Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:30

JALƏ "İstanbulda sonbahar" (Hekayə)


C. üçün

Bu, olmuş əhvalat deyil.
Hamısı uydurmadı, hayel ürünüdü, türkün sözü.
Fantaziyadı.
Amma oxuyun.
Ola bilərdi, yox?


***

Tək oturmuşdu və bundan xüsusi zövq alırdı. Plaşına bürünmüşdü və büzüşmək ona ləzzət eləyirdi. Üşüyürdü və burda üşüməyin də başqa bir aləm olduğunu düşünürdü.

Bu oturacağı hansısa serialda görmüşdü. Sevgililər oturmuşdular baş-başa. O isə tək idi.

Məşhur boğaza, məşhur körpüyə, məşhur işıqlara baxır, daha bir arzusunu reallaşdıra bildiyi üçün özündən xoşu gəlirdi. Bu dəm saralmış otlardan, qızılı rəng almış ağaclardan da xoşu gəlirdi. Bakı doluydu belə otlarla, belə ağaclarla. Amma yenə də özünü inandırırdı ki, məhz burda görmək olar beləsini.

Fikirləşirdi ki, görəsən, bu şəhər həmişə belə kədərlidi, yoxsa payızdandı bu hüzn. Zümzümə eləməyə başladı:

- Hangi kentte bu denli acı var, başka nerde İstanbul kadar...

Təklikdən çox zövq ala bilmədi. Biri gəlib oturdu yanında.

Çevrilib baxmadı da. “Bura da elə Bakının tayıdı, ilişməyə fürsət axtarırlar” – düşündü. Amma, deyəsən, adamı ona sataşmaqla bağlı fikirlər narahat eləmirdi.

Gödəkcəsinə bürünüb büzüşürdü özüyçün. Maraqlı mənzərə idi. İki adam – kişi və qadın – bir-birlərinə baxmadan, başlarına sarı yarpaq yağa-yağa, soyuq dəniz soyuq hava üfürə-üfürə üzlərinə, büzüşüb oturmuşdular.

Çiyinləri tərpənməsəydi, donduqlarını da söyləmək olardı.

- Siqaret çəkə bilərəm?

Başını laqeydliklə kişiyə tərəf çevirdi. “Başlandı” – düşündü.

- Buyurun – dedi.

- Siz çəkmirsiz?

- Xeyr.

- Yaxşı eləyirsiz. Lazımsız şeydi.

- Bilirəm.

- Sevindim.

Kişi bir siqaret qoydu damağına. Qadın beləsini Bakıda görməmişdi. Yerli mal idi yəqin ki. Başqa vaxt olsaydı, söhbət uzanmasın deyə, susardı. Amma onun təkliyinə mane olduğu üçün acıqla dedi:

- Sizi sevindirdiyimə də mən sevindim.

Kişi siqaret tüstüsündən acışan gözlərini qıyıb gülümsədi:

- Başqalarına sevinc yaşatmaqdan sevinmək sevinclərin ən böyüyü. Bilirsinizmi...

- Gəlin, susaq və dənizə baxaq.

- Baxaq...

Kişi siqaretini çəkib qurtarana qədər danışmadı. Siqareti də ondan qisas alırmış kimi sümürmədi, əzizləyə-əzizləyə axırına çıxdı. “Belə kişidən qorxmaq lazımdı” – qadın düşündü.

- Siz dənizə baxanda nə görürsüz?

Qadın istədi onu cavabsız buraxsın. Söhbəti uzatmaq istəmirdi. Amma sonra “hörmətsizlik olar, pis bir şey demədi ki” düşünərək cavab verdi:

- Dalğaları.

- Ancaq?

- …İlk növbədə.

- Mənsə dənizə baxanda sanki böyük bir göz görürəm. Elə bil o kiminsə masmavi gözüdü, qırpmadan mənə baxır. Hirslənəndə qaralır, dalğalananda bilirəm ki, dəli kimi ağlayır…Zəhləm gedir dənizə tüpürənlərdən.

Elə bil kiminsə gözünə tüpürürsən. Hərdən, bilirsiz, gedib o gözə sürmə çəkirəm. İstəyirəm daha qəşəng görünsün.

