Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 00:40

Aksiya başa çatdı. İki fəala 10 sutka həbs verdilər


Anım aksiyası, 30 aprel 2010
Anım aksiyası, 30 aprel 2010
İKİ FƏALA 10 SUTKA HƏBS VERDİLƏR

Bakının Nəsimi rayon Məhkəməsində icazəsiz aksiyada saxlanılan 10 nəfərin işinə baxılıb.

Gənclər ictimai asayişi pozmaqda təqsirləndiriliblər. Onlardan 8 nəfəri inzibati qaydada cərimələnərək buraxılıb. İki nəfərə - Müsavat Gənclər Təşkilatının sədr müavini Əhəd Məmmədliyə və ADP Gənclər Təşkilatının sədri Cəmil Ərdəbilliyə isə 10 sutka həbs cəzası verilib.

ABŞ SƏFİRLİYİNİN ƏMƏKDAŞI AKSİYA İLƏ BAĞLI AÇIQLAMA VERDİ

ABŞ-ın Azərbaycandakı səfirliyinin sözçüsü Terri Devidson ADNA-nın qarşısında keçirilmiş etiraz aksiyası ilə bağlı AzadlıqRadiosuna bunları deyib:

«Biz bu gün bir il əvvəl Neft Akademiyasında amansız zorakılıqla həlak olanların ailələrinin yanındayıq. Anım mərasimində saxlanılanlara gəlincə, onu deməliyəm ki, dinc toplaşmaq və ifadə azadlığı demokratik cəmiyyətin təməlidir. Biz Azərbaycan hökumətinə müraciət edirik ki, bu gün aksiya vaxtı həbs olunanlarla Azərbaycan qanunvericiliyi və Konstitusiyası çərçivəsində davransınlar».

FOTOLARA BURADA BAX

MÖVZUNU ŞƏRH ETMƏK ÜÇÜN FORUMA QATIL

SAXLANILAN ŞƏXSLƏR İFADƏLƏRİ ALINDIQDAN SONRA SƏRBƏST BURAXILACAQLAR


Aksiya iştirakçıları indi Nəsimi rayonu Polis İdarəsinin 19, 20, 21 və 22-ci polis bölmələrində saxlanılır. Polis idarəsi və bölmələr onların konkret sayı haqda məlumat vermir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov AzadlıqRadiosuna deyib ki, məlumatı dəqiqləşdirirlər.

APA-nın məlumatına görə, hadisə yerində olan Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayor Yaşar Əliyev bildirib ki, saxlanılan şəxslər ifadələri alındıqdan sonra sərbəst buraxılacaqlar.

AKSIYA BAŞA ÇATIB

ADNA-nın qarşısındakı aksiya artıq başa çatıb. Azadlıq prospektində gediş-gəliş bərpa olunub. İştirakçılar Nəsimi rayon Polis İdarəsinin bölmələri qarşısında dayanıb aksiyada saxlanılan gəncləri gözləyirlər.

YANĞIN SÖNDÜRÜLDÜ

APA-nın hadisə yerində olan əməkdaşının məlumatına görə, əraziyə cəlb olunmuş 4 yanğınsöndürən maşın və şəxsi heyət yanğını 45 dəqiqə ərzində ram edə bilib. Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil.

Yanğın bu gün saat 13.55-də üçmərtəbəli binanın 3-cü mərtəbəsində başlayıb.

Yanğın baş verən bina Azərbaycan Dövlət Neft Akademiyasının 2-ci korpusu ilə üzbəüz yerləşir.

FOTOLARA BURADA BAX

MÖVZUNU ŞƏRH ETMƏK ÜÇÜN FORUMA QATIL

SƏFİRLİYİN NÜMAYƏNDƏSİNİ İDARƏYƏ BURAXMAYIBLAR


Nəsimi RPİ- nin qarşısında ABŞ səfirliyinin nümayəndəsi var.

