancaq ətrini duya bilmədim və onu qırmağıma peşiman oldum: "bitmişdi də özü üçün". Sonra ayağa durub uzandığım yerə baxdım, nə qədər çiçək altımda qalıb əzilmişdi... təxminən elə bədənimin ərazisi qədər...

Belə yerdə gərək heç yeriməyəsən də... quş olub uçasan, günaha batmayasan. "Görəsən Qaratoyuq bura qonsa, onun da ayaqları altında çiçəklər əzilər, Ancaq kim nə deyir-desin, o balaca vücud -- çiçək dünyaya dəyər...".

Sonra durub oturdum, yaxın ətrafıma nə qədər göz gəzdirdimsə, o balaca çiçəkdən görmədim və nəsə pis oldum, səbəbini də aydınlaşdıra bilmədim...

O balaca çiçəyin meyitini nə qədər axtardımsa, tapa bilmədim.

Əgər o çiçək böyüyüb Sərv ağacı boyda olsaydı, bütün bəşəriyyət onun başına yığışıb tamaşasına durardı. Ancaq o balaca çiçək heç vaxt böyüyüb Sərv ağacı boyda olmayacaqdı, onda gərək ilimiz on iki ay Yaz olaydı. ilimiz on iki ay Yaz olsaydı, torpaq yay, payız, qış xiffətindən qan qusardı, öskürə-öskürə qalardı və bəşəriyyət ən azı acından gəbərərdi.

O balaca çiçək o vaxt böyüyüb Sərv ağacı boyda olacaqdı ki, Sərv ağacı da balacalaşıb çiçək boyda olsun...

Əgər balaca çiçək böyüyüb Sərv ağacı boyda olsaydı, dünyanın ən bəzəkli, nazlı, gözəl quşları onun budaqlarında yuva qurub nəğmə oxuyardılar, bu zaman Dünyanın başqa quşları Dünyanın lap o başından ekskursiyaya gəlib balaca çiçəyi də, gözəl quşları da ziyarət edərdilər. Əgər balaca çiçək böyüyüb Sərv ağacı boyda olsaydı, onun budaqlarında yuva qurmaq üçün kökü kəsilməkdə olan nadir quşlara da budaq ayrılardı və onların kökü kəsilməzdi, artardılar.

...Əlbəttə, əgər bu balaca çiçək böyüyüb Sərv ağacı boyda olsaydı...

- Nadir adamların da kökü kəsilməkdədi... onların da balaca çiçəyi olsaydı, o balaca çiçək böyüyüb Sərv ağacı olsaydı, nəsli, geni qırmızı kitaba düşmüş adamlar o ağacın budaqlarında yuva qura bilsəydilər yaxşı olardı... Allaha da xoş gedərdi... - dodaqaltı dedim.
Uşağın o tərəfdən səsi gəldi:

- Elə Sərv ağacı var, mənim də orda quş yuvası boyda bir yuvam var.

Mən onsuz da özümü çoxdan itirmişəm, dedim:
- Elə Sərv ağacı var?
- Var...

- Onu mənə göstərə bilərsən?
- Göstərərəm... ancaq, göstərsəm də sən onu görə bilməzsən...

- Niyə?
- Niyəsi yoxdu... olmayacaq da... Elə Sərv ağacı var; onu Allah özü sulayır, yeddi gündə bir dəfə. O ağaca biz baxanda onun necə böyüdüyünü, qol-budaq atdığını görürük. Qırx doqquz ildən sonra bütün Yer kürəsi o Sərv ağacının kölgəsi altında qalacaq.

- Biz o günü görəcəyik?
- Yox, onda siz olmayacaqsız... köhnələrdən bir nəfər də qalmayacaq.

Mən uşağa necə etiraz eləmək olardısa, eləcə dedim:
- Bu nədi ee, köhnə... təzə... Xalqı niyə parçalayırsız? - pafosla soruşdum.

Uşaq, deyəsən, heç bu qulağından alıb o qulağından da vermədi, elə bil heç eşitmədi. Mən belə başa düşdüm ki, yəqin bu da bir cavabdı.
Birdən yerin təkindən bir bağırtı qopdu, bu dərədə ikimizdən başqa heç kəs yox idi - mən bərk qorxdum, nigaran-nigaran ətrafı nəzərdən keçirib bağırtının hardan qopub gəldiyini müəyyənləşdirmək istədim; bağırtı elə bil ki, oturduğum yerin altından gəlirdi, tez ayağa durub ordan azacıq aralandım.

Uşağın isə tükü də tərpənmədi, vecinə deyildi.

Birdən kalafadan Pəzəvəng dikəldi, üstündən torpaq tökülə-tökülə, bağıra-bağıra səfər çantasını da qoyub arxasına baxmadan dərə yuxarı qaçıb dağın o üzünə aşdı, yoxa çıxdı. Onun bağırtısı nazilə-nazilə üzüldü...

Uşaq o tərəfə heç baxmadı da, elə bil belə bir hadisə olmamışdı. Mən dedim:

- Gördün?
- Yox.

- Eşitmədin?

- Yox.
Ona deməyə söz tapmadım; baxmayaraq ki, uşaq demişkən, köhnə adamlar məni dilli-dilavər hesab eliyirdilər; sən saydığını say, gör bu uşaq nə sayır...
Uşaq dilləndi:

- Yaxına gəl.
Mən tələsik ona yaxınlaşdım, yeddi metr məsafədə dayandım, deyəsən, bir balaca səhv eləmişdim.

- Bir addım arxaya... - uşaq az qala əmr elədi, - hə... belə yaxşıdı, indi dayan.
Uşaq göyləri nəzərdən keçirib dedi:

- Bəri bax.
Mən onun gözlərindən qorxurdum, alnına baxdım.

- Eybi yoxdu, belə də olar... Qulaq as... Sən özünü axtarırsan!
- Hə... - dedim.

- Neynirsən özünü axtarıb?
- Onunla haqq-hesabım var, onu çürütmək istəyirəm.

- Mən onun yerini bilirəm...
- Hardadı?

- O da səni axtarır... onu harda itirmisən?
- Kimi?

- Özünü də.. axı sən özünü axtarırsan.
- Hə... - dedim, - ölkə qarışmışdı bir-birinə, it yiyəsini tanımırdı... özümə dedim ki, dur burda gözlə, indi gəlirəm... Özümdən azca aralandım, qayıdanda gördüm ki... yoxdu... elə o vaxtdan axtarıram.

- Neçə ildi axtarırsan özünü?
- Qırx ildən çoxdu.

- Yalan danışma də, düzünü de.
- Yaxşı... Altmış iki ildən çoxdu...

- Bir az da dəqiqləşdirə bilərsənmi?
- Mən iyirmi üç mart min doqquz yüz qırx altıncı ildən özümü axtarıram?

- Düzdü, - o, mənim dediklərimi təsdiq elədi, - indi düzünü dedin...
- Mən sənə yalan demərəm.

- Ancaq başqasına deyərsən, hə?
- Hə...

- Niyə?
- Ona görə ki, o, mənim yalan dediyimi bilməyəcək... Bizi qınamayın, biz belə yaranmışıq, belə öyrənmişik.
- Yaxşı... Gedək!

- Hara?
- Axtarmağa.

- Kimi? - soruşdum.
O, təəccübləndi:
- Demirsən ki, özümü axtarıram?...

- Hə... Bəs sən demişdin yerini bilirəm?
- Mən onu bir dəfə görmüşəm, sənə yaman oxşayırdı; ancaq o, orda dayanıb bizi gözləmir ki... gərək axtaraq da...
- Onu harda görmüşdün?

- Bizim insan ayağı dəyməyən cənnət-məkan yerin yanında... içəri girməyə cəhd eləmişdi, bizim keşikçi uşaqlar onu tutub çırpmışdılar.
- Bu təxminən nə vaxt olub?..
- İki ay qabaq.

- Hə... deyirəm axı...

- Nə deyirsən? - özü də cavab verdi, - iki ay qabaq bədənin bərk ağrıyırdı, elə bil səni döymüşdülər, hə?
- Hə... - mən artıq təəccüblənmirdim, yavaş-yavaş onun bu xasiyyətinə öyrəşirdim.

Uşaq mənim küskün simamı nəzərdən keçirib dedi:

- Bizim uşaqlar soruşublar ki, burda neynirsən; o, deyib ki, dünyada özümə yer tapa bilmirəm... bura xoşuma gəlir.

- Bəs sizin uşaqlar nə deyib?

- Deyiblər ki, çıx get, bura sənin yerin deyil; o da ağlaya-ağlaya, tez-tez qayıdıb, geriyə baxa-baxa çıxıb gedib.

Uşaq gözlərini daş mütəkkəyə zillədi; baxışları paralel şəkildə gedib daş mütəkkədə birləşirdi və o qədər iti idi ki, uşaq bir az da belə baxsaydı, daş mütəkkə çatlayacaqdı; bəlkə də gedib daş mütəkkəni diqqətlə nəzərdən keçirsəydim, uşağın iti baxışının ucu boyda deşik tapardım. Ancaq həvəsim olmadı, ağırlaşmışdım, elə bil qurşağa qədər qatı palçığın içində oturmuşdum.

Uşaqdan soruşdum:

- İndi sən nə vaxt öz yerinizə qayıda bilərsən?

- Qırx ildən sonra, məni "persona nonqrat" elan eləyiblər.

- Qırx il çox deyil? - mən özümü ona ürəyi yanan kimi göstərdim.
- Sizin üçün çoxdu, bizim vaxtnan götürəndə, necə deyim sənə... qırx gündü, qırx gün... Sizin vaxtnan bizim vaxtın fərqi çox böyükdü, - o, mənim bu sözlərə münasibətimi bilmək üçün üzümə baxdı, təəccübümü açıq-aşkar görüb dedi:

- Deyəsən, Allahın altında bir gün görməmisən... heç xoş günün olub?
- Olub, - onun üzünə baxmadan dedim.

- Nə vaxt?
- Ana bətnində olanda... ana bətnində çox rahat idim, orda məni döyən, söyən, incidən, yalan deyən, payımı əlimdən alıb yeyən yox idi; yerim dar deyildi, çox geniş idi.

- Yəni, - o, əlləri ilə ətrafı göstərdi, - dünyadan da geniş idi?

- Hə...
- Ola bilməz. - Uşaq etiraz elədi, mən də ona etiraz etdim və dedim:

- Genişlik deyəndə sən ərazi başa düşürsən?

- Bəli...

- Bax, görürsən ki, uşaqsan... Yadında saxla, genişlik deyəndə ərazi yox, adamın rahatlığının ərazisi nəzərdə tutulmalıdı... axı rahatlığın da ərazisi var.
- Düz deyirsən, indi başa düşdüm, - Uşaq bəlkə də ilk dəfə idi ki, mənimlə razılaşırdı. Mən bundan ruhlandım və dedim:

- Ana bətninin genişliyini ancaq kainatla müqayisə etmək olar, rahat, isti - həm də bilirdim ki, bura mənimdir, heç kəsin deyil. Altmış ildən çoxdu dünyadayam, heç nə mənim deyil. Bir özüm idim, onu da itirmişəm, dəmir çarıq geyib dünyanı ələk-vələk eləyirəm, tapa bilmirəm. Adamın heç nəyi olmayanda, axırda adam özü də dönüb olur heç nə... Əslində, elə mən heç nəyəm.

- Darıxma, - aralıda dayansa da mənə elə gəldi ki, uşaq əlini çiynimə qoydu, mənə təskinlik verdi, - darıxma, axtararıq, özünü taparsan, bir-birinizə qovuşarsız, sonra xasiyyətini dəyişərsən, hər şeyin olar.

- Xasiyyəti mənə Allah verib... Allahın verdiyi xasiyyəti heç nəyə dəyişə bilmərəm, qorxuram...
- Kimdən qorxursan?
- Mənim qorxduğum təkdi - Allahdan... ondan başqa heç kimdən qorxmuram.
- Niyə?

- Bəndədən qorxsam, o da Allahlıq eşqinə düşər, günahı mənim boynumda qalar...
- Sənin boynunda niyə?
- Mən şərait yaratmış oluram da...

- Elədi... - Uşaq gülümsəmək istədi, ancaq özünü saxladı, mən biləni, belə lazım bildi.
Mən bir az da ürəkləndim:

- Hərdən mənə elə gəlir ki, vətənim də yoxdu... Vətənsizəm...
- Niyə elə fikirləşirsən?

- Böyüklərdən biri deyib ki, mülkü olmayanın vətəni də olmaz.

Uşaq qışqırdı:
- Diz çök! Əllərini yuxarı qaldır, Allaha yalvar.
Onun dediklərinə əməl eləyib heykələ döndüm, bircə gözlərimi döyə bilirdim; xeyli keçəndən sonra uşaq bu "heykələ" can verdi:

- Bəsdi, - dedi, - böyüklərdən biri... - istehza elədi, - böyüklərdən biri nə deməkdi, - böyüklər yoxdu, var böyük, o da Allahdı, təkdi.
Mən dilimi dişimin arasından buraxıb dedim:

- Demək istəyirdim ki, Allahın yaratdığı böyük bəndələrdən biri deyib ki, mülkü olmayanın vətəni də olmaz.

- Bu başqa... bayaq dediyin başqa... - Uşağı razı salmışdım.
Uşaq üzünün ifadəsini dəyişib soruşdu:
- Sən özünü harda axtarmısan?

- Hər yerdə.
- Düz eləməmisən, artıq yerə vaxt itirmisən...
- Axı, niyə?

- Ona görə ki, sən gərək özünü harda gəldi axtarmayaydın.
- Bəs harda?..
Uşaq sözümü kəsdi:

- Gərək sən özünü dünyanın harasında, nəyində gözün qalıbsa, oralarda axtaraydın, onda tapardın... tez tapardın.
- Ancaq o yerlərdə? - mən soruşdum.

- Ancaq o yerlərdə! - qətiyyətlə dedi, hətta, deyəsən, yumruğu da düyünləndi.
- Belə çıxır ki, mən heç vaxt özümü tapmayacam... - Güclə dedim.

- Niyə?
- Çünki dünyanın heç harasında, heç nəyində gözüm yoxdu.

- Ola bilməz!

- İnan mənə... - mən ondan inam dilədim, deyəsən, o da inandı, duydu və axırda da dedi ki, "sən adam deyilsən..."
Mən incik-incik soruşdum:

- Adam deyiləmsə, onda kiməm?

- Düzünü desəm qudurmazsan ki?
- Yox... - Uşağın mənə belə sual verməyinin fərqinə varmaq vaxtı deyildi.

- Sən adam deyilsən... Sən bir az... lap azca bizim uşaqlara oxşayırsan... bizim uşaqlara...

Uşaq mənim çox sevindiyimi görüb əlavə etdi:

- O qədər də sevinmə... bəlkə, mən səhv eləyirəm, - dedi və sevincimin altını üstünə çevirdi; qaldım sevincimin xarabalıqlarında... Bayquşlar uçub gəldi, sevincimin xarabalıqlarında yuva saldılar, kürt düşdülər, balaladılar. Nuşirəvan peyda olanda, bayquşlar jurnalistlər kimi onun başına yığışıb sual eşitdirib cavab eşitdilər.

Bu Nuşirəvan o Nuşirəvandan çox Buşa oxşayırdı, ancaq at belində idi. Ürəyimdən keçdi ki, "Nuşirəvan, Buş və bayquşların söhbəti" adlı bir poema yazam, hətta qəti qərara da gəldim, ancaq sonra fikrimdən döndüm, Nuşirəvandan yox, o, özümüzünküdü, Buşdan qorxdum, qorxdum ki, arxalı köpək qurd basar...

Bu fikirlərdən məni yenə Uşaq ayırdı:

- Düzdü, sən dedin, mən də inandım... ancaq sənə bir söz deyim, özünü harda tapsan, deməli, dünyanın o yerində gözün varmış, özündən ayrı düşdüyünə görə hiss eləməmisən, xəbərin olmayıb.

- Təki özümü tapım...- Ümidsiz cavab verdim.

Elə bil kimsə ürəyimi qaynanmış pencər kimi sıxıb barmağının arasından tökülən damcıları üzümə çırpdı və sifətim deşik-deşik oldu. Bu dərənin dibində güzgü olmadığını yüz faiz bilsəm də, ürəyimdən keçdi, olsaydı üzümə baxardım; güzgü əvəzinə sağ əlimi üzümə sürtdüm, diqqətlə ovcumun içinə baxdım, ovcumun içi tər-təmiz idi - qana bulaşmamışdı. Sakitləşib rahatlanandan sonra dedim:

- Bir dəfə az qalmışdılar dilimi kəssinlər; yadıma düşəndə tüklərim bədənimdə gülmıx kimi biz-biz olur.
- Nə üstə?

- Heç... Böyük məclis idi, hər cür adam vardı. Biri isə nə yerə sığışırdı, nə də göyə, elə qalmışdı yernən göy arasında. Araz uzunluqda zəhlətökən bir tost deyirdi, hamını yuxu basmışdı.

Balaca stəkanlar ovcumuzun içində qaynayırdı. Axırda da dedi ki, nə qədər canınız sağdı, yeyin, için, keyf eləyin...

Hər nə var bu dünyada var; o dünya deyilən şey yoxdu, kim deyirsə, başından böyük qələt eləyir. Mən etiraz olaraq başımı silkələyəndə sağ və solumda oturan bığıburmalar müvafiq olaraq qollarımı çimdiklədilər, ikisi də ağzını qulağıma yapışdırıb eyni sözləri dedi: - Etiraz eləməyə adam tapmırsan? - Elə bil bir-birinin ağzına tüpürmüşdülər. O, nə pullarının sayını bilirdi, nə də adamların yerini. Mən qəfil dikəlib dedim:

- Düz demirsən!

- Məəən? - O istehza ilə məclis üzvlərinə baxıb acı-acı güldü, bu an mənə elə gəldi ki, o, heç vaxt şirin-şirin gülməyib, gülə də bilməz. Əlqərəz, dedim ki, bəli sən. Qurbağanın gölünə daş atmışdılar; məclisdəki bığıburmalar dönüb olmuşdu anaş qurbağa. O, dedi:

- Ay camaat, o dünyadan qayıdan olub?
Qurbağalar xorunan quruldadı:

- Yox!
- Bəs onda bu, nə deyir?
- Qanmazdı. - Qurbağalar bir ağızdan deyib, bir gözlə də məni göstərdilər.

O, harın və pullu qurbağa bir az da səsini ucaltdı:

- O dünyadan qayıdan olmayıbsa, sənə deməyibsə ki, o dünya bu dünyadan yaxşıdı, sən bunu hardan bilirsən?
Şagird kimi əlimi qaldırıb ayağa durdum:
- Olar, deyim?

- Olar! - Məclisdəkilər xorla dedilər.

- Əgər o dünya bu dünyadan pis olsaydı, elə hamı geri qayıdardı da... Yaxşıdır ki, qayıtmırlar, - dedim və oturdum.

Məclis gözünü döyə-döyə qalmışdı.
O, dedi:
- Dur burdan rədd ol!

Məclis təkrar elədi.
- Dur burdan rədd ol, alçaq! - Əlavələrini də elədilər.
Mən qısaca cavab qaytardım:

- Rədd olmuram!
- Rədd ol!

- Rədd olmuram!
Məclis qarışmaq istəyirdi ki, tost deyən adam sağ əlini göyə qaldırmaqla təzədən qurbağa gölünə daş atdı:
- Onu tutub yerə yıxın, əl-ayağını bağlayın!

Məni tutub yerə yıxdılar, əl-ayağımı bağladılar.

- Onun dilini kəsin!
Hərə cibindən bir bıçaq çıxartdı.
- Bıçaqla yox!
- Bəs, nə ilə? - xor dilə gəldi.

- Söznən.
- Şairin dilini ancaq bıçaqla kəsmək olar, - kimsə dilləndi.
- Şairin dilini sözlə kəsmək olmur axı... - başqa bir səs eşidildi.

- Bəlkə başını kəsək? - Üçüncü təklif də gəldi.
Tost deyən:

- Bəlkə ölümqabağı buna son söz verək?
- Verək! - Bir nəfər də etiraz eləmədi.
- Əl-ayağımı açın, - dedim.

Açdılar.
Ayağa durub bircə-bircə hamısının üzünə baxandan sonra son söz dedim:

- Mənim dilimi kəsməsəniz alçaqsınız! - Dilimi çıxarıb bir-bir hamısının üstünə yeridim. Onlar geri addım atırdı, geriləyirdi... Allahım mənə necə güc vermişdisə... Düzü, ölməyə də, nəğmə dərsinə hazır olan uşaq kimi, hazır idim. Lap axırda isə gözümü gözünə zilləyib düz tost deyənin üstünə yeridim:
- Kəs dedim, kəsməsən alçaqsan, - yenidən dilimi bayıra çıxardım.

O, arxası üstə gedirdi, mən də ona tərəf. Birdən onun arxası yoğun bir ağaca dirəndi, necə bağırdısa... Bu, ancaq qorxan adamın bağırtısı ola bilərdi. Mən lomba ilə onun üzünə tüpürüb başladım rəqs eləməyə.

O, yerindən tərpənmirdi, elə bil onu ağaca sarımışdılar. Toylarda təzə bəyin qabağında rəqs eləyən kimi onun qabağında xeyli oynadım, özü də tez-tez. Geriyə çevrilib gördüm ki, hamı it unu kimi dağılıb, bir nəfər də qalmayıb.

Təzədən geriyə çevriləndə, tost deyənin də yoxa çıxdığını gördüm. Durduğum yerdə uzandım göy otun üstünə. Bir xeyli qəhqəhə çəkdim, gendən baxan olsaydı elə bilərdi ki, dəli olmuşam. Düzü, özüm də şübhələnmişdim; dəli olmasam da, dəli olmaq dərəcəsinə gəlib çıxmışdım - lap yaxındaydım.

- Bəs sənin elə məclisdə nə işin vardı?

- Ac idim. Onlardan biri məni hardansa tanıyırdı; dedi ki, şair, biznən gedək şeirdən-zaddan deyərsən.
- Onların şeirdən başı çıxır ki?

- Onların başı hər şeydən çıxır, hər şeydən... şeirdən başqa... Onlar istəsəydilər məni diri-diri basdırıb ilim-ilim itirərdilər. Allahıma qurban olum, mənə necə güc verdisə... Mənim onların üstünə yeriməyim onları çaşdırdı... Gördülər ki, qanımı almışam ağzıma.
- Bəs, ümumiyyətlə, xalq hansı şeirləri daha çox bəyənir? - Uşaq soruşdu:
- Xalq... xalq... ağıl verən şirlərə daha çox meyllidi.

- Belə niyə?
- Xalq istəyir ki, həmişə ona ağıl versinlər. Bu cür şeirlərə qulaq asıb ləzzət alırlar, vəcdə gəlirlər... ancaq orda deyilənlərə əməl eləmirlər. Min illərdi belədi... Yəqin, bundan sonra da belə olacaq.
- Yəqin, ehtiyacı var də...
- Nə bilim, vallah, bəlkə də...

Uşaq söhbəti dəyişdi, daha doğrusu, köhnə palan içi tökdü:
- Ancaq yaxşı qurtarmısan... Səni Allah saxlayıb. Onlar sənin dilini də kəsərdilər, hələ desən lap başını da.

- Elədi. - Bədənim buza döndü, dilim də ağzımda soyumuşdu.
- Dilin başına bəladı sənin, - Uşaq dedi.

- Elə başım da dilimə bəladı.
- Başın niyə?
- Baş fikirləşməsə dil nədi ki... bir parça ət... Ürək də bir yandan... Baş fikirləşir, ürək istəyir, dil də ki, ötür - qan düşür. Həmişə belə olub. Mən başımın fikirləşdiyini ürəyim istəyən kimi dilimə gətirəndə səmavi bir rahatlıq tapıram.
- Sənin rahatlığın çox bahalıdı...

- Düzdü, mənə çox baha başa gəlir, rahatlığımı o qədər baha alıram ki, borca da düşürəm... Ömür boyu borc içindəyəm...
Uşaq maraqlandı:
- Yaxşı, səni bu xasiyyətinə görə heç müdafiə eləyənlər varmı?
- Çoxdu...

- Bəs onda niyə bu gündəsən?
- Bilirsən... məsələ burasındadır ki, məni müdafiə eləyən o çoxluğun, əksəriyyətinin özünün də müdafiəyə ehtiyacı var... bildin?
- Bildim... tərəzinin gözü əyilib, pərsəng də yoxdu.

- Bir az da dərinə getsən görəcəksən ki, heç tərəzi yoxdu. İndi dünyanın heç bir yerində tərəzi işlənmir, tərəzi dəbdən düşüb. Dünya olub tərəzisiz dünya...
- Tərəzisiz dünya olar? - Uşaq sakit və xoflu-xoflu dedi.

- Olub, özü də çoxdan olub. İnsanlar tərəzini tərgidib. Zor işlədirlər... zor.
- Dəhşətdi... - uşaq elə bil ki, birtəhər olmuşdu.

Mən isə ağına-bozuna baxmadan dedim:

- Tərəzi kəşf olunandan adam kimi iki gözü olub-bir gözünə haqqı qoyublar, o birisinə nahaqqı... İndiki tərəzilərin bir gözü var; ora da zoru qoyub fırladırlar - işlə görüm belə tərəziylə - necə işləyirsən, nəfəs al görüm belə tərəziylə - necə nəfəs alırsan, - yaşa görüm belə tərəziylə - necə yaşayırsan? Deyirmişlər ki, tərəzinin iki gözü olanda birini əyirmişlər, ancaq təkgözlü tərəzini əymək mümkün deyil... Təkgözlü tərəzilər.

- Yəqin, xəbərin olar, - uşaq sözə qarışdı, - son yüz ildə dünyada xeyli təkgöz uşaq doğulub.
- Doğrudan? Düzü, mən eşitməmişəm... - Uşağın bu sözü məni çox qorxudurdu.

- Bəli, belədi... Tərəzisi təkgöz olan dünyanın körpələri də təkgöz doğular da, bəs nə bilmişdiz?! - Uşaq səsini elə ucaltdı ki, elə bil tərəzinin təkgöz olmasının, uşaqların təkgöz doğulmasının günahı məndədi və bütün bəşəriyyətin əvəzinə mən cavab verməliyəm. Çox ağırdı və elə bil bu ağırlığın altında qalmışdım.