Qadın təəccübləndiyini göstərməməyə çalışaraq:

- Bu göz hansı firmanın qələmindən istifadə edir? – soruşdu.

- Firmanın adı təbiətdi. Bir təbiət çubuğu tapıb sahildə, qumun üzərində, düz gözün kənarıyla səliqəli bir xətt çəkirəm. Amma o dəqiqə ağlayıb pozur mən çəkəni. Yaman əziyyət verir mənə.

- Siz də daha çəkməyin.

- Olmur axı. Bu göz üçün nəsə eləmək istəyirəm.

Kişi susdu. Qollarıyla özünü qucaqladı. Yavaşdan dedi:

- Darıxmaq, bilirsiz, adamı nələrə vadar eləyir?

- Bilirəm.

- Əmin deyiləm.

- Sizcə, mən bu soyuqda burda niyə oturmuşam?

Kişi çiyinlərini çəkdi. Sonra qəfil təklif elədi:

- Baxın, ürəkdən deyirəm. Ağlınıza başqa şey gətirməyin. İstəsəniz, sizi də özümü qucaqladığım kimi qucaqlaya bilərəm.

Qadın qaşlarını qaldırıb soruşdu:

- İsinməyə kömək eləyir?

- Yox.

- O zaman zəhmət çəkməyinizin mənası nədi?

- Axı sizinçün də nəsə eləmək istəyirəm. Balaca bir şey, xoşunuza gələcək bir şey.

- Niyə düşünürsüz ki, məni qucaqlamağınız xoşuma gələcək?

- …Nə bilim. Adətən mən qadınları qucaqlayanda onların xoşuna gəlir. Yəni heç istisna hal olmayıb. Çoxu özü gəlib deyib ki, məni qucaqla.

Bir müddət susdular. Hərə özünü qucaqlayıb büzüşdü. Axır kişi dilləndi:

- Yaxşı, istəmirsizsə, qalsın. Belə işdə zor olmaz.

- Anlayışınız üçün təşəkkür edirəm.

- Buyurun. Amma icazə verin bir söz deyim. Bu soyuqda burda oturmağınız yalnız darıxmaqdan deyil. Qaçmaqla qurtula bilmədiyniz qorxunuzu biryolluq dəf etmək istəyirsiz. Üşüməkdən qorxursuz siz…

Düz deyirsiz, yaxşısı budu, sizi qucaqlamayım.

Üşüməyə öyrəşin. Kim bilir, bəlkə də, bu, üşümək qorxunuzu içinizdən atmağa kömək elədi. Hər zaman sizi qucaqlayacaq biri olmaya bilər yanınızda.

Yenə susdular. Yenə üşüdülər. Yenə büzüşdülər. Yenə kişi başladı:

- Gəlməyə oxşayırsız.

- Hə.

- Yalnız gəlmələr bu saatda burada oturub üşüyə bilərlər. Bir də gəlmə olmasaydız...nə isə...

- Nə?

- Heç.

- Sirli olmaq xoşunuza gəlir?

- Yox. Heç sevmirəm sirri. Nəyə lazım?

- Adamın heç sirri olmasınmı deyirsiz?

- Olmasın.

- Axı adamın sirri olanda, bu dünyada kimsənin bilmədiyi bir şeyi bilməkdən zövq alır. Hələ başqalarının da sirrini biləndə lap çiçəyi çırtlayır. Bundan özünü Tanrı sayanlar da var. Axı yalnız, O, hər şeyi bilir.

- Bilmək adamın nəyinə lazımdı?

- Bilik gücdü. İnsan güclü olmaq istəyir. Güc üstünlükdü. Üstün olmaq istəyir insan.

- Eqoizmdi.

- Olsun. Yaşamaq üçün bu da stimuldu.

Kişi əllərini nəfəsilə isitməyə başladı. Birdən ağlına nə gəldisə çevrilib qadına baxdı. Qadın gülümsədi. Kişi də.

- Narahat olmayın, “əllərinizi verin, isidim” - deməyəcəm. Onlar iki dənədi. Sürtün bir-birinə, qızınsınlar. Ümumiyyətlə, əllərdi, ayaqlardı, gözlərdi, qulaqlardı, barmaqlardı, bunlar hamısı xoşbəxtdilər. Çünki, iki dənədilər, barmaqlar daha çoxdu. Yer üzündə tək olmadıqlarını bilirlər və bundan xoşbəxtdilər. Yazıq olan baş və ürəkdi. Təkdilər.

