Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:16

İnternet uğrunda mübarizə


«Fundamental azadlıqlar və insan haqlarının müdafiəsi internetin idarə olunmasında da prioritet olmalıdır».

Bu fikirlər Fransanın xarici işlər naziri Bernard Kuşnerə aiddir. Onun «International Herald Tribune» qəzetində dərc olunmuş məqaləsini təqdim edirik.

2015-ci ildə 3,5 milyard insanın, başqa sözlə bəşəriyyətin yarısının internetə giriş imkanı olacaq. Bu, kommunikasiya və ifadə azadlığı sahəsində görülməmiş inqilabdır. Bəs bu yeni vasitə necə istifadə olunacaq? İnternet düşmənləri hansı maneələr düşünəcəklər?
Hazırda ekstremist, irqçi və böhtanla zəngin veb saytlar və bloqlar mənfur fikirlər yayırlar. Onlar interneti müharibə və nifrətin silahına çeviriblər. Veb saytlar hücuma məruz qalırlar. Güclü hərəkatlar təbliğat və yanlış informasiya yayır. Onlara nəzarət etmək demokratik dövlətlər üçün çox çətindir. Mən nə qədər effektli və güclü olsa da yeni texnologiyanın bütün sahələrdə azadlığı irəli çəkməyə müvəffəq olacağı kimi sadəlövh fikirlərə şərik deyiləm.
Bununla belə, internet bizi bir-birimizdən uzaq tutan divarları aradan qaldıran fantastik bir vasitədir. Bütün dünyada təzyiqə məruz qalan əhaliyə internet güc verir. İctimai etirazı, repressiya və insan haqlarına qarşı zorakılığı gizlətmək getdikcə daha da çətinləşir. Avtoritar və repressiv ölkələrdə mobil telefonlar və internet vətəndaşlara bütün məhdudiyyətlərə baxmayaraq, tənqidi fikirlərini ifadə etmək imkanı qazandırıb.

SENZOR ÖLKƏLƏRİN SAYI NARAHATEDİCİ QƏDƏR ÇOXDUR


Halbuki, internetə senzura tətbiq edən və internet istifadəçilərinə nəzarət edən ölkələrin sayı hazırda narahatedici qədər çoxdur. Bəzi rejimlər artıq mütəşəkkil nəzarət texnologiyaları əldə ediblər.
Əgər insan haqları və demokratiyaya bağlı olanlar öz prinsiplərini güzəştə getməkdən imtina etsələr və fikir azadlığını müdafiə etmək üçün internetdən istifadə etsələr, onda represiyanın bu növü daha çətin olacaq. Mən heç də bütün növ təhqirlərə yol açan hədsiz azadlıqdan danışmıram. Heç kim bunu irəli çəkmir. Mən insan ləyaqəti və hüquqları prinsiplərinə hörmətə əsaslanan real azadlıqdan danışıram.
Avropa Şurası və qeyri-hökumət təşkilatı olan Sərhədsiz Reportyorlar bu məsələ ilə bağlı üzərlərinə ciddi öhdəlik götürüblər. Təxminən 180 ölkənin İnformasiya Cəmiyyəti ilə bağlı Dünya Sammitində bir daha təsdiq olunub ki, İnsan Haqları ilə bağlı Ümumdünya Bəyannaməsi, xüsusilə də fikir və ifadə azadlığını nəzərdə tutan «Artikl 19» internetə də tamamilə aid olunur. Amma hələ də, təxminən 50 ölkə öz öhdəliyini yerinə yetirmək iqtidarında deyil.

«VİRTUAL DİSSİDENTLƏRİ DƏ MÜDAFİƏ ETMƏLİYİK»

Biz bu cür hallara nəzarət etmək üçün və bu cür dövlətləri öz öhdəliklərini yerinə yetirməyə çağıran beynəlxalq bir vasitə yaratmalıyıq. Biz digər siyasi repressiya qurbanları kimi virtual dissidentləri də müdafiə etməliyik. Biz həmçinin internetə senzura tətbiq edən və internet istifadəçilərinə nəzarət edən texnologiyaların eksportu ilə bağlı məcəllə qəbul etmək məsələsini də müzakirə etməliyik.
Volterin dili ilə desəm, fikir azadlığı digər azadlıqların əsasını təşkil edir. Bunsuz heç bir «azad xalq»dan söhbət gedə bilməz. Fundamental azadlıqlar və insan haqlarının müdafiəsi internetin idarə olunmasında da prioritet olmalıdır. Bu, hər kəsin üzərinə düşən öhdəlikdir.
XS
SM
MD
LG