Növbətçi hissə kiminsə döyüldüyünü, yaxud xəsarət aldığını inkar edir. İdarədə saxlananlardan gənclər Nigar Fətəli və Araz Önərin telefonları cavab vermir. Adətən saxlanma zamanı telefonlar alınmır.

Nəsimi 22-də saxlanan gəncləri 20-ci polis bölməsinə aparıblar.

Nəsimi rayon Polis İdarəsindən isə müxbirimiz xəbər verir ki, ABŞ səfirliyinin nümayəndəsi Səlim Arıtürkü idarəyə buraxmayıblar. Deyiblər ki, rəis yoxdur, olanda gələrsən.

ADNA İLƏ ÜZBƏÜZ BİNADA YANĞIN BAŞLAYIB

Dilara Əliyeva küçəsində, ADNA ilə üzbəüz binanın 3-cü mərtəbəsində yanğın başlayıb, əraziyə üç yanğınsöndürən maşın gətirilib. Yanğının başvermə səbəbləri hələlik məlum deyil.

NAMƏLUM İSTİQAMƏTDƏ APARIRLAR

22-ci polis bölməsində saxlanan gəncləri avtobuslara yığıb naməlum istiqamətdə aparırlar.

Gənclərin aksiyası dağıdıldı
Gözlə

No media source currently available

0:00 0:02:05 0:00
Direct-ə keçid


22-Cİ POLİS BÖLMƏSİNDƏ 14 NƏFƏR VAR


Nigar Fətəli, Araz Önər və daha iki gənc Nəsimi rayon Polis İdarəsindədirlər. Araz Önəri polis döyə-döyə içəri salıb.

22-ci polis bölməsində 14 nəfər var. Gənc fəal Cavid Ramazanovun AzadlıqRadiosuna bildirdiyinə görə, polis bölməsində onlara deyiblər ki, sorğu sual edib buraxacaqlar.

Daha bir qrup gənci Səməd Vurğun parkının yanında saxlayıblar. Onlardan biri AzadlıqRadiosuna deyib ki, hazırda 6 nəfər avtobusda 22-ci polis bolməsi istiqametinde gedirlər.

«28 May» metrosunun yaxınlığında saxlanan Vəfa Cəfərova xəbər verir ki, onları polis müşayiəti ilə avtobusda gözlədirlər. Özünü təqdim etməyən polis onu 15 sutkalıq həbs ilə hədələyir.

GƏNCLƏR AKSİYANI BAŞ TUTMUŞ HESAB EDİRLƏR

ADNA-nın qarşısında yığılmış gənclər mitinqi baş tutmuş hesab edirlər. Polis və mülki geyimli şəxslərin müdaxiləsinə baxmayaq, gənclər gözlənilmədən dəstə-dəstə müxtəlif istiqamətdən peyda olublar və «Terrora yox!» şüarı səsləndiriblər.

Gənclər ölənlərin xatirəsinə ADNA-nın qarşısındakı Səməd Vurğun bağında şam yandırıblar, bağdakı fəvvarənin üzərinə markerlə faciə qurbanlarını anan şüarlar yazıblar. Hazırda yüzə yaxın gənc aksiyada saxlananların yanına - Nəsimi rayon 22 –ci polis bölməsinə doğru hərəkət edir.

JURNALİSTLƏR DÖYÜLÜR


Polis artıq jurnalistlərə qarşı da zorakılıq nümayiş etdirir.

YÜRÜŞƏ CƏHD

Saat 13-dən etibarən gənclər metronun «28 May» stansiyasının qarşısından Azərbaycan Dövlət Neft Akademiyasının binasına doğru yürüşə cəhd edib. Polis onları dağıtmağa cəhd göstərəndə gənclər xorla himn oxumağa başlayıblar. Polis onlara qarşı zor işlədib.

Aksiyaçı Vəfa Cəfərova hazırda «28 May» metrostansiyasının qarşısında zorla oturdulduğu avtobusdadır. Dediyinə görə, özünü təqdim etməyən polis onu 15 sutka həbs cəzası ilə hədələyir.

