Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:53

Ayxan Eyvaz "Bruslinin çətin anları" (Hekayə)


Gecənin qaranlığında o alovda kabab etdiyi qurbağa ətini iştahasız yedi. Ətinin geridə qalmış tikələrini yerə atıb qollarını irəli geri sallayaraq şəhərdə gəzməyə çıxdı.

Şəhərə yeni gəldiyi, yatmağa yer tapmayıb dəniz kənarında tərsinə çevrilmiş qayıqların altında yatdığı vaxt duyduğu soyuq, aclıq, sürü ilə gəzən baş kəsənlərlə üz-üzə gəldiyi anlar hələ də yadındaydı.

Heç qorxusu yoxdu.

Həmin vaxt limanda narkotika tacirləri ilə məşğul olan insanlarla rastlaşmış onların bir sürü qara geyimli qoçuları ilə dalaşmaqdan qorxub qaçmamışdı, əksinə onları şil-küt edib yerə sərmiş, çoxu da özünü kirli sulara atıb canını ondan qurtarmışdı.

Sonra onu öldürmək üçün göndərilən qatillərin öhdəsindən gəldi.

Artıq əlləm-qəlləm işlərlə məşğul olan dəstələrin arasında adı yayılmışdı, ona pul təklif edir, aralarına çəkmək istəyənlər var idi. Amma o, heç bir şirnikdirici təklifi qəbul eləmədi.

Cürəbəcür bəxti gətirməyən adamlar gəlib ona qoşulur, dəstə get-gedə böyüyürdü. O kanalların böyründəki balaca, kimsənin diq¬qətini cəlb etməyən mehmanxanada yaşayırdı.

Puldan korluğu yoxdu, istəsə ən bahalı mehmanxanaya daşınar, bahalı paltar geyərək tünlükdə gizlənə bilərdi. Ancaq heç yerə tərpənmirdi.

Üstünə döyüşmək üçün gələn dəstələri bir-bir məğlub edir, sonra mehmanxanaya qayıdır, çarpayıya uzanıb Li qarının ona gətirəcəyi yeməyi gözləyirdi. Suptropik, horra kimi olan hava ona yuxu gətirir, mürgüləyir, kanaldan keçən qayıqların avarlarının suya çırpılan səsi eşidilirdi.

Sonra qapı açılır, Li qarı təzim edə-edə içəri daxil olur, onun sevdiyi yemək dolu piyalələri balaca stoluna düzür, təzim edə-edə arxaya çevrilir, qapını yavaşca vurub ordan yox olurdu.

Li qarının qıyıq gözləri, fətir kimi enli sifəti ona həmişə anasını xatırladırdı.

Anası da eynən Li qarı kimi az danışandı, bütün günü çəltik tarlasında çalışır, sonra oradan tapdığı xırda balıqları, yumşaq qurdları yığıb evə gətirir, ondan şorba hazırlayırdı.

Balaca, bambuq döşəməli, damı qamışla örtülü daxmalarının eyvanında oturmuş Brusli günəşin ağacların üstündən əyilərək batmasına baxırdı. Bu onun çoxdankı adəti idi.

Onda balaca sevinclərə, bayramlara ürək dolusu sevinməyi bacarırdı. Sonra böyüdü, anası öləndən sonra o balaca əyalət kəndi ona darlıq eləməyə başladı, ürəyi quş kimi döyünür, Bruslini böyük şəhərlərə çəkirdi.

Qoca, ağ, seyrək saqqallı Mu ilə də o vaxt meşə yolunun üstündə rastlaşdı.

Qoca zirəkliyi ilə kənddə ad qazanmışdı.

Bütün günü hamıdan aralıda olan balaca daxmasına çəkilər, həyətindən bayıra çıxmazdı. Deyilənə görə, Mu gəncliyini iri şəhərlərdə keçirmiş, sonra doğulduğu kəndə qayıtmışdı.

Karateni, taekvandonu, qədim filosofları yaxşı bildiyini söyləsələr də onun bu günə kimi bir kəslə danışdığını, nə də bir kimsəyə əl qaldırdığını görən olmamışdı.

Mu onu diqqətlə süzdü: — Sabah yanıma gəl — dedi. —Yaxşı, oğlan? Onun qoca ilə nə əlaqəsi ola bilərdi?

Niyə onu öz yanına çağırırdı? Bəlkə onun davasını, kimisə əzişdirməsini hardansa eşitmiş və yaxud elə özü görmüş və onu bəyənmişdi?

İşıldaquş böcəklərinin səsi doldurmuş gecədə Brusili kresloda uzanıb düşünürdü. Amma maraq ona güc gəlirdi. Getsin, görək qocanın onunla nə işi var. Elə bu fikirlə də yuxuya getdi. Səhər tezdən, ağacların budağını şeh isladanda oyandı.

Sis hər yeri basmışdı. Qarşı ağacda oturmuş bayquş gözünü qırpmadan ona baxırdı. Burisliyə elə gəldi ki, qaranlığın içində qoca Munun səsi gəlir:”Oğlan, niyə gəlmirsən?”

O yerindən dinşədi. Səs-zad yox idi. Ədyalı yenidən başına çəkib yatmağa ərindi. Əynini geyib cığıra düşdü. Hər tərəf vahiməli bir sükutla örtülmüşdü. Cığır onu Munun daxmasına aparırdı.

Başqa vaxt qaranlığın içində burdan keçməyə cəsarət etməzdi.

Burda qara bəbirin yaşadığını, onun rastına çıxanları parçaladığını eşitmişdi.