Uşaqla yeddi metr məsafədə dayanmaq da bir tərəfdən məni təngə gətirmişdi... Adam adam kimi adamla üzbəsurət dayanıb adam kimi söhbət eləyər də, bu nədi ee... Bir addım ona tərəf atan kimi uşaq bir addım geri çəkildi, şəhadət barmağı ilə məni hədələyib dedi:
- Sənə nə oldu?

- Heç nə... Tərəzilərin, uşaqların təkgöz olmağından mənə nə?

- Sənin də günahın var. Ancaq bu təkcə sənin günahın deyil, heç ola da bilməz; bu günahı bu gün yer üzündə yaşayan milyardlarla adamın arasında elə bölmək lazımdır ki, heç kəsə bir qram da nə artıq, nə əskik düşsün.

- Necə böləcəksən? Bu günahı sən deyən kimi bütün adamların arasında bölmək üçün yüz ildən artıq vaxt lazımdı, ona qədər də dünya dağılar, bəlkə düz demirəm?
Uşaq susdu, mən əlavə etdim:
- Tutaq ki, vaxt tapıldı, bəs onu, o günahı nəynən böləcəksən, tərəzi yoxdu axı.

Uşaq əl-qolunu oynada-oynada dedi:
- Gör dünya nə günə qalıbsa, adamların günahını bərabər şəkildə bölməyə bir tərəzi də qalmayıb. Tərəzidən imtina eləyən dünya dağılmağa məhkumdu! Söhbət kartof-soğan çəkən tərəzidən getmir - söhbət mizan - tərəzidən gedir...

Gözünüzlə görməsəz inanmazsız, necə yorulmuşduqsa, ikimiz də birdən arxası üstə uzanıb əllərimizi başımızın arxasında daraqladıq. Mən gözlərimi döyə-döyə göyə baxırdım. Bu nə mənzərə, bu nə göstərmə idi? Nəhəng, qara bulud tərəziyə necə oxşayırdı; tərəzinin iplərdən asılmış iki nəhəng gözü, çəkmək üçün sual işarəsinə oxşayan qulpu. - Heyrətləndim.

Uzandığım yerdə qalxıb oturdum, gözlərimi göydən ayıra bilmirdim. Yer üzündə nə qədər adam vardısa, hamı yığmışdı tərəzinin bir gözünə, başları görünürdü, məni qınamayın, səsləri də gəlirdi; o biri gözünə isə qan rəngində yer kürəsi boyda üç nəhəng qlobus qoyulmuşdu. Bu tərəzini çəkə biləcək qüdrətində-gücündə olan nəhəng bir əl tərəzinin qulpuna tərəf uzanırdı...
Bu, Allahın əli idi...

* * *

Allahın hökmü ilə daş heykələ dönmüş daş bəşəriyyət dizinə qədər torpağa basdırılsa da, heç vaxt tumurcuqlamayacaqdı, bitməyəcəkdi, günəşin istisini, ayın ilıq işığını, ulduzların qıyıq gözlərinin nurunu hiss etməyəcək, bulaqların sızqa nəğməsini, göylərin gurultusunu, körpə səsini, pələng nərəsini, Qaratoyuğun şaqraq, yanıqlı zəngulələrini eşitməyəcək, Sərv ağacının qamətini, Qumru cütlüyünün sevişməsini, iraqın, Əfqanıstanın xarabazarını, yazın Salatın kimi sallana-sallana gəlməsini, payızın qızıla dönməsini, qışın pak, soyuq ağlığını, yayın tənbəlliyini görməyəcəkdi...

...Tumurcuqlamayacaqdı, bitməyəcəkdi, hiss etməyəcəkdi, eşitməyəcəkdi, görməyəcəkdi... Və bəşəriyyətin hissetmə, eşitmə və görmə qabiliyyəti bir alabəzək kəpənək qədər də olmayacaqdı...

...Onları boy sırası ilə düzüb saydım: bir, iki, üç... on beş, on altı, on yeddi... iyirmi doqquz, otuz, otuz bir... otuz beş, otuz altı, otuz yeddi.
Göylərin əmrini onlara çatdırdım:

- Farağat!
Və orduya təzə çağırılmışlar kimi, sıranın birincisinə yaxınlaşıb axırına çıxdım:
- Sən kimsən?

- Müharibə!
- Bəs sülh hanı?

- Bilmirəm.
- Sən kimsən?
- Nəfs!
- Bəs gözütoxluq hanı?

- Bilmirəm.
- Sən kimsən?
- Allahsız.

- Bəs Allah xofu hanı?
- Bilmirəm.
- Sən kimsən?
- Yalan!

- Bəs həqiqət hanı?
- Bilmirəm.

- Sən kimsən?
- Zor!
- Bəs könüllülük hanı?
- Bilmirəm.
- Sən kimsən?

- Terror!
- Bəs Hippokrata sədaqət hanı?
- Bilmirəm.
- Sən kimsən?

- Əlkəsən!
- Bəs əltutan hanı?

- Bilmirəm.
- Sən kimsən?

- Özünüsevən!
- Bəs vətənpərvərlik hanı?
- Bilmirəm.

- Sən kimsən?

- Haram!
- Bəs halal hanı?
- Bilmirəm.
- Sən kimsən?
- Təbiəti xaraba qoyan!

- Bəs təbiətə sevgi hanı?
- Bilmirəm.
- Sən kimsən?
- Narkohəzz!

- Bəs səmavi həzz hanı?
- Bilmirəm.
- Sən kimsən?
- Üzüqaralıq!

- Bəs alnıaçıqlıq hanı?
- Bilmirəm.

- Sən kimsən?
- Yerində sayan!
- Bəs sivilizasiya hanı?
- Bilmirəm.

- Sən kimsən?
- Qaniçən!
- Bəs mərhəmət hanı?
- Bilmirəm.

- Sən kimsən?
- Zina!
- Bəs mənəvi quraqlıq hanı?

- Bilmirəm.
- Sən kimsən?
- Boşboğaz!
- Bəs söz hanı?
- Bilmirəm.

- Sən kimsən?
- Həvəs!
- Bəs səs hanı?
- Bilmirəm.

- Sən kimsən?
- Yaltaqlıq!
- Bəs mərdlik hanı?
- Bilmirəm.

Elə bil bir-birinin ağzına tüpürmüşdülər: bilmirəm, bilmirəm, bilmirəm... Əllərimi arxamda rahatlayıb sıralanmışların qarşısında o baş-bu başa hərbçisayağı cövlan elədim, gəlib ortada dayandım:

- Müharibə! Beş addım irəli! Dayan! Geriyəəə dön! Allah sənə lənət eləsin!
Müharibə sağ əlini hərbçilər kimi gicgahına dirəyib dedi:

- Şeytana xidmət edirəm! - yerinə keçdi.
- Nəfs! Beş addım irəli! Dayan! Geriyəəə dön! Allah sənə lənət eləsin!
Nəfs sağ əlini hərbçilər kimi gicgahına dirəyib dedi:

- Şeytana xidmət edirəm! - yerinə keçdi.
Hamısı bir-bir sıranın qarşısına çıxıb, Allah lənətini mükafat kimi qəbul eləyib dedi:
- Şeytana xidmət edirəm!

Hərəsi bir sifət almışdı; müharibə az qalırdı bomba kimi partlasın, nəfsin boğazında Yer Kürəsi boyda bir sümük qalmışdı - nə uda, nə də geri qaytara bilirdi, Allahsız su içən toyuq kimi tez-tez göyə baxırdı, yalanın ayaqları dalınca getmirdi, zor taxtından yıxılmışdı, terror çox əsəbi görünürdü, Əlkəsənin qollarını çiynindən kəsmişdilər, özünüsevən tez-tez yumru cib güzgüsünə baxırdı, haramın burnunun iki deşiyindən də irin-qan axırdı, dağın ürəyinin başına mina qoyub partladanda təbiəti xaraba qoyan özü uçqunun altında qalmışdı, narkoləzzətin payı artıq düşmüşdü, üzüqara sifətinə iri hərflərlə "Ağ" yazmışdı, zina gecəyarısı qızıxıb onun-bunun qapısını döyürdü, boşboğazın boğazı yırtıldığından zayın qoxusu öz içinə tökülürdü, həvəs heç yerdə qərar tuta bilmirdi, yaltaqlıq öz istedadının zirvəsindən yıxılandan sonra tikəsi də ələ gəlməmişdi.

Mən özümü iki-üçqat toplayıb, ağır-ağır, təmkinlə, komandir amiranəliyi ilə dedim:

- Diqqət! Dünya əhəmiyyətli məlumata qulaq asın, - sıranı başdan-ayağa naməlum bir ifadə ilə süzüb davam etdim, - siz mühasirədəsiniz və mühasirənin dairəsi get-gedə daralır, bir azdan siz bunu hiss edəcəksiniz.

Sükutun sıra uzunluqda ölü cəmdəyi aramıza uzananda mən bir addım da geri çəkilib onların hiss edə bilməyəcəyi bir tərzdə, özümü yüngülvari yığışdırıb dedim:

- Çox ağır gündü!
Bütün sıra hönkürdü; özü də birdən. Sonra hərəsi cibindən bir ağ dəsmal çıxarıb başlarının üstündə yelləyəndən sonra göz yaşlarını sildilər - elə bil təslim olurdular; özü də elə bil bu vəziyyəti dəfələrlə məşq eləmişdilər - bir nəfər kimi hərəkət edirdilər. Adam bu mənzərədən bir az da xoflanırdı.
Yalan qəfil dedi: - Mən ömür boyu həqiqəti axtarmışam.

Allahsız üstünü götürdü: - Mən ömür boyu Allahı başımın üstündə görmüşəm.

Nəfs davam elədi: - Dünyada gözütoxluqdan uca heç nə yoxdu.

Əlkəsən cərgədən geri qalmadı: - əl tutmaq Əlidən də qabaqdı.
Qaniçən qızıl-qırmızı komanda üzvlərinə qoşuldu: - Qan içmək insana yaraşmayan keyfiyyətdir, vəhşilikdir.

Nə başınızı ağrıdım, hamısı cəh-cəh vurdu, hamısı da tərsinə; qırmızı yalan, ağ yalan, ağla qırmızının qarışığı yalan...

matım-qutum qurudu, məəttəl qaldım ki, bu vücudlar tərsinə necə danışa bilirlər, axı onları yer üzündəki bütün canlılar eşidir. Bir də ona görə əlim ağzımda qaldı ki, onlar necə ustalıqla özlərinə qarşı gedə bilirlər? Bu, onların hamısının əxlaqıdır; onlar o, qədər özlərinə qarşı gediblər ki, dəfələrlə özləri öz ayaqlarının altında qalıb - özlərini tapdalayıb keçiblər.

İndi mən dünyanın tən ortasında özlərini tapdalayıb keçənlərlə təkbətək, üzbəüz dayanmışdım və varlığımı olduğu kimi hiss eliyə bilmirdim. Yer üzündə səkkiz yüz altmış iki milyon adam aclıq çəkir.

Onların payını indi mənimlə üzbəüz dayanan bu sıra həzm-rabedən keçirib, üstündən də qan içiblər - bax, mən onlarla üzbəüz dayanmışam.

Qorxumdan arxaya da baxmıram; elə istəyərdim ki, baxanda bütün bəşəriyyəti arxamda dayanan görüm.

Arxaya baxmaqdan bir də ona görə qorxurdum ki, qarşımdakı sıradan birini də orda görərdim.

Elə sağa-sola baxmaqdan da qorxurdum. Belə olan halda kimin mühasirədə olması şübhə doğururdu və bu şübhə toxumları ürəyimə səpildikcə cücərirdi, cücərən yerdə ürəyimi deşik-deşik eliyirdi, sonra da bu deşiklərdən qan tökülürdü; bu qan içimə axırdı; içim özümü ağrıdırdı, ancaq çölüm özgələri ağrıtmırdı ki, ən böyük ağrı da elə bu idi...

Yalanın əsəbləri dözmədi, qaçmaq istəyəndə arxadan onu güllələdilər, o, yıxıldı, sonra ayağa qalxdı, ayaq tutdu, ancaq yeriyə bilmədi. Təzədən yıxıldı. Yalanın qanı tökülən yerdən həqiqət göyərdi, özü də gözümün qabağında...

Ancaq bu təzə-tər həqiqət iynə boyda olmuşdu ki, dayandı, bir mənə, bir də qarşımda sıralanmışlara baxıb multfilm cəldliyi ilə tərsinə boy atıb torpağın altına girdi, görünməz oldu; görünməz olmamışdan qabaq bu iynə boyda həqiqət saralmışdı... Əvvəl qırmızı idi...

Elə bil dünyada tək qalmışdım. Təkliyin və vahimənin gücündən necə həssaslaşmışdımsa, ürəyimdən içimə tökülən qanın şırıltısını eşidirdim və mənə elə gəlirdi ki, şırıltı qurtaran kimi mən də tükənəcəm.

Arada özümdə güc tapıb dünyada tək qaldığıma inanandan sonra özümün tükənməyimi dünyadakı sonuncu adamın tükənməsi kimi qəbul elədim və bu anda yer üzü heç vaxt görmədiyim, rast düşmədiyim şəkildə ağappaq, güclü işığa büründü. Yer üzünün bu işıq bürüncəyinə isə ancaq aralıdan baxmaq olardı - ən azı qonşu planetlərin birindən...

- İcazə verin yalanı dəfn eləyək, - Qaniçən təklif etdi.

- Olmaz! - dedim, - olmaz, olmaz! Torpağın da sümüyünü Yalanın sümüyünə calamaq olmaz, qəti qadağandı, adamların sümüyünə caladığımız bəsdi!
- Oldu, bəsdi! - Qaniçən qanlı-qanlı mənə baxdı və aramızda qanlı bir razılaşma əmələ gəldi.

Bu boyda dünyada özümə yer tapa bilmirdim, yer üzü elə daralmışdı ki, bir ovuc qarışqaya da bəs eləməzdi, onlar gəzdiyi yerdə toqquşardılar. Mən bu sıranın qarşısından onların gözü baxa-baxa qeybə çəkilmək istəyirdim. Ancaq qeybə çəkilmək üçün gərək müqəddəs olasan, müqəddəs olmaq üçün gərək doğulmayasan, doğulmamaq isə bəndəlik deyil - ölmək deyil ki, təpəsinə bir güllə çaxsın, yaxud özünü qatarın altına atsın...

Sən demə xəbərim yoxdu, sıralanmışların qarşısında bayaqdan o tərəf-bu tərəfə var-gəl eləyirəm; sıralanmışlar da baxışları ilə məni gah o tərəfə, gah da bu tərəfə ötürürlər. Bir balaca toxtayıb özümü ələ alandan sonra dedim:

- Mən onlarla danışmışam, - sağ əlimlə havada dairə cızdım, - sizə dəhliz veriləcək. Sağaaa dön!
Əmrimə tabe olduqlarını görəndən sonra bir az da Özümü toplayıb dedim:

- Diz çökün!
Çökdülər. Arxayınlığım get-gedə artırdı, artdıqca özümə daha çox yaxınlaşırdım. Özüm də farağat vəziyyəti alıb əmr etdim:

- Diz üstə cəhənnəmin isti guşəsinə doğru addımla... maaarş!
- Diz üstə cəhənnəmin isti guşəsinə doğru addımla... maaaarş!

Sıralanmışlar hərəkətə gəldilər. Diz çökdülərindən sıranın boyu yarılanmışdı, uşaq sırasına oxşayırdı. Mən daha da ucadan və inamla onların hərəkətini tənzimləyirdim:
- Bir! İki! Üç! - Bir! İki! Üç! - Bir! İki! Üç!...

Bu minvalla xeyli yol gedib dəhlizin tən ortasına çatmışdıq. Sıralanmışlar əldən düşmüşdülər. “deyirlər cəhənnəmin yolu yaxındı? Əgər yaxın yol budursa, bəs uzaq yol hansıdı? Yüz illərdi gedirik, ancaq yolu heç yarılamamışıq da...”.

Dəhlizin sağında və solunda yan-yana düzülüb çarmıxa çəkilmiş heykəlləri tanıdım; tarix boyu tökdüyü qanı içənlərin, dünyanı qana çalxalayanların heykəlləri idi. Müharibə də, nəfs də onların çarmıxa çəkilmiş heykəllərinə məhəbbətlə baxırdılar.

Nəfsin Hitlerin heykəlinə göz vurduğunu, müharibənin ona əl elədiyini isə özüm gördüm. Dəhliz boyu düzülmüş adamlar isə sıralanmışlara lənətlər yağdırır, imkan daxilində yaxınlaşıb onların üzünə tüpürür, daşlayır, daşqalaq eləmək istəyirlər. Sıralanmışları lənətləyib daş-qalaq eləmək istəyənlərin arasında şeytanlar da vardı; şeytanlar öz əməllərini daş-qalaq eləmək istəyirdilər və mən bunu başa düşə bilmirdim. Camaatın da onlardan xəbəri yox idi.

Dəhşətli bir mənzərə yaranmışdı; hay-küy dəhlizi elə doldurmuşdu ki, keçib getmək mümkün deyildi. Bu dəhlizdə aləm bir-birinə qarışmışdı. Dəhlizin sıxıntılı hay-küyündə, qarışığında şeytanları saydım, özü də onların qədərini dəqiqləşdirmək üçün üç dəfə saydım; üçündə də eyni rəqəm aldım: otuz yeddi... Orda da eləydi, müharibədən başlayıb yaltaqlıqda qurtarırdı. Mən iki otuz yeddinin üst-üstə düşməsini təsadüf hesab eləmirdim; otuz yeddi sıralanmışlar, otuz yeddi şeytan...

yük başının keçəlliyində çar Nikolayın ailəsinin güllələnmə səhnəsi tuşla döyülmüşdü. Əlində tutduğu papağının içində isə yüz minlərlə adamın başı görünürdü; papağın deşiyindən nəsə tökülürdü - qana da oxşayırdı, göz yaşlarına da; əslində ikisi də eyni şeydi, rəngləri müxtəlifdi...

Lenindən sonra, ondan bir baş aşağı Stalini "çarmıxa çəkmişdilər". Onun bic doğulmuş uşağa bənzəyən təbəssümü adamın beyninə işlədikcə gözünü qaraldırdı. dizinəcən saysız-hesabsız insan cəsədinin içində dayanmışdı.

Adama elə gəlirdi ki, bu cəsədləri tapdalaya-tapdalaya gəlmişdi. Başlanğıcını 1937-ci ildən alıb 1953-cü ildə qurtaran qapqara yolun sağında-solunda üst-üstə qalaqlanmış insan kəllələri qatarlanmışdı. Kəllələrin oyulmuş gözlərinin yerindən bığlı ilanlar xoşbəxtcəsinə boylanıb yalmanırdılar. Bu ilanlardan bir neçəsinin eynəyi də vardı. Stalin əlində bel tutmuşdu. Sonralar o, bu bellə Leninin ayağının altını qazmaqla kifayətlənməyib, milyonlara qəbir qazacaqdı və qazdığı qəbirlərin içində ən dərini və darı elə onun özününkü olacaqdı.

Gözləmədiyim halda bu dəhlizdəki tarixi sənət əsərləri içərisində Mixail Sergeyeviç Qorbaçova da rast gələndə, düzü, təəccübləndim. Düzdür, onun da heykəlini zamanın və tanrının hökmü ilə çarmıxa çəkmişdilər; ancaq heykəlini niyə, elə özü sağ-salamatdı da, özünü çarmıxa çəkmək lazımdı. Altında da latın əlifbası ilə yazmışdılar: yenidənqurma, Alma-ata, 20 Yanvar, Bakı, Tiflis, Vilnüs və proses poşol... Nobel mükafatçısı...

Qorbaçovun başının işıldayan xarici görkəmi bütün bəşəriyyətinkindən seçilirdi. Elə bil ki, mövsüm vaxtı çoxlu qara tut yemiş bir quş onun başına qonanda özünü saxlaya bilməmişdi... Mixail Qorbaçov da heç bir lisenziyası olmadan qeyri-qanuni fəaliyyət göstərən geydirmə Allahın yaratdığı geydirmə bəndələrdən biridi. Və geydirmə Allahın ixtiyarında dünyanın hər yerinə səpələnmiş şeytanların çox nəhəng bir diviziyası fəaliyyət göstərir. Onlar çevikdilər, təpədən-dırnağa silahlıdırlar, istənilən vaxtda dünyanın istənilən ölkəsində görünə və yox ola bilirlər...

Dünyada ərzaq çatışmazlığı vardı, bu dəhlizdə də hava. Bir udum havanı insanlar təkrar-təkrar ciyərlərinə çəkib çölə buraxırdılar, hava ağırlaşırdı, ağırlaşdıqca da su kimi iylənirdi.
- Bir! İki! Üç!.. - Bir! İki! Üç!...- Bir! İki! Üç!...

Dəhlizdə ən maraqlı şeylərdən biri də bu idi ki, gələcəkdə çarmıxa çəkiləcək heykəllər üçün yer saxlamışdılar; bir də ki, tez-tez, yəni hər yüz ildən bir dəhliz radiosunun diktoru vahiməli səsilə bir elanı adamların nəzərinə çatdırırdı:

- Hörmətsiz adamlar! Gələcəkdə dəhlizimizdə daha kimlərin çarmıxa çəkilmiş heykəllərini görmək istəyirsinizsə, bu barədə redaksiyamıza yazın. Diqqətinizə görə minnətdar deyilik.

Dəhlizin qırmızı işıqları sıralanmışların və burdakı adamların üzlərini qıpqırmızı eləmişdi. Adamların gözlərinin ağı bu qırmızıya qarışıb, onları insan cildindən çıxararaq görünməmiş dərəcədə eybəcərləşdirmişdi.

Dünyanın ən böyük dəhlizinin ucu-bucağı görünmürdü. Su kimi iylənmiş havaya tər qoxusu da qarışmışdı. Dəhlizin üstündən uçub keçən quşlar bir anın içində boğulub ölürdülər - göydən quş ölüsü yağırdı. Dəhlizin qırmızılığında ölü quşların dimdiyində damcılanan qanı görmək mümkün deyildi. Quş ölüsünün biri də mənim qabağıma düşdü, "Qalatasaray"ın futbolçuları kimi alabəzək Şanapipik.

Mən əyilib onu götürdüm. Məclis libasını heç vaxt soyunmayan Şanapipik, bəlkə də, dünyanın ən gözəl quşu idi. Onun dimdiyindəki bir damcı qan dən kimi sol ovcuma düşdü. Qan isti idi. Şanapipiyin qanı soyumamışdı və bəlkə də, bu isti, bapbalaca dünyanın harasındasa soyuqdan donub ölməkdə olan bapbalaca bir uşağın canını isitməyə bəs eliyərdi...

Sol əlimi yumub açandan sonra gördüm ki, qızartı ovcumun hər yerinə yayılıb. Sol əlimi üzümə sürtdüm. Elə bil hüzr yerində gülab paylamışdılar. Şanapipiyin qanından gülab qoxusu gəldi, sonra da dəhlizin su kimi iylənmiş tər iyi verən ağır havasında əridi. Öz-özümə fikirləşdim ki, görəsən, Şanapipiyin də qan qrupu ikincidi?

Şanapipiyin gözəl ölüsünü sığallaya-sığallaya, tumarlaya-tumarlaya ona xeyli tamaşa elədim. Qıpqırmızı gözlərim Şanapipik ölüsünün gözəlliyindən dincəlib alabəzək olmuşdu.

Şanapipiyin gözəl ölüsünü atmağa ürəyim gəlmədi, onu ağappaq dəsmalıma büküb qoltuq cibimə qoydum və bu anda dəsmalın ağ rəngi mənə tanış gəldi; Şanapipiyi bükdüyüm dəsmalın ağı, altı yaşım olanda kəndimizdə basdırılan ölünün büküldüyü ağ kimi ağappaq idi.

Sıralanmışları lənətləyən, daşlayan adamların başına yağan ölü quşlar onların ayaqları altında xıncım-xıncım olmuşdu.
- Bir! İki! Üç!... - Bir! İki! Üç!... - Bir! İki! Üç!...

Bir də gördüm ki, sən demə, mən, təkcə sıralanmışlara deyil, həm də adamlara komanda verirmişəm; mən: “bir, iki, üç!...” deyəndə adamlar sıralanmışlara ya daş atırlar, ya da onlara tüpürürlər...

Bu dəhliz yerin səthindən qırx metr dərinlikdədir, eni isə hündürlüyünün yarısı qədər olar. Divarlar bir-birinə tərəf əyilib, elə bil ki, divarlar nə vaxtsa baş tərəfdən birləşəcək, dəhlizin üstünü bağlayacaq. Uzunluğu qırx min kilometrdir - bu dəhlizə yeraltı ekvator da demək olardı.

Adamların hay-küyü səngimək bilmirdi. Tər qoxusu gələn, su kimi iylənmiş hava həm də bulanmışdı, arx suyunun rənginə çalırdı; qızartısı da öz yerində. Sıralanmışlar diz üstə irəlilədikcə yeni sifətlər, yeni sifətlərdə bərəlmiş gözlər, bərəlmiş gözlərdə maraq və nifrət onları müşayiət edirdi. Birdən mənə elə gəldi ki, sıralanmışlar irəli yox, xərçəng kimi geri gedirlər.

Gözlərimi döyə-döyə başımı tez-tez silkələyib fikrimi də, özümü də cəmlədim: yox, irəli gedirdilər.
Sonra mənə elə gəldi ki, ürəyimdən bir az aşağı nə isə tərpəndi. Buna o qədər inandım ki, tez əlimi qoltuq cibimə apardım, ağappaq dəsmala bükülmüş şanapipiyi çıxartdım, dəsmalı səliqə ilə açanda nə görsəm yaxşıdı? Gördüm ki, dəsmalın arasında fındıq boyda, uzunşüllə bir yumurta var. Şanapipik yumurtlamışdı. Mən dəhşətə gəldim.

