Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:39

«Yusif əlləri yumulu formada dəfn olundu…»


Yusif Bəndəliyev
Yusif Bəndəliyev
«Ötən ilin bu günü birinci saat ikinci korpus, 5-ci mərtəbədə dərsdə idik. Dərsdə olarkən dəhlizdən atəş səsləri eşitdik. Əvvəlcə elə əhəmiyyət vermədik. Amma sonra pəncərədən binanın qarşısında polis, təcili tibbi yardım maşınlarının gəlməsini, qan izini gördük. Atəş səsləri daha yaxından eşidilirdi. Dərhal dəhlizə çıxıb əks tərəfdən aşağıya endik. Bu vaxt Yusif dedi ki, bu kimdir ki, bundan qorxursunuz və digər tərəfə irəlilədi. Elə onunla üzləşməsindən iki saniyə keçmədi ki, baş nahiyəsindən atəş açıldı... Yusif onların üzərinə gedərkən, yəqin ki, zərbə endirmək istəyirmiş, o, əlləri yumulu formada dəfn olundu».

Bir il əvvəl Azərbaycan Dövlət Neft Akademiyasında baş verən qanlı hadisə zamanı öldürülən Yusif Bəndəliyevin qrup yoldaşları 30 aprel hadisələrindən danışırlar. Yusifin yaxın dostu və qrup yoldaşı Ağanur Qardaşov hələ də gördüklərinin həqiqət olduğuna inana bilmədiyini deyir:

HƏLƏ DƏ ONUN ÖLÜMÜNÜ QƏBUL EDƏ BİLMİRƏM

«Yusifi mən qrup yoldaşı kimi yox, qardaş kimi görürdüm. Hələ də onun ölümünü qəbul edə bilmirəm. Rayona gedəndə düşünürəm şəhərdədir, şəhərdə də fikirləşirəm rayondadır. Anası məni qucaqlayıb və deyir ki, oğlumu niyə gətirməmisən».

Yusif Bəndəliyev 1989-cu ildə Cəlilabad rayonunda anadan olub. Onlar ailədə 4 uşaq olublar. Yusif ailənin ilk oğlan övladı idi və onun arzularından biri də kiçik qardaşının da ADNA-ya daxil olub birlikdə təhsil almaları idi. Yusifin arzusu həyata keçdi amma o, özü bunu görə bilmədi.

Yusifin atası Telman Bəndəliyev deyir ki, Neft Akademiyasında baş verən hadisələrə Azərbaycan xalqı laqeyd münasibət göstərir:

«HEÇ NƏ ETMƏDİLƏR»

«Azərbaycanın düşünən beyni olan gəncləri, professor, müəllimləri öldürülüb. Bu cür insanların ölümünə bizim xalqımız həddindən çox laqeyd yanaşır. Moskva metrosunda baş verən hadisələr zamanı ölənlərin xatirələrinin anılması üçün bütün şərait yaradıldı. Amma bizdə bu cür cavan gənclərimiz öldürüldü. Nə dövlət, nə Akademiya rəhbərliyi tərəfindən heç olmasa bir xatirə lövhəsi belə yaradılmadı ki, gətirib ora gül qoyub, öldürülənlərin xatirəsini anaq. Heç nə etmədilər».

Yusif Bəndəliyev
Yusifin ailəsini və onun dostlarını üzən başqa bir məsələ isə məhkəmədə onun ölümünün «təsadüf» kimi qeyd edilməsidir. Yusifin dayısı Qurban Mehdiyev deyir ki, məhkəmədə hadisə şahidlərindən biri belə çağırılıb dindirilməyib:

«Hadisə şahidlərinin bildirdiyi kimi, o atəş açılan tərəfə gedib ki, onu saxlasın. Amma istintaq materiallarında göstərilib ki, o təsadüf nəticəsində açılmış güllədən həlak olub. Hadisə şahidlərini yalnız bir dəfə ilkin istintaq zamanı dindiriblər. Sonrakı prosesdə onların heç birini dindirmədən onun təsadüfü ölməsini göstəriblər».

30 APREL TƏLƏBƏ GÜNÜ KİMİ QEYD OLUNSUN

Neft Akademiyasının tələbələri 30 aprel tarixinin əbədiləşdirilməsini və həmin günün «Tələbə günü» kimi qeyd olunmasının tərəfdarıdırlar. Yusifin qrup yoldaşı ADNA-nın tələbəsi Rəşad Allahverdiyev:

«30 aprel hadisələrinin ertəsi günü tələbələrlə Azərbaycan xalqının həmrəyliyi nümayiş etdirildi. Nəticə çıxarmaq üçün 30 aprel hadisələrinin əbədiləşdirilməsi vacibdir».

Bir il bundan qabaq silahlı və maskalı bir şəxs Neft Akademiyasının D.Əliyeva küçəsindəki korpusuna girərək, tələbələrə və müəllimlərə atəş açıb, 12 nəfəri öldürüb, 13 nəfəri yaralayıb və özünə atəş açıb. Sonradan həmin şəxsin Gürcüstan vətəndaşı Fərda Qədirov olduğu müəyyənləşib. Hazırda bu faciənin məhkəmə istintaqı gedir.

MÖVZUNU ŞƏRH ETMƏK ÜÇÜN FORUMA QATIL
XS
SM
MD
LG