Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:41

Aydın Səlimov "DOVŞAN QƏFƏSİ"


Aydın Səlimov

"DOVŞAN QƏFƏSİ"

Yumşaq otların üstündə yanı üstə uzanmışdı.

Sərin meh hərdən köynəyinin altından girib bədənini üşüdürdü. Ancaq o bunun fərqinə varmırdı.

İndi başının üstündəki buludsuz səma aralansa, ulduzlar üstünə tökülsə, yenə vecinə olmazdı.

Bir az əvvəl, divardan keçəndə son anda pilləkən ayağının altından sürüşmüşdü, dəmir tikanların üstünə qarnı üstə düşmüşdü. Geriyə yolu yox idi, son təkan ilə özünü türmə divarının o tayına atmışdı.

Tikanlardan bir neçəsi qarnına girmiş olsa da...

Deyirlər, ölüm anında insanın bütün ömrü film kimi gözünün qabağından keçir.

Qorxmaz həyat filminin açılış səhnəsində anası ilə xəstəxanaya gedirdi, əl-ələ tutub. Xəstəxana ən çox sevdiyi yerlərdən idi, çünki oradan yeni oyuncaqla qayıdırdı.

Bəlkə, həyatı boyu həkimlərdən qorxmaması, əksinə, onları sevməsi elə bu oyuncaqlardan başlamışdı. Bəlkə, ölümdən qorxmaması, əksinə, sevinməsi də eləcə... Əlini bir anlıq anasının əlində hiss etdi, başını anasının qucağında...

Pis yuxu görüb oyandığı gecələrdə olduğu kimi...

Uzaqdan qatar səsi gəldi. Yəqin şəhərə gedən sərnişin qatarı idi.

Türmə şəhərdən aralı, yolları bərbad, iqlimi dözülməz, camaatı yoxsul bir yerdə yerləşirdi. Ona görə, insanlar şəhərə ancaq qatarla gedə bilirdilər. Gecə də gedirdilər – səhər tezdən ərzaqlarını satıb geri dönmək üçün.

Şəhər belə şəhər idi – kasıbdan alıb varlıya verən şəhər.

Qorxmaz başını qaldırıb qatara, qatardakılara səslənmək istədi; “Getməyin!” demək istədi, “Şəhərə əsir olmayın! Boyunduruqlu tox olmaqdansa, azad ac olun!”

Ancaq deyə bilsə belə, nə faydası? Azadlığı qazanmaq üçün vuruşmaq, qurbanlar vermək, cəsur olmaq lazımdır. Hər adamın cəsur ola bilmədiyini çoxdan öyrənmişdi.

Yaşı artdıqca, nümunəvi şagirddən ağıllı avaraya çevrilirdi. Tapşırıq etməklə gün keçirməyi, kiməsə özünü sübut etmək üçün imtahanlardan yaxşı qiymət almağı özündə qabəhət kimi görməyə başlamışdı.

Özü özünə cızmadığı yolla getməkdən yavaş-yavaş iyrənirdi. Ancaq bilmirdi ki, başqalarının relsindən çıxmaq ona nəyin bahasına başa gələcək.

Meh qarnını tamam örtmüş isti qanın üstünə əsdikcə, sanki yarasına buz basırdılar.

Sanki qarnından başlamış, qabırğaları, ciyəri, boğazı, çiyinləri, sonra da dili donurdu. Buz gözlərinə çatanda gözlərindən su gəlirdi. Sonra meh çəkilirdi. Yenə isti qan damcı-damcı yaşıl otların üstünə düşürdü...

Yeni işə qəbul olunan vaxt, hər gün ora başqa həvəslə, başqa həyəcanla gedirdi.

Gördüyü işin əhəmiyyətli olmadığını çox sonra anlamışdı – əhəmiyyətli işlər gördüyü vaxt. Ancaq hər vəzifəni bacardığı qədər tez və səhvsiz yerinə yetirmək üçün hər şey edirdi.

Artıq ailə də ikinci planda qalmışdı, anasının əlindən tutmaq da.

Tək məqsəd, ayın axırı alacağı pulun əvəzini layiqincə vermək idi. Bunu etdikcə, söz verildiyi kimi, daha da əhəmiyyətli işlər tapşırılacaqdı. Qorxmaz da o işləri görmək üçün daha çox çalışacaqdı...

Qorxmaz uzandığı yerdən yol fənəri kimi görünən projektorlar hələ də türmənin həyətinə tuşlanmışdı. Fövqəladə hal baş verəndə onları sağa-sola hərəkət etdirirdilər.

Yadına gəlirdi ki, Hüseyn kişi avtomobil təmiri sexində öldürüləndə də belə olmuşdu. Hamı sıraya düzülmüşdü, axtarış aparılmışdı. Onda gizlənənləri tapmaq üçün projektorları sağa-sola çevirirdilər. İndi isə projektorlar durğun idi.

Deməli, qaçdığından hələ də xəbər tutmamışdılar. Deməli, azadlıqda ölə biləcəkdi...

Kimlərə işlədiyini öyrənəndə, sanki buludların üstündə gəzərkən büdrəyib yerə çırpılmışdı.

Bunu araşdırıb tapmaq nə qədər çətin idisə, qəbul etmək bir o qədər ağrılı idi.