Sıralanmışları da, bu ucu-bucağı görünməyən dəhlizi də, burdakı adamları da, özümü də unutdum. Yaddaşım körpə üzü kimi ağappaq və təmiz idi, nə vardısa hamısı silinmişdi. Dünyanın ən yaddaşsız adamı mən idim. Qeyri-iradi şanapipiyin üzünə baxdım, ordan heç nə oxuya bilmədim - quşların üzünün ifadəsi olmur, olsa da çox dərində olur. Şanapipiyin gözləri açıq idi, çeçələ barmağımın ucu ilə onun gözlərini bağlamaq istəsəm də, heç nə alınmadı - şanapipiyin gözləri açıq qaldı. Şanapipiyin dünyada gözü qalmışdı, şanapipik dünyadan doymamışdı...
Şanapipiyin fındıq boyda uzunşüllə yumurtasını ehmalca onun qanadının altına qoydum, ağappaq dəsmala bükəndən sonra qoltuq cibimdə rahatladım.
Yenə söz... Yaddaşımı bu sözlər sığalladı:

Şanapipik, şan eşqinə,
Həzrət Süleyman eşqinə
Bir dəfə namaz qııııl...

Altı yaşımdan əzbərlədiyim bu sətirlər açar olub yaddaşıma düşdü, yaddaşımı özümə qaytardı; yenə qırmızı işığın qanına bulanmış ucsuz-bucaqsız dəhliz, sağda-solda hay-küyləri dəhlizi başına götürmüş qırmızısifətlər, bir də onların qarşısında görk üçün dizin-dizin addımlayan sıralanmışlar...
Lap uzaqdan gələn at kişnərtisi yaxınlaşdıqca dəhlizin hay-küyü səngiyir, sıralanmışlar da lap ağır-ağır hərəkət eləyir, mən də “bir... iki... üç...” kəlmələrini əvvəlki kimi dilimə gətirmirdim...

Bu rəqəmlər ağzımdan tökülürdü. At kişnərtisi yeri, göyü, dəhlizi lərzəyə sala-sala daha böyük sürətlə yaxınlaşırdı. Yaxınlaşdı, dəhlizin hay-küyünü iylənmiş sükut əvəz elədi, sıralanmışlar durdular, mənim də komanda verməyim yarımçıq kəsildi: bir... i...

Dəhliz əhli qarşılarında, qırx metr aralıda dayanan bu qəribə atlını görəndə onların qırmızı sifətinə sarı rəng də yaxıldı, gözləri almalandı, az qaldı yerindən çıxıb tappıltı ilə yerə düşsün.

At skeletinin üstündə boy-buxunlu bir adam skeleti əyləşmişdi. Skelet atın belində ingilis yəhəri vardı, yəhərin skeleti yox; quşqunu, tapqırı, cilovu adi atlarda olduğu kimi. Skelet adamın ayaqları adi üzəngidə, sağ əlində adicə şallaq. Skelet at bir-iki dəfə şahə qalxıb göylər kimi kişnədi, dünyada bu səsi eşidən bütün madyanlar qulun saldılar. Skelet adam əsəbi halda əlindəki cilovu çəkdi, at sümüklərinin ağrısından ağzını açıb şahə qalxdı və ilkin vəziyyətini alan kimi atlı bütün dəhlizin eşidə biləcəyi bir səslə soruşdu:

- Böyüyünüz kimdi?
Mən bir-iki addım irəliləyib cavab verdim:

- Mən!
- Hara gedirsiz? - At ayaqlarını yerə döyürdü.
- Cəhənnəmin isti guşəsinə!
- Geri qayıdın, yollar bağlıdı!

- Min ildi yol gəlirik... yolları kim bağlayıb?
- Mən heç bir izahat verməyəcəm! Bu saat geri qayıdın!!!
Mən söhbətin mənasız olduğunu başa düşən kimi komanda verdim:
- Dizi üstə geriyəəə, dön!

Sıralanmışlar ağır-ağır geriyə döndülər.
- Dizi üstə addımlaaa, marş!
Sıralanmışlar hərəkətə gəldilər.
Qulağımızın lap dibindəki at kişnərtisi uzaqlaşa-uzaqlaşa nazilib üzüldü.

Dəhlizin sağındakı, solundakı adamların səs-küyü təzədən buraları başına götürdü. Hər şey təkrar olunurdu; necə gəlmişdiksə, elə də qayıdırdıq; necə gəlməyimizi isə öz gözlərinizlə görmüsünüz...
Nə qədər vaxt keçdiyini heç kəs bilmirdi, çünki vaxt, sadəcə olaraq, keçmirdi... deyəsən, indi duyuq düşmüşdüm ki, zaman çoxdan dayanıb. Bəlkə, gəldiyimizdən də çox qayıtdıq və hər şey bir də təkrar olundu.

Həmin atlı indi də bu tərəfdən qarşımıza çıxıb qırx metrliyimizdə dayandı, bütün dəhlizin eşidə biləcəyi bir səslə soruşdu:
- Böyüyünüz kimdi?
Mən bir-iki addım irəliləyib cavab verdim:
- Mən!
- Hara gedirsiniz? - At ayaqlarını yerə döyürdü.
- Cəhənnəmin isti guşəsinə!

- Geri qayıdın, yollar bağlıdı!
- Min ildi yol gəlirik... yolları kim bağlayıb?
- Mən heç bir izahat verməyəcəm! Bu saat geri qayıdın!!!

Mən söz güləşdirməyin mənasız olduğunu başa düşən kimi komanda verdim:
- Dizi üstə geriyəəəə, dön!
Sıralanmışlar ağır-ağır geriyə döndülər.
- Dizi üstə addımlaaaa, marş!

Sıralanmışlar hərəkətə gəldilər.
Qulağımızın lap dibindəki at kişnərtisi uzaqlaşa-uzaqlaşa nazilib üzüldü...
- Bir! İki! Üç!... - Bir! İki! Üç!... - Bir! İki! Üç!...

Dəhlizdə hamının ağzından iy gəldiyinə görə heç kəs bu üfunət qoxusunu hiss eləmirdi. Adamların içində qaynayan, nəfəs borusu ilə gəlib ağzından-burnundan buxarlanan bu qoxu çarmıxa çəkilmiş heykəlləri də zədələyirdi. Dünyada ancaq murdar şeyləri görən adamların içindən üfunət göyərər; dünyanın gözəlliklərini özününkü hesab eləyən, ona baxıb vəcdə gələn, qaynayıb bu gözəlliyə qarışan adamların içində üfunət cücərə bilməz, çünki insanın daxili dünyasına gedən yolun bir cüt qapısı var - gözləri... pəncələri üstə qalxıb bu pəncərədən içəri baxmağın özü bir başqa aləmdir...

Adamlar qapı-pəncərələri açmaqla yaşadıqları mənzillərin havasını dəyişirlər; insanın daxili dünyasının havasını dəyişmək üçün bir qızılgülü qoxulamaq bəs eləyir...

Bu dəhlizin havasını dəyişmək üçün yalnız bir yol var: gərək onu torpaqla doldurub üstündə qızılgüllər əkəsən, yoxsa qoxusu başqa planetləri də qıcıqlandırıb qəzəbləndirəcək. Bu qıcıqlanmanın, qəzəbin də əməli nəticəsi o olacaq ki, planetlər zir-zibilini daşıyıb Yer kürəsinə tökəcək və planetimiz kainatın ən böyük zibilxanasına çevriləcək. Böyük şəhərlərdə zir-zibili, tullantıları hara tökürlər; şəhərdən xeyli aralı, heç nəyə, heç kimə yaramayan, gözəlliyi olmayan bir yer seçirlər. Belə çıxır ki, biz də öz planetimizi heç nəyə, heç kimə yaramayan, gözəlliyi olmayan bir məkana çevirmişik. Yer kürəsinin ilkin bakirə vaxtı ilə bu gününü müqayisə eləmək, oxşarlıq tapmaq çox çətinləşib. Əgər bütün bəşəriyyəti bu işə səfərbər eləyə bilsək, olsa-olsa, traktorun almaya oxşaması kimi bir nəticəyə gəlib çıxa bilərik, başqa heç nə mümkün deyil.

Mən bu dəhlizdən necə çıxacağımı, nə təhər xilas olacağımı ağlıma belə gətirə bilmirdim. Bəlkə də belə məsləhətdi, çünki bu dəhlizdən necə çıxacağımı ağlıma gətirsəydim, ağlım çat verərdi. Əlim Allahın ətəyində, ürəyim Allahın ovcunun içində, özüm isə dəhlizdəyəm...

Allah bapbalaca şanapipiyə qanad verib, ancaq o boyda dəvəyə qanad verməyib...
Allah adamlara ona görə qanad verməyib ki, bu dəhlizdən canlarını qurtara bilməsinlər.

Allah mənə də qanad verməyib. Bu fikir məni üzdü, ancaq çox keçmədi ki, həm də düzdü: mənə elə gəldi ki, qoltuq cibimdəki şanapipiyin qanadları mənimkidi; qanadlandım uçmağa, haqq qapısın açmağa...
Quşlar da Allahın möcüzəsidir.

Quşlar da bir-birinin qanadının altına uşaq köynəyinin xırda düyməsi boyda bomba qoya bilər də... Eşitmisiz? Eşitməmisiz!

Deyəcəksiz ki, quşların ona ağlı çatmaz, quşbeyin şeydilər.

Deyəcəm ki, ağıllı olub neyləmisiz? Müharibə, narkohəzz, terror, yalan, haram, nəfs... Bunların hamısını sayıb vaxtınızı almamaq üçün deyəcəm ki: sıralanmışlar - otuz yeddilər. Narkoman dozadan artıq qəbul eləyəndə məhv olur, insan da dozadan artıq ağıllı olanda. İnsan həddindən artıq ağıllı olanda ağlının əsiri olub azadlığını itirir. Dünyanı dağıdan da azad olmayan insanlardı. Quşlar azaddır və dimdiklərinin ucu qədər də olsa dünyanı dağıtmayıblar. Ağıllı olub neyləmisiz? Şəxsən mən belə ağıldan imtina eləyərdim, çünki mən azadlığımı heç vaxt ağıla dəyişmərəm.

Ağıl. Nə ağıl? Həddindən artıq ağıllı olan adamlar da, silahlı insan kimi, pul kimi təhlükəli, qorxuludur. Dünyanın sadəlövh, heç vaxt boy atmayan, həmişə körpə qalan xalqlarından biri, bəlkə də birincisi yaxşı deyib: "Neynirəm qızıl teşti ki, içinə qan qusacam...". Əgər mənə dəli kimi baxmasaz, hətta baxsanız da, mən öz adam ağlımı quş ağlına dəyişərdim...

Mən adam ağlında qalmaq istəmirəm: mən adam öldürmək, oğurluq eləmək, yalan danışmaq, özümü qatarın altına atmaq, özümü asmaq, yaltaqlanmaq, başqalarının qanına yerikləmək, mərdimazarlıq eləmək............ istəmirəm, istəmirəm!

Quş quşu öldürmür, quş oğurluq eləmir, quş yalandan uçmur, quş özünü qatarın altına atmır, quş özünü asmır, quş yaltaqlanmır, quş başqalarının qanına yerikləmir, quş mərdimazarlıq eləmir........ Quşlar başını aşağı salıb quş balası kimi yaşayır...

- Bir... İki... Üç... - Bir... İki... Üç... - Bir... İki... Üç...
Dünyada uşaq dərisindən tikilmiş milyonlarla torba var - ağı da, qarası da var. Bu torbaların içi sür-sümüklə doludu - uşaq sümükləri ilə...

Dünyada yaşlı adamların dərisindən tikilmiş milyonlarla torba var - ağı da, qarası da var. Bu torbaların içi sür-sümüklə doludu - yaşlı adamların sümükləri ilə...
Uşaq sümükləri yığılmış torbalar böyük sümükləri yığılmış torbalardan balacadı.

Və yer üzündə nə az, nə çox - səkkiz yüz altmış iki milyon belə torba var - aclıq çəkən adamlar bir torba sümüyə çevrilmişdi və quruca nəfəsləri qalmışdı. Onlar nəfəs alanda torba şişirdi, nəfəs verəndə isə torba şar kimi boşalıb qırışırdı - şişirdi... qırışırdı, şişirdi... qırışırdı.

Bu torbaların başı, qulaqları, burnu, ağzı, əlləri, ayaqları, gözləri vardı. Torbaların ağzı iylənmişdi, çünki günlərlə dillərinə bir şey dəymirdi, ac qalırdılar. Ən dəhşətlisi isə bu torbaların gözləri idi. Göz görmək üçündü - ancaq bu gözlər görə bilmirdilər, eləcə baxırdılar. Göz gözdən başqa nəyə desən oxşayırdı. Adamların sifəti adam sifətindən başqa nəyə desək oxşayırdı. Sifət sifətə oxşamayanda göz də gözə oxşamaz. Bu gözlərin solğun işığından tökülən ümidsizlik zamanı gələndə Yerin altını üstünə çevirə bilər. Elə bil bu adamların gözlərini kimsə sonradan gətirib yapışdırıb, əvvəldən olmayıb. Bu adamlar danışmırlar, onların əvəzinə gözləri danışır. Başqasının yerinə danışmaq isə çətin və yorucudur.

Bu gözlər danışa-danışa həm də axtarırlar... Axtardıqları isə ölməmək üçündü, bəxtəvərlikdən deyil. Bu adamların ağzı işləmir - yemir, gözləri yeyir: küçədə qoltuğunda çörək aparan adamı görəndə. Gözlə çörək yemək başqasının yerinə danışmaq qədər çətindi. Bir də ki, gözlə yeyilən çörəklə qarın doymaz, acından quruldayar, lap elə qurbağa kimi. Onların böyründən keçəndə elə bilərik ki, bu adamlar qurbağanı diri-diri udublar... Afrikada iki milyon adamın qarnı acından quruldayırdı və onların qurbağaya çevrilmək şansı çox yüksək idi. Birləşmiş Millətlər Təşkilatı Afrikada "Yaşıl çevriliş" layihəsi həyata keçirmək istəyir. Hələlik isə Afrikada "Qara çevriliş" hökmrandır.

Bir sual beynimdə cücərdi: Görəsən günlərin bir günü bütün Afrika quruldamağa başlasa, bəşəriyyətin heç olmasa bir tükü tərpənərmi? Bu sualın cavabını tapmaq tək adam işi deyildi. Ona görə də bu sual beynimdə cücərə-cücərə qalmışdı, özü də yavaş-yavaş boy atırdı.

Adamları növlərə kim bölüb? Bayaqkı cücərtinin böyrünə bir sual da sancıldı və mən onun cavabını o saat tapdım, elə çox axtarmadım da:
- Adamları növlərə adamlar özü bölüb, Allah yox!

Aclıq çəkən uşaqlar qızmar günəş altında oturub bir-birinin qabırğalarını sayırdılar. Bu qabırğaların eni də, uzunluğu da, sayı da eyni idi. Və bu qabırğaları saymaq üçün belə yaxına gəlmək vacib deyil, bunu on-on beş metr aralıda dayanıb eləmək də olardı. Uşaqlar bir-birinin qabırğalarını sayanda qabırğalarının sayı qədər ömürlərinin qaldığını bilmirdilər. Dünyada bütün canlıların boyunduruğa qoşulub çəkdiyi yüklər içində ən ağırı aclıq çəkməkdi; aclıq çəkmək şəkil çəkməkdən, xəcalət çəkməkdən, nədənsə əl çəkməkdən, ağrı çəkməkdən, ah çəkməkdən, dərd çəkməkdən, xətt çəkməkdən, həsrət çəkməkdən mərtəbə-mərtəbə çətindi. Aclıq çəkmək ölümün yavaş-yavaş insana tərəf gəlməsidi.

Aclıq çəkmək insanın oturub yavaş-yavaş ona tərəf gələn ölümü gözləməsidi. Aclıq insanın keçdiyi dərslər və verdiyi imtahanlar içində ən çətinidi. Bu imtahandan Allahın xəbəri yoxdu - adamları aclıqla imtahana çəkmək layihəsinin müəllifi də adamlardı. Bunlar da bir növ adamdı və adamları növlərə bölən yenə adamların özləridi və bundan da Allahın xəbəri yoxdu. Çünki Allah adamların hamısını sevgi ilə yaradıb; əgər adamlar bir-birlərini yola vermirsə, bu da onların öz işidi.

Dünyada yaşayanların hamısı Yer kürəsinə şərikdi və bu şəriklik Allah buyruğudu. Dünyanın ilkin vaxtında Allah buyruğunun ucalığı, əlçatmaz, toxunulmaz olsa da, sonradan bu gün gördüyümüz vəziyyətə düşüb. Güclülər gücsüzlərin şərikliyini əlindən alıblar, mənimsəyiblər. Ancaq güclülərin buna heç bir haqqı çatmırdı; bu şərikliyi onlar verməmişdi ki, onlar da alsın... Özü də güclülər gücsüzlərin haqqını bütün bəşəriyyətin gözünün qabağında palçıq kimi tapdalayır, tapdaladıqca harınlayır, harınladıqca quduzlaşır, quduzlaşdıqca dörd tərəfini dolayır və bunun normal hal kimi qəbul olunduğunu görəndə Allahlıq eşqinə düşürlər...

- Bir... İki... Üç... - Bir... İki... Üç... - Bir... İki... Üç...

Yer kürəsinin yeraltı ekvatoru olan bu dəhliz nəhəng, dairəvi qazan kimi qaynadıqca üfünət havaya buxarlanırdı, bütün ekvator boyu havada quşların "Bermud üçbucağı"nı əmələ gətirirdi; quşlar planetin şimalından cənubuna və yaxud cənubundan şimalına uçub gedə bilmirdi - bu dairəvi ölüm zonasından keçən kimi göydən quş ölüsü yağırdı. Bu nəhəng, dairəvi qazan qaynadıqca Yer kürəsi də onun ortasında qaynaya-qaynaya içəridən əriyirdi. Yer kürəsinin nüvəsi əriyib qurtaran kimi Allahın ovcu açılacaq və planetimiz bir ovuc qırmızı gül kimi kainata sovrulacaq və tez bir zamanda göylərin qızartısından əsər-əlamət qalmayacaq...

Deyirlər, Allah adamı yaradanda özü də vəcdə gəlib, yaratdığına valeh olub, yaratdığına baxıb öyünüb, halal, ilahi rahatlığa qovuşub, insanı yaradıcılığın şah əsəri hesab eləyib. Ancaq insan Allahın etibarından, rəhmindən sui-istifadə elədi, Allahın ümidini doğrultmadı və tanrısına təpik atan kimi Allahın qəzəbinə tuş gəldi. İnsan bilmədi ki, rəhm eləyən, bağışlayan Allahın qəzəblənməyi də var, rəhm etmək üçün qəzəblənməyi, qəzəblənmək üçün isə rəhm eləməyi bacarmaq lazımdır...

Adamlar gərək belə eləməyəydi, ancaq elədilər və nə elədilərsə özlərinə elədilər...
Adamlar ağıllarının artıqlığından həmişə özlərinə pislik eləyiblər...

Ancaq heç vaxt belə pislik eləməmişdilər, adamların özlərinə qarşı törətdikləri bu əməl pənah gətirdikləri Yer kürəsini də onların əlindən ala bilərdi...
Mən adamlara az da olsa bəraət qazandırmaq üçün fikirləşdim ki, indiki adlar onlara düşmədi; məndən olsa, əgər bəşəriyyət salamat qalsa və təzədən doğub-törəyəsi olsa, onlara quş adları qoymaq lazımdı: Sığırçın, Qaranquş, Leylək, Şanapipik... Lap elə Kəpənək... Bu adların nəyi pisdi ki...
İstərdim ki, bu adlardan sonra adamlar dünyaya quşların gözü ilə baxsınlar, bəlkə bununla dünyanı xilas edib ömrünü uzada bilərik!

İstərdim ki, bu adlardan sonra adamlar, quşlar bir-birini sevən kimi sevsinlər; fikirləşdim ki, belə olsa Allah quş lələyi boyda, quş dimdiyinin ucu boyda olsa da, adamlara yenə rəhm eləyər, axı adamlar nə vaxtsa Allahın istəklisi olub...

İnsanlar öz xasiyyətini, həyat tərzini dəyişib quşlar kimi yaşasa yaxşıdı... inanın mənə.

Mən adamam, baxın, mən də adamam; mənə elə gələndə ki, bütün dünya bir Şanapipik yumurtasına dəyməz, özümə elə yazığım gəldi ki...

Eşitmişdim ki, Şanapipik yumurtasını on üç gün, on üç saat, on üç dəqiqə Yaz günəşinin altına qoysan, ordan bala çıxar, pərvazlanar...

Mən Yer kürəsini qorumaq iqtidarında deyiləm, bu, tək adamın işi deyil, tək Allahın işidi; ancaq bu Şanapipik yumurtasını qanım bahasına olsa da qoruyub pərvazlandıracam...
Qoy Allahın Şanapipik yumurtasına rəhmi gəlsin: ordan Şanapipik balası çıxacaq, adam çıxmayacaq ki?..

- Bir... İki... Üç... - Bir... İki... Üç... - Bir... İki... Üç...

Göydən düşdü, yerdən çıxdı, bilmədim - iki jurnalist peyda oldu - birinin çiynində kamera, o birisinin əlində mikrofon var idi. Onlar mənə tərəf yaxınlaşırdılar, deyəsən, məni onlara nişan vermişdilər.
- Salam.
- Salam.
- Biz televiziyadan gəlmişik, icazə...

- Görürəm.
- İcazə versəydiniz bunlardan, - sıralanmışları göstərdi, - bir-iki söz soruşardıq.
- İcazəniz var? - Mən soruşdum.

- Var, - əlində mikrofon tutan qız həmkarına baxıb əlini cibinə atdı.
- Lazım deyil, - dedim, - indi. Bir... iki... üç... Dayan!
Sıralanmışlar dayandı:

- Buyurun, - dedim.
Bütün dəhliz dayanmışdı, adamlar sıralanmışlara nə daş atırdılar, nə söz.
Jurnalistlər sıralanmışlara yaxınlaşdılar; adamları götürən maraq onları susmağa məcbur eləmişdi.

- Özünü təqdim elə, - qız dedi.
- Müharibə! - Qızın üzünə baxmadan təkəbbürlə dilləndi.
- Təvəllüdün?

- Adəm və Həvvadan bir az sonra mən dünyaya gəlmişəm... dəqiq yadımda deyil... Onu bunlardan soruş, - adamları göstərdi.
- Onlardan niyə?
- Onları Allah yaradıb, məni də onlar.
- Özünü necə hiss edirsən?

- Çox pis!
- Niyə?

- Burda əl-qol aça bilmirəm, işim-gücüm tökülüb qalıb...

- İşinin-gücünün adı nədi?
- Dünyanın altını üstünə çevirmək, adamları, ağacları, quşları, heyvanları qan içində boğmaq, torpağı qanla suvarıb ölüm çiçəkləri becərmək.
- Bu ixtiyarı sizə Allah verib?

- Yox! Bəndə! Allahın xəbəri yoxdu.
- Bəs qorxmursan ki, Allah xəbər tutar?
- Mən niyə qorxuram? Adamlar qorxsun... Bir də ki, mən qorxmuram... qorxuduram!

- Dolanışığın necədi, bir ilin neçəyə başa gəlir?
- O baxır ilə!

- Məsələn, bu il?
- Bu il... - üzündə partlayışvari, təbəssümvari bir şey zühr elədi, elə bil onun sifətinə böyük bir zəhər tuluğu boşaltdılar, - bu il hesabımda bir trilyon üç yüz otuz doqquz milyard dollar pul var.

Jurnalistin gözü kəlləsinə çıxıb təzədən öz yerində qərarlaşdı:
- Bir trilyon üç yüz otuz doqquz milyard dollar?
- Burda nə var ki? Xərcim çoxdu! Güclə dolanıram!
- Bu pulları sənin hesabına kimlər köçürdür?

- Dünyanın hegemon dövlətləri... adamlar...
- Adamlar?

- Adamlar!
- Yer üzündə səkkiz yüz altmış iki milyon adam acından ölür... Onları xilas etmək üçün otuz milyard dollar bəs eləyər. Bəlkə sən öz hesabından otuz milyard...

- İxtiyarım yoxdu! Mən o pulları ancaq təyinatı üzrə xərcləyə bilərəm! Əks halda, haqqımda cinayət işi qaldırarlar.
- Hegemon dövlətlər deyəndə kimləri nəzərdə tutursan, adlarını çəkə bilərsən?

- Ay qız! Mən təxminən sənin baban Adəmlə yaşıdam! Məndən söz almaq istəyirsən, hə?! O dövlətləri də, onların başçılarını da bütün bəşəriyyət yaxşı tanıyır! Elə sən də! Burdakı adamvarilər də!
- Etibarlı mənbədən aldığımız məlumata görə, sənin hesabındakı pulların qırx beş faizi Amerika Birləşmiş Ştatlarının payına düşür. Bu barədə qısaca nə deyə bilərsən?
- Bilmirəm!
- Bəs Çin, Yaponiya, Avropa dövlətləri necə?

- Bilmirəm!!!
- Bu pullara nə alırsan?
- Silah?

- Deməli, dünya silahlanır?
- Bəli!

- Dünya silahlanır. Kimə qarşı? Sənə elə gəlmir ki, dünya bu silahları başqa planetə yox, özünə qarşı çevirəcək? Bir də sənə elə gəlmir ki, sürətlə silahlanma dünyanın intiharına gətirib çıxara bilər - dünya intihar eləyər?
- Bilmirəm!
- Niyə?

- Çünki bu, mənim üçün maraqlı deyil, mənim itirəcəyim bir şey yoxdu.
- Bəs qazancın?
- Burda ayrı-ayrı dövlətlər, adamlar qazanır.
- Buna qazanc demək olarmı? Axı insan qanı tökülür?

- Bu sualı insana versən yaxşı olar!
- Vaxtını aldım... səni sağ olmayasan heç... - qız dedi.

- Səni də!
Qız aparata baxıb sıralanmışların bir başqasına işarə etdi, özü də ona yaxınlaşdı:
- Özünü təqdim elə.
- Nəfs.