Səbəbini bildirmir.

Onlarla gənc saxlanılıb.

«Mediaforum» saytı yazır ki, hazırda «28 May» metrostansiyasına giriş-çıxış bağlanıb. Cəfər Cabbarlı meydanında yürüşə cəhd edən gənclərlə polislər arasında qarşıdurma və gənclərin saxlanılması davam edir.

Seçkilərin Tədrisi və Monitorinqi mərkəzinin sədri Anar Məmmədli, gənc fəallar Ülvi Həsənli, Vəfa Cəfərova, Nigar Fətəli, Araz Önər və başqa onlarla gənc saxlanılıb.

Yürüşə cəhd edən gənclər əsasən «Terrora yox!» şüarı səsləndirirlər.

QARŞIDURMA

Bir dəstə gənc (200-ə yaxın) Səməd Vurğun parkı və Dilarə Əliyeva küçələrinin kəsişməsi ilə hərəkət edir. Polis onların qarşısını almağa çalışır, kobud müdaxilə edir.

«DALĞA»NIN OFİSİNƏ BASQIN OLUB

Aprelin 30-da polis «Dalğa» gənclər təşkilatının ofisinə basqın edib. Bu barədə AzadlıqRadiosuna təşkilatın fəalı Rövşən Nəcəfov məlumat verib. Onun sözlərinə görə, hazırda təşkilatın ofisi polis nəzarəti altındadır:

«Polis ofisə basqın edib ki, sizin ofisdə mitinq iştirakçılarının yığışacağı barədə məlumat yayılıb».

«Dalğa»çılar da bu gün ötən il ADNA –da baş verən faciə ilə əlaqədar Cəfər Cabbarlı meydanında aksiya keçirməyə cəhd edib, artıq bir neçə üzvünün polis tərəfindən saxlandığı bildirilir.

BİZİ HARA APARDIQLARINI BİLMİRİK

AzadlıqRadiosunun müxbiri xəbər verir ki, polis və mülki geyimlilər onlarla gənci avtobuslara basıb naməlum istiqamətə aparırlar.

Aksiya iştirakçılarından biri Nigar Fətəli AzadlıqRadiosuna danışır:

«Məni möhkəm itələyib, yıxdılar, daha sonra bir nəfər yaxınlaşıb soruşdu ki, «Nigar xanım sizsiniz?», sonra hörmətlə məni aparıb oturtdu polis maşınına. İndi hara aparırlar bizi hələ ki, bilmirik».

GƏNCLƏR AVTOBUSLARLA NAMƏLUM İSTİQAMƏTƏ GÖNDƏRİLİR

Saat 13.00-ə planlaşdırılan aksiyanın iştirakçıları deyirlər ki, polis «28 May» metro stansiyasının çıxışında gəncləri tutub avtobuslarla naməlum istiqamətə göndərir. Metrodan çıxmaq istəyənləri polis yenidən metronun içərisinə itələyir.

MİSİR MƏRDANOV ADNA -YA GƏLİB

Təhsil naziri Misir Mərdanov ADNA-nın qətliam baş vermiş korpusuna gəlib, həlak olanların xatirəsini sükutla yad edib.

Jurnalistlərin «ölənlərin xatirəsinə abidə qoyulacaqmı?» sualına cavabında nazir deyib ki, bu məsələyə baxılacaq.

BAŞQA UNİVERSİTETLƏR DƏ POLİS NƏZARƏTİNDƏDİR

«Media forum» saytı xəbər verir ki, Bakının bəzi başqa ali təhsil ocaqlarına yaxın ərazilərdə də güclü polis nəzarəti var. Aprelin 30-u səhər saatlarından Azərbaycan Milli Elmlər Akademiyasının qarşısı və Hüseyn Cavid bağı polis əməkdaşları və mülki geyimli şəxslərin nəzarəti altındadır.

Nəzarətə götürülən bu ərazilər Bakı Dövlət Universitetinə, Texniki Universitetə, Memarlıq və İnşaat Universitetinə yaxın ərazilərdir.