- Bəs dodaqlar?

- Onların işi daha müşküldü. Yansalar da bir yerdə yanırlar, donsalar da bir yerdə donurlar. Birinin o birindən ayrı yaşamaq şansı yoxdu. Ona görə də, həm xoşbəxt, həm də bədbəxtdilər…Bilirsinizmi nə var? Gəlin, bir yerdə Tanrıya dua edək ki, İstanbulun dili açılsın. Vallah, bu, çox maraqlı olardı. Şəhər danışardı. İlk sözü nə olardı, görən?

- Bilmirəm.

- …Mən bilirəm, amma deməyəcəm.

- Yenə sirr?

- Yox, yox, sirli olmağı sevmirəm. Yaxşı, sizə deyə bilərəm. İstanbul dili açılan kimi deyərdi ki, mən payızın başqa adıyam! Sevgi də, nifrət də, sevinc də, kədər də yalnız payızda çıxır üzə.

Qadın kədərli gözlərilə şəhəri süzüb dedi:

- Həə, yəqin ki, belə deyərdi...

- Dəqiq belə deyərdi!

- Olsun.

Axşamın adam darıxdıran vaxtı idi. Boğaz qara tora bürünməkdəydi. Körpüdə şütüyən maşınların işıqları bu tora sayrışan ulduzlar taxırdı. Kişi qəfildən “sən”ə keçdi. Qadın bunu gözləyirdi ondan.

- Hardan gəlmisən bu qoca İstanbula?

- Qoca Bakıdan.

- Bakıdan? Bizim müğənnilər tez-tez gedib-gəlirlər ora. Bizimkiləri çox sevirlərmi sizdə?

- Çox sevilənlər də var. Konsertləri də əla keçir.

- Özün kimləri sevirsən?

- Barış Mançonu, Sezeni, Tarkanı, Yaşarı, Kənanı...

- Onları hamı sevir. Hamının sevdiyini sevmək asandı. Kimsə sənə qarşı çıxmayacaq, səni mühakimə eləməyəcək. Sən də Sezeni sevirsən. Gücün ona çatır elə?

Qadın özünü müdafiə etməyə çalışdı:

- Yox, yox. Heç kimin sevmədiyini də sevmişəm mən. Hamıya qarşı çıxmışam...Mən gücsüz deyiləm. Amma zaman göstərdi ki, onu sevməyənlər daha haqlı imişlər.

- Sevdiyinə peşman oldun?

- Çox.

- Budur sənin gücün? Güc dediyin yaşadığın heç nəyə peşman olmamaqdı.

- Sən eləsən?

- Hə.

- Güclüsən demək?

- ...O qədər də yox. Mənim də gücümün həddi var. Amma bu gücsüzlük deyil. Sadəcə insanın Allah olmadığına daha bir işarədi. Bacarığının həddi var insanın.

- Elədi...

Kişi əlini cibinə atdı.

- Olarmı daha bir siqaret çəkim?

- Buyur. Hərçənd, atamın siqaretindən başqa bütün siqaretlərin qoxusu ürəyimi bulandırır, yenə də düşünürəm ki, bu an sənin çəkməyin lazımdır.
- Niyə mütləq çəkməliyəm ki?

- Bu da mənim əvəzimə olsun. Belə havada adam gərək mütləq siqaret çəksin. Mən də ki çəkmirəm. Ona görə də əziyyət sənə düşür.

- Xoşdu.

Siqareti yenə əzizləyə-əzizləyə çəkdi. Əvvəlcə barmaqları ilə sığalladı, oxşadı. Sonra yüngülcə siqaretin üz-gözünə üfürdü, onu da isitdi. Damağına qoyanda da əzmədi dişlərilə.

Dodaqları ilə yavaşca tutdu. Alışqan çıxardı cibindən, əlləri əsə-əsə siqaretə od vurdu. Elə ehtiyatla hərəkət edirdi ki, elə bil odlamaq istəmirdi onu. Sonra da siqaretə hiss etdirmədən tüstüsünü ehmalca içinə çəkdi.