- Təvəllüdün?
- Adəm və Həvva ilə bir gündə doğulmuşam, dəqiq yadımdadı... Çox vaxt ad günlərimizi də bir yerdə keçirdirdik.
- Günahını dərk eliyirsən?
- Günah nədi?

- Allah qarşısında hamı günahkardı...
- Allahın mənə dəxli yoxdu, gözəl qız... - gözləri ilə az qalırdı qızı yesin, - Allahın mənə dəxli yoxdu. Allah kimi yaradıbsa, ancaq onlarla haqq-hesab çəkə bilər, məni bəndələr yaradıb. - Başdan-ayağa qızı süzüb onun üzünə irişdi, qız onun naməhrəm baxışlarına əsəbiləşib dedi:
- Allahdan qorxmursan?

- Mən niyə Allahdan qorxmalıyam, qoy Allah məndən qorxsun!
- Sən nə danışırsan, yum ağzını!

- Düz danışanın ağzını yumallar? Nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım! Mən Nəfsəm, Allahın bəndələrinin doxsan doqquz tam onda doqquz faizi Allahın yox, mənim qulumdu - qolu bağlı qulum. Allahın ixtiyarında çox az adam qalıb - onlar da bu gün-sabahlıqdı. Məni Allahdan aşağı tutmaq, bir jurnalist kimi sənin bisavadlığına, korazehinliyinə dəlalət eləyir. Dünyada məndən güclü və iti heç nə yoxdu; Yer üzünün sahibi mənəm.
- Müharibə haqqında nə deyə bilərsən?

- Çox şey!

- Məsələn...
- Deyə bilərəm ki, bütün dünyanı lərzəyə salan Müharibə mənim gədəmdi. Mən olmasam, müharibə bir quşu da hürküdə bilməz, bir körpə uşağın burnunu da qanada bilməz. Müharibənin ilhamvericisi də, baş ideoloqu da mənəm - Nəfs. Ta qədimdən bu günə qədər müharibə aparan böyük sərkərdələri, dövlət başçılarını mən idarə edirəm; onlar hamısı mənim əlimin altında işləyənlərdi və mənim əmrimlə oturub-dururlar. Müharibə mənim əmrimlə iraqın altını üstünə çevirdi, onlarda atom bombası hardaydı?

Onların nefti var, güclü dövlətin də Nəfsi - mən varam, mən! Get çoxlu kitab oxu, gələn dəfə bu savadnan gəlsən, sənə intervyü verməyəcəm... Bu sırada başda müharibə yox, mən dayanmalıyam, bu da bizim komandirin başının boşluğu... Quşbeyindi də... Sənin kimi... Bax, bu sırada gördüklərinin hamısını mən tənzimləyirəm; terroru da, yalanı da, zoru da, Əlkəsəni, haramı, narkohəzzi, qaniçəni, zinanı, boşboğazı, yaltaqlığı...

Nəfs çönüb sıralanmışlara baxdı:

- Düz deyirəm, uşaqlar?
- Düzdü! Düzdü! Düzdü! - sıralanmışlar bir ağızdan təkrar-təkrar cavab verdilər, elə bil dəhliz silkələndi.
Ağır da olsa, qız dərindən nəfəs alıb köks ötürəndən sonra operatora dedi:
- Əla reportajdı... sonluğu da super.

Operator başını tərpədib razılaşmaqla kifayətlənmədi, sağ əlinin baş barmağını havaya qaldırıb qırmızı-qırmızı gülümsədi.
Qız mənə yaxınlaşıb dedi:
- Çox sağ olun, təşəkkür eləyirik... biz hansı tərəfə gedək, burdan necə çıxaq?

- Bilmirəm, - dedim.
- Bir... İki... Üç... - Bir... İki... Üç... - Bir... İki... Üç...
Bir daha mənə elə gələndə ki, dünya bir Şanapipik yumurtasına dəyməz, özümə elə yazığım gəldi ki...

* * *

Dünyanın bu, ən böyük qəbiristanlığı bəzi ölkələrin ərazisi boydadır; bir sıra ölkələrin ərazisindən isə kiçik və böyükdür. Bu qəbiristanlığı Birləşmiş Millətlər Təşkilatı maliyyələşdirir; onu dünyanın başqa qəbiristanlıqlarından fərqləndirən üç əsas cəhətdir: ərazisinin böyüklüyü, beynəlmiləl və beynəlxalq statusa malik olması, bir də burda ancaq acından ölənlərin dəfn olunması.

Yüz illərdi ki, dünyanın hansı ölkəsində acından ölməsindən asılı olmayaraq, onları burda basdırırlar.

Birləşmiş Millətlər Təşkilatının humanitar məsələlərlə məşğul olan departamenti qəbiristanlığın ərazisinin üç dəfə genişləndirilməsi məsələsini qaldırıb; əsas da onu götürüb ki, növbədə bir milyarda yaxın real namizəd var. Bəzi hegemon ölkələr etiraz ediblər ki, ölülərdənsə dirilərə qayğı göstərmək lazımdı, ölülərin nazı ilə oynamaq xeyir verməz. Nə isə... Bu, BMT-nin daxili işidi, özləri bilər...

Dünyada acından ölənlərin ayrıca qəbiristanlığı var... Onun tarixi bizim eradan əvvəllərə gedib çıxır. Ancaq bəzi alimlər iddia edirlər ki, bu qəbiristalığın tarixi daha qədimdir...

Dünyanın bu nadir qəbiristanlığı ilə ən yaxın yaşayış məskəninin arası on səkkiz min beş yüz kilometr idi - ora gedib qayıtmaq otuz yeddi min kilometrdi.
O yaşayış məskəni dünyanın cənnət-məkanıdır; orda Allahın əmri ilə bir yerə yığılmış uşaqlar yaşayır; o uşaqlar aclıqdan əziyyət çəkmirlər, mələklər gündə yeddi dəfə onları əmizdirirlər...

Bu qəbiristanlığın otuz yeddi min işçisi var, onlar gecə-gündüz bu ərazidə qarışqa kimi qaynayıb torpağın üstünü cənnətə çevirmişdilər. Özləri də burda yaşayır, burda doğub-törəyirdilər. Amerika milyonçularından biri öləndə vəsiyyət eləmiş, burda dəfn olunmasını istəmişdi, ancaq qəbiristanlığın rəhbərliyi burda uyuyanların ruhuna hörmət etməyi əsas götürərək, buna razılıq verməmişdi.

Sərv ağacları qəbiristanlığı elə mühasirəyə almışdı ki, kənarda əsən şiddətli külək qəbiristanlığın ərazisinə körpə nəfəsi kimi daxil olurdu. Araları yeddi metr olan bu ağacların ən kiçiyinin yaşı min ildən yuxarı idi. Onlar elə bil ət-ətə dayanmışdılar. Təyyarədən baxan olsaydı, adama elə gələrdi ki, çox nəhəng bir quş qəbiristanlığın ətrafında dövrə vurduqca lələklərini torpağa sancıb gedib. Burda elə bil göy qübbəsini sərv ağacları atlantlar kimi öz çiyinlərində saxlamışdı.

Sərv ağaclarının başı daha təmiz, daha yaşıl görünürdü, çünki bu yerlərdə buludlar, adamlardan o qədər də çəkinməyən quşlar kimi, lap aşağıdan uçurdular və Sərv ağaclarının başını mütəmadi yuyub təmizləyir, gülə-çiçəyə döndərirdilər. Buludlar Sərv ağaclarının başına örpək kimi ilişib keçdikcə cırıq-cırıq olub didilirdi və sonradan yenə əvvəlki şəklini alırdı.

Bir dəfə isə möcüzə baş vermişdi və mən gözlərimlə görmüşdüm. Mən bura ziyarətə gəlmişdim. Qıraqları yelənli ağappaq bulud-kəlağayı yellənə-yellənə Sərv ağacının başında ilişib qalmışdı. Mən bir saata qədər dayanıb tamaşa elədim. Kəlağayı Sərv ağacına, Sərv ağacı da kəlağayıya necə də yaraşırdı, Allahım?! Əgər dünyanın ən çox özündən deyən modelləri Sərv ağacını bu yaraşıqda görsəydilər, xəcalətlərindən evdən bayıra çıxmazdılar. Üstündən neçə illər keçməsinə baxmayaraq, indi də o, Sərv ağacını görsəm tanıyaram. Mən bu ilahi etibarı qəbiristanlığın qarovulçularından birinə göstərəndə o dedi:
- Hər yeddi ildən bir eyni rəngdə, eyni şəkildə kəlağayıya oxşayan bir bulud gəlib o Sərvin başına ilişir... mən məəttəl qalmışam, kimə də deyirəm, şəhadət barmağını gicgahına dirəyib mənə gülür... Əlli ilə yaxındı burda işlədiyim, yeddi dəfə görmüşəm. Məəttəl qalmışam...

Elə mən də məətttəl qalmışdım. Nə isə...

Sərv ağaclarından sonra Qədr ağaclarının, Xan Çinarların, Palıdların, Ulasların, Yasəmənlərin və nəhayət, konsentrik çevrəyə oxşayan bu ərazinin cənnəti təkrar eliyən hissəsinə yeddinci dairədən - Qızılgül dairəsindən sonra qədəm basmaq olar; təbiətlə insan əl-ələ verib elə bir möcüzə yaradıb ki, insan təbiətsiz, təbiət də insansız bu möcüzəni yarada bilməzdi...

Dəfn olunmuşlardan, ağaclardan, quşlardan, bir də qəbiristanlığın işçilərindən başqa heç kəsin burda gecələməyə, qalmağa ixtiyarı yox idi. Gəldin, baxdın, gördün - get!

Bu dairəvi qəbiristanlıq ərazisi qarışqa yuvasına oxşayırdı, tən ortası qaynayırdı. Acından ölənlərin şərəfinə, hündürlüyü Eyfel qülləsindən də uca, möhtəşəm bir abidə ucaldırdılar. Şərq-qərb memarlıq üslubunda olacaq bu möhtəşəm abidənin tikintisi Acından Ölənlərin Beynəlxalq müdafiə gününə bir neçə həftə qalmış qurtarmalı idi. Yerdə qalan həftələrdə isə dünyanın hər yerindən gələcək qonaqları layiqincə qəbul etmək üçün hazırlıq işləri görüləcəkdi. Bütün ölkələrin proletarları olmasa da, bütün ölkələrin prezidentləri öz nümayəndə heyətləri ilə birgə bura təşrif buyurub, yer üzünün bu nadir qəbiristanlığını ziyarət edəcəkdilər.

Burdan qırx kilometr aralıda isə prezident təyyarələrinin enməsi üçün yeni aeroport tikilib qurtarmaq üzrə idi. Prezidentlər aeroportda yerə enəndən sonra otuz üç kilometr avtomobillə, qalan yeddi kilometri isə piyada gəlməlidirlər. Bu qayda hamıya aiddir və heç kəs bundan kənara çıxa bilməz... Qoymazlar!
Qəbiristanlıq təzə gəlin kimi bəzənmişdi - elə bil ərə gedəcəkdi, toyu olacaqdı...

Qırx kilometr aralıda yerə enən prezident təyyarələrinin gurultusu qəbiristanlığa sahiblərindən qabaq gəlib yetişirdi və yetişdikcə qəbirlərdə uyuyanların yadına bir daha salırdı ki, onlar acından ölüblər. Ölülərin yaddaşı silkələndikcə Yer kürəsi də silkələnirdi; bu silkələnmələrdən şəhərlər, kəndlər dağılırdı, dağılmayan şəhərlər, kəndlər isə dağılan şəhərlərə, kəndlərə humanitar yardım göndərirdi.

qəbiristanlığa yaz gəlmişdi, gül gülü çağırırdı, bülbül bülbülü - gül gülə hay verirdi, bülbül bülbülə. Yaz ildə bir dəfə qəbiristanlığı ziyarət edirdi, ancaq acından ölənlərin bundan xəbəri olmurdu. Çünki yaz qəbirlərin içinə girə bilmirdi - yaz ölüdən qorxurdu...
Yaz gəlmişdi. Burda ölülərdən və baş daşlarından başqa hər şey tumurcuqlamışdı, cücərmişdi...

Yazın nümayəndə heyətinin tərkibi bütün dövlət başçılarının birləşmiş tərkibindən dəfələrlə böyük və bənzərsiz idi.

Dövlət başçılarının birləşmiş nümayəndə heyətinin tərkibində birinci xanımlar, baş nazirlər, nazirlər, komitə sədrləri, iş adamları, məmurlar, cangüdənlər, jurnalistlər, aşbazlar və unutduqlarım...

Yazın nümayəndə heyətinin tərkibində yağış, bərəkət, tumurcuq, qönçə, ilıq nəfəs, qaranquş, bülbül, sığırçın, qaratoyuq, milyardlarla ilməsi olan ən böyük yaşıl xalça, ana südü kimi təmiz hava, dirilik, qan qızdıran, məcrasına sığışmayan çaylar, məcrasına sığışmayan gözəllik, məcrasına sığmayan həyat eşqi, dünyanın fəhlə sinfi olan qarışqalar, arılar, şanapipik, qızdar quşu, nərgiz, bənövşə, quşqonmaz, dəvədabanı, mərəcöyüt, çiriş, unnuca, çörək toxumu və unutduqlarım...

Yaz gəlmişdi, onun ardınca üç aylıq məsafədə yay, üç aylıq məsafədə payız və eyni məsafədə də qış gəlirdi. Yaz başda gəlirdi; çünki, yaz fəsillərin ali baş komandanı idi...

Dünyanın dövlət başçılarının ziyarətə gələcək sırası, fəsillər sırası yanında çox cılız və təntənəsiz görünürdü. Yaz üç ay bu qəbiristanlıqda gecələyər, gündüzləyər. Ancaq dünyanın heç bir dövlət başçısı burda bir gün də gecələyə bilməz. Gəldin. Gördün. Get!

Yazın gətirdiyi quşlar səs-səsə vermişdilər, onların səsindəki yanıq yeri adamların gözlərini doldurur... boşaldır... ürəyinə yanıq yeri boyda xal salır; xal üzdə gözəl olsa da, ürəkdə yaradı... yavaş-yavaş qaysaqlanır...

Yazın gətirdiyi quşlar dövlət başçılarının şərəfinə oxuyub onları vəsf etmirdilər - acından ölənlərin ruhuna ağı deyirdilər, bayatı çağırırdılar və ruhlar ani olaraq öz sahiblərinin qəbirinə girib qaranlığa qənim olurdular - Allah nadürüstlərə qənim olduğu kimi...

Hər il hər qəbirin üstündə bir buğda sünbülü göyərirdi; hər il Yaz gələndə hər quş dimdiyində bir buğda dənəsi gətirir, hərəsi bir qəbirin üstünə qonub dimdiyi ilə toxumu əkir, qanadlarını köksünün altında birləşdirib baş əyir və uçub gedirdilər. Bu il də belədi və deyirlər ki, həmişə belə olub.
qəbiristanlığın tanıdığım qarovulçusu mənə danışıb ki, bir dəfə gördüm quş gəldi, toxumu yerə qoydu, sonra dimdiyini yerə sancıb, dimdiyi uzunluqda bir deşik açdı, buğda toxumunu ora qoydu, uçub getdi. Mən ora yaxınlaşıb sağ qulağımı quşun toxum basdırdığı yerə yapışdırdım, gözlərimi döyə-döyə qulaq kəsildim, inanırsan, çox keçmədi ki, qulağım eşidə-eşidə toxum başladı cırt-cırt eləməyə.

Özümdən asılı olmayaraq bir saata qədər o vəziyyətdə qəbirin üstündə qaldım. Bir də hiss elədim ki, qulağıma nəsə dəyir; elə bildim qurd-quşdu - qalxdım, qulağımı yapışdırdığım yerə baxdım, gözlərim kəlləmə çıxdı - toxum cücərmişdi. Sonra başdaşına söykənib uzun müddət ora baxdım - gözlərimin qabağında cücərti boy atırdı, mən də görürdüm. Bir də onda ayıldım ki, hava qaralıb, bu möcüzənin təsiri altında evə gəldim, səhərəcən yatmadım, yuxum ərşə çəkilmişdi və cücərmək bilmirdi...

qəbiristanlığın qarovulçusunun mənə danışdığı ikinci möcüzə idi. Mən inandım, qaldız siz...
Qarovulçu ikinci möcüzəni mənə danışıb qurtaran kimi gözümün içinə baxıb dedi:
- İnanırsan?
- İnanıram, - dedim, - inanmayan kafirdi.
O, gözünü gözümdən çəkib rahatlaşdı, xeyli susandan sonra dedi:

- Mən burda çox şeylər görmüşəm, adam lazımdı ki, dizini qoya yerə, yaza... Yaxşı ki, sən inanırsan... Mən burda gördüklərimi səndən başqa heç kəsə danışmayacam... Kimə danışıramsa dodaq büzür... onda pis oluram... Sən bir dəfə sübh tezdən gəl, gecə yarıya qədər burda gördüklərimin heç olmasa yarısını sənə danışım, sonra da çıx get...
- Yaxşı, - dedim, - gələrəm.

O, sevindi, məni qucaqlayıb özünə sıxdı. Onun bütün bədəni zərif quş lələyi kimi titrəyib məni də titrədirdi - biz canbir qəlb olduq, sanki bir bədənimiz, bir ürəyimiz vardı.
- Gəl, mütləq gəl... gözləyəcəm.
- Gələcəm, mütləq gələcəm, gözlə, - dedim.

Biz aralanıb iki can-iki qəlb olduq. Mən çıxıb getdim, ondan xeyli uzaqlaşandan sonra dayanıb geriyə baxanda gördüm ki, arxamca baxır. O, elə baxırdı ki... elə bil məni neçə il əvvəl yola salmışdı və durub gözləyirdi ki, indi gələr... bu saat gələr. Yolçu yolda gərək - mən yoluma davam elədim və bir də geri baxmadım - geriyə baxmaqdan qorxdum, qorxdum ki, təzədən geri qayıdaram. Əgər, o, məni çağırsaydı, təzədən yanına qayıdardım, necə deyərlər, bir himə bənd idim və bu himin bəndi ürək telindən də nazik idi... O, çağırmadı...

Allah adamları sevə-sevə, istədiyi kimi yaradır; adamlar isə Allahın yaratdığı adamı sökür, onu öz istəklərinə uyğun şəkildə köhnə maşın kimi təzədən yığırdırlar və bundan sonra sökülüb təzədən yığılmış adamlar Allahın yox, onu söküb təzədən yığan adamların əmrini yerinə yetirirlər. Bu cür sökülüb təzədən yığılmış adamların sayı-hesabı yox idi və bu qəbiristanlığın qarovulçusu onlardan deyildi; onu təzədən yığmamışdılar - onu təzədən yığmaq üçün əvvəlcə sökmək lazım idi, o, sökülməmişdi, onu sökə bilməmişdilər.

Bu gün yer üzü öz oxu ətrafında fırlana-fırlana günəşin başına hərlənən, girdə, nəhəng bir adam söküb-yığma emalatxanasına oxşayır və bu oxşarlıq Allahdan başqa bir kimsənin vecinə deyil ki, bu da nəticədə bütün bəşəriyyətin vecsizliyinə gətirib çıxarmışdı; ən yaxın nəticədə isə, heç kəs heç kəsi vecinə almırdı.
...Günlərin bir günündə uşaqlıq dostumla paytaxtımızın cənnətə oxşayan guşələrindən birində çay içirdik və dünyanın hansı səbəbdən, necə korlanması barədə ittihamlar irəli sürüb saf-çürük eləyirdik.

Bizim sözümüzdən bir az da belə çıxırdı ki, dünyanın korlanmasında yer üzündə yaşayan adamların hamısının günahı var - ikimizdən başqa; hər ikimiz bunu hiss eləsək də, büruzə vermək istəmirdik. Saf-çürük etmək prosesinin lap axırında gördük ki, vəziyyət bizim dediklərimizdən də dəhşətlidi. Çürük tayalanmışdı, aşağıdan yuxarı ona baxanda adamın papağı başından düşürdü - safın isə qoxusu qalmışdı, çürük safı yemişdi...
Telefonuma zəng gəldi.
- Alo... - dedim.

- Bağışlayın... Filankəsdi?
- Bəli...
- Bağışlayın, narahat eliyirəm... Sizi narahat eliyən bəhmənkəsdi...
- Buyurun... heç bir narahatçılığı yoxdu...
- Mən sizinlə görüşmək istəyirəm.

Biz bir-birimizi qiyabi də olsa tanıyırdıq. dedim:
- Nə vaxt istəsəniz görüşə bilərik...
- Sabah olar?

- Yox...
- Bəs birisi gün?
- Yox...
- Bəs onda nə vaxt?
- Elə indi... - dedim.
- Siz hardasınız?

- Mən filan çayxanadayam.
- Gələ bilərəm?

- Buyurun...
Mənə zəng eləyən tanınmış adam olmaqla yanaşı, həm də vəzifəli şəxs idi. Onun zəngi məni təəccübləndirsə də, ağlıma heç nə gəlmədi.
O, bizim stola yaxınlaşanda mən ayağa qalxdım, mənimlə bir yerdə olan uşaqlıq dostum da məni təkrar elədi.

- Xoş gördük, - dedim, - buyurun, əyləşin.
O, əyləşdi. Məişət səviyyəsində hal-əhval tutduqdan sonra çönüb uşaqlıq dostuma baxdı, yəni ki, bunun yanında söhbət eləyə bilərik?
- Buyurun... buyurun... - dedim, - uşaqlıq dostumdu, dünyanın say-seçmə alimlərindən biridi, akademikdi...
Biz oturduğumuz yer başqa stollardan xeyli aralıda, xudmani bir küncdə olsa da, o, ətrafını diqqətlə nəzərdən keçirdi, dövlət sirri açmağa hazırlaşan adam kimi, astadan, ehtiyatla dedi:
- Bilirəm ki, uşaqlarınız böyüyüb...

- Bəli, böyüyüblər... - dedim.
- Bilirəm ki, problemləriniz var...
- Problem hamıda var, - dedim.
- Bilirəm ki, iyirmi ilə yaxındır işləmirsiz...
- Bəli... - dedim.

- Oğlanlarınızın evlənmək vaxtıdı...
- Bəli... vaxtıdı.
- Qızların da köçmək vaxtıdı... Allah hamısını xoşbəxt eləsin...
- Allah sizinkiləri də xoşbəxt eləsin... - cavab verdim.

- Çox sağ olun... Bax, bunların hamısını çox tez bir zamanda həll eləyə bilərsiz.
- Doğrudan? - Mən təəccübləndim və bir az da ona inanıb özüm öz qüdrətimə heyran oldum.

- Hər şey öz əlinizdədi... - O, sağ əlinin baş barmağı ilə sol əlinin içini sürtə-sürtə susdu, sonra ovcunun içinə baxa-baxa təkrar elədi, - hər şey öz əlinizdədi.
Yalnız bundan sonra bu tanınmış, vəzifəli şəxsin nə üçün gəldiyini duydum - o, gəlmişdi ki, məni söküb yenidən, özləri istədiyi kimi yığsın, ancaq özümü o yerə qoymadım - bərk dayanmışdım, bərk dayanmışdım ki, o, heç nə sezməsin.

Uşaqlıq dostumu da maraq götürmüşdü, bir az da əsəbi görünürdü. O, tez-tez şəhadət barmağı ilə eynəyini burnunun üstü ilə altdan-yuxarı, alnına tərəf itələyir, hərdən də çönüb ani olaraq mənə baxırdı.

Qaranlıq kimi ortaya çökən sükutu özüm pozdum, hövsələm çatmadı:
- Mən neyləməliyəm? - Dik-dik onun gözlərinin içinə baxdım. O, gözlərini yayındırıb dedi:
- Yəqin, bilirsiz ki, mən sənədli filmlər silsiləsi üzərində işləyirəm.
- Bəli, bilirəm... bir-ikisinə baxmışam da...

- Çox sağ olun... istərdim ki, siz də o filmdə bir-iki dəqiqəlik çıxış edəsiz.
- Bu, sizin istəyinizdi? - Mən təəccüblə soruşdum.
O, dostuma baxıb dedi:
- Yooox... mən nəkarəyəm ki... tapşırıq belədi.

- Axı, mənim kimilər sizin ətrafınızda doludu, hamısı da üzüyola, nə istəyirsiz desinlər, bülbül kimi cəh-cəh vursunlar... - Onun üzünə baxdım.
- Bilirsiz... belə məsləhət olub ki, siz danışasız. Bu, mənə xüsusi tapşırıqdı. İndi mənim də taleyim sizdən asılıdı...
- Bilmək olarmı bu tapşırığı sizə kim verib?

- Sizdən çox xahiş edirəm ki, bildiyiniz şeyi məndən soruşmayasız, buna cavab vermək mənim indiki vəziyyətimdə çox çətindi... heç mümkün deyil.
- Filmin mövzusu nədi?

- Yəqin, bilməmiş deyilsiz ki, son vaxtlar nəinki bizim ölkədə, elə dünyanın hər yerində, o cümlədən BMT-də, Avropa Şurasında, bir sıra beynəlxalq təşkilatlarda, dövlətlərdə, nazirliklərdə, məktəblərdə, uşaq bağçalarında... nə bilim, ailələrdə qatığın rəngi böyük mübahisələrə səbəb olub. Biz də kinematoqraf dili ilə bu mübahisəyə qoşulub öz fikrimizi bildirmək istəyirik... Axı, biz niyə dünyadan geri qalmalıyıq? Geri qalmaq elə bizim alnımıza yazılıb? - Pafosla, sağ əlini yellədə-yellədə deyib susdu, mənə elə gəldi ki, dediklərinə inanmadığına görə bir az da başını aşağı saldı.
- Yaxşı, - dedim, - mən o filmdə nə deməliyəm?

- Siz deməlisiniz ki, qatıq qaradı, - o, qəfil dedi və yenə üzümə baxmadı, - tərifləməlisiz...
- Həəə... - dedim, - əgər mən desəm ki, qatıq qaradı, mükafat nə olacaq?
- Bütün problemləriniz bir saatın içində həll olunacaq...