NAZİRLİK MƏLUMAT YAYACAQ

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov ADNA-nın qarşısındakı anım tədbirində saxlanılanların olub-olmaması barədə məlumat verməyib. O AzadlıqRadiosuna bildirib ki, nazirlik bu barədə aksiya başa çatandan sonra məlumat yayacaq.

MÜLKİ GEYİMLİLƏR ADAMLARI UZAQLAŞDIRIRLAR

Bir neçə dəqiqə əvvəl mülki geyimli şəxslər ADNA–nın yaxınlığında yerləşən metronun «28 May» stansiyasının qarşısındakı adamları uzaqlaşdırmağa başlayıblar.

Polis ADNA-da anım mərasiminin qarşısını alır
Gözlə

No media source currently available

0:00 0:02:44 0:00
Direct-ə keçid


AKSİYA CƏHDİNİN QARŞISI ALINACAQ

ADNA önündə anım tədbirinin qarşısının alınmasına Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Yaşar Əliyev rəhbərlik edir.

Yaşar Əliyev bildirib ki, Bakı Şəhər İcra Hakimiyyəti bu ərazidə hər hansı kütləvi tədbirin keçirilməsinə razılıq verməyib. O bildirib ki, meriya gənclərin müraciətinə cavab olaraq paytaxtın digər ərazisində - üç yerdən birində bu aksiya üçün yer ayırıb:

«Əgər gənclər anım tədbiri keçirmək istəyirlərsə, gedib o yerlərdə tədbirlərini keçirə bilərlər. Yaxud ali təhsil ocaqlarının rəhbərlikləri anım tədbirləri təşkil edir, orada iştirak edə bilərlər. Ancaq onlar anım tədbiri yox, yürüş-mitinq keçirmək istəyirlər. Cəfər Cabbarlının heykəli ətrafında, Azərbaycan Dövlət Neft Akademiyasının binası önündə aksiya keçirilməsi qanunsuzdur, çünki Bakı Şəhər İcra Hakimiyyəti buna icazə verməyib. Ona görə də burada aksiya keçirilməsi cəhdinin qarşısı alınacaq».

/Media forum/

DAXİLİ İŞLƏR NAZİRLİYİNİN İZAHI

Daxili İşlər nazirliyinin mətbuat xidmətindən Ehsan Zahidov polislərin anım mərasiminə icazə verməməsini belə izah edib:

“İcazəsiz olduğuna görə, şəhər icra hakimiyyəti ilə razılaşdırılmamış icazəsiz aksiyaya keçirməyə cəhdin qarşısını almaq üçün polis əməkdaşları oradadır, asayişi təmin edirlər”.

- Bəs ətrafdakı dükanların bağlanması nə ilə əlaqədardır?

“Təhlükəsizlik tədbirləri ilə bağlıdır”.

NƏQLİYYATIN GİRİŞİ DAYANDIRILIB

Polislərin bildirdiyinə görə, Şəmsi Bədəlbəyli, Rəşid Behbudov, Süleyman Rüstəmov küçələri və Azadlıq prospektində nəqliyyatın girişini dayandırıblar.

ADNA BLOKADADADIR


Neft Akademiyasının ikinci korpusunun yerləşdiyi Dilarə Əliyeva küçəsinə hər iki tərəfdən girişi bağlayıblar. Nə nəqliyyatı, nə də adamları buraxmırlar.

AVTOMOBİLLƏRİ DƏ BURAXMIRLAR

ADNA qarşısından gənclər tamamilə uzaqlaşdırılıb. 20-yə qədər polisə bir zabit təlimat verir. Azadlıq prospektindən avtomobillərin və marşrut avtobuslarının da gedişi üçün yol bağlanıb.

YAŞAR ƏLİYEV HADİSƏ YERİNDƏ


Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev hadisə yerindədir. AzadlıqRadiosunun müxbirinin suallarına cavab verməkdən imtina edib

ƏLAVƏ POLİS QÜVVƏLƏRİ GƏTİRİLİB


ADNA-nin korpusunun qabağına 10-dək polis maşını və bir neçə avtobus polis gətirilib.