Amma indi qorxusu yoxdu, elə bil gözə görünməz bir qüvvə onu dartıb Munun daxmasına aparırdı və onun bədənindən bəbirin qorxusunu çıxardırdı, düzdü, o qorxaq deyildi amma hər adam kimi onunda çəkindiyi şeylər olurdu.

Həyətə çatanda donub qaldı. Qoca Mu qurşağacan soyunub kata edirdi.

Bədəni dəmir kimi bərk, əzəllələrinin olduğu açıq-aydın sezilirdi. Brusli həyətə keçib dizi üstə sal daşa çöküb qocanın məşq etməsinə baxmağa başladı.

Öz-özünə dedi ki: “Bu Munun gəncliyi necə olub görəsən, yəqin hamını valeh edirdi”. O da Mu kimi gücü olsa zalımları cəzalandırar, fağırların intiqamını onlardan alardı.

Qoca Mu məşqini qurtardı. Bir dəfə də başını qaldırıb Bruslinin üzünə baxıb ondan kəlmə kəsmədi.

”Məni bura niyə çağırıb? Mənnən nə işi var?” — deyə Burusli düşünsə də inada düşüb qocadan heç nə soruşmadı. Qoca bütün gün qapıda qurdalandı, bambuq ağacının altında oturub səbət hördü, ona sarı bir dəfə də baxmadı.

Brusli də elə bu cür vəziyyətdə gün batana qədər ac-susuz Munun qapısında oturdu. Bu hadisə bir-neçə gün davam edəndən sonra Mu: — Artıq məşqə başlamaq olar — dedi və onunla dərsə başladı.

Ustadın qarşısında keçirdiyi həyacan, sınaqlardan necə çətinliklə çıxmasını indi də yadındadır.

Küçənin sonuna çatanda o havanı içinə çəkib təzədən ətrafa baxdı, bu panteranın ovunu hiss edib qulağını şəkləyib havanı imsəməsinə bənzəyirdi.

Amma havadan ov yox, qarşıda onu pusan, hər an üstünə atılıb iti caynağı ilə ona zərbə vuracaq bir rəqib qoxusu gəlirdi.

O ilan kimi iti, meymun kimi ağıllı, şir kimi güclü, it kimi cəld, fil kimi səbirli olmalı, rəqibə qarşı vəziyyətə uyğun fənd işlətməli, onunla oynayıb hövsələdən çıxarmalı, sonda axrıncı zərbəni işlətməliydi. Bu anda birdən beş-altı əli bıçaqlı, taxta parçalı çolpa yeniyetmələr onun üstünə daraşdılar.

Küçə işığının altında tamaşaya yığışmış adamlar elə bil yerin altından çıxmışdılar. Onların üzündə Bruslinin məğlub olması hiss olunurdu.

Bunun necə baş verəcəyini görmək marağı onlara işlərindən artıq idi. Bəlanı zorla axtarmaqla deyil ki? Budur bəla öz ayağı ilə onun qarşısına çıxıb dişini qıcamışdı.

O, heç nə olmamış kimi karete paltarındakı qoca Mudan yadigar qalmış əjdaha nişanını öpdü, azğın heyvanlar kimi düşməninin üzərinə yürüdü.

Saçları uzun olan əli bıçaqlı yeniyetmələrdən ikisi Bruslinin üstünə cumdu. Burusli qəfil dönüb geri qaçdı.

Yeniyetmələr onun arxasınca götürüldü və özləri də bilmədən Buruslinin qədim monqol-tatar taktikasının qurbanlarına çevrildilər.

Və qəfil o dayandı, qəzəbli rəqibləri it kimi ləhləyirdi. Onlardan birinin bıçağının iti ucu Bruslinin əzələ ilə dolu bədənini cızdı.

Brusli yaranın təsirindən bir anlığa dayandı və qan axan yeri barmağıyla sildi, sonra isə qanı yaladı.

Vahiməli bir səslə onların üzərinə hücum çəkdi. Bir-ikisini yerə yıxıb əməlli başlı tapaşdıyandan sonra o birisilər canlarının qorxusundan dabana tüpürüb qaçdılar.

Yerdəkilər yenə hücum etsələr də heç nə çıxmadı, aldıqları dəqiq zərbələrdən geri çəkildilər.

Onların ağrıdan çıxardıqları ufultuları havaya qarışmışdı. Döyüşə baxmaq üçün qaçıb bura gələnlər də elə yerlərində donub qalmışdılar.

Onlardan bəzisi artıq Burisliyə tərəf keçmişdilər.

Tamaşaçılar yerdə uzanmış, qan içindəki gənci göstərərək: — Onu öldür! — deyə bağırırdılar.

Kütlə qan, tamaşa, əyləncə istəyirdi. Brusli düşünürdü ki, bir an öncə o ayaq altında olsa kütlə çox güman ki, böyük həvəslə indi onun ölümünü tələb edəcəkdi.

Üzündən kin yağan Brusli həyatın belə acınacaqlı vəziyyətdə olduğunu düşünəndə ürəyi ağrıdı, yaşamından bezdi.

O, əli ilə ətrafdakların çəkilməsini istədi, hamı “urra” sədalarıyla ordan uzaqlaşanda Brusli əyilərək səkidə oturdu və əlləriylə başını tutub keçmiş döyüşlərini yada saldı, sonra acı bir təbəssümlə gülümsündü.

O, bu döyüşündə qalib olsa da əslində məğlub olmuş, ona atılan gülləylə yerə sərələnmişdi.

Bu döyüşündə ölümə qalib gələ bilməmişdi. Dəhşət içində yerə uzanmış və sonsuz yuxuya getmişdi. Göy üzündəki ulduzlar bir anda gözdən itmişdilər.
XS
SM
MD
LG