Ayrılmaq istəmirmiş kimi bacardığı qədər tüstünü içində çox saxladı. Amma onsuz da buraxacaqdı.

Onu sevmirdi deyə yox, sadəcə belə lazım idi.

Tüstü də çıxacağı anı gözləyirdi. Bilirdi ki, onunla əbədi olmaq mümkün deyil. Vaxt çatdı. Tüstü kişinin ağzından, burun deşiklərindən fırlana-fırlana çıxıb soyuq payız havasına qarışdı. İtdi.

Qadın hətta onun gözlərinin içəridən dumanlandığını da gördü. Düşündüklərini gizlətmək istəmədi:

- Qadınlarla da belə rəftar eləyirsən?

Kişi onu başa düşdü. O da elədiklərini gizlətmədi:

- Hə, bax, elə belə. Ona görə də məndən inciməzlər, ayrılandan sonra da sevərlər məni. Havaya qarışıb itsələr də, sevərlər. Mən onları sevdiyim kimi.

- Yəqin ki, belə sevib-sevilmək maraqlıdı.

- Əlbəttə. Maraqlıdı, həm də əzablı. Sevgilər gərək bir-birlərinə bənzəməsinlər. O üzdən axtarış əzab verir. Rahatlanıb dincələ bilmirsən.

- Şikayət?

- Yox, yox. Yaşadığın heç nəyə peşman olmamaq. Bu həyatın qanunudu. Mənə yazılan qismətdi. İmtina etmək fikrində də deyiləm. Mənası yoxdu.

- İnsan bacarığının həddi var, hə?

- Axı dedim ki, bu gücsüzlük deyil! Görürəm, sən mübahisə eləməyi sevirsən. Yəqin ki, hamını çərlədirsən bu xasiyyətinlə.

- ...Deyəsən...

Kişi azca hirslənmiş halda ayağa qalxdı. Bir az var-gəl edib sakitləşəndən sonra qayıdıb yerində oturdu. Qadının gözlədiyinin əksinə olaraq siqaret çıxarmadı.

- Xətrinə dəydim?

- Yox.

- Bağışla. Sən bura darıxmağa, qorxunu yox etməyə gəlmisən, mənsə sənə mane oluram.

- Mənə özümdən başqa heç kim mane ola bilməz.

- O zaman özünə qalib gəl. Özünü aradan götür.

- Əlimdən gələni eləyirəm.

- Uğurlar.

- Sağ ol.

Hava lap qaralmışdı. Körpüdəki maşınlar isə seyrəlmirdi. Bu şəhər yatmırdı yoxsa? Qadın fikirləşdi ki, hər halda İstanbuldan da bezmək olar. Yatmayan şəhərlərin hamısından bezmək olar. Dinclik tapmayan, narahat, emosional adamlardan bezən kimi. Kişi onun fikirlərini oxudu sanki.

- Qorxma, İstanbuldan bezməyəcəksən – dedi.

- Niyə?

- O, hər gün qarşına bir dəliylə çıxacaq çünki. Sən də bu dəlini anlayana qədər gecə düşəcək, yeni səhər açılacaq və özüylə yeni dəli gətirəcək.

- Bu qədər dəli İstanbulda hardandı?

- Özü istehsal edir.

Gülüşdülər.

- Bilmirdin bunu?

- Yox.

- Bax, öyrəndin. Demək, bu günün də yazıldı ömrünə.

- Mən, bilirsən, nəyi öyrənmək istəyirəm?

- Nəyi?

- İstanbulun sirrini.

- Xam xəyaldı.

- Mümkün deyil? Bax, niyə axı hamı, demək olar ki, hamı İstanbulu sevir? Onu heç vaxt görməyənlər də onu sevirlər. Niyə insanlar İstanbulu görməyə can atırlar? Paris də belədi. Hər kəs ömründə heç olmasa bircə dəfə Parisdə olmaq istəyir.