- Aldatmazlar ki? - Özümü lap alverçi kimi aparırdım, sonra təskinliyim bu oldu ki, indi belə şeylərə biznes deyirlər.

- Bir az da konkret deyə bilərsiz? - içimin dərinindəki yalançı maraqla soruşdum.
- Paytaxtın ən gözəl yerində beş otaqlı, gözəl mənzil, ən son model avtomobil, sizə, övladlarınıza iş...

- Elə bu?
- Bir də ki, pul. Mənə tapşırıblar ki, məbləği sizdən soruşum, ağzınızdan nə çıxsa onu da verəcəklər.
- Elə bu?
- Bir də ki, başqa nə istəyirsə desin, mənə belə dedilər, biz onun istəklərinə əməl etməyə hazırıq.

- Elə bu?!
- Qarayuvadakı böyük zavodu da sizin adınıza özəlləşdirmək istəyirlər...

- Elə bu?
Əlli ilin dostu elə baxırdı ki, elə bil məni birinci dəfə görürdü; əslində də belə idi, o, heç vaxt məni belə görməmişdi və indiki "məni" doğrudan da birinci dəfə görürdü və qadın marağı ilə bu söhbətin axırını gözləyirdi, deyəsən, söhbətin tez qurtarmasını da istəmirdi. Üzündəki səmimi çaşqınlıq isə zühr eləməkdəydi və get-gedə daha aydın görünürdü.

Qonağımız da bu çaşqınlıq qarışmış təəccübü görmüş və, deyəsən, bir az məmnun olmuşdu.
- Başqa nə istəyiniz var, buyurun, mən yazaram. - O, cibindən qələm-kağız çıxarıb stolun üstündəki çaynikin böyrünə qoydu, - Çobanyastığı dağında üçmərtəbəli villa, cangüdənlər, xidmətçilər...
- Elə bu?

- Ölkənin ən ali ordeni?
- Elə bu?
- İstədiyiniz rütbə... - Onun ehtiyatları tükənirdi.
- Elə bu?

- Bilirsiz, - o, yazıq-yazıq dilləndi, - mən sizi yaxşı tanıyıram. Bilirəm ki, siz çətin adamsız.
- Məəən?!
- Əslində, çətin adam deyilsiz... necə deyim, zəmanə sizi çətin eləyib, belə götürəndə...

- Siz kimsiniz ki? - Mən bunu ürəyimdə fikirləşdim.

- Belə götürəndə... bilirsiz, beş günlük dünyadı, axı, sizin övladlarınız niyə əziyyət çəkməlidi ki... - bacardığı qədər məhəbbətlə üzümə baxdı, - axı, siz belə yaşamağa layiq deyilsiz... sizin taylarınızın hər şeyi var, özləri də şah balası kimi yaşayırlar; vallah, mən də özümə görə bir adamam, onlar heç sizin atılan dırnağınıza da dəyməz... Elə bilirsiz, mən başa düşmürəm... Hər şeyi başa düşürəm, ancaq neyləmək olar, balalarımız var. İnsanın ən böyük borcu Allah, valideyn, bir də övladları qarşısındakı borcudur.

- Yaxşı, - mən onun sözünü kəsdim, - tutaq ki, sizin filmdə dedim ki, qatıq qaradı... sonra gəlib bu çayxanada otura biləcəm?
- Oturacaqsız, əlbəttə! - o, inamla dedi, sağ yumruğunu göyə qaldırsa da stolun üstünə vurmadı, əlini açıb yanına saldı.

- Birdən burda oturduğum yerdə birisi yaxınlaşıb sifətimə tüpürdü ki, ay...

- Kimdən gözləsəm də, sizin kimi adamdan gözləməzdim, - o, mənim sözümü kəsdi, - üzünə tüpürüləsi o qədər adam var ki... Barmağınızı qatlayın ki, filankəsin üzünə tüpürüblər, bircə nəfərin adını deyin də...

Əksinə, o cür adamları görəndə qabaqlarında mil dururlar, onlara salam verməyi özlərinə şərəf bilirlər; onlarla uzaqdan-uzağa salamlaşanda ətrafa boylanırlar ki, görsünlər onların kimlə salamlaşdığını görən oldu, ya yox. Axı, belə şeyləri siz məndən yaxşı bilirsiz. İnanın mənə, o filmdə çıxış etmək üçün sinov gedənlər var. A kişi, o filmdə çıxış eləmək üçün mənə milyon təklif eliyənlər var.
- Bəs niyə almırsan? - mən canıyananlıq və yalançı təəccüblə ondan soruşdum.

- Axı, bayaq dedim sizə, mən nə karəyəm ki, özbaşına hərəkət eləyim.
- Deməli, siz öz başınızla hərəkət eləmirsiniz?
- Xeyr.

- Bəs kimin başıyla?
- Bayaq sizdən xahiş elədim, axı, bildiyiniz şeyi məndən soruşmayın, məni çətinliyə salmayın.
- Rahat yaşayırsız?

- Çox rahatam... çox... hər şeyimiz var, rahatam.
- Ona görə çətinlikdən qorxursunuz də... Məni çətinliyə salmayın... - istehza ilə dedim. O isə mənim istehzamı təbəssümlə əritmək istədi, ancaq bir şey çıxmadı, neyləsin, məndən işi keçirdi, axı, o, xüsusi tapşırıq yerinə yetirməyə gəlmişdi. Əməliyyat baş tutmasa, başı ilə cavab verəcəkdi; mən biləni, belə idi... Çünki büruzə vermək istəməsə də, əməlli-başlı həyəcan keçirirdi. Deyəsən, söz verib gəlmişdi - söz vermişdi ki, məni söküb yenidən yığacaq...
Bunlar kimi desən söküb yenidən yığırlar.

Hətta, bəzən, elə olur ki, kimisə sökürlər, yararsız olduğunu görüb yenidən yığmırlar, necə söküblərsə, eləcə qoyub çıxıb gedirlər, o da qalır avara... Bu cür avara qalanların da sayı təxminən sökülüb yığılanlar qədərdi və bu da, Allahdan başqa, heç kəsin vecinə deyildi - ümumbəşəri vecsizlik zirvəsi - Yer kürəsinin hər yerindən görünürdü, baxmayaraq ki, yumru bir məkandan söhbət gedir.

Allah adamı yaradıb və, deyilənlərə görə, yaratdığına baxıb öyünüb, fəxr eləyib, ilahi bir rahatlıq Allahın gözlərindən dünyaya tökülüb, insanların üstünə yağıb. Mən başqa cür fikirləşirəm, mənə elə gəlir ki, Allah adama belə münasibət bəsləməyilə, onu yaratdıqlarının əşrəfi hesab etməklə, adamı yaradıcılığının şah əsəri kimi qələmə verməklə, adamın boynuna yük qoyub ki, adam elə adam olsun, onun ümidi qönçələnsin, pardaqlansın.
- Siz o məşhur dəhliz haqqında eşitmisiz? - qonağımdan soruşdum.

- Bəli... o dəhliz haqqında böyük bir yazı oxumuşam... Adam dəhşətə gəlir...
- Sizin kimi istedadlı bir adam niyə o dəhliz haqqında film çəkməsin, axı?

Onun yumru sifətinə yumru bir rahatlıq hopdu, hətta ona elə gəldi ki, ona verilən xüsusi tapşırığı həll eləyib - hər halda, mənə elə gəldi - dedi:
- Bilirsiz... dünyəvi bir şeydi...

- Dünyəvi yaxşıdı də... nə vaxta qədər sənətin xırda-xuruş bazarında piştaxta arxasında dayanıb min cür xırdavata bənzəyən alıcıların yolunu gözləyəcəyik.
O, şəhadət barmağı ilə sığallı bığlarını tumarlaya-tumarlaya dedi:

- Mənim ona gücüm çatmaz... Çox ağır yükdü... Onun altına girsəm çıxa bilmərəm... çıxmaq cəhənnəm, biabır olaram... Bir də ki, onu çəkmək üçün güclü ssenari lazımdı, - gözlərini qaldırıb mənə baxdı, - siz yaza bilərsiniz? - dedi.
- Mən yazmışam, qaralama variantı hazırdı...

- Mən sizə söz verirəm... Əgər birinci məsələ ilə əlaqədar razılığa gəlsək, bunu da eləyərik. Maliyyə məsələləri də mənim boynuma, bu, bəlkə də dünyanın ən bahalı filmi olar, onlardan pul alaram...
- Onlardan?
- Hə...
- Necə?

- Deyərəm ki, sizin şərtlərinizdən biri də budur. - Bir an susub ehtiyatla əlavə etdi, - qayıdaq əsas məsələyə...
- Qayıdaq, - dedim.
- İndi nə deyirsiz, razısız? - O, əvvəlcə dostuma baxdı, elə bil ondan kömək istəyirdi, sonra da gözünü mənə zillədi.

- Gərək fikirləşəm.
- Burda fikirləşməli nə var ki... - yenə dostuma baxdı, - siz də insan kimi yaşayarsız, bu yaşda rahatlanarsız...
- Fikirləşməli çox şey var... elə bilirsiniz, bu günə qədər yaşanmış ömrün üstündən xətt çəkmək, özünə qarşı getmək, özünə cihad elan eləmək asandı? - Onun gözlərinin içinə diqqətlə baxsam da, orda heç nə görmədim, heç axtarmadım da.

O, tez-tələsik mənimlə razılaşdı:
- Düzdü, ancaq...
- Bu gün ayın neçəsidi?

- On dördü.
- Ayın iyirmi birində zəng eləyin, sizə bir söz deyərəm, yeddi gündən sonra...
- Vallah, mən sizin yerinizə olsam, elə bu dəqiqə razılıq verərdim.
- Mən də sizin yerinizdə olsaydım...

O, məni anladı və susdu. Deyəsən, hiss eləmişdi ki, məsələ hər an pozula bilər və qəlizləşər...
Ona ümid vermişdim, ancaq o ümidi doğrultmağa heç vaxt gücüm çatmazdı. Güc o vaxt çatır ki, istək olsun - məndə istək yox idi.
O, əlindəki siqareti külqabına basıb kötüyünü əydi:
- İcazə versəydiz, mən gedərdim, yarım saatdan sonra qəbulum başlayır, görüşərik...

- Məsləhət sizindi...
Üçümüz də ayağa durduq, o, əlimi bərk-bərk sıxıb az qala mənim əvəzimdən dedi:
- Hər şey yaxşı olar.
Mən onun dediyini təkrarlayandan sonra əlavə etdim:
- Onlar başqa nə verə bilərlər mənə?
- Hər şey!

- Elə bu?
O, çaşdı, mənim verdiyim ümidi burdaca qoyub getdi və yeddi gündən sonra yadından çıxıb qalan bir şey kimi onun - ümidin dalınca gələcəkdi.
Dostum yer üzünün ən kəmhövsələ adamı olsa da, müdaxilə etmədən bizim söhbətimizə axıra qədər qulaq asmaqla böyük iradə nümayiş elətdirdi və onun arxasınca baxa-baxa, adəti üzrə, eynəyini burnunun üstündən alnına tərəf sürüşdürdü, bic-bic güldü, məni birinci dəfə görürmüş kimi başdan-ayağa süzüb dedi:

- Mən ömrümdə belə şey görməmişdim, pah! - Əlini əlinə çırpıb, ayağını ayağının üstünə aşırdı.
- Nə təhər şey görməmişdin?
- Belə də... görmədin, mənim yanımda sənnən necə alver eləyirdi? Qorxmurlar da...

- Hamı onlardan qorxur, onlar kimdən qorxmalıdı ki? - dedim.
- Düz deyirsən... - dedi və elə bil ki, mısmırığını salladı, - gör pulları hara xərcləyirlər ee, - dedi və bu dəfə sallanmış mısmırığı başladı yeri süpürməyə. Xeyli beləcə susduq. Sükut o qədər ağır idi ki, elə bil hərəmizin boynuna bir boyunduruq keçirmişdilər. Sağ olsun dostum, bu boyunduruqdan özünü də, məni də yenə o, azad elədi:

- Yaxşı, - dedi, - indi nə fikirləşirsən?
- Fikirləş də... akademiksən...
- Sən zarafata salma, bu, ciddi məsələdi; onlara “yox” demək də, “hə” demək də çətindi; yox desən də axırı peşimançılıqdı, “hə” desən də... Otur yaxşı-yaxşı fikirləş, götür-qoy elə.

- Eləyək də...
- Mən zarafat eləmirəm, - eynək alnına tərəf getdi.
- Mən də zarafat eləmirəm, - dedim.

Dostum dərin fikrə getdi, sonra əlini yellədə-yellədə dedi:
- Oturub gül kimi söhbət eləyirdik, mərdiməzar oğlu qəfil böyürdən çıxdı, bağ belə, bostan belə...
- Yaxşı, nə cavab verim, - mən bayaqdan canfəşanlıq eliyən dostumu elə bil ki, qəfil yaxaladım.
- Deynən ki, gedin vızqırdın!
- Yaxşı, deyərəm ki, gedin vızqırdın.

- Sən nağıl danışma... - dostum əsəbi halda dilləndi.
- Yaxşı, - dedim, - sən mənim dabbaqda gönümə bələdsən, bilirsən nə cavab verəcəm?
- Əlbəttə, bilirəm.
- Onda niyə özünü üzürsən?

- Yox də, o cür təkliflərin qabağında dağ da əriyər.
- Dağ əriyər də, mən dağ deyiləm ki...
- Ancaq tələsmə, - dostum müdrikanə bir görkəm aldı, - tələsmə, vədələşdiyiniz kimi görüşün, özü də mənsiz, ona təşəkkür elə, deynən ki... bir söz tap de də, sənin ki, sözdən korluğun yoxdu. Elə et ki, səndən inciməsinlər.

Özü də deynən ki, bu söhbət ikimizin aramızda qalacaq, qoy arxayın olsun, yavaş-yavaş yaddan çıxsın getsin, vəssalam. Yoxsa bunlardan nə desən gözləmək olar. Onlar hamını sındırmaq istəyir - tək-tük adam qalıb. Ya da, sən deyən kimi, sənin kimiləri söküb təzədən yığmaq istəyirlər... Oturduğumuz yerdə necə işə düşdük ee... - Əllərini yellətdi.

- Eşitdin bayaq nə dedi?

- Nə dedi?
- Eşitdin, axı... dedi ki, camaat belə işə düşmək üçün sinov gedir, milyon təklif eliyir...
- Sənə hörmət eləyirlər də, - gülümsədi.
- Ancaq arvad bilsə ki, mən belə təklifdən imtina eləmişəm, dərimə saman təpər.
- O, həmişə sənin yanında olub, niyə heylə deyirsən... insafın olsun.
- Məsəl üçün deyirəm də...

- Heç məsəl üçün də demə.

- Baş üstə.
Sonra mən qəbiristanlığın qarovulçusunun söylədiklərini dostuma danışdım. O, inandı, ancaq mənim xətrimə inandı, neynək, xətri əziz olsun...
İçim buludsuz göylər kimi dərin və boş idi; adam belə boşalanda o qədər yüngül, çəkisiz olur ki, onu bir həzin külək də götürüb istədiyi yerə apara bilər. Adam belə içi boş olanda şar kimi birinin ayağının altında qalıb partlaya bilər. İndi mən bir uşağın itirdiyi, axtarıb tapa bilmədiyi şara oxşayırdım. O uşaq gəlib çıxsaydı, sevinə-sevinə məni əlinə götürərdi, sonra da boğazıma sap bağlayıb başının üstündə oynada-oynada gedərdi və şarı olmayan uşaqlar ona qibtə eləyərdi...

Birdən-birə bərk darıxdım, yadıma qəbiristanlığın adını bilmədiyim qarovlçusu, bir də mələyin döşünü əmən o uşaq düşdü. Özümü onların yanında hiss eləyəndə elə bil ürəyimə, ordan da içimə nəsə axdı və bu sızqa üzümü özümə tərəf çevirdi və özümə tərəf çevirib Sərv ağacını, Qumru cütlüyünü, Qaratoyuğu, uşaqlarımı, Şanapipik yumurtasını görəndə təəccübləndim - hamı burda idi, mənim başıma yığışmışdı...

...Bağışlayın, deyəsən, sizin səbrinizə güvənib böyük mətləbdən uzaq düşdüm; əslində isə, balaca adamlar böyük adamlara, balaca xalqlar böyük xalqlara qulluq elədiyi kimi, kiçik mətləblər də böyük mətləblərə xidmət eləyir, əlqərəz...

Orasını demişəm: Yaz ziyarətə gəlmişdi, özüynən hər şey gətirmişdi, nə gətirmişdisə, göz qabağındaydı - göz oxşayırdı.

Acından ölənlərin şərəfinə ucaldılmış abidənin sağ yanında dayanan əzəmətli, nəhəng kürsü qızılgül kollarının əhatəsində elə bir görkəm almışdı ki, elə bil, tikilib qurulmamışdı - bitmişdi. Kürsünün örtüyü-qabığı, rəngi eləydi ki, onun təzəliyindən əsər-əlamət yox idi; elə bil, dünyanın ən qədim tarixi abidələrinin hərəsi bura özündən bir daş qopardıb göndərmişdi və kürsü də həmin daşlardan tikilmişdi, tikildiyi müddətdə də qədimləşmişdi, sərtləşmişdi, nağıllaşmışdı - olmuşdu dünyagörmüş və yaşıbilinməz.

Ona görə də çox arxayın görünürdü; elə arxayın idi ki, elə bil qəbiristanlıqdan və sərv ağaclarından əvvəl burda imiş - sərv ağacları çubuq-çubuq onun gözünün qabağında əkilib, qəbiristanlıq da qəbir-qəbir onun gözünün qabağında qazılıb...

Mən bu kürsünü nəyəsə oxşadırdım, elə bil, onu hardasa görmüşdüm, ancaq heç cür yadıma sala bilmirdim və bu, məni hövsələdən çıxarıb əsəbiləşdirirdi; onu da bilirdim ki, bu kürsü təzə tikilib və dünyada yeganədir, özü də tər-təmiz Şərq üslubundadır, bir qum dənəsi boyda da qarışığı yoxdur - qoca Şərqin belindən gəlib...

Hər hansı bir əşyanın, lap elə adamın oxşarını görəndə onu tapmayınca üzülüb əldən düşürəm, rahatlığımı itirib gecə-gündüz bu barədə fikirləşirəm, tapınca elə bilirəm ki, özümü tapmışam. İndi də bu axtarışa əsir düşmüşəm və necə olursa olsun, bu əsirlikdən qaçıb canımı qurtarmaq, azad olmaq istəyirdim. Ancaq heç cür alınmırdı və bu, məndən asılı deyildi; ələlxüsus da fikirləşəndə ki, bu kürsü tikilməyə başlayanda dünyanın ən qədim tarixi abidələri hərəsi özündən bir daş qopardıb göndərib - mənə elə gəlirdi ki, bütün dünya, bütün bəşəriyyət bu kürsünün tikintisində iştirak eləyib - başım lap şişirdi.


Bu kürsü elə idi ki, hər kəs öz aləmində onu nəyəsə oxşada bilərdi, bu barədə imkan, qəbiristanlığın ərazisi qədər geniş idi, ancaq əsl oxşarını tapmaq şansı iynənin ulduzu boyda idi, kürsünün ən çox nəyə bənzədiyini tapmaq iynə ilə şəhid qəbiri qazmaq qədər ağır idi - elə ağır idi ki, onun altında dünyanın da beli əyilərdi və Yer kürəsi qozbel olardı.

qəbiristanlığın qarovulçusu mənə demişdi ki, bu kürsünün memarı Misir ehramlarını tikənlərin törəməsindəndir.
- Nə bilirsən? Sözdü də deyib, özünü qədimlərlə calaq eləmək istəyib, - deyə etiraz elədim.
- Nə danışırsan? - da mənə etiraz elədi, - kişinin oğlu dəlil-sübutla danışırdı. Ona inanmamaq günahdı. Sən onu görmüsən?
- Yox, - dedim.

- Sən onu görsən... İstəyirsən tanış eliyim?
- Niyə istəmirəm... istəyirəm.

- Bu gün o da burda olacaq. Sən onu görsən... Səksəni haqlamışam, çox adamlar görmüşəm. Deyirlər ki, guya adamlar ekizdi, hər adamın bir oxşarı var... Ancaq mən bilən onun oxşarı yoxdu, o, heç kimə bənzəmir. Bəlkə də ona görə onun tikdiyi bu kürsünün də yer üzündə oxşarı yoxdu. Çox qəribə, qeyri-adi görkəmi var. O, bizlərə oxşamır. Necə deyim, adama az oxşayır... bəlkə də heç oxşamır. Mən onu ilk dəfə görəndə çaşmışdım. O, yer adamına oxşamır.
- Yer adamı necə olur ki? - Mən soruşdum.

- Mənim kimi, sənin kimi...
- Bəs o, necədir?
- Mənim kimi, sənin kimi deyil...

- Axı, necədi ee?
- O, sözə gəlmir, söz materialı deyil.
- Bəs nə materialıdı?
- Göz... göz materialıdı, gərək gözünlə görəsən. O, ilk dəfə qəbiristanlıqda peyda olanda kaş sən burda olaydın.
- Nə olmuşdu ki?

- qəbiristanlıqda həyat dayandı, işimiz iflic oldu, hamı işini-gücünü buraxıb, onun tamaşasına dayanmışdı.
- Gözəldi ki?
- Yox! Yox! Söhbət ondan getmir!
- Bəs nədən gedir?
- Söhbət ondan gedir ki, belə baxırsan, adamdı, həm də adama qətiyyən oxşamır. Xüsusilə yaxından baxıb üz-gözünün cizgilərini görəndə dəhşətə gəlirsən. Bir söz desəm inanarsan?

- De...
- Sifətinin, alnının qırışları elə düzülüb ki, piramidaya oxşayır - Misir ehramlarına.
- Neçə yaşı olar? - mən soruşdum.
- Bir söz desəm inanarsan?
- De.

- Günün müxtəlif vaxtlarında onu müşahidə eləmişəm. Səhər-səhər uşağa oxşayır, günorta vaxtı orta yaşlı adama, axşamüstü isə elə bil ki, qoca görünür.
- Nə danışırsan?
- İnan mənə! - elə yalvardı ki, elə bildim diz çöküb. Elə yalvardı ki, mən ona inanmasaydım gözümün qabağındaca partlamaya düşüb çabalaya-çabalaya canını tapşırardı.

Fikirləşdiklərimə o qədər inandım ki, alnımı soyuq tər basdı, tüklərim biz-biz oldu, elə bil, bir ovuc qarışqa darışmışdı bədənimə. Şəhadət barmağımla alnımın tərini silib çırpdım.
- Bir söz desəm inanarsan?
- De.
- O, mənə dedi ki...

- Kim?
- Memar. O, mənə dedi ki, kürsü ilə ölülərin ruhunu ürəyimin teli ilə birləşdirmişəm, qarovulçunun gözləri almalanmışdı. - O, mənə dedi ki, bu kürsüdən yalan danışmaq olmayacaq. O, dedi ki, kürsü yalan söz götürməyəcək, silkələnəcək.

- Heç tikili də silkələnər? - mən çox yumşaq etiraz elədim.
- Silkələnər, - dedi, - niyə silkələnmir. İsfahanda tikilmiş qoşa minarə... girirsən içinə, iki mərtəbəli ev boydadı, silkələyirsən, tez aşağı düşürsən, baxıb görürsən ki, silkələnir, özüm olmuşam orda, özüm silkələmişəm.

- Onu adam silkələyib! - dedim.
- Bunu da yalan silkələyəcək də, yalan! Bəs ölülərin ruhu ilə kürsünü havayı yerə birləşdirməyib ki... Dedi ki, bu kürsüdən yalan danışan olsa, fəlakət baş verəcək.
- Soruşmadın nə fəlakət?
- Soruşdum. Hər şey ola bilər dedi.
- Ölüm də?

- Ölüm də...
- Bəs onda necə olacaq?
- Nə necə olacaq?
- Axı, bu kürsü ona görə tikilib ki, ordan dövlət başçıları çıxış eləsin.
- Eləsinlər də, - qarovulçu arxayın-arxayın cavab verdi.

- Axı, onların danışdığının doxsan faizi yalandı.
- Bu, mənim işim deyil, onlar özləri bilər, - qarovulçu dilləndi.
- qəbiristanlıq rəhbərliyinin bundan xəbəri var?
- Bilmirəm.
- Rəhbərliyə xəbər vermək lazımdı, - mən dedim.
- Lazım deyil! - o, qəti etiraz elədi.

- Axı, niyə?
- Əgər memarın dedikləri düzdürsə, sənin də dediklərin düzdürsə ki, onların danışdığının doxsan faizi yalandı - qoy hər kəs öz cəzasını alsın. Düz demirəm?! - O, səsini ucaltdı.
- Düzdü.

- O, mənə dedi ki, dövlət başçıları çıxış eləməyə başlayanda qırx metr aralıda dayansan, sənə zərər toxunmaz, sağ qalarsan. Elə sən də aralıda dayan, bir yerdə dayanıb baxarıq.
Mən inamıma söykənib dedim:
- Bu barədə qəbiristanlığın rəhbərliyinə xəbər vermək vacibdir.
O, bir addım da mənə yaxınlaşıb öz inandığına söykəndi:
- Olmaz!!! - dedi.

- Axı, niyə?
Ətrafını könülsüz-könülsüz nəzərdən keçirib astaca dedi:

- Ona görə olmaz ki, o kişi mənə etibar eləyib bu sirri açıb - bu, bir! Mən də sənə etibar eləmişəm. Mane olmayaq, qoy hər şey öz axarı ilə getsin. Əvvəl-axır bu dünyada bütün bəşəriyyətin diqqətini özünə cəlb eləyən bir hadisə baş verməlidi, ya yox? dünya nə qədər yalanla nəfəs alacaq, axı, bəs deyil? Eşidirsən?
- Eşidirəm.
- Düz demirəm?!

- Düz deyirsən.
- Əgər bu sirri açsan... - gözümün içinə baxdı, onu tanımadım.
-...
- Əgər bu sirri açsan... səni... öldürəcəm, cənnətlik olacam, cənnətlik. Qorxdun?
- Yox.
- Niyə?

