Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:35

«Azərbaycanda insan haqlarının vəziyyəti ABŞ üçün o qədər də önəmli deyil»


Həsən Oqtay
«Azərbaycanda insan haqlarının, demokratiyanın vəziyyəti ABŞ üçün o qədər də önəmli deyil. ABŞ üçün vacib olan bölgədəki maraqlarıdır. Bu, həmişə belə olub və olacaq da. Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı irəliləmə yoxdur, amma ABŞ Azərbaycana barışıq üçün elçi göndərir».

Bunu AzadlıqRadiosuna müsahibəsində Ankarada yerləşən Qafqaz Araşdırmaları Mərkəzinin eksperti Həsən Oqtay ABŞ rəsmisi Tina Kaydanaunun Bakıya səfərini təhlil edərkən deyib. Hasan Oqtay hesab edir ki, ABŞ-ın Azərbaycanda insan haqlarının vəziyyətini son vaxtlar tənqid etməsi və Azərbaycan rəsmilərinin ABŞ əleyhinə bəyanatlarını elə başa düşmək düzgün deyil ki, rəsmi Vaşinqton Bakıya demokratik islahatlar aparması üçün təzyiq edir – problem bölgədə nüfuz savaşıdır.

ABŞ HESAB EDİRDİ Kİ, BU PROSESİ AZƏRBAYCAN ƏNGƏLLƏYİR

Həsən Oqtayın fikrincə, Türkiyə-Ermənistan barışığa real kimi görünən dövrdə Amerika Azərbaycana barmaqarası baxmağa başlamışdı. Sürix protokollarının imzalanmaması vəziyyəti dəyişdi:

«Əgər Amerika Türkiyə-Ermənistan münasibətlərini qaydaya sala bilsəydi, Ermənistan vasitəsilə Cənubi Qafqazda möhkəmlənəcəkdi. ABŞ hesab edirdi ki, bu prosesi Azərbaycan əngəlləyir. Ona görə də cəzalandırma yolunu tutmuşdu, başlamışdı Azərbaycanda insan haqlarının vəziyyətini pisləməyə. Amma sonradan gördü ki, Azərbaycanın varlığını inkar etməklə Cənubi Qafqazda mövcudluğunu davam etdirə bilməyəcək».

Həsən Oqtay hesab edir ki, indi belə mövcudluq ABŞ üçün hava-su kimi vacibdir, çünki bölgədə ənənəvi rəqib olan Rusiyanın nüfuzu arta bilər. Bu baxımdan Həsən Oqtay hesab edir ki, ABŞ Azərbaycanla strateji əlaqələrini getdikcə gücləndirəcək və
Tina Kaydanau
Obama hökumətindən Əliyev iqtidarının demokratik islahatlarına qarşı ciddi tənqid, ya da təzyiq gözləməyə dəyməz.

ABŞ AZƏRBAYCANDA İNSAN HAQLARININ VƏZİYYƏTİNDƏN XƏBƏRDARDIR. AMMA...

Bu ilin martında ABŞ-ın Dövlət katibi Hillari Klinton AzadlıqRadiosuna müsahibəsində bildirmişdi ki, Birləşmiş Ştatlar Azərbaycanda insan haqlarının vəziyyətindən xəbərdardır. Amma hələ ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması daha çox prioritet hesab olunur və ABŞ hesab edir ki, münaqişə nizamlanandan sonra insan haqlarının vəziyyəti də yaxşılaşacaq.

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Tina Kaydanau mayın 12-də Bakıda birgünlük səfərdə oldu, prezident İlham Əliyevlə də görüşdü. Kaydanau görüşün detalları barədə danışmaqdan imtina etdi, bircə bunu dedi ki, ABŞ Azərbaycanla strateji əməkdaşlığı davam etdirmək istəyir.

Bu vaxta qədər ABŞ Gürcüstan və Ermənistan prezidentlərini Vaşinqtonda keçirilən nüvə sammitinə dəvət etmişdi, Azərbaycan prezidentini yox. Azərbaycan da ABŞ-la hərbi təlimləri təxirə salıb və hakimiyyət rəsmiləri tez-tez Vaşinqtonu Dağlıq Qarabağ münaqişənin nizamlanmasında Ermənistanın tərəfini tutduğunu deyirlər.

AZƏRBAYCAN İSƏ KAYDANAU SƏVİYYƏSİNDƏ

«Ayna-Zerkalo» qəzetlərinin şərhçisi Rauf Mirqədirov isə hesab edir ki, ABŞ-ın Azərbaycana Tina Kaydanau səviyyəsində -
Rauf Mirqədirov
Dövlət katibinin köməkçisinin müavinini elçi göndərməsi o deməkdir ki, ABŞ hələ də Azərbaycana barmaqarası baxmaqda davam edir:

«Əgər yadınızdadırsa, xarici işlər nazirinin müavini Araz Əzimov ABŞ –daki çıxışlarında demişdi ki, Azərbaycan ABŞ rəsmilərinin yüksək rütbəli məmurlarını qəbul etməkdə maraqlıdır. İndi siz baxın: Necə olur ki, regionun Azərbaycandan asılı dövlətləri ABŞ-la prezident, vitse-prezident səviyyəsində görüşür, Azərbaycan isə Kaydanau səviyyəsində».

Rauf Mirqədirov hesab edir ki, ABŞ –la Azərbaycanın münasibətlərinin korlanması iki əsas səbəblə bağlıdır: birincisi, Azərbaycan hakimiyyəti Obama administrasiyası ilə diplomatik əlaqələri yetərincə qura bilmədi, ikincisi isə Obama hökuməti doğrudan da rəsmi Bakının apardığı avrointeqrasiya siyasətindən və demokratik islahatlardan narazıdır.

Mirqədirovun fikrincə, bununla belə, Kaydanaunun səfəri də göstərir ki, hər iki ölkə münasibətlərin normallaşmasında maraqlıdır və bu istiqamətdə irəliləyişlər var.
XS
SM
MD
LG