- Öz nağılı olan şəhərləri sevirik biz. Özümüz də uydururuq o nağılları, başqaları da düzüb-qoşurlar bizimçün. Hamımız nağıl dinləməyi sevirik - kimsə pıçıldasın qulağımıza. Gündəlik həyatımızdan qopmağa, duyğulanmağa, adam olmağa kömək edir nağıllar. Elə ona görə də bu şəhərlərin –nağılçı qocaların dizi üstündə oturub hər gün onlardan nağıl istəyirik. Onlar da danışırlar. Bitmir bu nağıllar, bitmir. İnsanlar ölüb gedirlər, şəhərlərin nağılları isə uzandıqca uzanır…

- Amma bizim “qoca”nın dizlərini qırıblar...

- Bakının?

- Hə. Nə otura bilirik, nə nağıl danışa bilir bizə. Ağrıdan qıvrıla-qıvrıla qalıb.

- Həə, bu pis oldu. Allah şəfa versin!

- Sağ ol.

Susdular. Bir müddətdən sonra kişi nə fikirləşdisə əminliklə dedi:

- Bir gün gələcəm sizin “qoca”nı görməyə. Qarşılayarsan?

- Bəs nə. Qocayla da tanış edərəm səni.

- Çox gözəl. O zaman mən gedim yola hazırlaşım.

- Nə hazırlaşmaq? Pasportunu qoy cibinə, getdik.

- Hər şey belə asan olsaydı...

Kişi bir siqaret çıxardı. Bir az əlində tumarlayıb yenidən qutuya qoydu.

- Sizdə məşhurlara münasibət necədi?

- Hər yerdə olduğu kimi. Hər addımları izlənilir, müzakirə olunur.

- Küçədə rahat gəzə bilirlər?

- Gəzirlər. Təbii ki, adamlar çevrilib baxırlar, bir-birlərinə göstərirlər. Amma yüyürüb boyuna sarılmaq çox rastlanan hal deyil. Bizim camaat bir az utancaqdı belə şeylərdə. Hamı hisslərini gizlətməyi sevir.

- Hə, adamı rahat qoysalar yaxşıdı. Sən özün məşhur olmaq istərdin?

- Yox.

- Niyə? Televizorlar ancaq səni göstərir, qəzetlər yazır, hamı tanıyır, səninlə şəkil çəkdirirlər, çoxlu pulun olur.

- Bax, çoxlu pula etirazım yoxdu. Amma küçədə istədiyim vaxt, istədiyim kimi şaurma yeyə bilməyəcəyəmsə, istəmirəm o şöhrəti. Azadlığı məhdudlaşdıran hər şeyə qarşıyam.

- Həə, azad olmaq gözəldi. Ona görə də bəzən heç kimin tanımadığı şəhərə getmək, küçədə adam kimi, rahat-rahat gəzmək, istədiyim barda istədiyim adamla istədiyim qədər içmək istəyirəm.

- Bu şəhərdə səni tanıyan belə çoxdu bəyəm?

- …Hmm, hər halda küçədə rahat gəzməyə mane olacaq qədər çoxdu.

- Ooo, day de ki, məşhursan da.

- Bir az…

Qadın oturduqlarından bəri ilk dəfə qalxdı.

Qollarını yana açıb dərindən nəfəs aldı. Plaşının yaxalığını qaldırdı. Kişi də qalxıb ona yaxınlaşdı. Yan-yana dayandılar. Qarşı sahilə baxmağa başladılar.

Oranın işıqları sanki daha parlaq idi. Qadına elə gəldi ki, oradan da bura daha cəlbedici görünür. Uzaqlar həmişə belədi. Axtardığının məhz orada, lap uzaqda olduğunu düşünürsən. Əlçatan şeylər daha dəyərsizdi.

“İnsan nə axmaq məxluqdu” – qadın düşündü. Göydəki ulduzları, körpünün, sahillərin işıqlarını qucağına yığan dəniz bu dəm xəzinə üstündə oturmuş qorxunc divə oxşayırdı. Qadın üşəndi ona baxıb. Kişi öz aləmində idi.

- Qarşı tərəfin işıqlarına bax, bizə göz vururlar.

- Onlar mənə daha parlaq görünürlər nəsə.

- Yalançı effektdi, aldanma. Elə yanımızdakı işıqların tayıdılar. Onlar əslində musiqi çalırlar. Bir bax, notları necə yığırlar. Yanıb-sönmələrini izlə.
- Mən heç nə görmürəm.

- Diqqətlə bax. Özü də rok akkordlarıdı bunlar. Ritmə fikir ver.