- Çünki mən bu sirri açmayacam.
O, məni qucaqlayıb sağ əli ilə kürəyimə iki dəfə şappıldatdı. Qəfil onu buraxıb qışqırdım:
- Tapdım... tapdım!

O, təəccüblə mənə baxdı:
- Nəyi tapdın?
- Tapdım... tapdım!

- Başa düşmədim... - o, gözlərini döydü.
- Tapdım... tapdım! Tapdım o kürsü nəyə oxşayır. - Atılıb düşürdüm, elə bil mələyin döşünü dişləyən uşaqla tay-tuş idim.
- Nəyə oxşayır?
- O kürsü... o kürsü sözə oxşayır... sözə!
- Sözə?

- Bəli, sözə!
- Düz sözə!

- Düz sözə!
Biz təzədən qucaqlaşdıq, var gücümüzlə bir-birimizi elə sıxdıq ki, çevrilib olduq bir adam - iki adamdan bir adam düzəltdik. Xeyli keçdi. Təzədən bir adamdan iki adam əməl gəldi, onlar bir-birinin gözünün içinə elə düz baxırdılar ki, dünyada bundan düz heç nə yox idi...
Düz qatıq kimi Ağ, günəş kimi parlaq, ovxarlanmış qılınc kimi İti, sübh kimi Həqiqət idi. Düz dünyanın bütün əyrilərini elə kəsib doğrayar ki, böyük tikələri qulaqları boyda olar.
- Düz!
- Əyri!

- Düz!
- Əyri-üyrü!
- Düz!

- Əyrim-üyrüm.
- Düz!
- Düz!

- Düz!
-...
Və... qəbiristanlıq ali qonaqları gözləyirdi - qəbiristanlıq deyəndə ki, ölülər yox, buranın minlərlə işçiləri; ölülər gözləyə bilmirlər...
Ölülər diri olanda da gözləmirdilər, gözləmirdilər ki, acından öləcəklər - ancaq öldülər, acından öldülər.

Baş daşlarının üstündə ad-familiya, doğum-ölüm tarixi, heç nə yazıl¬mamışdı. Bunun əvəzində baş daşının üstündə mərhumun adının baş hərfi və bir tikə quru çörək şəkli çəkilmişdi. Sinə daşının üstünə isə bir tikə çörək qoyulmuşdu.

Bunu ali qonaqların gəlişi münasibətilə eləmişdilər. qəbirin üstündəki bir tikə çörək, baş daşına həkk olunmuş bir tikə çörəyin eyni idi, fərq burda idi ki, sinə daşının üstündəki çörəyi götürüb yemək də olardı, baş daşına həkk olunmuş çörəyi isə baş daşından qoparmaq mümkün olsaydı da, heç kəsin dişi tutmazdı, onu ancaq ölülər yeyə bilərdi - o, ölülərin payı idi.

Ancaq baş daşının üstünə həkk olunmuş çörəklə, sinə daşının üstündəki bir tikə çörəyi elə oxşatmışdılar ki, seçmək çox çətin idi. Mərasim qurtaran kimi isə sinə daşlarının üstündəki çörəkləri yığışdıracaqdılar - ekoloji və iaşə nöqteyi-nəzərindən, ölülər yenidən baş daşının üstünə həkk olunmuş çörəyin - bir tikə çörək şəklinin umuduna qalacaqdılar.

Ölüşişirdənlər!
Yer üzü Dirişişirdənlərin meydanıdı axı...
Dövlətlərin nümayəndə heyətləri özləri ilə nəhəng gül-çiçək çələngləri də gətirmişdilər. Lakin onların heç birisini qəbiristanlığın darvazasından içəri buraxmamışdılar ki, olmaz! Soruşanlara da izah eləmişdilər ki, bizim ölülər ancaq qəbiristanlığın ərazisindəki gül-çiçəklərin ətrini xoşlayırlar, kənardan gətirilən gül-çiçəklərin qoxusu onları asqırdır və onlar asqıranda qəbirləri çatlayır - bu isə əlavə maliyyə xərcləri tələb edir - allergiya!
Ölülər torpağa qovuşandan sonra onlar torpaq kimi həssas olurlar - torpaq həssaslığı.

Bütün bəşəriyyət bir ovuc torpaq qədər həssas ola bilməz!

Nümayəndə heyətləri, böyük, yaxud kiçik dövlətləri təmsil eləməklərindən asılı olmayaraq, əlifba sırası ilə öz dövlət himnlərinin sədaları altında növbə ilə qəbiristanlığın darvazasından içəri girir, böyük meydanda onlar üçün ayrılmış yerdə dayanıb, o birilərini gözləyirdilər.

Birdən mənə elə gəldi ki, bu ziyarət belə təntənəli olmamalıdı; belə çıxırdı ki, bu, toxların acından ölənlər üzərindəki təntənəsidi - əgər elə deyilsə, bəs onda nədi, nə təntənəşünaslıq, nə təntənəbazlıqdı belə, hə?!

Adamlar acından ölənlərin şərəfinə ucaldılmış abidənin və kürsünün ətrafında sıx bir dairə yaratmışdılar; bu dairə ətdən çəpərə oxşayırdı.

Bütün qəbiristanlıq, xüsusilə də, abidə ilə kürsünün ətrafı çox basabas olsa da, pərakəndəlik hiss olunmurdu və hər şey qəbiristanlıq rəhbərliyinin istəyincə idi. qəbiristanlıqdakı dirilərin hamısı ilk dəfə idi ki, tarix kitablarında da, həyatda da rastlaşmadıqları - bənzəri olmayan bir mərasimdə iştirak edə¬cəkdilər.
qəbiristanlıqdakı ölülərin hamısı, dünyanın bütün ölülərindən fərqli olaraq, ilk dəfə idi ki, tarix kitablarında da, diri ikən həyatda da rastlaşmadıqları - bənzəri olmayan bir mərasimdə, yerin altından yerin üstünə çıxmamaq şərtilə, iştirak edəcəkdilər.

Mən də ömrümdə nə kitablarda, nə də həyatda belə şey nə görmüşdüm, nə oxumuşdum, nə də eşitmişdim.

Bu mərasimdə ölülərin qayğısına son dərəcə yüksək səviyyədə qalmağa çalışmışdılar ki, darıxmasınlar, onlar da özlərini bu tədbirin iştirakçıları kimi hiss etsinlər. Baş daşı ilə sinə daşının arasından körpə uşağın biləyi yoğunluqda bir deşik açıb ora şeypura oxşayan, təxminən iki metr hündürlüyündə səsqəbuledici bir cihaz dürtmüşdülər ki, burda gedən söz-söhbətlərin hamısını ölülər də eşitsin - axı, bütün bu ziyarət təntənəsi onlarla bağlı idi.

Bu cür səsqəbuledici cihazlar dünyanın heç bir tərəfində yox idi, istifadə edilmirdi. Bu səsqəbulediciləri BMT-nin sifarişi və maliyyə dəstəyi ilə Almaniyada yaşayan, özü də bugünkü mərasimdə fəxri qonaq kimi iştirak eləyən bir yəhudi mühəndis təkmilləşdirmişdi; onlar ən uzaq məsafələrdən səsi qəbul edib istənilən səmtə ötürə bilirlər.

Bir neçə dəqiqədən sonra dünyanın dövlət başçıları darvazadan əlifba sırası ilə necə içəri girmişdilərsə, o cür də kürsüyə qalxıb yan-yana düzüləcəkdilər - bir azdan...

Gözlənilmədən qəbiristanlıq radiosunun gur səsi gəldi:

- Diqqət! Diqqət! Diqqət! qəbiristanlığın ərazisində yemək haqqında fikirləşmək qəti qadağandır! Bu cür fikirləşənləri ən yaxşı halda mərasimdən kənarlaşdıracağıq. Özlərini adamlığa qoyub tərslik eləyənləri, bizim qanunlara tabe olmayanları isə üzbəüz başdaşlarına sarıyıb acından ölənə qədər azad etməyəcəyik! qəbiristanlığın ərazisində zarafat etmək də qadağandır!

Gülənlər asılacaq, gülümsəyənlər on beş il müddətinə azadlıqdan məhrum edilib yeraltı, bir adamlıq qəbirlərdə ac-susuz saxlanılacaq, vaxtı qurtaran kimi azadlığa çıxacaqlar. Diqqətinizə görə minnətdar deyilik, çünki eşitdiyiniz elan bizə yox, sizə lazımdı, sizin təhlükəsizliyinizə xidmət edir. Bu elanı öz aranızda müzakirə etmək fikrinə düşməyin. Bu qadağandır və, əks halda, sizi ağır cəza gözləyir.

Bu, elan yox, mərasimdə iştirak eləyənlərə, onların yaşadığı ölkələrə, onların yaşadığı ölkələrin prezidentlərinə açıq-aşkar meydan oxumaq idi. Bu, mənə yaman toxunurdu, axı, mən də adamam. Gör yer üzünün adamları özlərini nə günə qoyub ey...

Doğurdanmı bəşəriyyət belə bir elana layiqdi?!
qəbiristanlığın xüsusi xidmət orqanlarının işçiləri mərasim iştirakçıları arasında gəzib dolaşır, gözlərinə xoş gəlməyənləri çox rahat, sakit şəkildə, heç kəsin hiss eləmədiyi bir tərzdə burdan uzaqlaşdırırdılar.

Onların geyimi də qeyri-adi, soyuq, tükürpəşdirici təsir gücünə güvənirdi; sinələrində və kürəklərində insan kəlləsinin şəkli çəkilmişdi. Zil qara geyimlərinin qollarında da alma boyda kəlləciklər qızılı rəngdə idi. Bu işçilərin çiynindəki rütbə bildirən kəlləciklər isə fındıq boyda olardı.

Papaqlarının təxminən bir qarış uzunluqda olan günlüyünün üstündə, tən ortada isə sünbül şəkli parıldayırdı. Əllərinə geyindikləri ağappaq əlcəyin üstündə isə qapqara nida işarəsi vardı. Çiyinlərindən biləklərinə qədər insan qolunun skeleti şəkli adamın gözünə girirdi. Ayaqları da topuqdan qurşağa qədər qolları kimi idi - skelet. Onların bu görkəmi vahiməni adamların sifətinə rəng kimi çəkmişdi və bu rəng yəqin ki, nə günəşin istisindən, nə yağışdan, nə də küləkdən uzun müddət solub getməyəcəkdi, evə qayıdanda doğmaları da bu rənglənmiş sifətləri olsa-olsa səsindən tanıyacaqdılar...

Bax, indi adamlar bir-birinə elə oxşayırdılar ki, elə bil hamısı bir atanın belindən gəlmişdilər. Əslində isə doğurdan da bütün adamlar bir beldən gəlib, sadəcə olaraq əslimizi danmışıq. Hamı eyni sifətdə idi; hamı alma kimi yarı bölünmüşdü - onları vahimə bir-birinə oxşatmışdı. Mən dünyada heç vaxt belə rəng görməmişdim. Bu metis rəng vahimə və nəfsin qatışığından insan sifətində zühr eləmişdi. Bu rəngi acından ölənlərin qəbiristanlığında istehsal eləyirlər. Bu rəngdən yalnız insan sifətində istifadə edirlər.

- Bağışlayın, özünüzü təqdim edin. - Əlində mikrofon və kamera olan iki jurnalist mənə yaxınlaşdı.
- Məəən? - Sağ əlimin ucunu sinəmə vurub özümü, elə bil ki, onlara göstərirdim.
- Bəli, siz... Adınız, familiyanız?

- Özünü Axtaran Adam.
- Necə?
- Özünü Axtaran Adam... - təkrar elədim.
- Peşəniz?

- Özünü axtarmaq.
- Yəqin ki, bura dəvət almısız?
- Xeyr, özüm gəlmişəm.

- Bəs içəri necə keçmisiz?
- Buranın qarovulçusu mənim dostumdu.
- Gəlişinizin məqsədi nədi?

- Özümü axtarıram.
- Neçə sinif oxumusuz? - Deyəsən ağlı məndən bir şey kəsmədi.
- On beş sinif.
O, hırıldayıb dedi:
- On beş sinif olur?
- Niyə olmur? On il orta məktəb, beş il də universitet.

Elə bil bir az yumşalıb mənə hörmətlə yanaşmağa başladı:
- Robert Opengeymeri tanıyırsız?
- Onu hamı tanıyır.

- O, kimdi?
- Nüvə bombasının, atom bombasının yaradıcısı.
O, bir az da yumşaldı:

- İnsan yer üzündə yaşayan gündən bu vaxta qədər torpaqla ünsiyyətdədi...
Mən onun sözünü kəsdim:
- Düz demirsiz, insan heç vaxt torpaqla ünsiyyət qura bilməyib, sevgi ilə ona qovuşa bilməyib.

- Bəs onda deyin görək torpağa qovuşmağın yolu nədi?
- Bu, çox böyük məsələdi, danışsam çox vaxt aparar, indi tədbir də başlayacaq.

- Siz qısaca fikrinizi deyin.
- Qısası belədi də: milyon illər ərzində insanın Yer kürəsinə qovuşmaq cəhdləri hamısı boşa çıxandan sonra, məlum oldu ki, insan ancaq öz ölümü ilə torpağa qovuşa bilər; başqa variant bilmirəm.
O, əməlli-başlı təəccübləndi:

- Siz kimsiniz?
- Özünü Axtaran Adam.
- Nə vaxt özünüzü tapsanız bizə zəng eləyin, gəlib sizdən intervyü götürək... bu da mənim vizit kartım. Burda ayrılanda “sağ ol” demək olmaz... guya ölülərin xətrinə dəyir... Hələlik. Az qala yadımdan çıxmışdı, axırıncı sual, əslində, bu birinci olmalıydı, sizin qəribəliyiniz məni çaşdırdı.
- Eşidirəm, - dedim.

- Sizcə bu nə həngamədi belə, nə təntənədi?
- Bəşəriyyətin gözünə kül üfürürlər!
- Bu, onlara nə verir ki?
- Sizin gözünüzə bir ovuc kül üfürəndən sonra bu suala cavab verə bilərəm... Amma ondan sonra, bəlkə, heç cavab verməyə də ehtiyac qalmadı.
- Anladım, hələlik.

- Hələlik.
- Bizə mütləq zəng eləyin.
- Eləyərəm.

Vizit kartını tikə-tikə eləyib yerə atmağımla onu yerdən yığıb cibimə dürtməyim bir oldu, yaxşı ki, görən olmadı, yoxsa dərimə saman təpərdilər və dərimə saman təpəndə görərdilər ki, içim boşdu, oranı da samanla doldurardılar - olardım tıxılı-təpili saman çuvalı... Hələlik isə boş çuval idim və boş çuvalın içini nə ilə desən doldurmaq olar...

Acından ölənlərin şərəfinə ucaldılmış abidə də, onun yanındakı Sözə oxşayan kürsü də ağ örtüyə bürünmüşdü. Onları baş tərəfdən, ortadan və aşağıdan ağ iplə bağlamışdılar, heç haraları görünmürdü. Elə bil, iki nəhəngi dikəldib kəfənləmişdilər. Bir azdan onlar kəfənlərini alt tuman-köynək kimi soyunub lütlənəcəkdilər; əvvəlcə abidənin və kürsünün açılışı olacaqdı, sonra isə təntənəli mərasim.

Birdən qəbiristanlıqla göy üzünün arasında elə nəhəng, qara bir pərdə peyda oldu ki, göy üzündən qəbiristanlıq, qəbiristanlıqdan isə göy üzü görünməz oldu. qəbiristanlığa çökən qaranlıq hamını çaşdırdı - elə bil, kimsə əl atıb işığı söndürmüşdü. Əslində isə günəş günortadan təzəcə əyilmişdi.

Dünyada nə qədər qara rəngli quş vardısa, hamısı uçub bura gəlmişdi. qəbiristanlığın üstündəki qara quş bazarının səs-küyündən dirilər diksinmişdi, ölülər də diksindilər, onların ağ və qara rəngli skeletləri özlərinə məxsus olan sinə daşlarının üstündə başdaşlarına söykənib göyə baxırdılar, baxırdılar deyəndə ki, çənələrini yuxarı qaldırmışdılar və qəbirlərinin üstünə sancılmış şeypura oxşayan səs qəbuledicilərini çıxardıb sümük əllərinin sümük ovcunda sıxmışdılar. Birdən qara quşların bir hissəsi abidəyə və kürsüyə tərəf şığıyıb hər ikisini zəbt etdilər. Abidənin və kürsünün ağappaq kəfəni qapqara idi. Quşlar caynaqlarını sıx-sıx abidənin və kürsünün ağ kəfəninə ilişdirib ət-ətə sallanmışdılar.

Bir azdan abidənin də, kürsünün də kəfəni dözməyib üzü aşağı sürüşdü, hər ikisi bütün boy-buxunu ilə göründü, quşlar öz bacardıqları kimi "lenti kəsib" abidələri açıq elan elədilər. Sonra da hamısı ət-ətə kürsünün üstünə qondular. Qapqara, əzəmətli bu kürsü elə müəmmalı bir görkəm almışdı ki, adamların bir-iki saniyədən artıq ona baxmağa ürəklərində təpər, varlıqlarında güc, gözlərində işıq çatmırdı.

Öz qəbirinin üstündə dayanmış hər skeletin də çiyninə bir qara quş qonub gözlərini onların üz sümüyünə - üzünə sürtürdü. Sonra qara quşlar skeletlərin gözlərinin oyuq yerinə yuva kimi girib ordan baxmağa başlayanda adama elə gəlirdi ki, ölülər qara quşların gözü ilə dünyaya baxıb ləzzət alırdılar - bu vəziyyətdə ölülərə kor demək olmazdı, onların gözləri vardı - onların dünyada gözləri qalmışdı...

Öz-özlüyündə bu da dəhşətli mənzərə idi: insan gözlərinin oyuq yerindən dünyaya baxan qara quşlar...

Bu quş basabasında Qaratoyuq da gözümə dəydi, o da burda idi - bizim Qaratoyuq. Ancaq, o məni görmədi... Amma gərək görəydi; mən onu bir heylə quş bazarının içində necə görmüşdümsə, o da məni bir belə adam bazarının içində elə görəydi... Hər halda, görsəydi yaxşıydı. Mən ona əl eləyərdim, o, mənə qanad...
Mənim taylarım dövlət başçısından, baş nazirdən inciyir, mən də quşdan...

Mən Parisdə, Londonda, Barselonada da doğula bilərdim, ancaq... ancaq mən doğulanda o şəhərlər yox idi. Başqa yerdə doğuldum və o başqa yer oldu mənim öz yerim-yurdum. İndi mən öz yer-yurdumdan xeyli uzaq düşmüşdüm; oraları elə könlüm istəyirdi ki... Özümü axtaran gündən oralardan çıxdığımdı. O yerlərə "tək" qayıtmağa üzüm gəlmir, mən özümü tapmamış geri qayıda bilmərəm. İndi yəqin ki, oralarda...

Və birdən sağ ayağımın pəncəsinin üstündən bir koramal sürüşüb keçdi, məni də gözlənilməzliyi ilə "sürüşdürdü", mən diksindim. Pəncəmin üstündən necə sürüşüb keçdisə, onun təngnəfəs olduğunu hiss elədim. Deyəsən, koramal tərləmişdi, onun quyruğundan tər axırdı. Onun adamların ayağı altda qalması üçün gözəl şərait vardı. Ancaq o, burula-burula şütüyüb keçirdi. Koramal bu yığnağın sahilinə çıxa bilsəydi, yəqin ki, buralardan baş götürüb gedəcəkdi. Adamlar koramalın aldığı havaya şərik çıxıb onu ağırlaşdırmışdılar, hava ağır idi və koramalın nəfəs almağa gücü çatmırdı; havaya insan nəfəsi hopub onu qatılaşdırmışdı - havanın duruluğu azalmışdı. Belə getsə, qatılaşmış hava laxtalanacaqdı - insanın damarında qan laxtalanan kimi.

Bütün bunlardan sonra içimdə koramalı izləmək marağı başını elə koramal kimi qaldırdı. Ancaq bu adam sıxlığında adam olub hərəkət etmək çox çətindi. Burda yerimək, özü də qaranəfəs olmuş koramalı izləmək müşküldü; elə bil ki, çox nəhəng ət kombinatının anbarında göydən asılmış saysız-hesabsız iri cəmdəkləri aralaya-aralaya keçib getməlisən...

Koramalın nə əli, nə ayağı, nə də qanadı var. indiki halında ona təzəcə pərvazlanmış, ağzı sarılı sərçə balasının bir cüt kövrək qanadı da bəs eləyərdi.
Çiyin-çiyinə, ət-ətə dayanmışların arasındakı şəhər adamları koramalı ilan hesab eləyib onu öldürə də bilərdilər.

Koramalın nə əli, nə ayağı, nə də qanadı var - eləcə sürünür. Ancaq deyirlər ki, koramalın üç əli, üç ayağı, üç qanadı olub. Sağda-solda iki qanadı, biri isə arxada - quyruğunun ucunda, sağda-solda qanadların altında iki ayağı, biri də quyruğun ucundakı qanadın altında. Boğazının altından iki barmaq geridə üç əli. Sonralar nəsə günah eləyib, əllərini, ayaqlarını və qanadlarını kəsib atıblar ki, get sürün. Diqqətlə baxsanız, kəsik yerlərini görərsiniz - kəsiklər sağalır, yerləri qalır - kəsik yeri..

Deyirlər, o vaxt koramalın üstündə belə əməliyyat aparanda onun özünün də razılığı olub. Ondan soruşublar ki, ya əllərini, ayaqlarını, qanadlarını kəsməliyik, ya da başını.

O da sevinə-sevinə deyib ki, başım qalsın. Elə də eləyiblər. O gündən bu günə koramal sevinə-sevinə sürünür...

...Qocaman, dünya görmüş ağacların yaşını necə təyin edirlər? Ağacın gövdəsini lap dibdən kəsirlər, bundan sonra bu kötüyün üstündəki dairələri sayırlar - hər dairə bir ildir və bu, çox dəqiq hesablamadır. Ağac götüyünün bu dairələri konsentrik çevrələrə oxşayır.

Bilmirəm. Ya bəşəriyyətin yaşı dolaşıq düşmüşdü, ya da ki, başqa səbəb var idi. Dedim ki, bilmirəm. Bəşəriyyətin nəhəng gövdəsini kəsib, bu nəhəng kötüyü Allahın qənşərinə qoymuşdular. Bu kötüyün diametri qırx min kilometr olardı.

Bu kötüyün en kəsiyində saysız-hesabsız dairələr vardı. Ağac kötüyündən fərqli olaraq, burdakı dairələrin arası bir illə deyil, milyon illə ölçülürdü. Ən böyük dairənin uzunluğu da qırx min kilometr olardı. Bu kötüyü və onun dairələrini olduğu kimi görmək, saymaq üçün çox hündürdən baxmalısan - ən azı Allahın ayaqlarının altından. O yerə, o hündürlüyə qalxmaq olmaz, o yerə ancaq ucalmaq olar.

Allah ilahi bir hövsələ və səliqə-səhmanla kötüyü şəhadət barmağı ilə yonub qırıntılarına tüpürəndən sonra onları Aləmə tullayırdı. Kötüyün üstündəki saysız-hesabsız dairələrin mərkəzində iynənin ulduzu boyda, adam gözlərinə görünməyən kiçik bir dairə vardı. Bizlər o dairəni görmək üçün gərək onu milyonlarla dəfə böyüdəydilər. Allah yana-yana ən kiçik dairəyə çatanda, kötüyü yonduğu şəhadət barmağı ilə alın tərini sivirib dayanacaqdı. Yalnız bundan sonra Allah özünə layiq bir rahatlığa qovuşacaqdı.

Allah şəhadət barmağı ilə ət taxtasına oxşayan dünya boyda kötüyü yonur, dairələri bir-bir çıxardıb tullayır, kötüyün mərkəzindəki iynə ulduzu boyda dairəyə yaxınlaşırdı.
Bu kötüyü Allahdan başqa heç kəs yona bilməzdi. Niyəsi yoxdu! Mümkün deyildi!!!

Allah kötük yonurdu...
Allah kötüyün mərkəzindəki dairəyə yaxınlaşırdı.
Dünyanın dövlət başçıları acından ölən adamların qəbiristanlığındakı kürsüyə yaxınlaşırdı.

Bir azdan onların ağzından od püskürəcəkdi.
Əgər püskürsə...

Yer kürəsi o qədər zəifləmişdi və zəiflədikcə də o qədər həssas olmuşdu ki, bir adamın tüpürcəyindən də ekoloji hücuma məruz qalırdı. Bu, dünyanın o vaxtı idi ki, bir arı ailəsi yarım kilo bal ərsəyə gətirmək üçün milyon dəfə çiçəyə qonmağa məcbur idi. Bu zaman, bu gün idi. Ancaq min il bundan əvvəl arı ailəsi o qədər bal yığmaq üçün min dəfə çiçəyə qonanda bəs eləyirdi.

Bir-iki saniyə yemək-içməkdən əl saxlayıb fikirləşin də, zəhmət olmasa. Fikirləşin də, fikirləşin, görün niyə belədi? Fikirləşsəniz görəcəksiniz ki, adamların yırtıcı nəfsinin ucbatından Yer kürəsinin sərvətlərinin səksən faizi tükənib. Əvəzində, əhalinin sayı min dəfələrlə çoxalıb. Yer kürəsi bəşəriyyətin öz oxu və Günəş ətrafında fırlanan elə nəhəng, ümumi qazandı ki, gün ərzində ora milyardlarla çömçə girib çıxır, çoxu da boş qayıdır və çömçələrin səsindən dünyanın qulağı batır, bəzən də çömçə müharibəsi başlayır, davam eləyir və qurtarmaq bilmir ki, bilmir.

Budur, tərəqqipərvər Bəşəriyyət!
Budur, yalançı və özündən müştəbeh adamların tarix yazdığı intibah zamanlarını adlayıb keçmiş sivil Bəşəriyyət?!
Budur?!

Mənə nə var ee... Uzaq başı can özümündü, cəhənnəm də Tanrının....
Ayılın də!!!
Silkələnin də!!!