Avtobusların üzərinə "Daxili İşlər Nazirliyinin Çevik Polis Alayı" yazılıb.

GƏNCLƏRİ METRODAN ÇIXANDA QARŞILAYIRLAR


28 May metro stansiyasının ətrafında piyadaların Neft Akademiyasının binasına yaxınlaşmasının qarşısını almağa çalışan mülki geyimli şəxslər özlərini təqdim etmir, izahat istəyənlərə kobud şəkildə "deyirem get, get də" cavabını verirlər.

Polis Neft Akademiyasının ətrafındakı mağazaları bağlatdırır. Piyada yollar nəzarət altındadır.

POLİS GÜLLƏRİ YIĞIŞDIRIR

Polis aprelin 30-da Dövlət Neft Akademiyasının qarşısında bir il qabaqkı faciə qurbanlarının anım mərasiminə imkan verməyib. Tələbələrin akademiyanın qabağına düzdüyü güllər bir dəqiqə sonra Nəsimi Rayon Polisi tərəfindən yığışdırılıb, ora toplaşmış 50-dək tələbə isə uzaqlaşdırılıb.

Akademiyanın əməkdaşı deyib ki, güllər təhsil müəssisəsinin içərisinə düzüləcək. Ancaq tələbələri içəri də buraxmayıblar.

28 may metrosundan Neft Akademiyasının binasına tərəf gedən yolda piyadaların hərəkəti məhdudlaşdırılıb. AzadlıqRadiosunun müxbiri xəbər verir ki, tələbələr korpusun qabağından uzaqlaşdırılandan sonra piyada yollarından polis nəzarəti götürülüb.

Hal-hazırda ancaq bu korpusda təhsil alan tələbələri binaya buraxırlar, qalanlara faciə qurbanlarının qəbirlərini ziyarət etməyi məsləhət görürlər.

28 May metro stansiyası ətrafında toplaşmış mülki geyimli şəxslər metrodan çıxan gəncləri Neft Akademiyasının ikinci korpusunun yerləşdiyi Dilarə Əliyeva küçəsinin istiqamətindən əks tərəfə yönəldir. Anım üçün gələn tələbələr Akademiyaya yaxınlaşmaq üçün böyük bir dairə çizməli olduqlarını deyirlər.

GƏNCLƏR NEFT AKADEMİYASINA TƏRƏF AXIŞIR

Səhər saatlarından başlayaraq, gənclər Bakının mərkəzindəki Azərbaycan Dövlət Neft Akademiyasının ikinci korpusunun qarşısına axışır. Azadlıq Radiosunun müxbirlərinin verdiyi məlumata görə, gənclərin gətirib binanın girişi qarşısına düzdüyü çiçəkləri universitet rəhbərliyi toplayaraq binanın içərisinə aparır.

28 may metro stansiyası qarşısında isə mülki geyimli şəxslər iki-iki, üç-üç toplaşaraq ADNA-ya tərəf gedən gənclərə toplaşmamağı və ADNA-ya tərəf getməməyi məsləhət görür.

Bir il bundan qabaq silahlı və maskalı bir şəxs Neft Akademiyasının D.Əliyeva küçəsindəki korpusuna girərək, tələbələrə və müəllimlərə atəş açıb, 12 nəfəri öldürüb, 13 nəfəri yaralayıb və özünə atəş açıb. Sonradan həmin şəxsin Gürcüstan vətəndaşı Fərda Qədirov olduğu müəyyənləşib. Hazırda bu faciənin məhkəmə istintaqı gedir.

Bu gün tələbələrin Cəfər Cabbarlı meydanında həmrəylik mitinqi keçirəcəyi gözlənilir. Ancaq Bakı Şəhər İcra Hakimiyyəti bu aksiyaya icazə verməyib.
XS
SM
MD
LG