Qadın yenə diqqətlə işıqlara baxdı. Düzdü, yanıb-sönürdülər. Ya tək-tək, ya cüt-cüt, gah yavaş-yavaş, gah sürətlə. Amma bunlardan bir musiqi düzüb-qoşmaq ağlına gəlmirdi. Kişi isə onu tamam unutmuşdu sanki. Barmaqları havada not yığırdı.

- Sən musiqiçisən?

Kişi özünə gəldi.

- Bir az...De görum, sizdə roku sevirlər?

- Aha. Gənclər onun ölüsüdü də. Sizinkilərə də xüsusi rəğbətləri var.

- Bəs sən?

- Çox həvəskarı deyiləm. Gurultulu musiqiləri qulağım sevmir. Amma bəyəndiyim müğənniləriniz var. Yəni onların bəzi mahnıları xoşuma gəlir.

- Kimlər?

- “Mor və ötəsi”ndən xoşum gəlir. Cavan bir oğlan var, o da pis deyil. Teomanı da bəyənirəm.

Kişi bu adı eşidəndə çevrilib ona tərəf baxdı. Amma gözü hələ də qarşı sahilin işıqlarında olan qadın bunu sezmədi.

- Onun nəyini bəyənirsən?

Qadın qayıdıb yerində oturdu. Onun sualına cavab verməyə çalışdı.

- Səmimidi. Məncə, istənilən yaradıcı adamda bu əsas şərtdi. Universitet qurtarıb, ixtisasca sosioloqdu...amma başqa iş görə bilməzdi. O elə oxumalıydı. Oxumasa, yaşaya bilməz.

- Nə bilirsən?

- Hiss eləyirəm.

- Tükənib daha. Bu yaxınlarda deyib ki, daha mahnı yaza bilmir.

- Desin də. Mən də hər gün özümü öldürəcəyimi deyirəm. Ölməmişəm ki! O, ölənə qədər oxuyacaq.

- Səncə, tez öləcək o, yoxsa gec?

- Nə bilim. İçdiklərinin litrindən asılı olacaq yəqin. Bir dostum deyərdi ki, rokçu gərək 27 yaşında ölsün. Çox yaşayarsa, onun da, rokun da dadı qalmaz.
- Bəlkə də... 27 yaşına qədər demək istədiyi hər şeyi deyib qurtara bilərmi səncə?

- Niyə hər şeyi deyib getməlidi ki? Ondan sonra gələnlər rokçu deyil bəyəm? Rokçu sirli yaşamasa da, sirli ölməyi bacarmalıdı. Guya özüylə çoxlu sirr aparmış kimi ölməlidi, heç olmasa. Sirr olmasa da, insanlarçün nəsə uydurmaq lazımdır. Yoxsa darıxarlar ondan sonra... Dünyanı müharibələr yox, darıxmaq yıxacaq, görərsən.

- Görmüsənmi Teomanı?

- Yox.

Kişi güldü.

- Niyə?

- Nə bilim niyə? Görməmişəm də. Qonşumuz deyil ki, hər gün rastlaşaq. Səs yetər, üzünü görmək həvəsinə düşməmişəm nəsə.

- Heç televizorda-filan da?

- Bizim televiziyalarda göstərmirlər onun kliplərini.

- Səncə, o necə biridi?

- Bu barədə düşünməmişəm... Amma səsinə görə müəyyən bir portret cızmaq olar. Yaşamağa çalışan biridi, məncə. Eninə yox, dərininə düşünən biri.
- Hansı mahnılarını sevirsən Teomanın?

- Çoxdu. “On yeddi”, “Rapsodi İstanbul”, “Aşk qırıntıları”. Yenə demə ki, hamının sevdiyini sevmək asandı. “İstasyon insanları” da xoşuma gəlir. Bir dostum var, saatlarla vağzalda oturmağı sevir. Bu mahnıya qulaq asanda, o, yadıma düşür həmişə. Oturub adamlara baxır sadəcə. “Adam burda itmək istəyir” deyir…

- Maraqlıdı... Sənin dostların bəlkə də haqlıdılar. Rokçuları tez öldürməkdə, vağzalda itib-batmaqda... Hə, onlar haqlıdılar. Rokçular tez ölməli, insanlar vağzalda itib-batmalıdırlar. Ölüm haqdı, itmək çox mümkün bir şeydi. Amma rokçu ölmək daha maraqlı, vağzalda itmək daha təbiidir. Başqa cür ölüm, başqa cür itmək insafdan deyil. Ehh, düşünmə bunları, düşünmə, kim anlamış ki, sən anlayasan böylə...

