Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:27

Beynəlxalq qurumlar niyə susur?


Bu dəfəki aksiyada polis daha zorakı olub
Bu dəfəki aksiyada polis daha zorakı olub
- Diz çökdür! Diz çökdür! Dala çəkilin!

Bu haray-qışqırıq şənbə günü mitinq keçirmək istəyən müxalifətçilərlə onları dağıdan polislərin səsidir. Rütbəcə böyük polis zabiti əməkdaşlara əmr edir ki, qadınları diz çökdürsün. Gerisi məlum, döyülən, vurulan, həbsə atılan… Müşahidəçilərə görə, bu dəfəki aksiyada polis daha zorakı olub, necə deyərlər, qolunun qüvvətini daha çox göstərib.

Ölkənin birinci şəxsi və ya heç olmasa daxili işlər naziri buna münasibət bildirəcəkmi, demək çətindir. Çünki son iki ayda Bakıda daha üç aksiya belə dağıdılıb. Və belə beynəlxalq qınaqlara bir dəfə, bir neçə il əvvəl prezidentin dilindən cavab alınıb. Həmin vaxt İlham Əliyev polisə haqq qazandırıb. Maraqlısı odur ki, beynəlxalq təşkilatlar susur. Səbəbi haqda özlərinə müraciət etdik.

Beləliklə, ATƏT-in Bakı Ofisinin mövqeyini qurumun mətbuat və informasiya idarəsinin rəhbəri Rəşad Hüseynov çatdırır.

ATƏT: «LAZIMİ ŞƏRAİT YARADILSIN...»

Onun sözlərinə görə, Bakı Ofisi arzulayır ki, siyasi qüvvələrin ifadə azadlığından istifadəsinə Azərbaycan qanunları çərçivəsində lazımi şərait yaradılsın:

ATƏT-in Bakı Ofisi: Siyasi qüvvələrin ifadə azadlığından istifadəsinə Azərbaycan qanunları çərçivəsində lazımi şərait yaradılmalıdır
«Bununla bağlı, 2008-ci ildə qəbul olunmuş «Toplaşma azadlığı haqqında» Qanunun azad toplaşmağa dair kifayət qədər imkan verdiyi halda, yerli icra orqanlarının bu qanunu müəyyən məhdudiyyətlərlə tətbiqi göz qarşısındadır. Dinamik və plüralist bir siyasi vəziyyətin mövcudluğu üçün fikir azadlığının xalqdan uzaq və qapalı şəraitdə istifadə olunması məqsədəuyğun deyil…».

AVROPA ŞURASI: «LAZIM GƏLƏRSƏ…»

Avropa Şurasının Bakı Ofisindən sorğumuza verilən cavab belə odu: «Avropa Şurası Azərbaycanda baş verən bütün hadisələri izləyir və əgər ehtiyac olarsa, öz narahatlığını Azərbaycan hakimiyyəti ilə dialoqunda qaldırır».

BƏYANAT OLMAYACAQ

Avropa Komissiyasından isə bildirdilər ki, son aksiyalarla bağlı hər hansı bəyanat və ya rəsmi mövqe olmayacaq. Hələlik qurum ölkədə gedən prosesləri izləyir və rəsmi açıqlamanın verilməsi hadisələrin sonrakı inkişafından asılı olacaq.

SƏFİRLİYİN MÖVQEYİ

Avropa Komissiyası: Son aksiyalarla bağlı hər hansı bəyanat və ya rəsmi mövqe olmayacaq
«Azad toplaşmaq və fikir azadlığı demokratiyanın əsas elementləridir. Biz düşünürük ki, geniş çeşiddə mövcud olan siyasi məsələlərə dair rəy bildirmək imkanı Azərbaycanın demokratik inkişafı üçün vacibdir». Bunu isə ABŞ səfirliyinin mətbuat katibi Kis Bin deyib.

«PREZİDENT APARATINI BOMBARDMAN EDƏSİ DEYİLLƏR Kİ…»

Politoloq Zərdüşt Əlizadə isə deyir ki, beynəlxalq qurumlar və səfirliklərin əslində, deməyə sözü qalmayıb. Bununla belə, təşkilatlar vaxtaşırı səlahiyyətləri çərçivəsində sözlərini deyirlər. Amma o başqa məsələ ki, nəticə çıxarılmır:

«Vaxtaşırı qətnamə çıxarıb Azərbaycanı qınayırlar. Bundan artıq neyləsinlər? Onlar desant göndərəsi, qoşun çıxarası, bombardmançı təyyarə göndərib Prezident Aparatını bombalayası deyillər ki…Onlar hesab edirlər ki, dövlət adamları qanun çərçivəsində hərəkət etməlidirlər».

Zərdüşt Əlizadəyə görə, hökumətin yanlış siyasəti, tənqid və tövsiyələri qulaqardına vurması ucbatından AŞPA-nın Azərbaycan üzrə məruzəçilərindən biri Andreas Qross ölkənin qatı düşməninə çevrildi. Digər məruzəçi Andres Herkelə gəlincə:

Zəfər Quliyev
«Yazıq başını bulayıb gedir. Görür ki, bunların demokratiya haqda təsəvvürü yoxdur».

DEMOKRATİYANI QURBAN VERİBLƏR

Amma «Turan» İnformasiya Agentliyinin eksperti Zəfər Quliyev başqa fikirdədir. Onun qənaətincə, Qərb, eləcə də aparıcı beynəlxalq qurumlar həm Azərbaycanda, həm postsovet ölkələrində demokratik azadlıqları, dəyərləri qurban veriblər, çoxdan arxa plana keçiriblər. Və əvvəlki illərdən fərqli olaraq bu məsələləri prinsipial qaldırmırlar. Ekspertə görə, bu da böyük dövlətlərin enerji və geosiyasi maraqları ilə bağlıdır.

Zəfər Quliyev deyir ki, Avropa Birliyini də, ABŞ-ı da indi bir şey maraqlandırır: Azərbaycan onların oyun qaydalarına nə dərəcədə əməl edir?

«Yəni, Azərbaycana qarşı narazılıq o zaman güclənir ki, o oyun qaydalarını pozur, hər hansı məsələdə öz mövqeyini bildirmir. Tutalım enerji məsələsində və ya həm geosiyasi məsələlərdə, Qarabağ, ya da İran məsələsində və sairə. Amma Azərbaycan İordaniya kimi ABŞ-ın maraqlarını təmin edərsə, Qərb burda krallığın qurulmasına da etiraz etməyəcək».
XS
SM
MD
LG