Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:29

Dövlət idarələrində “zərf maaşlar” yox imiş?!


Səlim Müslümov, Dövlət Sosial Müdafiə Fondunun sədri
Səlim Müslümov, Dövlət Sosial Müdafiə Fondunun sədri
SƏLİM MÜSLÜMOVUN NƏZƏRİNDƏ "ZƏRF MAAŞLAR"IN ÜNVANI
Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov hökumət təşkilatlarında məmurlara “zərf maaşlar” deyilən ödənişlərin olması haqqında iddiaları inkar edir. Onun dediyinə görə, belə ödənişlər daha çox özəl müəssisələrdədir: “Biz dövlət sektorunda bu sahədə hansısa problemlə üzləşmirik. Adicə özəl tibb müəssisələrinə aid ilk monitorinqin nəticələrini deyim, Mərkəzi Klinik xəstəxanada dövlətin 50 faiz payı var. 2009-cu ilin hesabatlarına görə, orda orta aylıq əməkhaqqı 600 manata yaxındır. Amma qalan bütün özəl tibb müəssislərində orta maaş 124 manatdır. Baxın, dövlət təşkilatı ilə özəl müəssisə arasında hansı fərq var. Yəni, özəl müəssisələrdə həm işçilərin sayının gizlədilməsi, həm əməkhaqqının çox az bir hissəsinin leqallaşdırlması özəl sektorda rastlaşdığımız problemdir.”

Səlim Müslümov deyir ki, nəticədə dövlət sosial müdafiə fonduna ödəmələrin məbləği aşağı düşür. Amma fondun sədri bunu təkcə rəhbərlik etdiyi qurumun deyil, bütövlükdə cəmiyyətin problemi sayır.

AMMA DÖVLƏT MƏMURU "ZƏRF MAAŞ" OLMADAN DOLANMAĞIN MÜMKÜN OLMADIĞINI DEYİR

Amma özəl tibb müəssisələrində söhbət etdiyimiz adamlar Səlim Müslümovun ittihamları ilə razılaşmadılar. “Şəfa” Müalicə Diaqnostika Mərkəzinin adının çəkilməsini istəməyən əməkdaşı deyir ki, əməkhaqları hər ay onların maaş kartlarına köçürülür. Bundan əlavə də heç bir formada nəğd pulla gəlirləri olmur: “Biz pulu kartla alırıq və əlavə paketdə maaş-filan görmürük.”

2008-cı ilin noyabrına qədər dövlət komitələrindən birində çalışan Oruc Orucov da Səlim Müslümovun fikirlərilə razılaşmır. Deyir ki, işlədiyi müddətdə həmişə qanuni maaşından savayı, ona hər ay zərfdə ayrıca pul da ödənilib. O, keçmiş iş yoldaşları ilə indi də əlaqə saxladığını vəziyyətin elə əvvəlki kimi qaldığını deyir: “Paket maaşı olub, həmişə də var, bu gün də davam edir. Çünki paket maaşı olmasa işçi acından ölər, 120-170 manatla işçi necə yaşaya bilər, bu qədər pulla yaşamaq olarmı?! Səlim Müslümov dövlət məmurudur, əlbəttə, paket maaaşların mövcudluğunu rədd edə bilər. Amma keçmiş iş yoldaşlarımla danışıram, həmin qayda bu gün də davam edir.”

“Zərf maaşlar” haqqında qısa arayış:

Işçi ilə onu işə götürən arasında şifahi razılaşma əsasında aylıq əməkhaqqı iki hissədə ödənilir. İşçinin əməkhaqqının az bir hissəsi rəsmi sənədlərdə göstərilir. Məsələn, işçi 600 manata işə götürülür. Amma rəsmi sənədlərdə işçinin 120 manata işə götürüldüyü qeyd edilir. Bu qədər minimum həddə maaşa görə vergi dərəcələri də çox aşağı olur. Qalan 480 manat isə işçiyə hər ay ayrıca zərfdə verilir. Beləliklə də təşkilatda ikili mühasibatlıq meydana gəlir.

Beləliklə, işəgötürən işçi üçün yalnız 120 manata görə vergi və başqa sosial ödənişləri edir. Qalan 480 manata görə vergilər və sosial fondlara zəruri ödənişlər dövlətdən gizlədilir.

Bu halda, işçinin pensiya ödənişləri aşağı düşür, ən əsası isə iş yeri ilə istənilən mübahisəli vəziyyətdə ödənişlər və kompensasiyalar ortalığa çıxanda maaşının 120 manat deyil, 600 manat olduğunu kimsəyə sübut edə bilmir.

Özəl müəssisənin işçiyə zərfdə verdiyi 480 manat pulu hardan aldığını bəlkə o qədər də ictimai maraq kəsb etməyə bilər. Amma maaşı dövlət büdcəsindən alan bir hökumət qurumunun bu pulu hardan tapıb verdiyi barədə suala əksər mütəxəssislər “korrupsiyadan” cavabını verirlər.

"ZƏRFDƏ MAAŞ" AZƏRBAYCANDA İQTİSADİYYATININ AYRILMAZ HİSSƏSİ İMİŞ
Səhiyyə məsələləri üzrə ekspert Süleyman Cəbrayılov özəl tibb mərkəzlərində ikili mühasibatın olmasını mümkün sayır. Həm də əlavə edir ki, yüksək səviyyəli məmurlar özəl tibbi müəssisələrdə “zərf maaşlardan”, işçilərin sayının sənədlərdə az göstərilməsindən danışırlarsa, problemlərin hardan qaynaqlandığından xəbərsiz də deyillər.

O, bildirir ki, hazırda Azərbaycanda özəl sektorun digər sahələri kimi özəl tibb mərkəzləri də hökumət qurumlarının müdaxilələrdən, yersiz yoxlamalardan, rüşvət, korrupsiya əlindən fəaliyyət göstərə bilmirlər: “Əgər özəl müəssisələrdə işçilərin sayı göstərilirsə, maaş ikili tabellə verilirsə, bunun başqa yerdə axtarmaq lazımdır. Misal üçün, prezident dəfələrlə tapşırır ki, özəl müəssisələrə müdaxilə edilməsin, amma belə çıxır ki, kimlərsə deyilənləri qulaqardına vurur. Bəzi özəl tibbi mərkəzlərin nümayəndələrilə söhbətlərim olur, onlar deyirlər ki, normal fəaliyyət göstərsələr də yersiz müdaxilələrdən müəssisəni bağlamaq istəyirlər”.

İqtisadi İnnovasiya Mərkəzinin rəhbəri Məhəmməd Talıblı isə bildirir ki, “zərf maaaş”, ikili mühasibatlıq təkcə özəl təşkilatlarda deyil, hazırda demək olar bütün hökumət təşkilatlarında geniş yayılıb. Onun fikrincə, əslində əməkhaqqının bu cür ödənilməsi həm də işçiləri rəhbərdən asılı edən bir həlqədir. Ona görə də həmin problemlə nə vaxtsa mübarizə aparılacağı və bunun da müsbət nəticə verəcəyi barədə deyilənlərin inandırıcı görünmür.
XS
SM
MD
LG