Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:41

ADNA-nı 70 yaşlı qadın mühafizə edirmiş...


Mayın 5-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Azərbaycan Dövlət Neft Akademiyasında ötən ilin aprelində baş vermiş qətliamla bağlı məhkəmə prosesi davam etdirilib.

Məhkəmə iclasında şahidlər dindirilib. Akademiyada müəllimə işləyən Şirin Baxşəliyeva ifadəsində göstərdi ki, hadisə baş verərkən binadakı 14-cü otaqda olub. Dəhlizdən eşidilən güllə səslərinə otaqdakı müəllimlərlə birlikdə dəhlizə çıxıb:

«Dəhlizdə bir əlisilahlı oğlan bizə tərəf gəldi. Vəfa müəllimə onun üstünə qışqırdı. Həmin əlisilahlı oğlan Vəfa müəlliməyə iki dəfə atəş açdı. Güllələr boşa çıxdı. Əvvəl elə bilirdik ki, tələbələrdəndir, zarafat edir. Gödəkçəsini qaldıranda gödəkçənin altında çoxlu sayda güllə gördük, başa düşdük ki, bu, zarafat deyil. O, silahını güllə ilə doldurmağa başlayanda biz sinif otağına qaçdıq, Səməd müəllim qapını içəridən bağladı. Silahlı şəxs qapını itələsə də aça bilmədi. Xeyli müddət otaqda qaldıq. Dəhlizə çıxanda yaralıları görüb dəhşətə gəldik».

Şirin Baxşəliyeva silahlı şəxsin sonradan yayılan şəkildəki insana oxşamadığını deyir.

Sonra hadisə vaxtı Neft Akademiyasında mühafizəçi işləmiş 70 yaşlı Bibixanım Rzayeva şahid qismində ifadə verdi. O, hadisə vaxtı bufetdə olduğunu dedi:

«Partlayış səsləri eşitdim. Əvvəl elə bildim ki, tələbələr «zırpaket» partladırlar. Dəhlizə çıxanda əlində tapança olan bir nəfər gördüm. Qapının qarşısında dayanan iki tələbəni güllələdi. Tez içəri qaçdım. 15 dəqiqədən sonra polislər gəldi».

Məhkəmə iclasında ADNA-nın tələbələri Orxan Qasımov, Nofəl Məmmədov və Elmir Mirzəzadə də şahid qismində ifadə veriblər.

Məhkəmə iclası şahidlərin dindirilməsi ilə davam edir.

Ötən il aprelin 30-da ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan naməlum şəxs binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan şəxslərə «Makarov» tipli tapançadan atəş açmaqla 12 nəfəri qətlə yetirib. Sonra həmin silahla özünü vurub. İstintaq orqanı hadisəni törədən şəxsin Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Qədirov Fərda Əsəd oğlu olduğunu müəyyən edib. Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinin onun barəsində olan hissəsinə xitam verilib.
Bu iş üzrə Nadir Əliyev, Ariz Qabulov, Cavidan Əmirov və Nəcəf Süleymanov tutularaq məhkəmə qarşısına çıxarılıblar. Onlar ittihamları qəbul etmirlər və bu cinayətdən xəbərsiz olduqlarını deyirlər.
XS
SM
MD
LG