Silkələnin tozunuz tökülsün!
Tez olun!!!
Gecikməyin!!!

Yer kürəsindən saniyədə on altı milyon ton su buxarlanır - yaranışından. Heç bilirsiniz bu nə deməkdi? Yerdən buxarlanan milyonlarla ton su təzədən Yer kürəsinə səpələnir. Milyard illərlə davam eləyib bir an da dayanmayan bu proses, sirkulyasiya Allahın Yer kürəsini adamlar üçün təmiz saxlamaq cəhdidi... Bəs adamlar neyləyir? Özünüz yaxşı bilirsiniz.
Tərəqqipərvər Bəşəriyyət!

Onu da deyim ki, bir nəfər konkret adamı tənqid eləmək, sonra bu tənqidin dalında dayanmaq çox çətindi, nəinki Bəşəriyyəti tənqid eləmək. İkinci təhlükəsiz variantdı, çünki heç kəs bu tənqidi özünə götürməyəcək, hamı fikirləşəcək ki, yox, əşi, mən olmaram... mənə aid deyil. Ancaq Bəşəriyət deyiləndə hamı ordadı, elə mən də.

Tərəqqipərvər Bəşəriyyət çox böyük çıxır ee... sonra ağzıgöyçəklər deyəcək ki, başından yekə danışır. Ona görə də bunu qoyaq bir kənara, adamdan danışaq, baxmayaraq ki, tərəqqipərvər Bəşəriyyət də elə adamlardan ibarətdi, nə isə...

Adamlar çox özündən müştəbehdilər. Özlərini Yer kürəsinin, təbiətin sahibi hesab eləyirlər, elə bil, dədələrindən qalıb, dədələrinin malıdı.
Ey özündən müştəbeh adam, ey yer üzünün əşrəfi, ey yer üzünün sahibi, sən bilirsən heç dünyada nə var, nə yox?
- Nəyi deyirsən? - Adam yekə-yekə üzümə qabardı.
- Çox şey deyə bilərəm, ancaq sənə çox şey demək olmaz.

- Niyə çox şey demək olmaz?
- Ona görə ki, şanına kəsir gələr, xəncərinin qaşı düşər.
- Yaxşı, uzatma, sözünü de! Vaxtım yoxdu, tez ol!

- Yaxşı, mən sənə nə şirdən-pələngdən, nə fildən, heç dinozavrdan da misal gətirməyəcəm. Məlum məsələdi ki, onlar çox güclüdü...
Bu arada Adamın telefonuna zəng gəldi, mənə baxıb telefonunu açdı:
- Alo... Hə... Yüz dəfə demişəm ki, belə xırda şeylərə görə məni narahat eləməyin, demişəm, axı. Hərəsinə milyon-milyon ver, qoy rədd olsunlar. Hə... Hə... Denən bu axırıncı dəfədi.

Qorxdum. Fikirləşdim ki, bu məni diri yeyər; aradan çıxmaq istəyəndə sağ qolumdan yapışıb telefon söhbətini davam elədi:
- Hə... hə... O oğraşa da mənim adımdan zəng elə, denən iki ay müddətində qoşunlarını çıxartsın, altmış birinci gün məndən inciməsin. Hə. Özündən incisin.
Bunu eşidəndə lap öldüm, aralanmaq istəyəndə o, qolumu daha bərk-bərk sıxdı.

- Hə... Yox, yox. Olmaz. Denən qadınları, uşaqları azad eləsinlər... qalanlarını saxlasınlar. Neçə nəfər? Tabe olmayanları güllələsinlər. Hə. Yox. Mən heç nə bilmirəm. Bu gecə gəmilər onların ərazi sularına girməlidir. Mütləq. Bilmirəm. Mümkün deyil. Ləngimək olmaz. Yox. Bilmirəm neyliyəsən. Olmasa? Özünü as! Mənim kabinetimdən! Ora təhlükəsizdi! Vəssalam.

Sonra üzünü mənə çevirdi:
- Vaxtım yoxdu, tez ol, sözünü de.
- Sözüm yoxdu... - dedim.

- Vaar, - qışqırdı.
- Sözüm odur ki, siz çox güclü şəxsiyyətsiniz, şir də, pələng də, fil də... lap dinozavr da sizin yanınızda heç nədi...
Onun üzünə baxdım, o qədər də razı qalmadığını duyan kimi əlavə etdim:

- Siz hər şeyə qadirsiniz... zəmanəmizin... - bir az da dərinə getdim, - bütün zamanların yetirdiyi ən böyük şəxsiyyətsiniz. Xoşbəxtəm ki, sizinlə görüşə bildim. Buna görə ulu Tanrıya öz minnətdarlığımı bildirib şükr eləyərəm...

Hiss elədim ki, qarşımdakı bu adam kimdirsə, tərifi tozsoran kimi çəkir canına, qorxdum ki, onu doyuzdura bilməyəm. Tərifə çox nəfsliydi. Lüğət tərkibindən keçdim lüğət fonduna... Nə qədər sığallı-tumarlı sözlər vardısa, hamısını onun ünvanına döşədim. Axırda isə lap fontan vurdum, dedim ki, ey böyük şəxsiyyət, kaş bütün bəşəriyyəti birləşdirib sizin tabeliyinizə verəydilər! Onda hamı xoşbəxt, şad-xürrəm yaşayardı, bir adamın da burnu qanamazdı. Siz bəşəriyyətin rəhbəri olmağa layiq yeganə şəxsiyyətsiniz!

Bu sözləri qarğıdalı silosu döyən maşın kimi elə sürətlə doğrayıb tökürdüm ki... Neyləyim, canımın dərdindən - can şirin şeydi, yekə-yekə danışmağıma fikir verməyin...
O, qolumu buraxıb əlini çiynimə qoysa da, ağrısı kəsməmişdi, elə bilirdim ki, hələ də qolumdan yapışıb sıxır.
- Burda neynirsən? - soruşdu.

Ona deyə bilməzdim ki, özümü axtarıram, ya elə bilərdi ki, onu ələ salıram, ya da fikirləşərdi ki, ağıldan seyrəyəm: hər iki halda mənə sərf eləmirdi.
- Gəzməyə çıxmışam, - dedim.
- Buralar gəzməli yer deyil, bir də buralarda görünmə!
- Baş üstə, bir də gəlmərəm.

- Bəs sən bura necə gəlib çıxmısan? - o, gözünü mənə zillədi.
- Elə gəzə-gəzə gəldim... bir də gördüm burdayam.
- Heç qabağını kəsib deyən olmadı ki, hara gedirsən? Olmaz!

- Heç kəsi görmədim... mən də elə bildim olar.
O, telefonun bir düyməsini basıb qulağına yaxınlaşdırdı:

- Alo! Zəhrimar bəli! Ərazidə yad adam var, harda ölmüsüz?!
Bir anın içində həyəcan siqnalları buraları başına götürdü. Hamı hərəkətə gəlmişdi. Təkcə mən durduğum yerdə donmuşdum. Bu həyəcan siqnallarının hamısı mənə tuşlanmışdı, elə bil yanğınsöndürən maşınların təzyiqlə vurduğu su ilə məni deşmək istəyirdilər. O da burda idi. Çönüb üzümə də baxmırdı ki, görüm mənə yazığı gəlir, yoxsa-yox.
Kimsə ona yaxınlaşdı, əllərini yanına salıb əsgəri səslə dedi:

- Ərazidə heç bir yad adam müşahidə olunmadı!
- Bəs bu, kimdi hə?!
- O, sizinlə dayanıb.

- Ötürün bunu çıxsın getsin. İşiniz olmasın! Alçaqlar!

Onlar məni harda maşından düşürtdülərsə, orda da çökdüm. Heyim qalmamışdı. Özümə... özümə deyəndə ki, özümün qabına gəlmək istəyirdim. Qorxudan təpiyib qurumuş dodaqlarıma dilimi nə qədər sürtürdümsə də, qupquru idi, islanmırdı.

Boğazım da qurumuşdu, dilim boğazıma çatmırdı...
Durduğum yerdə necə işə düşmüşdüm ee... Əslində bu, işə düşməkdən çox, ölümlə üzbəüz dayanıb yekə-yekə danışmağa daha çox oxşayırdı.
Durduğum yerdə necə işə düşmüşdümsə, durduğum yerdə də canım qurtardı. Ürəyimdə qərara gəldim ki, çökdüyüm yerdən duran kimi diz çöküb əllərimi göyə açacam, bütün varlığımla Allahıma dualar eləyib şükranlığımı bildirəcəm.

Hə... İndi bir balaca özümə gəlmişəm. Arxayınçılıqdı. Buralarda bir ins-cins gözə dəyməsə də, qadağan olunmuş əraziyə oxşamır. Bilirsiniz o adama nə deyəcəkdim? Deyəcəkdim ki, ay adam, mən sənə şirdən-pələngdən, fildən, heç dinozavrdan da misal gətirməyəcəm, mən sənə Allahın hörümçəyindən danışacam. Deyəcəkdim ki, ay adam, sən bilirsənmi hörümçək torundakı hər bir tel, onun özü yoğunluqdakı polad teldən dəfələrlə möhkəmdir. Bilirsən? Deyəcəkdim ki, ay özündən müştəbeh, ay adam, indi get bir özündən deyəndə, yüz də hörümçəkdən de. Bu təbiətin yaratdığı hörümçəyin istedadı, o da sən adamın - yerə-göyə sığmayan adamın qabiliyyəti.

Deyəcəkdim. Ancaq yaxşı ki, demədim, Allah üzümə baxdı. Məni yuxarıda Allah, aşağıda da onun telefonuna zəng eləyən adam bu xətadan qurtardı. Yoxsa çoxdan o dünyalıq olmuşdum, nabələd adam... heç bu dünyadan baş çıxarda bilmirəm, qalmışdı...

Ömrümdə ilk dəfə o yerə gəlib çıxmışdım ki, adam haqqında adamın özüylə söhbət edib, ona nə istəsəm deyə bilərdim, o da belə... Bəxtimə, qabağıma çıxanı gördünüz də... Adamı diri-diri yeyərdi...

Ancaq bu mürəkkəbliyin içində bir şeyə də mütləq şükr eləməliyəm. Ömrümdə ilk dəfə mən də sözdən yarıdım. O adamı nə təhər təriflədimsə, əridi qabağımda, əriməsə də, isindi, yoxsa məni başım üstümdə buraxmazdı. Ancaq adam o təriflərə layiq olmasa da, dediklərim söz kimi xoşuma gəlmişdi: Siz bəşəriyyətin rəhbəri olmağa layiq yeganə şəxsiyyətsiniz! Bəşəriyyətin rəhbəri! Sözlərə bax ee! Bunu məndən başqa kim deyə bilər? Heç kəs!
İki daşın arasında, qaşla gözün arasındakı ölüm ayağında, arsızlığıma salıb onu da fikirləşdim ki, mən Dünyanın ən Dahi Yaltağı ola bilərmişəm və bir kopoyoğlu mənim qabağımda duruş gətirə bilməzdi.

Dövlət başçıları məni öz ölkələrinə rəsmi səfərə dəvət etmək üçün növbədə dayanardılar. Amerika prezidenti Corc Buşun humanist damarını tutub onu elə tərifləyərdim ki, iraqa girməzdi, qoşunlarını Əfqanıstandan çıxarardı, Naqasaki və Xirosimaya keçmiş Amerikanın atdığı atom bombasına görə Yaponiyadan, gecikmiş də olsa, üzr istəyərdi, humanitar yardım adı ilə Vyetnamın könlünü alardı...

Səviyyəli, müdrik, qarşı tərəfə səmimi görünməyi bacaran, böyük söz ehtiyatına malik, nitqi qüsursuz, boy-buxunlu, güclü xarakterə malik olan və bu keyfiyyətlərin hamısını daxilində tənzimləyə bilən tərifçiyə Dahi Yaltaq deyilir.
Dahi Yaltağın qabağında heç kim duruş gətirə bilməz!

Əgər mən həqiqətə nifrət eləyib ixtisasımı dəyişə bilsəm - Dünyanın Dahi Yaltağı olsam, özünüz görəcəksiniz... Mütləq görəcəksiz!
Yaltağın atası olmur...
Yaltağın ancaq anası olur.
Yaltağın anasının adı Tərifdi.

Tərif xala. Yaltağı Tərif xala doğub, göbəyini də özü kəsib.
Yaltaq anasının döşündən süd əmməyib.
Yaltaq anasının döşündən tərif əmib.
Nə vaxtsa yaltaq anasının üzünə ağ olsa, anası ona belə qarğış eləyə bilməyəcək:

- Südüm sənə haram olsun, gözündən gəlsin!
Nə vaxtsa yaltaq anasının üzünə ağ olsa anası ona belə qarğış eləyəcək:
- Tərifim sənə haram olsun, dilindən düşsün.
Bir söz gəlib, onu da deyim ürəyimdə qalmasın.

Altmış ildən çoxdur ki, özümü axtarıram. Onu tapsam, elə tərifləyəcəm ki, bir də məni qoyub heç hara gedə bilməyəcək, məni dağa-daşa salıb cəlayi-vətən eləməyəcək - görəcəksiz.

Adamlar şairlərin dili ilə Yer kürəsinin gözəlliklərindən vəcdə gəldiklərini dillərinə gətirib tərifləyə-tərifləyə planetimizi kasıblaşdırıb, onu doğub-törəməz elədilər. Tərifləyə-tərifləyə dağıdıb parçaladılar, onu da söküb öz istədikləri kimi yenidən yığmaq, quraşdırmaq istədilər.

Hələ bu harasıdı? Harası? Belə getsə, adamlar gözlərində bərəlmiş nəfsin prinsiplərini "əldə rəhbər tutaraq" bir az da dərinə gedəcəklər; nəfsin atdığı lağımlar dərinləşdikcə Yer kürəsi əvvəl-axır öz oxu ətrafında fırlanmağa tənbəllik eləyəcək. Və Yer kürəsi tənbəlləşən kimi bütün bəşəriyyət tənbəlləşəcək - buna heç kəsin şəkk-şübhəsi olmasın.
Allah həqiqəti adamlardan çox uca tutub. Həqiqəti sevən Allahımız rəhmdil olsa da... hər şeyin bir həddi də olmalıdı, axı.

Ancaq hələ vaxt var, Yer kürəsini xilas etmək, yüz illərlə onun insan əlindən aldığı yaralara elə insan əli ilə də məlhəm qoyub sarımaq, dərdinə çarə eləmək olar...

Vallah olar...
Allah, insanlığa - bəşəriyyətə yalnız Yer kürəsinə qarşı törətdiyi ağır cinayətlərə görə cəza verib, bəşəriyyətə qarşı həbs qətimkan tədbiri görülməsi haqqında qərar qəbul eləyib. Bu qərar artıq icra olunub və işin yalnız bir tərəfidi. Axı, Yer kürəsinin əhalisi Allah qarşısında həm də mənəvi məsuliyyət daşıyır! Məsələyə bu cür yanaşanda Dünyanın tən ortasına göydən bir sual göndərilir:

- Ey insanlar! Siz nəfsin möhtəşəm bayrağı altında özünüzü niyə elə apardınız ki, yeri-göyü yaradan böyük və tək Allahınız, yaratdıqlarının içində ən çox istədiyi sizlər haqqında - öz bəndələri haqqında belə ağır cəza hökmü çıxartsın?!

Böyük və tək Allahımızın belə bir hökm çıxarması onun üçün çox çətin olub -bizi sevdiyinə görə. Əcəba, biz bəndələr onun hüzurunda kimik ki, böyük Allahımızı belə addım atmaq məcburiyyəti qarşısında gördük.

Bax, buna rəhm eləmək çox çətindi...
Adamlar günahlarını təsbeh muncuğu kimi, dənəvər-dənəvər düzə-düzə gedir. Hər adamın günah təsbehini onun öz boynuna dolasan, çəkib apara bilməz - təsbeh nə uzunluqda olarmış... Sonra bu təsbehləri yığıb onlardan nəhəng bir təsbeh düzəldib Allaha göstərdilər. Bu təsbeh o qədər uzun idi ki, onu Yer kürəsinin boynuna qırx dəfə dolamaq olardı, artıq da qalardı, planetimizin sinəsindən aşağı sallanardı. Bəşəriyyətin günah təsbehini şeytan sap yoğunluğunda, poladdan möhkəm, qırx min hörümçək torunun telinə düzüb Allaha göstərmişdi:

Buyur, bu da sənin sevdiyin İnsan. Allah Şeytanı qovmuşdu. Bundan sonra Şeytan hirslənib insanların qəlbinə gedən ən kəsə yolu tapmışdı və gecə-gündüz bəşəriyyətin qılığına girməklə məşğul idi. İnsanlığın qılığındakı taxt-tacında özüvari ədəb-ərkanla oturan Şeytan adamlara o qədər yaxınlaşıb canbir qəlb olmuşdu ki, adam öz varlığında onu hiss eləməyəndə dəlicəsinə darıxmağa başlayırdı. İçindəki nəfs boy atıb şaxələnirdi, azğınlaşırdı, qudurğanlıq eliyirdi, birinin sözü o birinin boğazından keçmirdi, özündən zəifləri tapdalayırdı... Bu da şeytanın adamlar üzərində təntənəsi idi.

Şeytan təpədən-dırnağa özünə oxşatdığı bu adamlara baxıb sevinir, fəxr eləyir, şeytanvari rahatlığa qovuşur. Eşitdiyimə görə, Şeytan bu cür adamlar üçün məxsusi geyim də sifariş eləyib ki, onlar bir-birini gendən tanıya bilsinlər. O, bu işi yüksək səviyyədə görmək üçün dünyanın bir neçə məşhur modelyerini də yoldan çıxarıb.
Allahın rəhmi böyükdü, sonsuzdu...

Allah rəhminin böyük, sonsuz olduğunu bildiyi anda, şeytan bəndənin başının üstünü kəsdirir və onun üzünü bəşəriyyətdən döndərib şeytaniyyətə tərəf çevirir. Bax, bu anda son dərəcə ehtiyatlı olan, bu sınaqdan keçə bilən adamları Şeytan heç vaxt yoldan çıxara bilmir. Nadir hallarda görürsən ki...
Allahın rəhmi böyükdü, sonsuzdu.

Bəndənin günahı böyükdü, sonsuzdu.
Allahın rəhm büdcəsi - Dövlət büdcəsi kimi bir illiyə deyil, min ilə hesablanır və burdakı rəqəmlər ilahidir. Ancaq son yüzillikdə Şeytanın Yer üzü əhalisinin böyük əksəriyyətini əsir götürməsi nəticəsində Allahın rəhm büdcəsində kəsir əmələ gəlib. Belə büdcə kəsiri qaçılmaz idi. Çünki insanlığın böyük əksəriyyətinin çörəyi şərdən çıxırdı...

Bu gün dünyada acından ölən insanların qəbiristanlığında milyonlarla adam uyuyur. Hamının şərik olduğu Yer kürəsində milyonlar acından ölübsə, milyardlar günahkardı.
Buna Allahın rəhm büdcəsi dözə bilməz!

Bu gün bəşəriyyət yeriyəndə ombasını çəkir, axsayır, çünki yer üzündə yüz əlli milyon əlil uşaq var. Dərinə getsək, yenə adamlar günahkardı.
Buna Allahın rəhm büdcəsi neyləsin?!
Bu gün yer üzündə, yuxarıda dediyimiz kimi, bir milyarda yaxın Allah bəndəsi acından ölürsə, günah kimdədi? Günah acından ölməyənlərdədi. Özü də neçə milyard...

Hər günahkar bəndənin də Allahın rəhm büdcəsində "payı" var. Di gəl, belə vəziyyətdə təyinatı üzrə böl görüm necə bölürsən, necə çatdırırsan?
Üçüncü minillik doxsan altı aydır ki, başlayıb - səkkiz ildi. Ancaq rəhm büdcəsinin səkkiz faizi "xərclənib". Eyni adama, ailəyə, tayfaya, şəhərə, ölkəyə büdcədən qeyri-bərabər şəkildə "mənəvi maliyyə" ayırmaq olar nə qədər, axı?! Nəticədə büdcə mənəvi yeyintiyə məruz qalır.

Bəşəriyyət haqqında həbs qətimkan tədbiri görülməsinin ən böyük səbəb¬lərindən biri də budu.

Dünyanın yarıdan çoxunu gəzmişəm. Parlaq, bic-bic göz vurub göz qamaşdıran reklamlar adamın qəlbinə girir, gözünə girir, cibinə girir, büdcəsinin böyük bir ərazisini də işğal eliyir. Dünyada elə bir şey yoxdu ki, telekanallarda, radiolarda, möhtəşəm şəhərlərin göydələnlərində, qəzet-jurnallarda onun reklamı getməsin - bircə şeydən başqa...

Mən nə Paris və Londonda, nə Madrid və Romada, nə Qahirə və Tehranda, nə Moskvada, Kiyevdə, Bakıda, Tibilisidə, Gəncədə... - heç harda kütləvi informasiya vasitələrində də belə bir elan - reklama rast gəlmədim:
- Adamlar, özünüzü Şeytandan qoruyun!

- Adamlar, özünüzü Şeytandan qoruyun!
Qoy dünyanın bütün ölkələrində, böyük şəhərlərində, aeroportlarında, gəmilərində, kiçik kəndlərində, yayda adamların geyindiyi köynəklərin sinəsində, çayxana, meyxana, hətta yerdə qalan xanalarında belə reklamlar parlasın. Eybi yox, maliyyə məsələsini BMT öz boynuna götürər...
Təsəvvür edin ki, Vaşinqtonda on bir sentyabrda şeytan hikkəsinə və hiyləsinə tuş gələn göydələnin "alnında" "adamlar, özünüzü şeytandan qoruyun!" reklamı parlayır, Şeytan da uça-uça gəlib bu reklamın üstünə qonub, göz yaşları ilə onu islada-islada "özününkü" hesab etdiyi adamlardan qorxa-qorxa, üşənə-üşənə kömək istəyir. Bu, Allahın bəyənəcəyi yeganə reklam olardı, Allahın dodağı qaçardı, gülümsəyərdi.

Bu, çox vacibdi. Çünki, bayaq dediyim kimi, Şeytan insan qəlbinə gedən daha kəsə yolu tapıb. Əgər əvvəllər Şeytan adamın qəlbinə onun gözlərindən girirdisə, bu gün adamın sol döşündəki, ürəyə ən yaxın bir cüt qabırğanın arasından girir.

Şeytanın insan qəlbinə ən yaxın yolu tapdığını və iyirmi birinci əsrin Şeytan əsri olduğunu nəzərə alsaq, yer üzünün bütün əhalisi "bronejilet" geyinməlidi ki, Şeytan ürəyə ən yaxın cüt qabırğanın arasından içəri girə bilməsin. Dövlət başçıları isə, öz xalqlarının qarşısında maddi-mənəvi məsuliyyət daşıdıqlarına görə, iki "bronejilet" üst-üstə geyinsinlər...

İyirmi birinci əsr həm də bəşəriyyətin Allah qarşısında sınaq əsridi - Allah Yer kürəsinin bütün əhalisini testə çəkəcək. Bu, zəruri "bal"ı yığmaq üçün bəşəriyyətə Allahın rəhm eləyib verdiyi sonuncu şansdı.

Büdcədə şans kəsiri də var, ha... Bilməniz məsləhətdi...
Yer kürəsinin gözəlliyi - gözəllik damarı qaçmış bulaq kimi yavaş-yavaş qurumaqdadır. Bu sızqa bulağın-gözəlliyin dünyanı xilas edəcəyini gözləmək bəşəriyyətin növbəti, saysız-hesabsız ağılsızlıqlarından biri olardı. Bu gün biz gözəlliyin özünü xilas etməliyik ki, gözəllik də solğunluğu, zəif əzələləri ilə azdan-çoxdan bizə kömək eləyə bilsin. İnsanların "qəhrəmanlığı" sayəsində bu gün yer üzündə gözəlliyin ancaq külü qalıb ki, xəfif bir mehdən adamların gözlərinə üfürülür, adamlar qalır gözlərini ovxalaya-ovxalaya.

Gözəllik yoxdu, külü qalıb... Gözəllik öz külünün altında qalıb. Gözəllik sönüb. Soyuyub.
Yer kürəsinin gözəllik istisi azalıb, adamlar titrətmə tutub üşüyür. Yaman soyuqdu.
Sevgini gözəllik doğub. Bu gün gözəllik doğub-törəyə bilmir. Bu gün gözəllik hamilə ola bilmir; bu gün gözəllik doğub-törəyə bilməyən, arıq-uruq, xəstə və sonsuz qadınlara oxşayır; bu gün sonsuz qadın kimi gecə-gündüz adamları qarğıyır.

Dünyanı sevgi xilas edəcək.
Yer üzündə hər bir nəfərə milyardlarla adam düşür. Sevin də... dağları, dərələri, bulaqları, ağacları, quşları, okeanları, qonşuları, dənizləri, ulduzları, odu, fəsilləri... sevin də... sevin ki, bəlkə külün altından gözəllik cücərdi...

Gözəllik cücərib göyərməsə dünya dağılacaq. Gözəllik cücərib göyərməsə - Yer kürəsi o qədər zəifləyəcək ki, üç yaşlı körpənin də yumruğundan darmadağın olub aləmə sovrulacaq, qırmızı toz zərrəcikləri göy üzünü qızardacaq.

Gözəllik köçüb, yurdu qalıb. Gözəlliyin boş qalmış yurdu yanıb. Gözəlliyin yanıq yeri sevgi doğa bilmir. Dünyanı gözəllik xilas eləyə bilərdi, gözəlliyin yanıq yeri yox...
- Sən kimsən?
-...
- Sən kimsən?
-...
- Eheey! Sən kimsən?
- Məəən?
- Sən... Sən kimsən?

- Mən Sözəm.
- Bəs, niyə bu gündəsən?
- Nə gündəyəm ki?
- Bir əyil, göldə sir-sifətinə bax! Gör nəyə oxşayırsan!..
- Nəyə oxşayıram?