Düzdür, bütün bu müddət ərzində gördüyü işin əvəzini pul ilə almışdı, ancaq gücünü kimləri irəli aparmaq üçün sərf etdiyini biləndə, özünü satqın kimi hiss etmişdi - “yaxşıları” satmış, “pislərə” işləmişdi. Və ya daha pis - “pislər” onu pulla almışdılar...

Yox, belə davam edə bilməzdi.

Bu cür həyat vicdanı ilə bir qazanda qaynamayacaqdı. Seçimini də bilirdi, sadəcə o addımı atmaq lazım idi. Azadlığın qiyməti o vaxt daha ucuz idi – aldandığını qəbul edib geri çəkilməli idi.

O vaxt o qiyməti ödəmədiyi üçün indi bu qiyməti ödəyirdi – indi artıq həyatını xırdalayırdı. Ancaq buna təəssüf etmirdi. Çünki, azad idi.

Son yeddi ayda hadisələr ildırım sürəti ilə baş vermişdi... Əvvəlcə işdən çıxması üçün xəbərdarlıq... Sonra təhdid... Sonra şantaj... Sonra da iftira... Və evdən qandalla aparıldığı bir axşam...

Bu axşam özünün də, ailəsinin də həyatını geri dönməyəcək dərəcədə dəyişmişdi. Pis tərəfə...

Artıq susuzlamağa başlamışdı. Ölüm susuzluğu olanda, şeytan gəlir deyirlər. Bir bardaq suya vicdanı satın almağa çalışır. Bəs vicdanını şeytanlardan qorumaq üçün ölən gəncdən nə istəyəcəkdi?

Şeytanların gözünün içinə dik baxdığı üçün Qorxmaz indi burada idi. Hiss edirdi ki, bu qədər vaxt etdiyi səhvlərin əvəzini ödəmək zamanıdır. Ona görə, artıq şeytan qarşısında əyilməyəcəkdi.

Atası ilə etdiyi son söhbət gözünün qabağına gəldi. Atasının qabarmış üz cizgilərindən, qırxılmamış üzündən, daha da ağarmış saçlarından görürdü ki, o içəri düşəndən bəri ailəsinin vəziyyəti xeyli dəyişib.

Bunun günahını nümunəvi uşaqlığında, aldığı yaxşı qiymətlərdə görürdü... İçəridəkilərin çoxusunun atası nəinki ziyarətə gəlmir, heç bilmir ki, oğlu haradadır, son 5 ildə harada olub, nə iş görüb.

Qorxmazın vəziyyəti isə başqa idi. Bunu atasına izah etməyə çalışmışdı.

Herodotun “Sülh vaxtı oğullar atalarını basdırırlar, müharibə vaxtı atalar oğullarını” sözündən, özünün vicdansızlığa müharibə elan etdiyindən danışanda, atası həyatında ilk dəfə ona heç bir cavab verməmiş, başını aşağı salıb qulaq asmışdı.

O söhbətin sonunda daha ailəsi ilə görüşə bilməyəcəyini demişdi. Sağollaşmışdı.

Türmədə düşüncəsizliyi öyrənmişdi.

Daha doğrusu, düşüncəni “söndürüb” hərəkət etməyi. Şeyx Şamil “sonunu düşünən qəhrəman olmaz” deyəndə, yəqin elə bunu nəzərdə tuturmuş. Hüseyn kişini bizlə öldürən də bu cür hərəkət edirmiş.

Yoxsa açar üstündə saçı-saqqalı ağarmış adamı o qədər şahidin gözü qarşısında öldürmək və bunu edərkən daha 15 il zindanda qalacağını bilmək hansı düşüncə ilə izah oluna bilər?

Türmənin qəhrəmanları da belələri idi. Bu cəbhədən qəhrəmanlıqla çıxmaq üçün, o da sonunu düşünməməli idi.

Qırmızı diplomlu universitet məzununa türmədə quş qəfəsi düzəltməkdən başqa bir iş tapılmamışdı. Ancaq, bunun da bir cəbhə olduğunu Qorxmaz zamanla anlamışdı.

Düşməni məhv etmək üçün onu öz silahı ilə vurmaq lazım olduğunu da.

Quş qəfəsindən dovşan qəfəsi düzəltməyə keçmişdi.

Deməli, artıq heç kimi şübhələndirmədən böyük taxtaları bir-birinə yapışdıra bilərdi. Heyif ki, onları yapışdırdıqdan sonra, üstünə çıxıb möhkəmliyini yoxlaya bilmirdi. Yoxsa, indi harada, kimlərlə ola bilərdi...

Lakin bir şey dəqiq idi ki, azadlıq uğrunda vuruşmaqdan çəkinmirdi.

O divarı aşandan sonra hara gedəcək, başına nələr gələcəkdi – bunları düşünmürdü. Sonunu düşünmürdü, sadəcə azadlıq uğrunda sona qədər mübarizə aparmağı düşünürdü.

Başını qaldırıb göylərə son dəfə baxmaq istədi. Gözlərini açmağın bu qədər çətin ola biləcəyini heç təsəvvür etməzdi. Azad olmaq üçün azad ölməli olacağını da...

HEKAYƏYƏ BURDA SƏS VER
XS
SM
MD
LG