Artıq gecə idi. Saatı unutmuşdular. Daha üşümürdülər. Susmuşdular. Məmnun idilər. Getməliydilər. Bu qəribə təsadüf, bu adda-budda söhbət sona çatmalıydı. Burdaca.

- İstəyirsən səninçün mahnı oxuyum. İstanbulun mahnısını.

- Oxu.

Kişi ayağa durdu. Gödəkcəsinin yaxasını açdı. Qadına baxdı, dənizə baxdı. Dərindən nəfəs alıb ciyərlərini payız havasıyla doldurdu. Amma oxumadı. Onu müşayiət etməyə hazırlaşan qarşı sahilin işıqları belə küsüb bir anlıq söndülər.

- Qalsın. Bakıya gələndə oxuyaram.

- İndi niyə oxumursan ki?

- İndi? İndi oxuya bilmirəm. Bilmirəm, oxuya bilərəmmi bu dəqiqə.

- Yaxşı. İstəmirsən, qalsın. Belə işdə zor olmaz.

- Anlayışın üçün sağ ol.

- Nəsə içdən gəlmirsə, eləmək lazım deyil.

- Elədi.

- Bəs Bakıya nə vaxt gələcəksən?

- Bilmirəm. Amma gələndə sən mütləq biləcəksən.

- Danışdıq.

Kişi gödəkcəsinin yaxasını bağladı. Qadına baxıb gülümsədi.

- Səni tanımaq maraqlı oldu.

- Tanımaq?

- Hə.

- Amma mən səni tanımadım.

- Boşver beni, mühim deyilim...Yaxşı, mən getdim. Sən də get.

- Gedirəm.

- Get, amma yenə qayıt İstanbula.

- Niyə?

- Səni sevənlərin gözünü heç vaxt yolda qoyma. İstanbul sevdi səni. Hiss eləmirsən?

Kədərli təbəssüm qadının soyuqdan göyərmiş dodaqlarına yaraşdı.

- İnanmaq istərdim.

- İnan – kişi əminliklə dedi.

Qadın azca düşünüb:

- İnandım – dedi. Həm də əminliklə dedi.

- Yaxşı yol.

- Gülə-gülə.

Hərə bir tərəfə çevrilib getdi. Bitdi.

***

Mən müəllif olaraq qəhrəmanlarım getdikdən sonra nəsə yazmağı özümə borc bilirəm.

Onlardan xəlvət.

Öncə: “Dünya köhnə dünyadı, görüşləri təzədi?” - deyirəm.

Sonra da deyirəm ki, heç nədən başlayıb heç nədə qurtarmaq mənasızlıqdı.

Burda başqa nəsə də olmalıydı. Xatirə-filan.

Kişi bir qələm hədiyyə edə bilərdi.

Qadın yaylıq bağışlaya bilərdi.

Yəqin onların ciblərində belə şeylər tapılardı.

Amma heç nə olmadı.

Təxmin edirəm niyə olmadı. İndi deyəcəm.

Çünki, bir-birlərini lap yaxından tanısaydılar belə, bu onların həyatlarında heç nəyi dəyişməyəcəkdi!

Həyatları dəyişməyən görüşlər, hədiyyələr nəyə lazım?

İndi hər kəs öz şəhərində, öz həyatının içində.

Qadın Bakıdadı. İşləyir. Teomanı dinləyir yenə, amma hələ görməyib.

Kişi İstanbulda. O da işləyir. Mahnı oxuyur.

Amma hərdən bir-birlərini və o tutqun İstanbul payızını xatırlayırlar.

Hə, bir də bəzən, darıxdıqları axşamlarda İstanbulun dili açılsın deyə bir-birlərindən xəbərsiz Tanrıya dua edirlər.

Vəssalam.

(Müəllifin "Oxu zalı"na göndərdiyi son variant)
XS
SM
MD
LG