- Fındıq qabığına!
- Məni sındırıblar, içimi yeyiblər, qabıqlarımı da yerə atıblar, adamların ayağına batıram. Bunu mənə deyənlər çoxdu. Ancaq diqqətlə baxsan inanarsan ki, mən fındıq qabığı deyiləm - Sözəm. Olsa-olsa, Sözün qabığıyam.
- Qabıq elə qabıqdı... ya fındıq qabığı, ya söz qabığı; içi boşdursa, ikisi də eyni şeydi.
- Bəs, sən kimsən?
- Adam.
- Məni bu günə salan elə sənsən!

- Məəən?
- Sən! Adam!
Adam böyür tərəfdən Sözə yaxınlaşıb dedi:
- Sən saqqız çeynə, saqqız!

- Niyə?
- İt iyi gəlir sənnən!
- Mən sənin ağzında iylənmişəm.
- Mən Adamam, hər gün də ağzımı yaxalayıram, diş məcunu ilə dişlərimi sürtürəm.
- Qulağını da sürtürsən?

- Qulağın bura nə dəxli var?
- Axı, dedim ki, mən Sözəm. Deyilməyəndə ağızda qalıb iylənirəm, eşidilməyəndə qulaqda. Mən eşidilməyəndə iylənirəm. Sən mənə şər atırsan, Sözün ağzı olmur, ancaq ağızın sözü olur: sənin ağzında elə bil ki, it ölüb, qulaqlarına da məni eşitmədiyinə görə qurd düşüb - iylənmisən. İndi sən bilirsən adamların hansı cinsinə aidsən?

- Mən kişiyəm.
- Əvvəla, ey Adam, nəzərinə çatdırım ki, sən kişi deyilsən! İkincisi də mən o cinsdən demirəm - qadın-kişi. Üçüncüsü də, birdəfəlik başa düş, qan ki, yer üzündə ikicinsliliyə çoxdan son qoyulub, ikicinsliliklə qurtarmışıq bu gün...

- Bəs neçə cins var?
- Bu saat yer üzündə nə qədər adam varsa, o qədər də cins var. Bilirsən, adamlar çoxcinsliliyində sən hansı cinsə aidsən? Sən, bu saat dünyada çoxluq təşkil eləyən boşboğazlar cinsinə aidsən... boşboğazsan.
- Sözünə sərhəd qoy, - adam kişiləndi.

- Sözün sərhədi olmur... Əvvəldən olmayıb.
- Onda açıl başımdan! - Adam qeyrətə gəlmək istədi, qeyrətlə Adamın arasındakı yol dünyanın bəlkə də ən uzaq yolu idi.
- Gündə neçə dəfə yeyirsən?
- Üç-dörd dəfə.

- Gündə neçə dəfə danışırsan, Adam?
- Bütün günü danışıram, işimin-peşəmin adı nədi?!
- Gündə neçə dəfə su içirsən?

- İki-üç dəfə.
- Mən olmasam sən gözündən batarsan, Adam.
- Niyə batıram ki?

- Batarsan! Niyəsini qansaydın nə vardı ki?
- Axı, sən olmasan mən niyə batıram ki?
- Ay boşboğaz, əvvəla, mən olmasam, sən heç boşboğaz da ola bilməzsən. İkinci, mən olmasam sən necə yaltaqlanacaqsan, bunu fikirləşmirsən?
- Fikirləşirəm.

- Fikirləşsəydin mənə lağ eləməzdin. Adamların hamısı ata-anasından çox sözünə oxşayır.
- İndi mən sənə oxşayıram?
- Yox. Sən öz danışdığın sözə - öz sözünə oxşayırsan. Sən heç vaxt məni dilinə gətirə bilməzsən.

- Axı, niyə?
- Çünki mən sənin ağzına sığışmaram... mən böyük sözəm... sənin xörəyin deyiləm. Məni ancaq kişi adamlar dilinə gətirə bilər. Səndə isə kişilikdən əsər-əlamət yoxdu.
- Kişi olmaq çətindi?
- Yox...

- Onda mən də kişi olacam.
- Ol də...
- Kişi olmağın yollarını mənə öyrədərsən?

- Bəri bax, heç ömründə bir dəfə kişilik eləmisən?
- Bir dəfə... Üç nəfər bir nəfəri döyürdü. Kişiliyim götürmədi, o tək adama kömək eləmək istədim. Məni mal kimi çırpdılar, kasıb itini döyən kimi budadılar. Ondan sonra özümə söz verdim ki, bir də qələt eləyərəm əbəcdadımın ağzıynan... tərgitdim.
- Bəs ikinizdən başqa heç kəs yox idi?
- Çox adam yığışmışdı.
- Bəs onlar neyləyirdilər?

- Heç nə... tamaşa eləyirdilər... biri də irəli durmadı.
- Adam, yaddaşın yaxşıdı?
- Səhər yediyim günorta yadımdan çıxır.

- Onda qələm-kağız götür, yaz.
- Bir dəqiqə... bu saat. Sən yaxşı Sözə oxşayırsan. Hə... De, yazım.
- Yaz! Kişi olmaq üçün nə etməli? Ortadan yaz.

- Yazdım...
- Yaz, bir: Allahı başının üstündə görmək. İki: Nəfsi kəsib atmaq. Üç: Haqqı nahaqqa verməmək. Dörd: yalan danışmamaq. Beş: Yaltaqlanmamaq. Altı: İnsanlara sevgi. Yeddi: Verdiyin sözə əməl etmək.
- Elə bu?!

- Elə bu...
- Bunu eləməyə nə var ki... Qoyum cibimə, evdə əzbərləyərəm.
- Əzbərləmək lazım deyil, əməl etmək lazımdı.
- Hamısına əməl eləyə bilərəm, bircə o yeddinci çox çətindi... Verdiyin Sözə əməl eləmək.

- Niyə?
- Çünki mən verdiyim Sözə əməl eləsəm, uşaqlar acından qırılacaq.
- Onda hələlik altı bəndə əməl elə... sonra da yeddinciyə... Altısı da sənin üçün böyük şeydi...
Adam elə bil ki, sevincək oldu, dilləndi:

- Altı... deyirlər altı şeytan rəqəmidi, bəlkə onu da ixtisara salaq? Onsuz da gücüm çatmaz.
- Razılaşdıq.

- Yaltaqlanmasam da, işim getməyəcək, əli aşından da olacam, vəli aşından da... əvvəl çətin olacaq... sonra...
- Olsun.
- Dördüncü də... yalan danışmasam dilimi kəsərlər.
- Düz deyirsən.

- Haqqı nahaqqa verməmək məsələsi... Özün bilirsən də...
- Bilmirəm... Adam.
- Bir şey soruşum.
- Soruş.
- Nəfsi kəsib atan doxdur yeri bilmirsən?

- Cərrah?
- Hə.
- Cərrahlar bu işə baxmır.

- Bəs kim baxır?
- Vicdan. Niyə təəccüblənirsən? Belə söz eşitməmisən?
- Eşitmişəm ee... çoxdan, ancaq o sözdən naftalin iyi gəlir. Məndə də naftalinə qarşı allergiya var.

- Aydındı.
- Bəri bax, elə birinci yaxşıdı də, bəsdi, Allahı başımın üstündə görsəm... Bu, çox vacibdi, yoxsa yolnan getdiyim yerdə Allah təpəmə daş salar, qalaram altında, qorxuram. Elə olar da, birincidən başlayım, yavaş-yavaş gedim qabağa?! Yaxşı, mən gedim...
- Hara gedirsən?
- Gedim sən dediyinlə məşğul olum da.. Sən yaxşı sözə oxşayırsan.

- Kişi olmağa gedirsən?
- Hə.
- Getmə.
- Niyə?

- Səndən kişi olmaz! Sən yanıq yerisən! Sən anadan yanıq doğulmusan! Sən Adam da deyilsən - sən bir torba külsən!!!
Bu da bir torba kül, bu da bir torba gözəllik.

Yanıb kül olmuş bir torba toxum - adam toxumu.
Yanıb kül olmuş toxum heç vaxt cücərməz - Yaz onu yüz il əmizdirsə də...

...qəbiristanlığın nəfəsi tıncıxırdı, vurnuxa-vurnuxa qalmışdı. Adamların ayağı altında torpağın quluncu sınırdı. Göylərin mavi sonsuzluğu fonunda hər bir sərv ağacının başına ilişib qalmış xalça boyda buludlar qara bayraq kimi yelləndikcə adam üşüyüb vahiməyə düşürdü. Bura toplaşanlar adam olduqlarını, elə bil min ildi unutmuşdular. Allahdan başqa heç kəs adam olduqlarını onların yadına sala bilməzdi.

Elə bil bura yığışan adamların ruhu bədənlərini çoxdan tərk eləmişdi və hərə özü boyda içi boş qaba oxşayırdı, çırtma vuran olsa danqıldayardılar, bu səsdən diksinməzdilər də...

Belə qərara gəlmişdilər ki, dünyanın hər tərəfindən axışıb gəlmiş dövlət başçıları əlifba sırası ilə kürsüyə düzülsünlər və çox vaxt almamaq üçün hamısının adından Amerika Birləşmiş Ştatlarının prezidenti çıxış etsin.

Nə ABŞ prezidentinin, nə də başqa dövlət başçılarının xəbəri yox idi ki, bu kürsünü ucaldan Misir ehramlarını tikənlərin törəmələrindəndir. Onların xəbəri yox idi ki, bu kürsüdən yalan danışmaq olmaz. Onların xəbəri yox idi ki, bu kürsüdən yalan danışmaq, diri ikən özlərinin ölüm hökmünə və bu bənzərsiz hökmün icrasına qol çəkmək demək idi.

Aləmdəki hər şeydən xəbərdar olan Allahın bu işdən də xəbəri vardı.
Misir ehramlarını tikənlərin törəməsindən olan memar Allahın əmri ilə min illərdi ki, bu sirli kürsünü boya-başa çatdırmaqla məşğul idi - indi gözümüzün qabağında bütün əzəməti, qədimliyi ilə boy göstərməkdə idi.

Memar kürsünü yaratmağa başlayan gündən bu qəbiristanlığın minlərlə işçisi ilə təmasda olub və tezliklə darıxıb. Onun darıxmadığı yeganə adam qəbiristanlığın qarovulçusu idi. Memar insanları yaxşı tanısa da, qarovulçunu özü bilirdi, özü hesab eləyirdi. Memar bu sirri qarovulçuya açanda elə bil ki, özünə açmışdı, özü ilə söhbət etmişdi - özünə ürək qızdırmışdı. Memar bu sirri kiməsə mütləq açmalı idi; o, bu sirri tək gəzdirməkdən yorulmuşdu, tükənmişdi. Memar bu sirri açandan sonra quş kimi yüngülləşmişdi, istəsə lap uça da bilərdi.

Qarovulçu bu sirri kiməsə açmaq istəyirdi. Hər bir sirrin ağırlığı var. O, bu sirrin yarısını gəzdirməkdən yorulmuşdu, tükənmişdi, bir az da bezmişdi. O, insanlarla tez yorulurdu, darıxırdı. Qarovulçu insanları yaxşı tanısa da, bu sirri mənə açanda elə bil ki, özünə açmışdı, özünə ürək qızdırmışdı. O, bu sirri açandan sonra quş kimi yüngülləşmişdi, istəsə lap uça da bilərdi.

Mən isə bu sirri heç kəsə aça bilmirəm.
Allahın sirr açmaq üçün memarı var idi...
Memarın qarovulçusu var idi...
Mənim memarım yox idi.
Mənim qarovulçum yox idi.

Özünü axtaran adamın bir kimsəsi olmaz.
Kimsəsi olmayan kimsəyə sirr aça bilməz.
Açılmaq istəyəndə elə bağlanmışam ki...

Allahın da, Memarın da, Qarovulçunun da yükünü mən çəkirdim. Başa düşmüşdüm ki, bu yükü, ən azı, gələcəkdə bəxtimə düşən qəbiristanlığın darvazasının ağzına qədər çəkməliyəm.

Burda kimisə axtarmaq mümkün deyildi. Ona görə də bitdiyim yerdə baxışlarımla bütün yaxın ətrafımı ələk-vələk eləsəm də, qarovulçunu tapa bilmədim - onu elə görmək istəyirdim ki... Onu tapsaydım heç bir söz deməyəcək, sadəcə, onunla yanbayan dayanıb, hamı kimi gözlərimi boş kürsüyə zilləyəcəkdim. Qarovulçunu tapmaq, onunla yanbayan dayanmaq ümidim sıfıra bərabər olandan sonra da "dinc" durmadım - bu dəfə üzünü belə görmədiyim memarı axtarmağa başladım.

Onu görsəydim o saat tanıyardım - qarovulçu onu elə təsvir etmişdi ki; təkcə alnında piramidaya oxşayan qırışlar bəs eləyərdi.
Bir azdan göy üzünün maviliyini qara buludlar uddu və sərv ağaclarının başına kəlağayı kimi ilişib bayraq kimi yellənən xalça boyda qara buludlar görünməz oldu. Başını qaldırıb bu müdhiş mənzərəni seyr edən adamların baxışları bu mənzərədən doymuş adamların baxışları ilə paralelləşib kürsüyə zilləndi.

Bu cür gözləmələrdə adamlar adətən bir-biri ilə söhbət eləyərdilər. Burda isə tərsinə idi, elə bil adamlar bir-biri ilə ya küsülü idilər, ya da ki, qanlıbıçaq. Burda bitən adamlar durduqları yerdən bir addım da tərpənə bilməzdilər - dörd bir yanı ətdən çəpər idi. Adamlar bir-birinə toxunanda danqıldayırdılar - içi boş çəlləklər kimi. İnsanın qulaqları bu danqıltıya öyrəşməmişdi.

Danqıldayandan sonra isə donquldanırdılar - bunu isə eşitmək olurdu...
Danqıldayan və danqıldadıqca da donquldayan adamların səbrində çat əmələ gəlmişdi. Onlar gözlədikcə bu çat enlənib dərinləşirdi. Gözləmə əməliyyatı bir az da belə "uğurla" davam etsə, adamlar öz səbrlərində əmələ gəlib get-gedə enlənən və dərinləşən çatın içinə yıxılıb, çabalaya-çabalaya qalacaqdılar. Adamların səbrlərində əmələ gəlib get-gedə enlənən, dərinləşən çat yerlərini zəlzələdən sonra yerin qabığında əmələ gələn çat yerləri ilə müqayisə etmək olardı - burda səbir kasasından söhbət gedə bilməz.

Bəşəriyyətin daş heykəlinə oxşayan bu adamların bura nə vaxt yığışdıqları onların yaddaşından silinmişdi: onlara elə gəlirdi ki, ya min illərdi burda durub gözləyirlər, ya da elə indicə gəliblər.

Adamların boyu da balacalaşmışdı, özləri bunu hiss eləmirdilər. Elə bil onları ayaq üstə basdırmışdılar - onlar qurşağa qədər torpağın təkində idilər və yavaş-yavaş yerin təkinə doğru pərçimlənirdilər. Bu, gözlə görünən olmadığından, inandırıcı deyil. Ancaq adamların torpağa pərçimlənməsini kamera ilə çəkib sürətləndirdikdən sonra görmək olar; təbii ki, görəndən də sonra inanmaq olar. Baxmayaraq ki, görüb-görməməyin, yaxud da inanıb-inanmamağın bundan sonra heç nəyə dəxli yox idi.

Adamlar onu da bilmirdilər ki, topuqdan qurşağa qədər çürüyüb torpağa qarışıblar.

Adamlar ayağı aşağı (baş aşağı yox) yerin təkinə doğru pərçimlənməkdəydilər.
...Fəsillər yüz dəfələrlə dəyişəndən xeyli sonra adamlar xirtdəyə qədər torpağa pərçim olmuşdular.

Adamlar topuqdan xirtdəyə qədər çürüyüb torpağa qarışmışdılar; heç bir ağrı-acı da hiss etməmişdilər - torpaq özü kimi o qədər yumşaq işləmişdi ki...
Elə bil qəbiristanlığa adamların ancaq başı yığışmışdı.
Elə bil adamların başını kəsib üzü kürsüyə yanbayan düzmüşdülər.

Üzü bir-birinə toxunan başlar gözlərini kürsüyə zilləmişdilər. Başlar hərdən kiprik çalanda ağaclar, quşlar da vahiməyə gəlirdi.

qəbiristanlıqda iynə atsaydın yerə düşməzdi. Qatı məhlul kimi qapqara sükut lam qalmışdı. İndi quşlar sükutun qara, doymuş məhlul qatılığını yarıb bir ağacdan başqasına uça bilməzdi. Mazut gölməçəsinə düşüb canıyla əlləşən quş görmüsünüz də...

Körpə nəfəsi boyda sükutu görmüşəm də, eşitmişəm də. Körpə nəfəsi boyda sükutun körpə qığıltısından cilik-cilik olduğunu görmüşəm də, eşitmişəm də. Belə sükut çəmənlik sükutudu və yaxud çəmənlikdə iynə boyda balaca çiçəyin sükutudu - buna diri, zərif sükut deyirlər.
Əgər bütün Bəşəriyyət son nəğməsini xorla oxusaydı, qəbiristanlığa çökmüş, burdakı hər şeyə diz çökdürmüş, qara, doymuş məhlul kimi qatı sükutun heç tükü də tərpənməzdi - buna ölü sükut deyirlər.

Ölü sükutdan iylənmiş insan cəsədinin qoxusu gəlirdi.
Dünya öləndə ondan da iylənmiş insan cəsədinin qoxusu gələcək.

...Bəşəriyyətin nəhəng gövdəsini kəsib nəhəng kötüyü Allahın qənşərinə qoymuşdular. Bu kötüyün diametri qırx min kilometr olardı. Bu kötüyün en kəsiyində bəşəriyyətin yaşını bildirən saysız-hesabsız dairələr vardı. Ağac kötüyündən fərqli olaraq,burdakı dairələrin arası bir illə deyil, milyon illərlə hesablanırdı.

Allah ilahi bir hövsələ ilə kötüyü şəhadət barmağı ilə yonub qırıntılarını aləmə üfürürdü. Kötüyün üstündəki saysız-hesabsız dairələrin mərkəzində iynənin ulduzu boyda, adam gözünə görünməyən kiçik bir dairə vardı - bu dairə bəşəriyyətin bir yaşını göstərirdi. Allah bu dairəyə çatanda, kötüyü yonduğu şəhadət barmağı ilə alın tərini sivirib dayandı, üzünə təbəssüm qondu.

Kötük uzunluqda olan bu zoğ ağac şitilinə oxşayırdı. Allah ağac şitilinə oxşayan bu zoğu Yer kürəsinə basdırdı, üstünü torpaqlayıb görünməz elədi, sonra da ora bir ovuc su tökdü, öz dərgahına çəkildi və haqqın dərgahı elə Allah boyda oldu - kaş dünya da haqqın dərgahı boyda olaydı. Elə olsaydı, nə vardı ki...
Allah bəşəriyyətin bir yaşını yerə basdırmaqla rəhm elədi ki, insan təzədən cücərsin, göyərsin, boy verib boy göstərsin. Ya qismət... Bəşəriyyətin bir də göyərməyə, cücərməyə üzü varsa, göyərsin də, cücərsin də...

Adamların topuqdan xirtdəyə qədər torpağa pərçim olması, qatı, doymuş məhlul kimi qara sükutun acından ölən adamların qəbiristanlığına çökməsi, Allahın bəşərin nəhəng gövdəsinin kötüyünün bir yaşlı zoğunu əkib üstünə bir ovuc su tökməsi və dünyanın dövlət başçılarının əlifba sırası ilə kürsüyə qalxması eyni vaxtda başa çatmışdı.

Kürsüdə yüksək səviyyədə sıralanmış dövlət başçıları yəhudi əlifbasına oxşayırdılar...

* * *

Yer üzünə qaranlıq çökmüşdü. Elə bil ki, Yer kürəsini nəhəng, qara bir torbaya salıb ağzını da bağlamışdılar. Acından ölən adamların qəbiristanlığındakı qəbirlərin içində şam yanırdı. Bu şamların işığı çölə düşmürdü. Bu şamlar həm də qəbirləri qızdırırdı.

Yaz, Yay, Payız və Qış da bu nəhəng, qara torbanın içində çabalaya-çabalaya qalmışdı. Yaz bir neçə dəfə min illik sərv ağaclarına güvənib bu nəhəng, qara torbanı yırtıb çıxmaq istəsə də, cəhdi boşa çıxmışdı.

Yazın yazladığı, Yayın yayladığı, Payızın payızladığı, Qışın da qışladığı bir yer qalmışdı, o da uşaqların mələklərlə bir yastığa baş qoyub yaşadığı cənnətməkan yer idi. Burda hər şey yarandığından da gözəl idi.

Burda təbiətə müharibə elan eləyib ona qalib gələnlər - onu dağıdanlar yox idi. Günəş öz şüalarını qara buludların arasından bu yerə tuşlayıb uşaqlardan işığını əsirgəmirdi. Qanadlarına güvənib qara torbanın içindən canını qurtaran dünyanın bütün quşları burda idilər. Quşlar qışa qoşulub qışlayırdılar, yaya qoşulub yaylayırdılar.

Yazda qanları qızanda vəcdə gəlirdilər, vəcdə gəldikcə oxuyurdular, oxuduqca bir-birinə isinişirdilər, isinişdikcə balalayırdılar, balaladıqca artırdılar. Quş quşnan oynayırdı, uşaq uşağnan; quş uşağnan oynayırdı, uşaq quşunan.

İnsanların eləyə bilmədiklərini quşlar, uşaqlar eləyirdi. Burda səmadan da, torpaqdan da, fəsillərdən də hamıya pay düşürdü, hamıya da bəs eləyirdi. Nə uşaqların, nə də quşların heç nədə gözü qalmırdı. Nə quşların, nə də uşaqların nəfsi yox idi.

Quş nəfsi...
Uşaq nəfsi...
Uşaqlar şanapipikləri, bülbülləri, göyərçinləri, torağayları və dünyanın yerdə qalan bütün quşlarını öz adları ilə demirdilər. Adamların quşlara qoyduğu adlar çoxdan silinib getmişdi. Uşaqlar quşlara təzə adlar qoymuşdular.

Quşlar adamların əvvəllər onlara qoyduqları adlardan onsuz da xəbərsiz idilər. Uşaqlar onlara ad qoyandan sonra isə, deyəsən, duyuq düşmüşdülər - hərə öz adını bilirdi.

"Adam" sözü də çürüyüb torpağa qarışmışdı. İndi "adam" yerinə uşaq, adamlar əvəzinə uşaqlar deyirdilər.

Uşaqların, quşların, ağacların, heyvanların, mələklərin yaşadığı bu cənnətməkan - nəhəng, qara torbanın üstündə süd kimi ağappaq işıq yamağına oxşayırdı. Nəhəng, qara torbanın süd kimi ağappaq işıq yamağı böyüyürdü və böyüyüb torba boyda olanda Yer kürəsi qaranlığın cəngindən azad olub işığa bürünəcəkdi. Əvvəl-əvvəl gözləri qamaşacaq, sonra isə gözlərini ovxalaya-ovxalaya öyrəşəcəkdi. Yalnız bundan sonra Yer kürəsi uşaqlara, quşlara, ağaclara, heyvanlara, mələklərə qalacaqdı.

Okeanlar, dənizlər, göllər, çaylar, bulaqlar əsən həzin küləkdən ürək dolusu nəfəs aldıqca sərinləyəcək, bu sərinlik Yer üzünə yayılıb günəş işığına qovuşduqca torpaq özünə gələcəkdi. Torpaq özünə qayıtdıqca uşaqlar da, quşlar da, ağaclar da, heyvanlar da özünə gəlirdi. Bunu göz ilə də görmək olardı; sadəcə, diqqətlə baxmaq lazımdı.

Yer kürəsi qulunc olmuşdu...
Günəş saysız-hesabsız şüalarını torpağa sancmışdı.
Günəş Yer kürəsinin quluncunu sındırırdı...

* * *

Cənnətməkandakı bir milyarda yaxın uşaqdan təxminən əlli mini qalmışdı. Allahın əmri ilə hərə öz ölkəsində peyda olmuşdu. Mələyin döşünü dişləyən uşağı göylər əfv eləmişdi. İndi o uşaq Amerikanın prezidenti idi.

Dünyanı uşaqlar idarə edirdi...

Cənnətməkanda yaşayan əlli minə yaxın uşaq öz dövlətini qurub prezidentlərini də seçmişdilər. Bu gün Cənnətməkan dünyanın qeyri-rəsmi paytaxtı idi. Orda görülən hazırlıq işləri başa çatmışdı.

Bir neçə saatdan sonra Cənnətməkanda dünyanın dövlət başçılarının zirvə toplantısı öz işinə başlayacaqdı...
Tədbirin səhərisi günü Cənnətməkanlıları son dərəcə maraqlı bir yarış gözləyirdi. Zirvə toplantısında iştirak edən dünyanın bütün dövlət başçıları üç təkərli velosiped yarışında birinci yeri tutmaq uğrunda öz qüvvələrini sınayacaqdılar.

Yer kürəsi mürgü vura-vura özünü günə verdikcə canının ağrı-acısı buxarlanıb göylərə qovuşurdu.
Dünya uşaqlara qalmışdı...

* * *

Şeytanlar körpə uşaqların qəlbinə yol tapa bilmirdilər. Çünki onlar böyüklər üzrə ixtisaslaşmışdılar. Uşaqların ürəyinə ancaq şeytan körpələri girə bilərdi; şeytanların isə körpəsi olmur - doğub törəməzdilər.

...Dünya şeytanlarının altı gün davam eləyən zirvə toplantısından sonra altı sözdən ibarət bəyanət qəbul edildi:
- Uşaqların böyüməsini gözləməkdən başqa çarəmiz yoxdur!

Şeytanların xəbəri yox idi ki, bu uşaqlar heç vaxt böyüməyəcəklər.

Uşaqların heç vaxt böyüməyəcəyindən xəbər tutandan sonra Aləmi başına götürən şeytan hönkürtüsü zaman-zaman uzaqlaşıb eşidilməz olurdu...

Dünya uşaqlara qalmışdı.

Mübarəkdi!

Mərdəkan, 2008, aprel, dekabr
"Azərbaycan" jurnalı
XS
SM
MD
LG